Bu dənizin
balığı
Ədəbiyyat xoşbəxtlikdirmi?
Ömər Zülfü Livanelini öncə bəstəkar,
musiqiçi kimi daha çox tanıyırdım. Onu
romançı kimi mənə tanıdan Pərvin oldu.
Bir il əvvəl Livanelinin
“Qardaşımın əhvalatı” romanını mənə
verdi. Oxuyub gördüm ki, bu, peşəkar
yazıçı qələminin məhsuludur. Əsər Livanelinin nəsrinə
marağımı artırdı.
Onun “Serenad” və “Konstantiniyyə oteli” romanlarını
oxudum. Hər ikisi çox təsirli, insan xarakterlərinin
ustalıqla yaradıldığı, hisslərin dərinliyinə
varan, oxucuları öz aurasından çıxmağa qoymayan
əsərlər idi və mən romançı, ədəbiyyatçı
kimi yeni yazıçı kəşf etdiyimi özüm
üçün dəqiqləşdirdim.
Bugünlərdə
Kırşehirdə olarkən anam - Yunus Oğuzun
romanlarının oxucusu - mənə zəng edərkən
düşünürdüm ki, yəqin, ayağı
üçün Türkiyədən kremlər, ağrıkəsici
sürtkü almağımı tapşıracaq. Amma
düşündüyümün əksinə, türk
kanallarında dua kitablarının reklamını
gördüyünü dedi və dua kitabları alıb gətirməyimi
istədi. Bunu təbəssümlə səfər
yoldaşlarıma, Xalq yazıçısı Anar müəllimə,
Kırşehirdəki kitab bayramının təşkilatçısı
İmdat Avşara danışdım. O, kitab sərgisində
“Səmərqənd” kitab evini nişan verərək
axtardığımı orada tapa biləcəyimi dedi. Anam
üçün dua kitabı alandan sonra yaxınlıqda yerləşən
“Doğan kitab”ın pavilyonunda Livanelinin artıq mənə tanış olan romanlarını, eyni zamanda,
“Ədəbiyyat xoşbəxtlikdir” adlı kitabını
gördüm. Kitabın sərlövhəsi diqqətimi
çəkdi. Çünki biz ədəbiyyat
adamlarını bu sual həmişə
düşündürür. Doğrudanmı
ədəbiyyat xoşbəxtlikdir, ya bəlkə əksinə?
Bu suala ömür boyu cavab axtarmışıq.
Kitabda
Livanelinin müxtəlif vaxtlarda yazdığı, ədəbiyyatla,
bədii yaradıcılıqla bağlı esseləri var.
Bakıya gələn kimi kitabı birnəfəsə - hətta
bəzi yazıları iki dəfə - oxudum. Xeylisində
düşüncələrimlə üst-üstə
düşdüyü məqamlar gördüm.
Ümumiyyətlə, bu kitab, fikrimcə, bugünkü
Azərbaycan ədəbiyyat sevdalıları, xüsusən, gənclər
üçün çox maraqlı olar. Ona görə
də qərara gəldim ki, “Bu dənizin balığı”ndan
başlayaraq, kitabdan bir neçə esseni azərbaycancaya
çevirərək qəzetdə çap edək.
Rəşad MƏCİD
Ədəbiyyat çox geniş anlayışdır. İçində
Sədinin, Hafizin, Şekspirin şeirləri də var, Homerin
dastanları, “Min bir gecə” nağılları, Övliya
Çələbinin “Səyahətnamə”si də. Tamaşalar, köhnələrin “qələm təcrübəsi”
dedikləri esselər, mənsur şeirlər, hamısı o
geniş ədəbiyyat anlayışının içindədir.
Amma məsələni
daha detallı araşdırmaq üçün müasir roman
anlayışını rəhbər tutaraq bir az
konkretləşdirməkdə fayda var.
Modern romanın təməl əsəri olaraq Servantesin
“Don Kixot”u göstərilir. Ondan əvvəl “hekayə
danışan”, toxunduğu mövzuları yığcam şəkildə
anladan əsərlər var idi, əlbəttə. Servantes özü də o dövrün
İspaniyasında, bizim xalq nağılları kimi
ağızdan-ağıza yayılan cəngavər macəralarından
yararlanmışdı. Amma cəngavərlər
dövrü geridə qalandan sonra hələ də köhnə
dəyərlərlə yaşamağa, o şəkildə
“dünyanı xilas etməyə”, sevgilisi Dulsineyaya
qovuşmağa çalışan Lamançlı qoca Don
Kixot personajıyla xarakter yaratmağın, psixoloji dərinliklərə
enmənin və tragikomik elementlərin zirvəsinə yetdi.
