VAQEƏ
yenə də heç şey oxuya bilmirsən, gördün ki,
axşamın birrəngli, birmənalı üzündən
və kirimişcə (hətta bir qədər mütiliklə deyərdim),
cismini yatağına uzadırsan -
(onsuz da, bu ömrü yaşayıb tükətmək mümkün deyil,
başına belə sovursan).
fikirləşirsən ki, nolar, ölümlük ha deyil,
axı sən heç kəsə yenilməmisən, sadəcə yorulmusan,
uzanırsan, çarpayının baş tərəfi qəbir daşı kimi
üstündə dikəlir
və bu mənzərə yeni bir koordinat əmələ gətirir.
bir azdan gözlərin qapanır,
qulaqların eşitməkdən qalır,
bir canlı kimi bütün imtiyazların alınır,
və yox edilirsən dünyadan ansızın,
Yox və Var arasında
aralıq atı kimi
(səndən nəm-nişan adına)
yalnızca nəfəsin
qalır.
səhər-səhər obaşdan
göz qapaqlarını
aralayır mələklər:
ölümün ertələndi,
dur!
və budur, dünən sənin qeyb olduğun yerdən
bir başqası durur.
YOL
- Sən getdikcə uzanan yolda, nə
gördün?
- Üfüqlər genişləndikcə
dünya daralır...
- Mən isə bir yedim, beş də götürdüm.
- Halal xoşun olsun.
- Yaxşı, nə öyrəndin, nə bildin?
- Bu gözü tutursan, o biri gözə xeyri dəyməz.
- Bunu mən sənsiz
də bilirdim.
Məhəbbət varmı bu dünyada, sən bilərsən.
- Hər halda olmamış olmaz.
- Day belə olmaz dostum, billah olmaz,
ama
hünərdən gəlmiş
kimi görünürsən,
- Əğstəfürullah.
- Yəni tarixə də qazanmadın adını?
- Yox.
- Vardığın mənaya
çatdınmı barı?
- Yox. Hər dəfə
sal
divar kimi
bir
sonsuzluq çıxdı
önümə.
- Oralar buralardan nəylə seçilir?
heç
olmasa bunu de.
- Nə deyim?
Orayla bura tam tarazıdı.
Çünki canım-qardaşım, hər
şey
bu
fanidə bir-birinin məcazıdır.
- Bəs onda nəymiş
bu yol dediyin?
- Yol bilirsənmi nədir, dostu m.
- Nə?
- Hamının sürü-sürü
daşlandığı
və
bir gün geriyə dönmək üçün
sallandığı
nəsnə...
Etimad BAŞKEÇİD
525-ci qəzet.-2016.- 12 iyul.- S.6.