Afaq Məsud dünyası - (on ikinci yazı)
“...Divar
güzgüsündə özünə baxa- baxa fikirləşdi
ki, axır vaxtlar özü də arvadına oxşamağa
başlayıb.
Burun pərəkləri,
alt dodağının şişkin bir köpüşməylə
aşağı sallanması, üzünün ifadəsi... Döş cibindən çıxardığı
narın daraqla başını daraya- daraya fikirləşdi
ki, əslinə qalanda, bu evdə hər şey arvadına
oxşayır. Evin divarları da, künclərdən
soyuq təmkinlə adama zillənən əşyaları da...
Burda hər şey arvadı kimi acıqlı və qəddar
idi”...
Bir tərəfdə
ana, digər tərəfdə arvadı... Biri yuxuların
hakimidir, o biri də gerçəkliyin...
Gerçəklik
artıq öz hökmünü verib: həm ailədə, həm
də işdə - həm arvadının (və ona
oxşayanların), həm də Səlimovun şəxsində
bütün qaba naturallığı ilə
qarşısındadır.
Görək,
anasının şəxsində yuxular nə vəd edir, yaxud
yuxuların təzahüründə anası nə hökm verəcək?.. Ölüm xəbərini yad adamlardan
aldığı anası!..
“...Taxça həmin vəziyyətdəydi...
sınıq- salxaq rəflərində iç-içə
yığılmış bir neçə saxsı kasa, iki mis
qazan və bir neçə çapma stəkan gözə dəyirdi. Sonra qəfildən
gözü taxçanın üst rəfindəki firuzəyi
rəngli qədim kasaya sataşdı və ürəyinin tələyə
düşən siçan kimi titrədiyini hiss elədi...
...Kasa necə
də anasına oxşayırdı?!.
Gözləri
doldu”...
Ona vəfat
etmiş ananın övladı yox, tamam yad adam
kimi baxırlar. Və bu münasibət tamamilə təbii
idi...
“...Əstəğfurullah!.. Bu nə işdi düşdü?!. Nə istəyirlər ondan?..
Durub o boyda yolu gəlmişdi, daha neyləməliydi?..
Əlini
şalvarının cibinə atıb yaylığını
çıxartmaq istədi ki, alnının tərini silsin, o dəqiqə
də fikirləşdi ki, burun yaylığını görən
kimi, arvadların yadına yenə onun ağlamağı
düşəcək, odu ki, əlini cibindən
çıxartdı, alnının tərini əlinin
arxasıyla quruladı, qıçını əsdirə- əsdirə
fikirləşdi ki, ölsələr də ağlamayacaq. Lap belə
ayağının altına sərilib ulaşsalar da.
Ölün
elə!.. Baxın üzümə!
Baxın, görək, nə qədər baxacaqsız!.. Ay kütbeyin insan!..
Gör bir sən nədən həzz alırsan, nəylə
rahatlıq tapırsan?!. Göz
yaşı, qan- qəltan!.. Tfu!!.”
Cəmiyyətdə özünə yer axtara- axtara cəmiyyətdən
kənar düşmüş, daha doğrusu, cəmiyyətdə
yer tapdığını güman edə- edə
gümanında yanılmış, zatından- kökündən
qopmuş, həyatda həyətin bir ağacı qədər
istinadı olmayan insanın heç bir dəyərə
dayanmayan bu degenerat (və əxlaqsız!) üsyanına kim
hay verə bilər?..
Anasının
“münasibəti”ndə də doğmalıq yoxdur...
“...Fikirləşdi
ki, niyə anasının ölüsündən belə qorxur?!. Yeyəcəkdi onu, nədi?!.
Döşəməni cırıldada-cırıldada pəncərənin
qabağına yeridi, bir müddət də orda dayanıb
adamsız, qaranlıq həyətə baxa- baxa fikirləşdi.
Fikirləşdi ki, bu döşəmə niyə belə
cırıldayır? Taxtaları
çürüyüb, nədi?.. Sonra fikirləşdi
ki, anasını basdırandan sonra bu daxmanı neyləsin,
satsın?..
Əlbəttə ki, satmalıdı. Satmayıb- neyləyəcəkdi
ki?.. Nə versələr,
min bərəkət.
Sonra
arvadının, hələ ötən ildən beynini
çürüdə-çürüdə ona aldırmaq istədiyi
şubanı xatırladı və fikirləşdi ki, bu
daxmanı satsa, şubanı da alar, hələ üstəlik
beş- on manat dala da atar”...