Qədim Yunan faciələri də insanın alın
yazısına qarşı mübarizəsini göstərirdi,
amma forma başqaydı. Servantesdən sonra müasir roman sürətlə
inkişaf etdi. Bir çox ölkədə
ədəbiyyatsevərlərin oxuması şərt olan
romanlar yazıldı.
Bu romanları yazanlar yaratdıqları unudulmaz xarakterlərlə
yaşadıqları cəmiyyəti sosioloqlar,
iqtisadçılar, tarixçilərdən daha dərin şəkildə
anlatmağı bacardılar.
Hamıdan daha ağıllı və savadlı deyil, daha
həssas olduqları üçün. Hər
böyük romançı içində olduğu insan dənizində
üzərkən bir balıq kimi axıntıları, meylləri
sezə bilirdi.
Məsələn, XIX əsrin Fransasını anlaya bilmək
üçün ən önəmli mənbənin Balzakın
əsərləri olduğuna inanılır ki, məncə də,
doğrudur.
Ədəbiyyat
yolu
Roman sənətinin zirvəyə yüksəldiyi XIX əsrdə
dəyərli ədəbi əsərlər böyük xalq
kütlələri tərəfindən bu günün
teleserialları kimi izlənirdi. Çarlz Dikkensin
broşür kimi yayımlanan romanları maraqla, həyəcanla
gözlənilir, çapdan çıxan kimi göydə
qapılırdı. Hətta sevilən bir
roman qəhrəmanının ölümünə görə
yüz minlərlə adamın göz yaşları
axıtdığı danışılır.
Dostoyevskinin romanları qəzetlərdə hissə-hissə
çap edilir, Tolstoy hər romanıyla nəhəng Rusiyada
fırtınalar qoparırdı.
Fransada
Viktor Hüqo, Flober, Zolya, həm romanları, həm siyasi mövqeləri
ilə cəmiyyətin təməl daşlarını
döşəyirdilər.
Bu romançılar kimsənin qarşı çıxa
bilməyəcəyi şəkildə həm dərin, həm
də məşhurdurlar. Demək, böyük kütlələrin
oxuması əsəri qiymətdən salmır.
Sadəcə
roman deyil, bütün sənət əsərləri həm məşhur,
həm dəyərli ola bilər. Kino sənətində
usta olan Çarli Çaplin Şarlo obrazıyla dünyada
milyonlarla heyran qazanmış, o dövrün azsaylı
informasiya vasitələrinə rəğmən, Türkiyənin kəndlərində belə
tanınmışdı.
Bir başqa misal da Pikassodur. Bu yenilikçi rəssam kubizm cərəyanının
“k”sını bilməyən milyonlarla insan tərəfindən
yaxşı tanınır, hətta rəsmə gətirdiyi tərz
savadsız adam tərəfindən də
“başı bir yerdə, gözü başqa yerdə” deyilərək
bəsit şəkildə izah edilir.
Bu nümunələr bizi belə bir nəticəyə gətirib
çıxarır. Əsərin keyfiyyətli və dərin
olması, onun geniş xalq kütlələri tərəfindən
mənimsənməsinə əngəl deyil.
Amma bunun ən vacib şərti o sənət əsərinin
bir istedad nəticəsində ortaya çıxmış
olmasıdır. Usta bir pianoçu necə mahir
barmaqlarıyla bizi özünə heyran edir, adi insanın
göstərə bilməyəcəyi istedad sərgiləyirsə,
romançı da yazdığı dili elə istifadə etməli,
mövzusunu yenə böyük istedadla anlatmalıdır.
Yoxsa, yavan, quru, bərbad mətnlər yazıb,
oxucu kütlələrini avam yerinə qoyaraq özünə
bəhanələr uydurmaq romançı üçün
bacarıqsızlığı bir növ intellektual eqoizmlə
gizləmə səyidir.
Piano dinlənilmək üçün
çalındığı kimi, roman da oxunmaq
üçün yazılır. İkisinin də təməlində
“həzz” deyilən o sənət sehri var.
Bu arada,
bir məsələni də deməliyəm: Lenin “ən
doğru fikir belə şişirdilərsə, axmaq nəticəyə
varar” demişdi. Haqlıdır. Amma bu üzdən ədəbiyyatda eksperimental mətnlər
yazmaq olmaz, ya da belə əsərlər
yazılmamalıdır, demirəm.
