Kamal Abdullayev: "Azərbaycanda
din-dövlət münasibətlərinin ən ali forması həyata
keçirilir"
Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə Dövlət
müşaviri, akademik Kamal Abdullayev 7-10 iyul tarixlərində
Qarabağ və Gəncəbasar bölgəsinə səfər
edib.
Bərdə İmamzadəsində,
Ağcəbədi, Tərtər, Ağdam,
Goranboy, Naftalan, Yevlax Cümə məscidləri və ziyarətgahlarında
olan görüşlərdə yerli və ətraf rayonların
ziyalıları, din xadimləri ilə, eyni zamanda bir
neçə hərbi hissədə maraqlı və faydalı
görüşlər keçirilib.
Dövlət müşaviri səfərlə bağlı fikirlərini və səfər təəssüratını bizimlə bölüşüb.
- Kamal müəllim,
öncə səfərinizin məqsədi və səfər etdiyiniz rayonlar haqda məlumat vermənizi xahiş
edirik.
- Bilirsiniz ki, prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqına səmimi sözlərlə dolu təbrikini ünvanladı. Bu təbrikdə prezident Ramazan bayramının təkcə ölkəmizdəki müsəlman əhalinin yox, eyni zamanda, bütün digər dinlərə mənsub insanlarıımızın da bayramı olduğu, hər bir vətəndaşımızın bu müqəddəs, bəşəri günü birgə qeyd etdiyini vurğuladı. Bu Azərbaycan xalqına xas multikulturalizmin və tolerantlığın təntənəsi, bu istiqamətdə aparılan uğurlu dövlət siyasətinin nəticəsidir. Bu il həm də ölkəmizdə “Multikulturalizm ili” olduğundan, düşündük ki, yaxşı olardı, prezidentin Ramazan təbrikini insanlarımıza – dindarlarımıza, vətənin müdafiəçiləri olan əsgərlərimizə birbaşa çatdıraq və bu əziz bayramı onlarla birgə qeyd edək.
Elə bu məqsədlə
də 7-10 iyul tarixlərində Qarabağ və Gəncəbasar bölgəsində
səfərdə oldum və orada ictimaiyyət nümayəndələri, din xadimləri və vətənimizin,
xalqımızın, dövlətimizin keşiyində mərd-mərdanə
dayanan əsgər və zabitlərimizlə
görüşdük. Prezidentin Ramazan təbrikini
onlara çatdırdıq.
- Qarabağ bölgəsində insanların əhval-ruhiyyəsi neçə idi? Son dövr cəbhədə baş verən hadisələr sakinləri narahat etməyib ki?
- Mən 2 il öncə də bu bölgəyə səfər etmişdim. Əminliklə deyə bilərəm ki, aprel ayında baş verən və ordumuzun qələbəsi ilə bitən qızğın döyüşlərdən sonra Qarabağ bölgəsində yaşayan insanlarımızın ruhu təzələnib, sanki. Onlar balacasından, ağsaqqalına qədər hamısı vətənin müdafiəsinə qalxmağa hazır olduqlarını bildirir və hər addımda cani-dildən məhəbbət və ehtiram bəslədikləri Ali Baş Komandanın əmrini səbrsizliklə gözlədiklərini dilə gətirirlər. Ağdamın Sarıcalı, Çəmənli, Xındırstan kəndlərinin sakinləri, bərdəlilər, tərtərlilər, goranboylular, ağcəbədililər hamısı son dövrlərdə cəbhədə baş verən hadisələrdən dərhal sonra Prezident cənab İlham Əliyevin öz xanımı ilə heç bir qoruyucu vasitə olmadan birbaşa düşmən artileriyasının atəş zonasında yerləşən, mənfur düşmənlərin dağıtdığı dinc əhalinin yaşayış evlərini ziyarət etməsini çox yüksək dəyərləndirir, onların belə bir təhlükəli yerdə yaşamasının yeganə səbəbinin Vətən eşqi və yeganə səbəbkarının ölkə başçısı olduğunu dönə-dönə qeyd edirdilər.