Bu da
doğma ocağa münasibətdə “oğul”un
biqeyrətliyə qədər gətirib çıxaran
loyallığıdır ki, anasını dəfn etməmiş,
doğulub böyüdüyü evi satıb arvadına
şuba almaq barədə fikirləşir... Həm də o
arvadınaki, gərək bu daxmanın söhbəti olanda onun
barəsində düşünmək, onu yada salmaq heç
yuxuda da ağlına gəlməsin...
Və
“yuxunun küləyi”!..
“...Tozanaqdan
çəpərin o biri üzü görünmürdü. Kənd
tozanağın içində itib- batmışdı...
Dünənki gecənin yuxusu yadına düşdü. Ucsuz- bucaqsız
çöllər... küləyin uğultusu...
Həmin
o külək idi... yuxusunda ulayan külək... onunla bir gəlmişdi
bura... gəlmişdi nəyisə anlatsın, ya yadına
salsın?!,
Yaxalığını
dartışdırıb boyun- boğazını bağlaya-
bağlaya fikirləşdi ki, bəlkə, hələ də
yuxudadı, bütün bu gördükləri dünən gecəki
yuxusunun davamıdı?..
Həyətlərindəki
köhnə quyudan su içmək istəyir... Və
“içir”...
“...Belinəcən
quyunun içinə sallanıb gözlərini gərə- gərə
vedrəni axtardı... bir az da dartınıb zənciri bir qədər
aşağı hissədən tərpətdi... və bu məqam
külək əsdi, ya quyu titrədi, anlaya bilmədi...
axır nə oldusa, arxadan itələdilər onu... quyunun kənarından
qoparıb içinə buraxdılar... və o, yoğun,
ağır nizə uçuşuyla quyunun
qaranlığına uçdu... əvvəl başı, sonra
bədəniylə bumbuz suyun içinə girib bir az da elə
bil suyun içiylə daha dərin qaranlıqlara uçdu...
sonra harasa dəyib dayandı...
qayıdıb yuxarı qalxmaq istədisə də, yerindən
tərpənə bilmədi...
Quyunun
suyu şipşirin idi... Uşaqlıqda çox
içmişdi bu sudan... İndi yenə
içi sərinləyə- sərinləyə içirdi... mədəsi dolanacan,
ürəyi partlayanacan içəcəkdi... Elə
susamışdı bu sudan ötrü...
Suyu
içib doyandan sonra havası çatmadı, boğulmağa
başladı... Ha əl- qol atıb zəncirdən
yapışmaq istədisə də, sudan ağırlaşan
qollarını tərpədə bilmədi... çabalaya-
çabalaya, gözlərinə qan dola- dola gördüyü
son mənzərə - lap yuxarıda, quyunun başında dayanan
anası oldu... Anası - həmin o uzaq illərin
anasıydı... Üzündən öpüb onu şəhərə
yollayan həmin xınayı saçlı,
qırmızıyanaq cavan qadın... Əl eləyib onu
yuxarı- yanına çağırırdı”...
Afaq Məsudun
nəinki kiçik həcmli hekayələri, hətta
böyük həcmli romanları üçün də ənənəvi
süjetlilik, hadisələrin bir- birini əvəz etməsi səciyyəvi
olmadığından onun istənilən əsərini təhlil
edərkən çoxlu sitatlar gətirməyə ehtiyac
duyulur. Və bu, o həddə çatır ki,
təhlilçi yox, məhz yazıçının
özü, dolayısı ilə, özünü “izah” etməli
olur. Əgər mətndə “gizli” məqamlar varsa belə
(şübhəsiz var, özü də təsəvvür olunandan daha çox və
xeyli şaxəli, dəfələrlə
qeyd edildiyi kimi, şüa effektlidir), həmin “gizlin”lər əqli
idrakın interpretasiyasına çətin gəldiyindən,
ya heç gəlmədiyindən onları şərh eləmək
deyil, dönə- dönə
göstərmək - sitat vermək istəyirsən...
“Üzü
işığa” romanı ölüm yatağında olan bir
qadının yaşantıları - düşüncələri,
həyəcanları, tərəddüdləri üzərində
qurulmuşdur...
“...Xüsusən
qasırğalı, küləkli gecələr ürəyinin
hansısa ən xırda, gizli toxumasıyla hiss eləyirdi ki,
bətnini qəmbər daşlar kimi doldurub bərkidən bu dəyirmiliklər
yaxasından əl çəkməyəcək. Hələ əksinə. Getdikcə artıb
çoxalacaq, mədəsi ilə üzüyuxarı
yayılıb xirtdəyinə dirənəcək, boğduqca
boğacaq onu.