Məsələn, Ceyms Coysun “Uliss”i kimi eksperimental əsərlər
çox oxunmasa da, ədəbiyyata yeni imkanlar gətirdi. Uilyam Folkner o
dövr üçün inqilabçı yenilik sayıla biləcək
üslubu ilə həm söz sənətini inkişaf etdirdi,
həm də Co Kristmas kimi unudulmaz xarakterlər
yaratmağı bacardı. Bütün məsələ
istedaddadır. Qabriel Qarsiya Markes, Frans Kafka, Jorj Amadu,
Xorxe Luis Borxes kimi yaza bilirsinizsə, ədəbiyyata yenilik gətirmənizə
kimsənin etirazı olmaz. Çünki
yazıçının əsas vəzifəsi olan
oxutmağı bacarırsınız deməkdir. Qalanı güc-bəlayla, zorla yazılan mətnlərə
bəhanə axtarmaqdan ibarətdir.
“İstedad” deyərkən “hünər göstərmək”
anlaşılmamalıdır. İstedad nəticə olaraq ortaya
çıxmalıdır. Söyləyəcək
sözü, danışılacaq hekayəsi olan insanların
bu məqsədlərini gerçəkləşdirmək
üçün istifadə etdikləri xüsusiyyət olaraq
başa düşülməlidir istedad.
Çünki “hünər göstərmək”
özlüyündə bir məqsədə çevriləndə
əsər həyatdan qopur. Həyata deyil, daha çox ədəbiyyat
qaydalarına dair iş olur. Sadəcə
yazı-pozu adamlarını maraqlandıracaq, gündəlik həyatını
yaşayan insanların marağını çəkməyəcək
mövzular əsas götürülür.
Əslindəsə ədəbiyyatı hər şeydən
əvvəl yol olaraq qəbul etməliyik. Musiqi, rəsm,
bir çox başqa yollar kimi yazmaq da həyatı hiss etməyin,
anlamağa çalışmağın və dolayısı
ilə həyata müdaxilə etmənin bir yoludur.
“Duyğu və düşüncələrini paylaşmaq” kimi
bəsit iş deyil. Yunusun, Pir Sultanın, Nazimin, Aşıq
Veysəlin, Yaşar Kamalın yoludur bu. Bu yoldakılar
xalqın anlayacağı böyük sənət
yaradırlar. Çünki ən keyfiyyətli məhsulların
qarşılıq görəcəyi məsələsində
xalqa güvənirlər. Sadəlik, dərinlik
və zənginlik var onların əsərlərində.
Böyük romanlara baxanda bəzi ortaq nöqtələr
görürük. Bunların əvvəlində sanballı
mövzu gəlir. Bir ara “hekayənin
vacib olmadığı”, ədəbiyyatın sadəcə
üslub demək olduğu polemika mövzusuna çevrildi, amma
bütün dartışmalarda olduğu kimi adamların
bir-birini tam əks nöqtələrə itələdiyi mənasız
söz davasıydı. Sanki insan yaxşı bir
hekayəni gözəl bir üslubla danışa bilməzmiş
kimi.
Mütaliə
zövqü
Həyatda
görülən hər gözəl iş kimi kitab da zövq
alınaraq oxunmalıdır. Ədəbiyyat nə
qədər dərin düşüncələr
anladılırsa anladılsın, bunları oxucuya zövq verəcək,
səhifələri səbrsizliklə çevirdəcək, hətta
“aman, bitməsin” dedirdəcək bir şəkilə salma sənətidir.
Bütün böyük yazıçılar bunu
bacardıqları üçün böyükdürlər.
Siz heç Servantes, Dostoyevski, Tolstoy, Dikkens, Qoqol, Flober,
Stendal, Markes oxuyarkən sıxılan, ah-uf edən oxucu
görmüsünüzmü? Mən yox.
Çünki bu yazıçılar böyük
ustalıqla oxucunun ruhuna sızır, roman qəhrəmanlarını,
gerçək həyatda tanıdıqları adamlardan daha
çox tanımalarını, hətta bəziləriylə
özlərini eyniləşdirmələrini bacarırlar. Sonra o qəhrəmanların
başına gələn eşq, intriqa, fəlakət,
müharibə, iflas, intihar, ölüm və sair kimi insana aid
bütün hallar oxucunu çox yaxından
maraqlandırmağa başlayır.
Bəli, ədəbiyyat zövq işidir, dedik. Məşhur
fransız nəşriyyatlarından birinin adı da elə
“Oxuma Zövqü”ydü.