Bu gün Qarabağ bölgəsindən yaşayan hər bir insan mərd və cəsur Azərbaycan əsgəri kimi vətənin keşiyindədir. Dillərinin əzbəri olan bir söz var: “Cənab prezident bizə dedi ki, mən sizinlə qürur duyuram!”
- Prezidentin
apardığı siyasəti, xüsusən, din-dövlət
münasibətlərinə dindarların münasibəti necədir?
- Heydər Əliyev ölkəmizdə din-dövlət münasibətlərinin ən ali formasını necə müəyyənləşdirmişdisə, bu gün də İlham Əliyev tərəfindən bu siyasət ləyaqətlə davam etdirilir. Ölkəmizdə təkcə əksəriyyət təşkil edən müsəlmanlara deyil, bütün digər ənənəvi din nümayəndələrinə də bərabər münasibət göstərilir. Dini mənsubiyyətindən asılı olmayaraq bütün dindarlar bundan çox razıdır. Onlar hər zaman dövlətin yanında olduqlarını qeyd edir və bunu dövlətə və dövlətçiliyə xidməti borc kimi dəyərləndirirlər. Bilirsiniz, Azərbaycan dünyəvi dövlətdir, burada din dövlətdən ayrıdır. Amma dövlət həmişə dinin və dindarların yanındadır. Bunu ölkə başçısı hər dəfə qeyd edir. Qədim Şamaxı məscidinin, Gəncə İmamzadəsinin abadlaşdırılması və yenidən istifadəyə verilməsi, Bakıda möhtəşəm Heydər Məscidinin inşa olunub dindarların istifadəsinə verilməsi, dini konfessiyalara dövlət büdcəsindən maliyyə yardımlarının ayrılması, rayon mərkəzlərindəki cümə məscidlərinin hər birinin abad və gözəl olması dövlətin dinə münasibətinin bariz nümunəsidir. Bunu Bərdə İmamzadəsində, Gəncə İmamzadəsində, olduğum bütün digər məscidlərdə din xadimləri xüsusi ehtiramla dilə gətirdilər.
- Dindarlarımız, xüsusən onların
toplandıqları məscidlərimiz dövlətin dindarlardan gözləntilərinə
adekvatdırmı?
- Maraqlı məqama toxundunuz.
Hesab edirəm ki, məscidlərimiz
və bir çox din xadimlərimiz hələ də dölətin
onlardan gözləntilərini doğrultmur. Bizdə dövlətə və
dövlətçiliyə xidmətin nümunəsi
şeyxülislamlıq institutu və bu gün bütün
Qafqazın şeyxi Allahşükür
Paşazadə nümunəsi var. Məncə dindarlarımız dövlətimizin və
dövlətçiliyimizin yad dini təsirlərdən qorunmasında daha fəal olmalı, məscidlərimiz təkcə
namaz qılınan, ehsanlar
verilən məkan yox, həm də elm, fəzilət, mərifət, dövlətçilik,
Azərbaycançılıq ocaqları olmalıdır.
Biz hamımız bu
istiqamətdə çalışmalıyıq.
- Mətbuatda qeyd edilmişdi ki, Siz Gəncə İmamzadəsində təkcə
Gəncənin deyil, o
regionda olan əksər
din xadimləri ilə birgə görüşmüsünüz, hətta, tədbirdə
qadın axundlar da iştirak edib. Bu görüş haqda fikirləriniz oxucularımız üçün maraqlıdır.
-Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində təmir və bərpa olunaraq möhtəşəm ziyarətgah kompleksinə çevrilən Gəncə İmamzadəsi Azərbaycanın ən gözəl müqəddəs məkanlarından biridir. Buraya ziyarətə gələn hər bir kəs öncə gözəl memarlıq nümunəsi və səliqə-sahmanla qarşılaşır. İmamzadədə təkcə Gəncə şəhərinin deyil, ətraf rayonların - Naftalan şəhəri, Qazax, Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa rayonlarının axund və imamları ilə görüşdük. Öncə prezidentin Ramazan təbrikini onlara çatdırdıq. Daha sonra dindarlarla ölkəmizdəki dini durum, din-dövlət münasibətləri, tolerantlığın və multikulturalizmin Azərbaycan modeli haqqında fikir mübadiləsi apardıq. Onları maraqlandıran məsələlərə aydınlıq gətirdik. Bu işdə mənə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regionlar üzrə şöbə müdirlərinin və Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələrinin böyük köməyi oldu.
Eyni zamanda, hər bir rayon və şəhərdə icra strukturlarının da fəaliyyətini xüsusi qeyd etmək olar. Sevindirici hal ondan ibarət idi ki, dini məzhəbindən asılı olmayaraq hər bir dindar dövlətə və dövlətçiliyə xidmət naminə bir olduqlarını söyləyirdilər. Bu görüşdə Gəncədə fəaliyyət göstərən və axundları xanımlar olan qadın məscidinin axund və icma üzvləri iştirak edirdi. Onların da dinə və dövlətçiliyimizə münasibəti olduqca səmimi və birmənalı idi. Qadın axundlar ölkəmizin Birinci xanımı Mehriban Əliyeva ilə görüşlərini sevinclə xatırladılar, ölkənin Birinci xanımının gördüyü xehirxah işlərdən ürək dolusu söhbət açdılar, razılıq etdilər.
Onu da deyim ki, mən Gəncədə
olarkən tarixi Şah
Abbas məscidini və Gəncədəki
Rus Pravoslav kilsəsini
də ziyarət etdim, dindarlarla
görüşdüm. Rus Pravoslav
kilsəsinin baş keşişi
Varfolomey Ata, həmçinin
Gəncə şəhər Yəhudi Dini
İcmasının sədri Arif Babayev bizimlə birgə İmamzadədə tədbirdə
iştirak etdi, həmçinin
onlar İmamzadədə təşkil olunan bayram süfrəsində
də bizimlə birlikdə oldular. Bu isə təkcə Azərbaycana xas olan unikal
toleranlıq mədəniyyətidir.
- Ön cəbhədə hərbi
xidmət edən əsgər və zabitlərimizlə də görüşmüsünüz. Azərbaycan
ordusunun hazırki mənəvi durumu və əsgərlərimizin əhvalı
ilə bağlı nə deyə bilərsiniz?
- Bayram günlərində düşmənlə üzbəüz mövqelərimizdə xidmət edən əsgərlərimizi görmək, onlarla bir süfrədə nahar etmək, düşməndən yenicə azad edilmiş torpaqlarımızdan düşmən mövqelərini müşahidə etmək unudulmaz və qürurverici idi. Səfər çərçivəsində 3 hərbi hissədə oldum. Əsgərlərlə və zabitlərlə görüşdüm, onlarla son dövr cəbhədə baş verən hadisələrin bütün xalqımızda yaratdığı yeni qalibiyyət ruhu və arzusu barəsində söhbətlər etdik. Mərd, qorxmaz və cəsur əsgərlərimizin döyüş ruhu, vətən məhəbbəti məni hədsiz qürurlandırdı. Onların sözünün əvvəli də, sonu da bu şəkildə bitirdi: “Torpaqlarımızı həmin an azad etmək üçün Ali baş Komandanın əmrini səbrsizliklə gözləyirik!”
Goranboyun Tap-Qaraqoyunlu kəndi istiqamətində qəhrəman tankçılarımızın və toprçularımızın düşməndən təmizlədiyi doğma torpaqlarımıza qədəm basmaq, 3 rəngli bayrağımızın o yerlərdə dalğalandığını görmək necə də xoş və qürurvericidir. Bu hisləri tezliklə Dağlıq Qarabağın müxtəlif yerlərinə qədəm basdığımızda da yaşayacağımıza əminəm. Cənab Ali Baş Komandanın siyasəti bizi tam qələbəyə doğru aparır.
