Gəncə şəhərinin
sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər
Müasir dünyada dövlətlərin inkişaf səviyyəsini
göstərən kriteriyalar xeyli dəyişib. Bu gün
ölkələrin iqtisadi, sosial, mədəni
inkişafından danışarkən bütün sahələr
araşdırılır.
İqtisadiyyat,
turizm, sosial təminat, mədəni layihələrin həyata
keçirilməsi və ən mühümü - bütün
bunların sadəcə mərkəzdə deyil, əyalətlərdə,
bölgələrdə səviyyəsi... Bu baxımdan
Avropada, dünyada inkişaf etmiş ölkələrin paytaxtlarından əlavə,
yeni “paytaxtların” seçilməsi - mədəniyyət
paytaxtı, gənclər paytaxtı, əfsanələr, tarix
və başqa “paytaxt tipləri”nin yaradılması diqqəti
müxtəlif şəhərlərə yönəltmək
məqsədi daşıyır. Bu uğurlu,
effektiv təcrübədən zamanla digər ölkələr
də yararlanırlar.
Çağdaş
Azərbaycanın sürətli inkişafını göstərən
amillərdən biri də məhz bölgələrə diqqət,
əyalətlərin modernləşməsidir. Ölkədə
ərazisinə görə ikinci şəhər olan Gəncə
bu mənada diqqəti cəlb edir. Son beş
ilə nəzər salsaq, Gəncə şəhərinin
zahiri görkəminin gözəlləşməsi,
abadlaşması ilə bərabər sosial, mədəni,
iqtisadi həyatında da xeyli maraqlı, nikbin nəticələrlə
qarşılaşarıq.
Coğrafi baxımdan yolların üstündə, tarixi
cəhətdən hadisələrin mərkəzində olan
şəhər bu gün də qeyri-adiliyini, özünəməxsusluğunu
qorumaqdadır.
İstər ədəbiyyatımıza, mədəniyyətimizə,
incəsənətimizə bəxş etdiyi simalar, görkəmli
şəxsiyyətlər baxımından, istər tarixin
dolanbaclarında oynadığı rola görə, istərsə
də əsrarəngiz təbiətinə görə Gəncə
hər zaman diqqətdə olub. Bu gün
Nizami yurdu kimi dünyada tanınan şəhər mədəniyyətimizə
Məhsəti Gəncəvini, Mirzə Şəfi Vazehi, Nigar
Rəfibəylini, Fikrət Əmirovu bəxş edib. Bu və adlarını sadalamadığımız,
Gəncədə dünyaya göz açmış neçə-neçə
böyük şəxsiyyətlərin əsərləriylə
millətin ruhu formalaşıb, mənəviyyatı tərbiyə
olunub. Dahi Nizaminin poemaları, Fikrət
Əmirovun musiqisi bu şəhərin ruhunu dünyaya
“daşıyıb”, ən fərqli millətləri
düşündürüb, heyrətləndirib, təsirləndirib.
Bu gün gender bərabərliyindən danışan
dünyaya hələ XII əsrdə sadə peşə
adamlarına açıq, cəsarətli rübailər yazan
bir Şərq qadını - Məhsəti Gəncəvi əfsanəvi
görünür. XX əsrin əvvəllərindən
repressiya qurbanı gəncəli Xudadat bəy Rəfibəylinin
qızı Nigar xanım Rəfibəylinin cəsarəti,
dövrün bütün ziddiyyətlərinə baxmayaraq,
özünü, sözünü qoruması, zərifdən zərif
şeirləri ilə poeziyamızda yer tutması, Azərbaycanın
azsaylı qadın Xalq şairlərindən biri olması da bu
şəhərin tarixində qürur doğuran səhifələrdən
biridir. Və heç şübhəsiz ki,
adını çəkdiyim tarixi, ədəbi şəxsiyyətlərin
sənətində, istedadında, ruhunda Gəncənin də
öz payı, öz rolu var.
Göygölü,
Kəpəzi, Hacıkəndi ilə, əsrarəngiz təbiəti
ilə sənətkarların ilham mənbəyi olan Gəncə,
həm də fəxarət hissi doğuran tarixi ilə
maraqlıdı, təsirlidi. Gəncəli Cavad xanın qəhrəmanlıqlarına
əfsanələr, dastanlar qoşulur az
qala. 1918-ci ildə Şərqdə ilk
Respublikanın - müstəqil Azərbaycan Cümhuriyyətinin
qurulmasında Gəncənin, gəncəlilərin rolu, zəhməti
və mərkəzin bu şəhər olması xeyli
düşündürücüdür.
