Ulu keçmişin
əbədiyaşar nişanələri
VƏ YA YURD
YADDAŞINDAN LÖVHƏLƏR
Təbii gözəlliklərinə, sərvətlərinə
görə dünyanın
nadir məmləkətlərindən olan vətənimiz Azərbaycan bu mənada əsl möcüzələr diyarıdır.
Yurdumuzdakı sıra dağların,
məğrur qayaların,
zümrüd meşələrin,
diş göynədən
buz bulaqların, coşqun çayların,
ab-havası şəfa
verən yaylaqların,
yurd yerlərinin hər birini uca Tanrı elə yaradıb ki, onların misli-bərabərinə dünyanın
heç bir yerində rast gəlinməz. Doğmalar, dostlar üçün
əvəzsiz yurd-yuva,
bərəkətli əkin-biçin
yeri, rahat sığınacaq, yeri gələndə isə, möhtəşəm qala
olan dağlarımız,
düzənlərimiz düşməndən,
bədxahlardan ötrü
isə əcəllə
üzləşdiyi bəla,
fəlakət məkanıdır.
Vətən torpağının hər daşı qəhrəmanlıq tariximizin
bir sirrini özündə yaşadır.
Xalqın qazandığı qələbələr də,
düşdüyü çətinliklər
də, yaşadığı
ən müxtəlif hadisələr də yurd yerlərimizin adlarında əbədiləşib,
silinməz-pozulmaz tarixə
çevrilib.
Beləcə, hər bir insanın taleyi olduğu kimi, vətənin dağ-daşının
da, ağaclarının,
kol-kosunun da, irili-xırdalı yaşayış
məntəqələrinin də öz tarixçəsi, taleyi var.
Bütün bu tarixçələr və
talelər də öz növbəsində
yurd insanlarının
güzəranı, növrağı,
həyatı və aqibətilə sıx bağlıdır. Belə qayım-qədim
yurd yerlərimizdən
olan Laçın rayonunda da bu
cür maraqlı yaranma və adlanma tarixçəsi olan obalar, kəndlər
çoxdur. Laçının hər qarışı, hər dağ-dərəsi
öz adı, ünvanıyla tariximizin, xalqımızın yaşayışının
mənalı yadigarları,
keçmişdən bugünümüzə
gəlib çıxan
qiymətli nişanlarıdır.
Təəssüf ki, Laçını, onun obalarını-oymaqlarını əhatə edən dağlar - Dəlidağ
(3616), Qırxqız (2828), Qorqundağ
(2396), Sarıbaba (2229), Böyük
Kırs (2725) indi oradan həsrətlə boylana-boylana qalıb, dağılmış yurd
yerlərimizin isə illərdən bəri gözləri yolda, qulağı səsdədir.
Bu yazı həm o doğma məkanları, dağları, obaları bir daha xatırlamaq,
həm də oralarda tarixdən yadigar kimi, xalqımızın
gün-dirriyindən nişanə
kimi qalan adların, ünvanların
tarixçəsini yada
salaraq, bununla bir qədər təsəlli tapmaq üçün qələmə
alınıb...
Yaşlı sakinlərin bir
çoxunun söylədiyinə
görə, Laçının
Picənis kəndinin yaranması belə bir əhvalatla əlaqələndirilir:
O əraziyə yaxın yaşayan ailələrin birində gənc bir oğlanın qonşunun Nisə adlı qızından xoşu gəlirmiş. Bunu hiss edən valideynlər etiraz etməyə başlayırlar,
narazılıq, dava-dalaş
da düşür. Bu iki gənc
isə bir yerdə yaşamaq, ailə qurmaq üçün bir-birinə
qoşulub qaçırlar.
Bir müddət görünmürlər,
onlardan bir xəbər çıxmır,
valideynlər isə yavaş-yavaş narahat olmağa başlayırlar.
Qızın anası daha çox nigaran olur, ərini
rahat buraxmır, deyinməyə başlayır,
hey ağlayır və
bir gün dözməyib kişisinə
deyir:
- Gör nə qədər vaxtdır, bir soraq çıxmır,
heç olmasa, get qızdan bir xəbər gətir, barı bilək
ki, sağ-salamatdır,
ürəyimiz toxtasın.
