Rafiq Əliyev: "Rusiya-Türkiyə-İran
üçbucağı dövrün zərurətidir"
Hələ
4-5 il əvvəl mətbuatda regiondakı
siyasi vəziyyəti şərh edən professor Rafiq
Əliyevin yaxın gələcəkdə Rusiya-Türkiyə-İran
üçbucağı adlı nəhəng siyasi ittifaqın
yaranacağı ilə bağlı proqnozu yer
almışdır.
O zaman
Rusiya ilə Türkiyə arasındakı münasibətlər
gələcəklə bağlı yaxşı heç nə
vəd etmədiyi, Avropa və ABŞ-ın siyasi liderləri
dünyaya meydan oxuduğu və İran konkret siyasi mövqe
nümayiş etdirmədiyi üçün həmin proqnoz
inandırıcı səslənmirdi. Tamamilə
fərqli xarici siyasət yürüdən bu üç
dövlət arasında hər hansısa ittifaqın
yaranmasından o vaxt söhbət belə gedə bilməzdi.
Türkiyənin hava sərhədini pozan Rusiya
qırıcısının Türkiyə təyyarələri
tərəfindən vurulmasından sonra isə Türkiyə
ilə Rusiyanın bir ömür boyu düşmən
qalacağı fikri formalaşdı. Amma
baş verən mürəkkəb siyasi oyunlardan sonra Türkiyə
ilə Rusiya ortaq maraqları nəzərə alaraq, münasibətləri
normallaşdırmağa başladılar. Türkiyə
prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti
Vladimir Putinə göndərdiyi "Münasibətlərimizin
layiq olduğu səviyyəyə yüksəldilməsini
arzulayırıq" mesajına artıq Kremldən müsbət
cavab gəlib. Kremlin mətbuat katibi Dmitri
Peskov "Türkiyəylə yaxşı əlaqələr
istəyirik. Qarşılıqlı güzəştli
və gözəl əməkdaşlıq etdiyimiz dövrə
qayıtmağı arzulayırıq. Amma
Ankara lazımi addımları atmalıdı", - deyə
bildirib.
Əslində bu iki qonşu dövlət arasında
barışıq və Rusiya-Türkiyə-İran adlı
yeni siyasi ittifaqın yaranması bizi sevindirməyə bilməz. Regionda
sülh və əmin-amanlığın bərqərar
olması, iki müsəlman dövlətinin və
böyük qardaş adlandırdığımız
Rusiyanın vahid ittifaqda birləşməsi Azərbaycanın
yalnız xeyrinədir. Odur
ki, münasibətləri daha dərindən təhlil etmək, "Rusiya-Türkiyə-İran
üçbucağı" adlı yeni alyansın
yaranmasını şərtləndirən şəraitə nəzər
salmaq və bu ittifaqın Dağlıq Qarabağ probleminin həllində
Azərbaycana nə dərəcədə kömək edə
biləcəyini şərh etmək üçün professor
Rafiq Əliyevə müraciət etdik.
- Sizin hələ
4-5 il bundan əvvəl səsləndirdiyiniz
proqnoz bu gün özünü doğrultmağa
başlayıb. Rusiya-Türkiyə-İran
ittifaqının yaranması artıq tarixi zərurətə
çevrilib. İndi bütün dünya
Türkiyə ilə Rusiya arasındakı tarixi
barışıqdan danışır. Maraqlıdır,
həmin dövr üçün inandırıcı səslənməyən
bu proqnozu irəli sürərkən hansı amilləri nəzərə
almışdınız?
- Əslində, həmin vaxt irəli sürdüyüm
bu proqnozun özünü doğrultmayacağını
düşünənləri o zaman qınamadım. Hardasa belələrinə
haqq da qazandırdım. Çünki mən
bu fikri səsləndirəndə İran ciddi sanksiyalar
altında idi. Türkiyənin Avropa və
ABŞ ilə kifayət qədər normal münasibətləri
vardı. Buna baxmayaraq, mən yaxın gələcəkdə
Rusiya, Türkiyə və İrandan ibarət ittifaqın
yaranmasını tarixi zərurət kimi qiymətləndirdim.
Çünki İranla Rusiya arasında 2-3 əsrlik
tarixi əlaqələr mövcuddur. Bu iki
dövlət dəfələrlə müharibə aparsa da,
sonda siyasi barışıq əldə olunub. İran BMT və ABŞ tərəfindən blokadaya
alınanda Rusiya və Çin ona öz yardım əlini
uzadıb. Türkiyəyə gəlincə,
onunla Rusiya arasında tarix boyu 17-dən çox müharibə
baş versə də, sonda, təəssüf ki, hər zaman
qardaş ölkə məğlubiyyətə uğrayıb.