Amma
ürəyinin o toxuması hədsiz xırdaydı deyə,
onu tez- tez itirirdi”...
Və
onda ən yaxın adamına - oğluna qarşı
şübhələr baş qaldırır...
“...Oğlu
yuxuda dişlərini qıcadı və o, yenə həmin o
axşamı - gözləri yaşla dola- dola, oğluna
yalvarıb, ölmək istədiyini dediyi həmin küləkli,
çovğunlu axşamı xatırladı... Və
bundan, bədənindən xoşagəlməz bir gizilti
keçib getdi.
Olsun ki,
oğlu onun bu xahişi barədə soyuq, qaranlıq gecələrlə
- o yuxuda olarkən, bənizinin rəngi yastığın
sarımtıl ayğından seçilmədiyi məqamlar dərindən-
dərin düşünmüşdü, bu barədə arvadıyla da məsləhətləşmişdi,
bacı- qardaşına da gənişmişdi.
Bəlkə də artıq bununla bağlı ümumilikdə
qərar da qəbul edilmişdi?.. Onunsa xəbəri
yox idi.
İçi
titrədi”...
Afaq Məsud
psixoloq olduğu qədər də fizioloqdur... Bədən
reaksiyaları tədricən məhdudlaşan ana
üçün, görünür, hissiyyatlarını sona qədər
qorumağa qadir olduğu “ərazi” - ana bətnidir. Və əslində,
ana bətninin bilavasitə özü yox, onun davamı,
fizioloji təzahürü olan övladdır.
Ölüm təhlükəsi qarşısında ana, bətninin
“yaddaş”ında qalmış bütün özünəməxsusluqları
mehvərinə toplamağa çalışırsa, bundan təbii
nə ola bilər?.. Birdən təbiətin təbiətə
xəyanəti baş versə necə?..
Ruhla bədənin
ölümlə yekunlaşacaq “dialoq”u başlayır...
“...Qorxudan, ya ölüm səfərbərliyindən, elə
bil axır vaxtlar ağrıları da azalmışdı. Ağrıyan toxumalar
artıq ölmüşdü, nədi?..
Elə bil indi özü də dəqiq başa
düşə bilmir, sağdı, ya yox, yaşamaq istəyir,
ya yox.
Dəqiq bilinən bir bu idi ki, bədəni yaşamaq istəmir. Hissə- hissə,
məsamə- məsamə, toxma-toxma sızıldayıb,
göynəyib, sönür. O isə bu bir
yığın xəstə əzalardan qurtulmaq istəyir”...
Bir tərəfdən
də ailə qurmaqda bəxti gətirməmiş oğlunun gələcək
taleyi...
“...Ağzını
açıb, əsnəyini havayla doldurdu ki, əsnəsin. Əsnəyə bilmədi.
Fikirləşdi ki, uşağı bədbəxtdi. Əgər
ona bir şey olsa, oğlu əl- ayaq altda qalacaq. Salamat vaxtlarında yenə heç olmasa, arada bir gəlib
bişirdiyi düşbərədən, qutabdan yeyirdi, gözlərinə
işıq gəlirdi, yanaqlarına çəhrayılıq.
Bəs indi nolacaq?..
O öləndən
sonra arvadı oğlunun özünü qutaba döndərəcək.
Əvvəl ətini, sonra dərisini dişinə çəkib
yeyəcək”...
Məsələ yalnız onda deyil ki, oğlunun həyatı
düz gətirməyib, elə öz taleyi də bir şey
deyildi. Və
onun özü də bütün ömrünü absurd “ailə
xoşbəxtliyi”nə qurban vermişdi...
“Niyə?.. Kimin və nəyin naminə?
“Cəmiyyət” deyilən mənasız insan
yığnağının rəyi xatirinəmi?..
İndi hardadı o cəmiyyət?.. Onun bu
halında - hər şeyin yanıb külə
döndüyü, dağılıb söküldüyü
bir məqamda niyə onu axtarmır?.. Güzəranıyla, alına
yazılmış tale sonluğu ilə maraqlanmır?.. Hanı o qızğın
yarışma estafetləri?.. Son dəbli avadanlıq, gözəl
ev- eşik, sağlam uşaqlar, mehriban ər- arvad göstəriciləri?.. Ömrünü, gəncliyini, gözəlliyini
gör bir nələrə sərf eləmişdi?!.”
Reallıqla
xəyal arasında sərhədlər aradan qalxır...
“...Otaq
hüzrə gələnlərlə dolduqca, səsi azalır,
itirdi...