Vallah, gedib bir xəbər
gətirməsən, bizə
rahatlıq yoxdur.
Kişinin də ürəyi daşdan-zaddan deyilmiş
ha, yumşalır, uşaqların
arxasınca getməyə
hazırlaşır. Olandan-olmazdan yığıb bir xurcun tutur, qızının
arxasınca gedir.
Və xeyli müddətdən sonra geri dönür.
Səbrsizliklə kişinin
yolunu gözləyən
arvad tezcə soruşur:
- Ay kişi, danış görək, qızım Nisənin vəziyyəti nə təhərdi, başlarını gizlətməyə
bir komaları varmı, dolanışıqları
nə cürdü, yeməyə çörək,
içməyə su tapa bilirlərmi?..
Kişi
də könülsüz
halda:
- Arvad, heç demə, kaş gedib görməyəydim,
elə siftədən,
ilk gündən oğlandan
ağlım bir şey kəsmirdi, fərasətsizin biri imiş, bir uşaqları da var yanlarında, həyatı "puçdu"
Nisənin! - deyib
kövrəlir...
Ananın
ürəyi dözmür,
iki ayağını dirəyir bir başmağa ki, gedək qıza baş çəkməyə, onlara
kömək edək, cehiz kimi mal-qoyun, şey-şüy verək...
Xülasə, gənc ailənin yaşaması üçün
meşədən ağac
kəsib, yer qazıb koma da tikirlər, yer şumlamaq üçün öküz
də verirlər, əkin-biçin işlərinə
də əl uzadırlar, toxum da gətirirlər. O gündən
həmin gənc ailə oradaca məskən salır, yeni bir obanın,
yaşayış məntəqəsinin
təməli qoyulur. Qızının həyatını
vaxtilə puç hesab edən ata da, digər
doğmalar da onlara daima dayaq
dururlar deyə, "Puç Nisə"nin ailəsinin güzəranı gündən-günə
yaxşılaşır. Amma
o yurd yeri elə "Puç Nisə"nin adıyla tanınır. Sonralar, dildə-ağızda şəklini
dəyişib, ləhcənin
də təsiri ilə "Picənis"
formasına düşür
və bizim dövrə də bu cür gəlib
çatır. Cavan ailə
get-gedə pərvazlanıb
qol-budaq atır, böyüyüb genişlənir,
bəxtiyarlığa çıxır.
Gecə-gündüz halal əməklə məşğul
olan ailə başçısının - Gümüşlü
Alı deyilən kişinin varı-dövləti
artır, yeddi oğlu - Oruc, Əsədulla, Yusif, Kazım, Behbud, Qasi, Feyzulla böyüyüb atalarına
kömək etməyə
başlayır, özləri
də ev-ocaq yiyəsi olurlar. Alı kişi
mal-qarası, qoyun-quzusu,
at-ilxısı, nökər-naibi
ilə hər il yazda dağa
qalxırmış. Nəhayət, haqqını verərək,
özünə yaylaq
yeri almaq istəyir. Təcrübəli
adam olduğu
üçün yurd yerlərinə bələd
olmaq fikri ilə gəzir, müşahidələr aparır.
Qırxqızın ətəklərini qarış-qarış dolaşır.
İndiki Fərraş kəndinin
ərazisinin füsunkar
gözəlliyi, buz kimi bulaqları Alı kişinin çox xoşuna gəlir. Çobanlara, naxırçılara göstəriş verir ki, elatı, mal-qaranı, qoyun-quzunu birdən-birə yaylağa
qaldırmasınlar, bir
müddət dağın
ətəklərində məskən
salsınlar, bu yerlərin ab-havası, ot-ələfi faraşdır,
faraş bitkilər isə dedikcə faydalıdır. Əvvəlcə yaz dağların ətəklərinə
gəlir deyə, oralarda faraş ot-ələf çıxır,
heyvanlar üçün
xeyirli olur. Kəndin adını bir bu "Faraş" kəlməsiylə bağlayanlar
da var, yaylaq
naiblərinin - fərraşların
adıyla əlaqələndirənlər
də.