Elə təkcə Türkmənçay
müqaviləsi imzalanan ərəfədə mövcud olan
tarixi-siyasi şəraiti və həmin sazişlə Azərbaycanın
iki yerə parçalanmasını yada salmaq kifayətdir.
Əmin idim ki, budəfəki soyuqluq da sonda
Türkiyənin Rusiyaya doğru addım atması ilə bitəcək.
Türkiyə ilə Rusiya arasındakı münasibətlərin
mütləq yaxşılaşacağı proqnozunu irəli
sürərkən bütün bu amilləri, təbii ki, nəzərə
almışdım. Bir neçə il keçdi və
Rusiya ilə Türkiyə arasındakı əlaqələr
strateji səviyyəyə gəlib çıxdı. Türkiyə ABŞ və Avropanın Rusiyaya
qarşı tətbiq etdiyi sanksiyalara qoşulmamaqla onun
yanında olduğunu göstərdi. Bu,
qardaş ölkə tərəfindən olduqca böyük
siyasi jest idi. Sonradan, təəssüf ki,
Suriya məsələsinə görə münasibətlər
gərginləşdi. Düzdür,
Rusiyanın Ərdoğanın prezident seçilməsində
rolunun olması fonunda gərginlik qısa müddətə də
olsa, aradan qalxdı. Lakin sonradan məlum
oldu ki, keçmiş xarici işlər naziri və baş
nazir, ABŞ və Avropanın maraqlarını həyata
keçirən Davudoğlu rus-türk münasibətlərinə
mənfi təsir göstərirmiş. Rusiya
qırıcı təyyarəsinin Türkiyə silahlı
qüvvələri tərəfindən baş nazirin əmri
ilə vurulması
gərginliyi son həddə çatdırdı.
Davudoğlunun bu ciddi siyasi səhvi ABŞ və ümumiyyətlə,
Qərbin mənafeyi naminə etməsinə dair şübhə yarandı. Məqsəd Rusiya-Türkiyə münasibətlərini
pozmaq, onları düşmən qismində üz-üzə
qoymaq, Türkiyəni regionda təcrid etmək idi. Onlar
bu istəklərinə nail oldular. Bütün
Ərəb ölkələri, müsəlman aləmini
özünə qarşı qoyan Ərdoğan nəhayət
ki, meydanda tək vuruşmaq məcburiyyətində qaldı.
Rusiyanın türk iş adamlarına qarşı tətbiq
etdiyi qadağa, turizmin dayandırılması və ən əsası
izolə olmuş şəkildə qalmaq Türkiyə
iqtisadiyyatına nəzərə çarpacaq dərəcədə
ziyan vurdu. Türkiyə ciddi siyasi və
iqtisadi-maliyyə böhranı astanasında qaldı.
-
Münasibətlərin pozulmasından ən çox əziyyət
çəkən də yəqin ki, Türkiyənin
özü oldu, elə deyilmi? Yoxsa bütün
bunlar siyasi oyunlar fonunda baş verirdi?
- Əlbəttə, Türkiyənin iqtisadiyyatı,
xüsusilə də turizm sektoru böyük itkilərlə
üzləşdi. Türkiyə təkcə Rusiya turistləri
hesabına ildə 15 milyard dollar gəlir əldə edirdi.