Bütün bunlar çağdaş gəncliyin öyrənməli,
bilməli olduğu, istər milli mənlik qürurunun, istərsə
də vətənpərvərlik hisslərinin tərbiyəsi
üçün dərinliklərinə varmalı olduğu məsələlərdir. 2012-ci ildə
Gəncənin “Azərbaycanın gənclər paytaxtı”
seçilməsi bu baxımdan xeyli faydalı oldu. İl ərzində gənclərlə bağlı
müxtəlif səpkili tədbirlərin Gəncədə
keçirilməsi şəhərin tarixini,
memarlığını öyrənmək üçün
fürsət idi. Şəhərin sosial və
iqtisadi cəhətdən inkişafı, zahiri gözəlliyi,
müasirliyi isə istər gənc nəslin, istərsə də
yaşlıların, ələlxüsus gəncəlilərin
vurğuladığı məsələlərdir.
Xatırlayıram ki, 2011-ci ildə Gəncə şəhər
İcra Hakimiyyəti mətbuat nümayəndələrinin
iştirakı ilə doqquz aylıq hesabat
görüşü keçirmişdi. Bu, həm də ilin əvvəlindən
şəhərə yeni təyin olunmuş icra
başçısı Elmar Vəliyevin hesabatı sayıla bilərdi.
O zaman mətbuatımızı Gəncənin sürətli
inkişafı, görülən işlər və perspektivlərlə
bağlı nikbin məqalələr, yazılar zəbt
etmişdi. Hər kəs Gəncədəki quruculuq işlərindən,
yeni açılan iş yerlərindən, şəhərin
simasının modernləşməsindən
danışırdı. Mətbuat nümayəndələrinin
həmin səfərindən sonra “525-ci qəzet”in baş
redaktoru Rəşad Məcid “Gəncədəki ruh” adlı məqaləsində
icra başçısı Elmar Vəliyevin öz üzərinə
götürdüyü məsuliyyəti özünəməxsus
şəkildə şərh edirdi: “Media rəhbərləri
Elmar Vəliyevin Yevlaxda qısa müddətdə
gördüyü böyük işlərdən çox
yazıblar. Bu insanda tükənməz enerji, böyük
qurub-yaratmaq şövqü var. İndi mən onu bir az arıqlamış, bir az qaralmış
gördüm, sanki gözlərinin dibindən dərin fikirlər
boylanırdı. O, Gəncəni demək olar ki, söküb
yerə qoymuşdu. Bu qədər ağır yükün
altına girmək və bu yükün altından
çıxa biləcəyinə özündə
böyük inam hiss etmək zarafat deyil. Həm də həmişə
olduğu kimi Gəncədə də bu proses
ağrısız ötüşmür. Bəzən ədalətsizliklər
də olur, bəzən, özünün də dediyi kimi,
iş olan yerdə söz-söhbətlər də yaranır.
Amma bizə həm şəhərin
memarının, həm digər məsul şəxslərin
ağızdolusu danışdıqları yeni qurulan Gəncə
barədə arzuları, düşüncələri bu
prosesin xoş sonluqla yekunlaşacağına əminlik
yaradırdı. İnanırdıq ki, sökülüb
yerə qoyulmuş şəhərin yerində Nizaminin, Cavad
xanın, Gəncənin özünün tarixinə və adına layiq yeni bir şəhər
qurulacaq”. Rəşad
Məcid kimi bir çox ziyalıların o zamankı nikbin
proqnozu tezliklə özünü doğrultdu. 2012-ci ildə dahi Nizaminin 870 illik yubileyi Gəncədə
beynəlxalq səviyyədə keçirildi. Təkcə
bizim qələm əhli, ziyalılar, mətbuat nümayəndələri
deyil, müxtəlif ölkələrdən təşrif
buyuran qonaqlar da
yeniləşən Gəncəyə aid xoş sözlər
deyir, buranın Avropa şəhərlərindən geri
qalmadığını söyləyirdilər.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin “Dahi Azərbaycan
şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870
illik yubileyinin keçirilməsi haqqında” 2011-ci il 23 dekabr tarixli sərəncamından sonra Gəncədə
geniş hazırlıq işləri aparılmışdı.
Şairin məqbərəsi və onun ətrafı
yenidən qurulmuş, sahəsi genişləndirilərək
yeni xiyabanlar salınmışdı. Burada
Nizami Gəncəvi muzeyinin inşasına
başlanılmışdı, Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin inşası üçün hazırlıq
işləri də aparılmışdı. Elə yubiley günlərində həmin Mərkəzin
təməlsalma mərasimi keçirildi. Bütün
bunlar şəhərin mədəni həyatında
böyük hadisələr idi. Amma bununla
belə Gəncədə turizm sahəsinə və iqtisadi məsələlərə
xüsusi diqqət də nəzərə çarpır.