Səsi
azaldıqca, mətbəxdən, dəmir məcməyiləri
düyü arıtlaya- arıtlaya dırnaqlarıyla cızan
qadınların səsləri eşidilirdi... Qadınlar ondan
danışırdılar... Bu cavan yaşında heyif olan
gözəlliyindən, bütün qadınlara nümunə
ola biləcək səliqə- səhmanından, heç kimlə
müqayisə olunmayacaq fil hövsələsindən...
Vahimədən qulaqları uğuldadı. Başını
balışın altına saldı ki, heç nə eşitməsin”...
Yazıçının
ustalığı, insan ruhunun içərilərinə
israrla enmək məharətinin nəticələri göz
qabağındadır... Qadın (insan) can üstündə (və
üzü işığa!) hər şey barədə
düşünür: oğlunun taleyindən öz taleyinə
keçir, oradan da ölümün necə baş verəcəyinə,
onun üstünə kimlərin
gəlib nə danışacaqlarına...
Ancaq
bütün bu yaşantılar ölüm adlanan (və
haqqında nə qədər uydurma təsəvvürlər
olsa da mexanizmi dərk edilməyən) real irreallığın məkanına qətiyyən
daxil ola bilmədiyindən yenə də bədənin fizioloji
reaksiya (və informasiya)larını “dinləmək”lə bir
nəticəyə varmağa çalışır...
“...Olsun
ki, ən çətini, içi bir yığın ət,
qan və su dolu ağır bədənindən
ayrılmaqdı...
Sinəsinə
tıxanan nəfəsini nizamlayıb, ölümə aparan yolun uzunluğunu
təsəvvürünə gətirməyə
çalışdısa da, təsəvvürü
divarı, tavanı olmayan
zülmət qaranlıqdan savayı ayrı bir şey göstərmədi.
Bu barədə oxuduğu ədəbiyyatları, kliniki ölüm
keçirmiş insanların, son ucunda müəmmalı
işıq görünən
darısqal tunelin qaranlığıyla
uçmağını təsvir edən vahiməli mətnləri xatırladı... Gözlərini yumub, son ucu işıq saçacaq
tuneli axtardı.
Göz
qapaqlarının dərinliyində tumur
cuq boyda
işığa bənzər nə isə yanıb-
sönürdü...
Ürəyi
titrədi”...
...İrəli hələ ki, boşluqdur, arxada isə
xatirələr, xatirələr... Və yenə də xatirələr...
Onları da gerçək yaddaşın o qədər dərin
qatlarından tapıb çıxarasan ki...
“...Hər
şey məhv olmuşdu. Uşaqlığı da, gəncliyi
də, gəlinliyi
də... Hanı dünənki Zərifə?
Ya bir il bundan əvvəlki sağlam, gümrah Zərifə?.. Hər şeyi bəyənməyən,
küçəyə çıxanda, hamının
ağzı açıq qalan gözəl Zərifə?.. İyirmi il bundan əvvəlki Zərifə
hanı?.. Qırx il, əlli il bundan əvvəlki
nazik bədən, alyanaq Zərifə hardadı?..
Məktəbli Zərifə, körpə Zərifə?..
Bir də baxdı ki, budu, zərifələrin
hamısı burdadı. Yaşlısı, cavanı, məktəblisi, tələbəsi,
körpəsi...
Ayağa qalxmaq,
bu zərifələrin hamısını bir- bir
bağrına basıb hönkür- hönkür ağlamaq
istədi... Elə bil ayağa qalxdı da.
Canını dişinə tutub, çarpayının kənarlarından
yapışıb, bir təhər ayağa qalxdı... zərifələrdən
ən cavanının bağrına basıb, səssiz- səssiz
ağladı”...
Və
ölüm...
“Kim idisə,
üstünə əyildi, astadan qulağına:
-
Ağla, bala, ağla. - deyə
pıçıldadı.
- Niyə ağlayım?.. - dedi.
- Çünki ölürsən. - səs lap
yaxından dedi, sonra həmin məlahətlə
o birilərə:
- Siz də ağlayın. - dedi və hər
şey qəribə bir çəkisizliyə qərq oldu...
...Yataqda sarımtıl,
ölü quş tək, hərəkətsiz qalan
qadının kim olduğunu isə, yalnız dəhliz və
yataq otağı adamlarla dolanda, kimsə əlini uzadıb,
üzündə məmnun təbəssüm donmuş
qadının gözlərini bağlayanda anladı”...
Nizami Cəfərov
525-ci qəzet.-2016.- 16 iyul.- S.15.