Son vaxtlar Türkiyədə baş verən
terror aktlarının da Avropadan gələn turistləri
qorxutduğunu nəzərə alsaq, qardaş ölkə
iqtisadiyyatına necə böyük zərbə vurulduğunu
aydın şəkildə görmüş olarıq. Vəziyyət o həddə
çatıb ki, iş adamları
Ərdoğana təsir göstərməyə
başlayıblar. Başqa seçiminin
olmadığını anlayan Ərdoğan Rusiyadan tələb
olunan üzrü istədi və strateji partnyorluğu bərpa
etmək istəyini ortaya qoydu. İndi mənim 4-5 il əvvəl irəli sürdüyüm
proqnozun gerçəkləşməsi üçün daha
münasib şəraitdir. Bu şansı əldən
buraxmaq olmaz. Hazırda başı prezident seçkilərinə
qarışan ABŞ həm də Avropadan bir qədər kənarlaşıb
və Suriya məsələsində Rusiya təcrübəsini
hiss etdikdən sonra nisbətən mülayimləşib. Ən əsası isə Avropa İttifaqının
süqutu reallaşmağa başlayıb. Rusiya ilə
Türkiyənin yaxınlaşması üçün bundan
gözəl siyasi-iqtisadi fürsət ola
bilməz. ABŞ-ın Avropaya müsbət təsir
göstərmək imkanları məhdudlaşıb. Avropada eyni zamanda siyasi böhran - mərkəzdənqaçma
prosesi başlayıb. İngiltərənin
Avropa İttifaqından çıxmasını nəzərdə
tuturam. Həmin birliyə İranın da
qoşulması region üçün gələcəkdə
böyük güc zonasına çevrilə, bu üç
ölkənin siyasi-iqtisadi, hərbi potensialı olduqca
böyüyə və stabillik üçün şərait
yarada bilər. Bu iki müsəlman dövlətinin
birgə əhalisi 150 milyondur. Qərb 3 əsrdən
artıqdır ki, onların birləşməsinə hər vəchlə
mane olub. İndi Qərb aciz duruma
düşüb. Artıq İranla
Türkiyənin müttəfiqə çevrilməsinin
qarşısını heç cür ala bilmir.
- Bu üçbucağa qoşulmaq
İran üçün nələr vəd edir?
- Təbii
ki, belə bir alyansın yaranması İranın da xeyrinədir. Belə ki, o,
Türkiyə vasitəsilə öz neftini və qazını
Avropaya çıxaracaq və böyük gəlir əldə
edəcək. Bundan əlavə, İranla
Türkiyənin yaxınlaşması və Rusiya ilə
birlikdə ittifaq yaratması bütün müsəlman aləmində
ciddi güc mənbəyinə çevrilə bilər. Bundan sonra Ərəb Ölkələri Birliyinin
heç bir üzvü (əsasən Səudiyyə Ərəbistanı,
digər Körfəz ölkələrini nəzərdə
tuturam) onların işinə qarışmağa cürət
etməyəcək. İran regionda söz
sahibinə çevrilə bilər. Bu da
İranın iqtisadi, maliyyə, hərbi gücün
artmasına gətirib çıxara bilər.
-
Türkiyə ilə Rusiya münasibətlərinin normallaşması,
Rusiya, Türkiyə və İran
üçbucağının yaranması Azərbaycana nə
verəcək?
- Təbii
ki, Rusiya ilə Türkiyə arasındakı münasibətlərin
nizama düşməsi, qonşu dövlətlərdən ibarət
güclü ittifaqın yaranması yeganə həll
olunmamış böyük problemi Ermənistan tərəfindən
işğal edilmiş torpaqları geri qaytarmaq olan Azərbaycanı
sevindirməyə bilməz. Problemin həlli daha
çox Rusiyadan asılı olsa da, bu ölkə ilə
yaxınlıq regionu müharibə və qanlı
münaqişələrdən təmizləməyi tələb
edir. Bu da vacib şərtlərdən
biridir. Zənnimcə, sözügedən birliyin
yaranması gerçəkləşsə, az
bir zaman kəsiyində Qarabağ problemi də
danışıqlar yolu ilə öz həllini tapacaq. Mən buna inanıram. Sülh
sazişinin bağlamaqdan başqa alternativin olmaması tezliklə
Ermənistan üçün də reallığa çevriləcək
və o, bundan imtina edə bilməyəcək.
Onu da qeyd etmək vacibdir ki, Azərbaycan siyasi rəhbərliyi
bu birliyin yaranması üçün çox səmərəli
danışıqlar aparıb. Türkiyənin hazırkı
baş naziri Binalı Yıldırım demişdir: "Rusiya
ilə Türkiyənin barışmasını Azərbaycan təşkil
edib".
Güman edirəm ki, bu çox yüksək bir qiymətləndirmə
olmaqla yanaşı, ölkəmizin regionda və dünyada
müsbət rolunu, barışdıran imicini bir daha sübut
etdi.
Azərbaycan bu birlik üçün strateji müttəfiq
rolunu oynayır. Bu isə regionda sabitlik və əmin-amanlığın
hələ uzun illər davam edəcəyinə ümidlərimi
möhkəmləndirir.
Rəhilə ŞÜKÜROVA
525-ci qəzet.- 2016.- 6 iyul.- S.5.