Tələbəlik illərimizdə ədəbiyyat dərsləri,
çox təəssüf ki, tələbəni ədəbiyyatdan
soyutmaq üçün əlindən gələni edən tərzdə
keçilmişdi. Divan ədəbiyyatından iki hissə
götürüb, oradakı “sənətləri” təhlil etmək,
əruz vəznlərini əzbərləmək kimi gənc tələbəni
bezdirəcək dərslər idi bunlar. O yaşdakı
uşaqlara kitab oxumağı sevdirəcək nə qədər
üsul tətbiq etmək olardı. Amma etmədilər,
yəqin bu, hələ də davam edir.
Yalnız məktəblər deyil, ədəbiyyat aləmi
də adamları oxumaqdan soyutmaq üçün əlindən
gələni etdi. Çox dərin və intellektual
görünmək istəyən yazıçılar, sanki biz
zavallı fanilər üçün zirvədən enərək
yazmaq lütfü göstərirdilər. Kitablarda
uzun-uzadı, dolaşıq cümlələrlə hadisə
olmayan, xarakterlərin bulanıq kölgə kimi
qaldığı konturlu təcrübələr apardılar.
Sonra da səhifələrini min bir
lazımsız detallarla doldurdular.
Bunların arasında dükanda etdiyi
alış-veriş siyahısını yayımlayanlar da oldu
(gülməyin, bu həqiqətdir). Sonra da bu
bacarıqsızlığı, eqoistliyi “postmodern”, filan kimi gəlişigözəl
sözlərin arxasında gizləyib, xam pianoçunun
davamlı olaraq bir klavişə basıb “siz
anlamırsınız, bu, müasir musiqidir” deməsi kimi
axmaqlıqla əlləşəsi olduq. Və ya quş
belə çəkə bilməyən rəssamın (!) kətanın
ortasına kiçik bir qırmızı ləkə vurub
“önəmlidir, çünki o ləkəni oraya MƏN
qoydum” deyə özünü Gözəl Yelenanın
yanağına xal qonduran Tanrı mərtəbəsinə
yüksəltməsi kimi axmaqlıqlarla...
Yəni tam bir şarlatanlar dövrünün
ortasındayıq.
İki fərqli
ədəbiyyat
Belə bir qaydaya inanıram. Əgər masa
arxasında oturanda yoldaşlarına
danışdığın zaman maraqlarını çəkəcək,
səni heç olmasa yarım saat dinləmələrini təmin
edəcək qədər maraqlı mövzun yoxdursa, heç
yazmamaq ən yaxşısıdır. Çünki
o yüzlərlə səhifəni də kimsə oxumaz (bu
ümumiləşdirmədən kənar qalan eksperimental mətnləri
də ayrıca diqqətdə saxlamaq gərək).
Çox təəssüf ki, hazırda kapitalizm ədəbiyyata
pislik edərək, iki ayrı ədəbiyyat yaradıb. Kitabı əmtəə
kimi görən bazar ədəbiyyatı “populyar ədəbiyyat”
və “yüksək ədəbiyyat” olaraq ikiyə
böldü. Və nəhayət,
iş o həddə çatdı ki, böyük oxuyucu
kütlələrinə sabun köpüyü kimi boş, mənasız
əyləncəli kitablar təklif edilərkən, heç
kimin oxumadığı və “əsl ədəbiyyat”
olduğu sanılan bəzi əsərlər naşirlər,
agentliklər və özünü seçkin hesab edən bir
ovuc adamın oyuncağına çevrildi.
Bu
kitablarda sanballı ədəbiyyatın ən vacib şərtlərindən
olan usta dil, möhkəm psixoloji təməl və ən əsası,
unudulmaz xarakterlər yaratma şərti lazım gəlmədi.
Amma bəzi məsələlər bu müəllifləri
önə çıxardı.
Bu gün
yaxşı oxucu sanballı ədəbiyyatdan Raskolnikov,
şahzadə Andrey, Nataşa, Mışkin, Karamazov, Qorio ata,
Anna Karenina, Madam Bovari, Jan Valjan kimi xarakterləri saya bilər,
onları ailəsindən daha yaxşı tanıyar, amma “populyar
ədəbiyyat”dan bircə personaj varmı, əcəba?
Məsələn,
mənə çox heyranlıqla qarşılanan, hər
kitabına təriflər düzülən Pol Osterin unuda bilmədiyiniz
bir obrazının adını deyin.
Yoxdur; çünki sanballı xarakterlər yaza bilməyib,
sadəcə intellektual oyun oynayıb.