Böyük turizm obyektlərinin, modern otellərin tikilişi,
istifadəyə verilməsi, eyni zamanda yeni iş yerlərinin
açılması da diqqət çəkən məsələlərdir.
Son illərdə Gəncədə görülən
işləri, şəhərin sosial-iqtisadi həyatında
baş verən yenilikləri sadalayarkən şəhər
ziyalılarının da müsbət rəylərini yada
salmaq yerinə düşər. İki il öncə
dahi Xan Şuşinskinin qızı, Bəyimxanım Verdiyeva
Cavanşirin Gəncəyə aid fikirləri, nikbin
düşüncələri qəzetimizdə
yayımlanmışdı. Gəncə sakini olan ziyalı
xanım şəhərdəki böyük işlərə
biganə qala bilməyib “Gəncəyə gözəllik verən
əməllərin sevinci” adlı yazı yazmışdı:
“...Gəncə tanınmaz dərəcədə dəyişilib.
Şəhərdə qədim tarixi abidələrin qorunaraq bərpası,
Gəncənin tarixi simasının özünə
qaytarılması, dahi Azərbaycan şairi şeyx Nizami Gəncəvinin
870 illik yubileyinin təntənəli surətdə Gəncədə
keçirilməsi, böyük Azərbaycan bəstəkarı
Fikrət Əmirovun yubiley tədbiri, Gəncədə Qafqazda
analoqu olmayan filarmoniyanın tikintisi, şəhərin
ziyalılarının və zəhmətkeşlərinin
şəhər rəhbərliyi tərəfindən
gördükləri səmərəli işlərinə
görə, fərqlənmələrinə görə fəxri
fərmanlarla təltif edilmələri, Gəncə şəhərində
aparılan son dərəcə böyük quruculuq işləri
alqışa layiqdir”.
“Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri, Xalq artisti Fikrət Verdiyevdən bütün bu sadaladığım məsələlər haqda soruşanda o şəhərin inkişafında, müasirləşməsində, incəsənətə, mədəniyyətə xüsusi diqqət ayrılmasında icra başçısı Elmar Vəliyevin xüsusi xidmətini, əvəzsiz zəhmətini vurğuladı: “Ölkə prezidenti cənab İlham Əliyev Gəncəyə gələndə də mən ziyalılar adından çıxış edib icra başçımızın gördüyü işləri dəyərləndirdim, bizə bu cür insanı başçı göndərdiyinə görə təşəkkürümü bildirdim. Bu gün Gəncə cənnətə çevrilib sanki. Hər yaşda adamın bu şəhərdə yaşaması, işləməsi, dincəlməsi üçün şərait var. Dünyada analoqu olmayan Filarmoniya tikilir. Son vaxtlarda hər yerdə müşahidə olunan maddi problemlərə baxmayaraq bu iş davam etdirilir və inanıram ki, tezliklə biz musiqiçilər Filarmoniyanın açılışını bayram edəcəyik. Yaxşı olan, xeyrimizə olan bütün işləri görüb dəyərləndirmək lazımdı. Və bu məsələdə əsas iş mətbuat nümayəndələrinin üzərinə düşür”.
Zənnimcə son illərdə Gəncədə görülən böyük işlərin ən gözəl nəticələrindən biri bu şəhərin 2016-cı il Avropa Gənclər Paytaxtı seçilməsidir. Bu adı qazanmaq üçün Gəncə Avropa Gənclər Forumunun təşkil etdiyi müsabiqəyə qoşulub. Müsabiqədə Avropanın müxtəlif ölkələrindən olan 12 şəhərlə yarışan Gəncə finala keçib. Müsabiqənin final mərhələsində 5 şəhərlə Badajoz (İspanıya), Galvay (Şimali İrlandiya), La Laguna (İspaniya), Varna (Bolqariya) və Vilnus (Litva) şəhərləri ilə yarışmalı olub və qalib gəlib. Təkcə elə bu məlumat Gəncə şəhərinin müasir dünya standartlarına nə qədər cavab verməsinin təzahürüdür. Və heç şübhəsiz ki, il ərzində keçirilən tədbirlərdə Avropanın müxtəlif ölkələrinin gəncləri şəhərin qeyri-adi gözəlliyini, müasirliyini dəyərləndirəcək, bu da ölkəmizin dünyada təbliğ olunmasında daha bir uğurlu iş hesab olunacaq.
Gəncə Şəhər İcra Hakimiyyəti
və Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun birgə
keçirdiyi müsabiqəyə təqdim etmək
üçün.
PƏRVİN
525-ci
qəzet.- 2016.- 6 iyul.- S.4.