Səni verənə
şükür!
DOSTUM ETİMAD
BAŞKEÇİDİN 50 YAŞINA
Əvvəl-əvvəl onu soyuq, qapalı adam bilirdim.
Kənardan elə görünür. Kənardan gülüşü də adamı çaşdırır. Deyərsən, dünyanın ən qayğısız bəndəsidi.
Özünü tanıtmağa, gözə
soxmağa çalışmır,
vaxtı tələsdirmir,
papağını yan
qoyub gəzir - özünə güvənən
adamlar belə olur.
Hər birimizdə
Allahın yaratdığı
heyvandan, quşdan, güldən, çiçəkdən
nəsə var. Onu ağaca oxşadardım.
Zirvədə bitən, başında küləklər oynayan, gün işığının
üstündən əskik
olmadığı ağaca
yox, dərə yamacında, ayağını
dağ çayının
yaladığı, gövdəsini
mamır basmış
qollu-budaqlı ağaca. Gün işığına
çatmaq üçün
uzandıqca uzanıb,
torpağın şirəsini
çəkmək üçün
kökləri dərinlərə
işləyib. Mamırlı
gövdəsini bıçaqla
cızıq-cızıq ediblər:
kimlərsə ad yazıb,
ox dəlmiş ürək
çəkib, altından
tarix qoyub. Adlar kimi, illər də müxtəlifdi.
Zaman keçdikcə
həmin o cızılan
yerlər böyüyür,
qaysaq bağlayır, itir, hərflər, rəqəmlər bir-birinə
qarışır, get-gedə
çətin oxunur. Kənardan belə
görünür. Ancaq həmin
adlar, rəqəmlər,
onu cızanlar ağacın yaddaşındadı.
Yaddaşındakı şırımları
dərinə işləməyə
qoymayıb, həyatı
düzgün, halal yaşamaq, sınmayıb ayaqda qalmaq, pisdə yaxşını
axtarmaq, bunu tapanda sevinmək asan iş deyil.
Sözə tapınan,
sözün müqəddəsliyinə
inanan adam
üçün bu bir az da
çətindi. Çünki söz dilin ucunda deyil, könlün
dərinliyindədi, gərək
könlünün güzgüsünü
təmiz saxlayasan ki, həm səni
isidə, həm də başqalarını.
Sən bunu bacarmısan. 50
yaşında bunu sənə demək olar. 50 yaş heç nə eləməmiş adam üçün az, rahatlıq bilmədən gecə-gündüz
öz içində çapan
adam üçün çoxdu. Başkeçiddən vurub Moskvada təhsil alan, Rusiyanı dolaşıb, axırda
Bakıda toxtayan Etimad
Başkeçid. Tərcümə
halının görünən tərəfidi. Yaxşı ki, başqa görünən
tərəflər də var: şeirlərin,
nəsr əsərlərin, tərcümələrin. "Böyük sənətkar", "Böyük türk",
"Böyük şəxsiyyət".
Kimlərəsə müraciət eləyəndə işlətdiyin
ifadələrdi. Bunları elə özünə aid etmək olar. Sən heç kimi kiçiltmək
istəmirsən, hamını böyük
görmək istəyirsən. Hərdən-hərdən vur-tut "böyük"
sözünü ixtisar
eləyirsən. Buna şükür.
Qoy hər kəs payını götürsün.
Yaşadığın həyata dönüb baxanda
adamı istər-istəməz qüssə bürüyür.
Həyat belədi, qazandıqlarımızla bir
yerdə, itirdiklərimiz də var. 50
yaşın astanasında sən də yəqin bu hissləri keçirirsən. Ancaq ləyaqətlə
yaşadığına görə təsəllin var. İndi qarşıda bir əlli il də durur. Təki həyat imkan
verə, düşündüklərini kağıza
köçürə biləsən.
Mən səni gec
tanıdım. Ancaq həyatın bir lütfüdü ki, sənin kimi dostu, gec də olsa, qarşıma çıxartdı. Səni
verənə şükür!
Saday BUDAQLI
525-ci qəzet.-2016.- 12 iyul.- S.6.