Bu düşüncələrimi açıqlarkən
örnək kimi Osteri istifadə etməm məşhur
yazıçıya haqsızlıq hesab edilə bilər. Amma
tanınması və xarakter yaratma istedadının əskikliyi
izah üçün onu uyğun örnək halına gətirir.
Bundan başqa, təhkiyəsində roman yaradıcılığı
tərəfdən də problemlər var. Məsələn,
“Sunset Park”da nəql edənin həyatını dəyişdirən,
qardaşının ölümünə səbəb olmaq
travması bir neçə abzasla başdangetdi
anladılıb. Amerikan beysbol
oyunçularının macəralarına isə səhifələr
ayrılıb. Bu, həqiqətə uyğun
deyil. İstər fantastika qəhrəmanı, istərsə
həqiqi adam olsun, kim qardaşını
öldürəndə bu, onun həyatında
futbolçulardan az yer tutar?
Bu, postmodern ədəbiyyatın
köçür-yapışdır üsulunun zəifliyinə
maraqlı bir misaldır.
Unutmayaq ki, ədəbiyyat qeyri-adi priyomlar, okean
balıqlarından qarışqaların həyatına qədər
romanın irəliləməsinə kömək etməyən
və mövzusuyla əlaqəsiz internet məlumatlarından gərəksiz
yerə istifadə deyil, insanı izah sənətidir. Bunun da
özülü psixologiyadır. Gilqamışdan, Homerdən
bu yana dəyişməyən həqiqət...
Lobbilər
və media işləyir
Qərb ölkələrində “Kitab oxumağa nifrət
edənlər” qrupları qurulmağa başlayıb. Əlbəttə,
bizdən də yan keçməyib bu internet dəbi. Çünki “yüksək ədəbiyyat” dedikləri
şey oxuyucuları dindən uzaqlaşdırır, ədəbiyyat
əməlli-başlı dışlanır.
Üç
məşhur ingilis qəzetinin mədəniyyət
yazarları və mədəniyyət səhifəsi
redaktorları ilə axşam yeməyində toplanmaq mənə
bu dediklərimi isbatlamaq imkanı verdi. Onlar məndən müsahibə götürərkən
mən də beynimdə fırlanan sualları verdim.
Birindən nələri oxuduğunu öyrənmək
istədim?
Hansı müəllifləri sevirdi, kimləri
xoşlayırdı...
Cavab nə
oldu, bilirsinizmi:
- Bəlkə
təəccüblənəcəksiniz, amma Len Deighton başda
olmaqla detektiv və triller kitablarını oxuyuram.
- Len
Deightonu mən də sevirəm, - dedim, amma sadəcə
bunlarımı oxuyursunuz?
- Hə,
çünki özünü həddən artıq vacib sayan,
mənasız kitablar yazan adamlardan bezmişəm.
- Con le
Carrenin romanlarını xoşlayırsınız? - deyə soruşdum.
- Yox.
-
Yaxşı, amma xəfiyyə romanlarının ən məşhur
müəllifi odur.
Güldü:
- Məşhurluğunun
səbəbi var idi.
- Səbəbi
nədir?
- Məzun
olduğu məktəbin lobbisi.
Qısası, bu ingilis jurnalistlərə görə, ədəbiyyat
lobbilərarası modabazlıq oyununa çevrilib. Hətta
detektiv janrında yazanlar da lobbilər vasitəsilə məşhur
olur. Lobbilər, qəzetlər, televiziyalar
sizə durmadan “bunu oxu, onu oxu” deyə ağıl verirlər.
Sanki oxucunun ağlı, zövqü yoxdur.
Geniş oxucu kütlələri də bu tip manipulyasiya və
müəlliflərdən bezdikləri üçün cəsusluq,
triller, hətta vampir romanlarına yönəlirlər.
Məsələn, Amerikada “ədəbiyyat”
saydıqları mətnlərin ən uğurluları
iyirmi-otuz min oxuyucuya çatdırılırsa, digər
maklaturalar on milyona dirənir.
Bu vəziyyət qarşısında oxuyucuları
günahlandırmaq və zövq sahibi olmadıqlarını
demək asandır. Çətin olan, bir vaxtlar Folkner,
Steynbek, Dos Passos, Heminquey oxuyan adamların yeni müəllifləri
niyə oxumadıqlarını anlamaqdır. Əcəba əsl günahkar kimdir? Oxumayanmı, oxuda bilməyənmi, oxutmayanmı?