- Alimlərimiz, ictimai xadimlərimiz
ordumuza necə kömək
olmalıdır?
- Biz peşəsindən, ictimai, siyasi mənsubiyyətindən, vəzifəsindən asılı olmayaraq hamımız ordumuzun yanında olmalıyıq. Ordu xalqın dəstəyini, ziyalılarımızın onlarla olduğunu görəndə daha əzəmətli və qətiyyətli olur.
Bu gün ordu quruculuğu sayəsində ordunun nə ərzaq, nə geyim, nə də silah-sursat çatışmazlığı yoxdur. Biz sadəcə öz qəlbimizlə, cismimizlə, ruhumuzla əsgərlərimizin yanında olmalıyıq. Gənc zabitlərimiz, əsgərlərimiz intellektual ünsiyyətə, tariximiz, mədəniyyətimiz, dinimizlə bağlı fikir mübadilələrinə bəzən mənəvi ehtiyac duyur. Bu istiqamətdə maraqlı proyektlər həyata keçirməyi düşünürük. Onlara təkcə nəyisə öyrətmək yox, eyni zamanda onlardan öyrənməyi də qarşıya məqsəd qoymalıyıq.
- Səfər əsnasında görüş
keçirdiyiniz əsgər və zabitlərimizin
sizdən hanısa istək və ya
xahişləri oldumu?
- Əsgər və zabitlərimizin əsas
xahişləri də elə bu oldu. Hərbi hissələrdə mütəmadi
olaraq müxtəlif mövzularda,
əsasən də, tariximizlə, mədəniyyətimizlə,
bugünümüzlə bağlı dəyirmi masalar, elmi müzakirələr,
dinləmələr keçirilsin.
Müzakirələr elə bir rejimdə keçirilsin ki, əsgər
və zabitlər də müzakirələrə qoşulub aktiv iştirak edə bilsinlər. Hərbi hissələrimizdə
dövlətçiliyimiz, vətənpərvərlik tərbiyəsi,
tariximiz, ədəbiyyatımız və başqa mövzularda
konfransların, tədbirlərin keçirilməsi üçün çox
gözəl şərait var. Dediyim kimi bu
təklifləri yaxın vaxtda dəyərləndirməyi
düşünürük.
- Bu səfər yeni layihə və proqramların icrasına başlamaq üçün
rəhbərlik etdiyiniz Xidmətin
qarşısına hansı yeni vəzifələr qoydu?
- İnsanlarla ünsiyyət, onları dinləmək həmişə yeni ideyaların ortaya çıxmasına yol açır, yeni layihələrə başlanğıc verir. Məscidləri ziyarət etdikdə orada yaradılmaqda olan məscid kitabxanalarının daha da zənginləşdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Milli Kitabxana, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu sahədə birgə fəaliyyət göstərməsi üçün yeni layihələrə başlayacağımızı düşünürəm. Həmçinin müxtəlif bölgələrdən olan din xadimlərimizin bir-birilə görüşlərinin təşkili, hansısa sosial, mənəvi məsələ ilə bağlı onların fikir mübadiləsi aparması üçün imkanların yaradılması da yeni ideyalardandır.
Həmçinin hərbi hissələrimizdə
ictimaiyyət nümayəndələri, dövlət rəsmiləri,
alimlərimizlə əsgər və zabitlərimizin dəyirmi
masa, konfrans
formatında görüşlərinin
təşkili də yeni ünsiyyət
forması sayıla bilər.
Bu
istiqamətlərdə işlərimizi daha intensiv şəkildə
davam etdirəcəyik.
525-ci qəzet.-2016.- 14 iyul.- S.1-2.