Alı kişi və
onun qardaşı Nurəddinin adamları bu dağlara yayılıb bələd
olduqca, ətrafdakı
yer-yurdlara adlar qoymağa başlayırlar.
Bu yerlərin relyefinə, quruluşuna, mənzərəsinə görə
adlar verilir. Şarkar dağını aşandan
sonra isə Nurəddin üçün
yurd yerinin təməli qoyulur. Onun ailəsi, tayfası genişlənir, başqa məntəqələrə də
yayılır. Bilirik ki,
hazırda qardaş Türkiyədə də Nurəddinlər və Nurəddinlilər tayfaları
yaşamaqdadır.
Picənis kəndi bu ərazidə
mərkəzi kənd
hesab olunarmış. Qırmızı Güney kəndi, Xacınyalı, Ağcayazı,
Arduşlu, Nurəddin,
Fərraş, Köhnə
Corman, Suvat o ətrafdakı yaşayın-inzibati
məntəqələrin bir
hissəsidir. Bundan əlavə
Dəvə yurdu, Dəvə boynu, Alcalıq, Binə, Hünis, Calağan düzü, Ağvağ binələri də mövcud olub.
Yayın cırhacırında Göy bulaq, Yağlıbulaq, Qilbə bulaq, Sarı bulaq, Çınqıllı bulaq, Daş düzü bulağı, Tikanlı bulağı, Yoğuş bulağı, Gendərə bulağı, Ferzini bulağı, Peyinli bulağı, Nəbibəy bulağı, Həsənqulu bulağı və başqa qaynaqların suyu can dərmanı, təşnə ürəklərin məlhəmiydi. O bulaqlardan su içmək üçün mütləq baş əyməli, diz çökməli, sanki bu təbiət möcüzələrinə beləcə ehtiram bildirməliydin. Hər bir bulağın, bərənin, keçidin, yaylağın, düzənin öz adı, öz maraqlı tarixçəsi və bir növ təyinatı vardı. Məsələn, Binəyal yaylağı həmişə yazda- yayda şənlik olardı, insanlar burada binələnər, elatın sürüləri rahatlanar, bəslənərdi. O saf, buz bulaqlar öz mənbəyini Qırxqızdan götürərək Fərraş, Nurəddin çaylarını əmələ gətirib, Çorman, Picənis çaylarına qarışar, ondan sonra elə bil Şəlvə çayına qovuşmağa tələsir. Təbiəti, ab-havası qədər adamları da fitrətən saf olan o yerlərdə, o dağların qoynunda məskən salan, orada doğulan, boya-başa çatanlar öz halal əməyi ilə yaşamağa adət etmişdilər, pis niyyət, bəd əməl, kin-qərəz onlara yad xüsusiyyətlər idi, xainlik, paxıllıq əllərindən gəlməzdi. Tarixə nəzər salanda görmək olar ki, o ətrafdakı obaların, kəndlərin taleyində Teymurləng yürüşlərindən sonra bəlli bir dəyişiklik baş verib. Sakinlər xeyli oturaqlaşıb, əlaqələr sıxlaşıb, yaşayış tərzində yeniliklər üzə çıxıb. Məscidlər tikilib, camaatın yığıncaq, söhbət, adət-ənənə qeyd eləmək yerləri müəyyənləşib. Misal üçün, Picənis kəndində çox imkanlı adamlardan hesab olunan Kərbəlayi Məhəmmədhüseyn tərəfindən inşa etdirilən məscid bu baxımdan seçilib. Uzun zaman insanların ibadətgahı olan o məscidi, təəssüf ki, Sovet dövründə, kolxoz təşkil olunanda taxıl anbarına çevirmişdilər.
(Ardı var)
Nemət
BƏXTİYAR
Azərbaycan
Jurnalistlər Birliyinin üzvü
525-ci qəzet.-2016.- 14 iyul.- S.4.