Təlqini
aşaraq azad oxucu olmaq
Təxminən
iki yüz il əvvəl Şopenhauer
“İnsan istədiyini edə bilər, amma istədiyini istəyə
bilməz” demişdi.
Kütlə əlaqələri və media yönləndirmələrinin
adamlar üzərindəki təsiri artdıqca bu sözün
keçərliliyi də artır. Filosof bu mənada deməmiş
olsa da, xüsusilə 80-ci illərdən sonra bəlkə də
insanı anladan ən önəmli sözlərdən biri
oldu.
Çünki məhsulları xalqa çatdıran
adamlar, çox təəssüf ki, artıq hansı məhsulların
xalqa çatmayacağını təyinetmə gücünə
də sahibdirlər. Bəlkə daha pis, insanlara çatsa belə,
bir məhsulun sevilib-sevilməyəcəyi mühiti yaratmaq
gücünü əllərində saxlayırlar.
Qaba yolla senzura tətbiqi və ya bəzi məhsulların
dəstəklənib reklamının aparılmasını
aşan bir məsələ var ortada. Ümumilikdə xalq
simpatiyasının yönləndirilməsi, dəb
yaradılması məsələsində elə uğurlara
imza atılır ki, insanlar “lazımi” kitabları “öz
seçimləri” ilə oxuyurlar.
Xəbərin, musiqinin, kitabın, hər şeyin
böyük bir bombardman halında xalqa təklif edildiyi və
insanlarını məhsulların əksəriyyətindən
xəbərdar olmadıqları günlərdir bunlar. Belə davam
edəcək, geriyə dönüşü düşünmək
də olmaz.
Bu vəziyyətdə ilk dəfə meydana
çıxmağa çalışan adamın “uğur”u hədəf
seçməsi onu əməllicə dalana dirəyər. Məqsəd
uğurlu olan deyil, haqlı (gözəl, doğru) tərəfdə
yer almaq olmalıdır. “Xalqa
çatmağın yeganə yolu keyfiyyətli işlər
görməkdir” deyə düşünmək çox
vacibdir. Belə düşünmək bəlkə
xalqa yetişməkdə kömək etməyə bilər (bəlkə
də kömək edər), amma keyfiyyətli məhsulların
yolunu açar. Daha önəmli olan da bu
deyilmi?
Əlbəttə, asan deyil. Tarixdə Şekspir,
Kafka, Nazim, bizə gəlib çatan adlardan daha çox
itib-batmış dəyər var.
Dəyərlərin unudulması üçün
hazırda yaşadığımız “sürət
dövrü” qədər uyğun çağ hər halda
heç olmayıb. Amma bu sistemin işi də çox asan
deyil. Qarşılarında min illərdir ən
yaxşısını seçmə
alışqanlığı olan xalq var! Xalqların
ən gözəl, ən keyfiyyətli məhsulları
seçmiş olduğunu sübut edən Dostoyevski, Folkner kimi
örnəkləri hamı tanıyır. Yetər
ki, oxucular seçim edərkən öz zövqlərinə
güvənsinlər. “İstədiklərini
istəmək” bacarıqlarını inkişaf etdirsinlər.
Hər
kitabı oxumaq məcburiyyətində deyilsiniz...
Unutmayaq ki, kitab oxumaq hər şeydən əvvəl
zövq almaq məsələsidir. İnsanlar kitabları
dərman kimi deyil, zövq almaq üçün oxuyurlar.
Bir romanın dərin və sanballı olması
onun oxumaq zövqü verməsinə əngəl deyil. Yüz illər boyunca böyük sənətkarları
anlamış, bir növ onları yaratmış olan
insanların ədəbiyyat zövqümü korlandı?
Populyar ədəbiyyat deyilən “sabun köpüyü”
kitabları müdafiə etmirəm. Zövq verən,
xarakter yaradan romanlar yazmağı bacarmadıqları
üçün oxucuları populyar janrlara dartan
yazıçıları günahlandırıram.
Və gənc müəllifləri bu dalana dönməmələri
üçün xəbərdar etmək istəyirəm. İstədiyim
sadəcə budur.
Sizə
yanaşmamı haqlı qılan bir misal verim:
yazılarımda tez-tez adını çəkdiyim Xorxe Luis
Borxesdən. Niyə Borxes? Çünki yeni
müəlliflərin hədsiz sayqıyla
bağlandığı, hətta təqlid etdiyi
yazıçıdır.
Görün
nə deyir:
“Tərcümeyi-hal önəmli deyil. Düşünün
ki, Şekspir öz tənqidçiləri (Şekspirçi tənqid)
haqqında heç nə bilmirdi. Niyə
birbaşa mətnə müraciət etməyək? Əgər bir kitabı oxumaq xoşunuza gəldisə,
əla. Xoşlanmadınızsa, oxumayın.
Ədəbiyyat sizə diqqətinizi çəkən
başqa müəlliflər təklif edəcək qədər
zəngindir”.
Necə də aydındır, deyilmi?
Hələ
bir cümləsi də var ki, lap dərs sanbalındadır:
“Özünü kitabı oxumağa məcbur etmək
axmaqlıqdır”.
Amma səbr edin, hələ hiyləgərliklər silsiləsi
bitməyib.
Bütün bunları edərkən bir də oxucuda “Deyəsən,
məndə bir yanlışlıq var. Kitab heç cür irəliləmir,
anlaya bilmirəm. Lap axmağam” duyğusu oyandırmaq lazım gəlir
ki, proses tamamlansın.
Əziz
oxucular, əgər aranızda belə düşünənlər
varsa, lütfən, bu suala cavab verin: “Ləzzətlə Orxan
Kamal, Dostoyevski, Stendal oxuya bilirsinizsə, bəs niyə bu
kitablarda darıxırsınız?”
Cavab bəsitdir.
Çünki bunlar cansıxıcıdır. Müəllif
işini bacarmır, özünü oxuda bilmir. Buna görə də meydan ədəbi keyfiyyəti
olmayan, sadəcə vaxt keçirməyə yönəlmiş,
eşq və cinayət kimi mövzuları istismar edən
populyar kitablara qalır. Bir o qədər də
oxunaqlığı, heç elə iddiası da olmayan
“yüksək sənət” məhsulu olduğuna eyham vurmaqdan
başqa heç nəyə yaramayan kitablar rəfləri
doldurur. Yaxşı yazılmış ədəbi mətnlər
də bu can və mal bazarında itib gedir.
Bəzi tənqidçilərimiz asan oxunan mətnin asan
yazıldığını düşünürlər. Amma asan oxunan
və oxucunu özüylə dartıb aparan dərin mətnlərin
yazılması böyük əmək və savad tələb
edir. Ədəbiyyatşünaslarımızın
“səhli-mümtənə” qavramını bildiyinə əminəm,
amma nədənsə bunu müasir ədəbiyyata tətbiqdə
çətinlik çəkirlər. Məlum
olduğu kimi, səhli mümtənə asan görünən,
amma əslində çox çətin söz sənətidir.
Əgər Yunus Əmrənin 700 ildən də artıq
zamandan süzülən müdrik sözləri olmasaydı, ədəbiyyatşünasların
gənc bir romançımızın yeni kitabının -
Bir qərib
ölmüş deyələr,
Üç
gündən sonra duyalar -
sətirlərilə başlamasını dərin ədəbiyyat
kateqoriyasına aid edəcəklərindən şübhələnirəm.
Çünki populyar və səviyyəsiz
romanların alternativinin çətin oxunan mətnlər
olmasının lazımlılığı kimi qənaətə
sahibdirlər.
Bu məsələni
Yaşar Kamalla qırx il davam edən
zövqlü ədəbiyyat söhbətlərimizdə
çox danışmışıq. Yaşar
Kamal üçün romandakı psixoloji dəyər çox
önəmlidir, amma nədənsə bəzi tənqidçilər
onun təbiət təsvirlərinə, dilinin zənginliyinə
və sinfi yanaşmasına qapılıb romanlarında
yaratdığı psixolji zənginliyi görməzdən gəlirlər.
Çünki onların fikincə psixologiya uzun
və qarışıq təhkiyə ilə
bağlıdır. Amma Yaşar Kamal
psixologiyanı hadisə ilə çatdırır. Məsələn, romanlarında cinsi məsələlər
və şiddət bir-birindən törəyir. Bir çox romanında olduğu kimi bu mövzuya “Dəmirçilər
bazarında cinayət”ində də rast gəlinir. Bazarda cinayətə şahid olan qozbel dəllal tez
evə qaçır və arvadına “soyun, tez soyun!” deyə
bağırır. Qadın məməsi və
cinayət bağlılığı da çox nəzərəçarpandır.
“Qala qapısı”nda kəsik pişik
başlarıyla dolu mağaradan çox qorxduğu halda
qorxunun üstünə gedərək mağaraya girən
uşaq psixoloji çözümün şah əsəridir.
Dərin bir romanı axıcı dillə anlatmaq
çox çətindir. Bunu ancaq özünə
güvənən və mətnini intellektual bir maska
arxasında gizlətməyə çalışmayan
yazıçılar bacara bilərlər. Eynən
ixtisasını çox gözəl bilən həkimin ən
çətin məsələni də asan kəlmələrlə
izah edə bilməsi, amma naşı, savadsız həkimin
latınca terminlər arxasında gizlənmək istəməsi
kimi.
Ustalıq dili aradan qaldırmaqla olur. Bu, digər sənət
sahələrində də belədir. Məsələn,
bir film musiqisinin özünə diqqət çəkmədən
səhnəni dəstəkləməsi gözlənir. Yunus Əmrənin şeirlərində dilin fərqinə
belə varmır, birbaşa o düşüncəyə, ya da
duyğuya fokuslanırsınız. Amma əlbəttə,
bu, çox çətin və istedad tələb edən
işdir.
Tənqidçilərimizin
populyar ədəbiyyata, “ucuz roman”lara
göstərdiyi reaksiyanı anlayır, hətta
bölüşürəm. Amma bu vəziyyət
bizi lisey elmi mübahisələrində olduğu kimi
qarşı tərəfə sovurmamalı, ifrata
vardırmamalı, bir çox məslək qruplarında rast gəlindiyi
kimi, xalqın anlamayacağı xüsusi terminologiya köməyilə
bir ədəbiyyat elitasına çevirməməlidir. İllah da çətin oxunan kitablara maraq
duymağın, olsa-olsa, bu reaksiyadan doğduğunu
düşünürəm. Əlbəttə,
dediklərim roman və hekayələrə aiddir. Yoxsa
Adorno, Lukas oxuduğunuz zaman xüsusi terminologiyaya vaqif olmaq
şərtdir.
Əziz
oxucu! Əgər bir kitab özünü oxuda
bilmirsə, dərhal o kitabı kənara atmaq və
oxunmasını gözləyən keyfiyyətli əsərlərə
yönəlmək ən yaxşı variantdır.
Kapitalizmin başgicəlləndirən marketinq siyasətindən
qurtulmanın yeganə yolu öz oxu zövqünüzə
güvənməkdir.
Ədəbiyyat
təhlükəlidir
Kapitalist dünyanın əsl ədəbiyyatı xalq
kütlələrindən uzaqlaşdırmasının və
bunu bir “intellektual oyun” halına gətirməsinin bir məqsədi
var. Çünki söz sənətləri hər zaman təhlükəli
sayılıb.
İnsanları düşünməyə,
sorğulamağa, şüurunu itiləməyə, baş
qaldırmağa dəvət edir. Hər
diyarda, hər rejimdə və yüz illər boyunca şairlərin,
yazıçıların həbs edilməsinin, hətta
öldürülməsinin səbəbi budur. Amma indi gəlinən nöqtədə bu üsullara
gərək qalmır. Çünki ədəbiyyat
ikiyə bölünərək xalqdan qoparıldı, dışarı
atıldı, oyuncağa çevrildi.
Türkiyə bu məsələdə ən
diqqətçəkici ölkələrdəndir. Dövlətin
onlarla illik əsas məqsədlərindən biri xalqın
siyasət və sənətlə maraqlanmamasını təmin
etmək idi. Xüsusilə də ədəbiyyatın xalqdan
uzaqlaşdırılması vacib idi.
Belə bir vəziyyət yaratmaq mümkün deyildi, əlbəttə. Amma əvvəlcə hərbi çevrilişlər, sonra dindar kəsimin söz sahibi olmasıyla siyasət, gündəlik həyatını yaşayan insanları qəti maraqlandırmayan polemikalardan və istehsal, paylaşma kimi mövzulardan uzaq bir sahə halına gətirildi.
Eyni şəkildə ədəbiyyat da həyata dair söhbətin edilmədiyi intellektual oyuna və ya pop mədəniyyətinin parçasına çevrildi.
Bu iki faktın bir-birinə təsiri barədə düşünmək lazımdır. Çünki bunu etmək, həyat və ədəbiyyat arasındakı əlaqəni görmək, siyasətlə sənət bağlantısını qavramaq üçün faydalı olacaq.
Yoxsa siz Pikassonun sadəcə divarları bəzəmək üçünmü şəkil çəkdiyini sanırsınız? Xeyr, özünün də dediyi kimi, rəsm onun üçün faşizmlə mübarizənin bir yolu idi.
Zülfü
LİVANELİ
Tərcümə:
Cavid QƏDİR
525-ci qəzet.-2016.- 16 iyul.- S.18-19.