Kökdən gələn
inam
Buludxan Xəlilovu
şəxsən tanımamışdan
öncə müxtəlif
çıxışlarını dinləmiş, məqalələrini
oxumuşdum. Sonra bizim müxtəlif
tədbirlərdə tez-tez
görüşmək, bir-birimizi
dinləmək imkanlarımız
oldu.
Kənardan müşahidələrimin yaratdığı ilk qənaətim
yaxından tanış
olduqca daha da möhkəmləndi. Onun cəmiyyətimizin, təhsilimizin,
ədəbiyyatımızın, dilçiliyimizin, elmimizin müxtəlif məqamları
barədə mülahizələri
maraqlıydı. Alimin fikirlərindəki
qətilik, arqumentlərindəki
əminlik müsbət
aura yaradırdı. Çox sevinirəm
ki, tanışlığımızdan
sonra bu fikirlər daha da möhkəmləndi.
Sonradan öyrəndim
ki, Buludxan müəllim orta məktəbi Qərbi Azərbaycanda, Türkiyə
sərhədindəki Amasiya
rayonunda, doğma kəndi Güllücədə
oxuyub. Kənd məktəbindəki təhsilin səviyyəsi,
orta məktəbdə
ona dərs deyən Məcnun müəllimin pedaqoq kimi fədakar fəaliyyəti, valideynlərinin
onda özünə inam yaratması barədə dediklərini
unutmamışam. Kökdən, gendən, uşaqlıq illərindən yaranan özünə inam, zəhmətə alışqanlıq
institut illərində
də öz bəhrəsini vermiş, bu özunəgüvən
gənc yaşında
elmlər doktoru adını qazanmasında
rol oynamışdır.
Buludxan müəllimin ona dərs deyən, həyatında rol oynamış universitet müəllimlərini də
minnətdarlıqla yad
etməsi bir insan kimi xarakterinin
göstəricisidi. İnsan xarakterindəki
vəfa, etibar həmişə məni təsirləndirib.
Onun rəhbərlik
etdiyim “525-ci qəzet”ə
müsahibəsindəki bəzi
məqamları xatırlayıram. Bu məqamlar
Buludxan müəllimin
bir insan kimi xarakter və
keyfiyyətlərini aydın
göstərir:
“Düşünürəm ki, bütün nailiyyətlərimin arxasında
iradə, qətiyyət,
prinsipiallıq, dözümlülük
və zəhmətsevərlik
durur. İnsan özünə inamlı
olanda, yorulmadan çalışanda, hər
cür çətinliyə
səbrlə yanaşanda
istəyinə çatır,
mütləq çatır.
Açığını söyləyim ki,
“əziyyət çəkirəm,
amma nəticəsi olmur” deyən kəslərə inana bilmirəm. Görünür, hansısa qətiyyət,
ya zəhmətsevərlik
çatışmır ki,
insan arzuladığı
pilləyə qalxa bilmir”. Bu fikirlər
mənə çox doğma və ürəyimdən idi.
Mən də müsahibələrimdə
dəfələrlə bu
fikirləri söyləmişəm,
gənclərə təlqin
etmişəm. “Dəlicəsinə” adlı
essemin də mahiyyətini bu fikirlər təşkil edir. Buludxan müəllimin bu
cür mənimlə eyni üst-üstə düşən baxışları
da onu mənə
doğmalaşdırıb. Oxşar, eyni baxışlarımız
bir-birimizə qarşılıqlı
hörmətin və rəğbətin yaranmasına
səbəb olub.
2015-ci ildə işıq
üzü görən
“ Bir də
gəlməyəcək” şeirlər
kitabım barədə
Buludxan müəllimin
yazısını sonsuz
minnətdarlıqla xatırlayıram.
Peşəkar tənqidçi səviyyəsinə
layiq yazıda həm də mənim xarakterim, yaşadığım həyatın
şeirlərimdə inikası
barədə dəqiq
qənaətlər mənə
sevincli bir gülümsəmə bagışlamışdı.
Mən professorun dəqiq
müşahidələrinə heyran olmuşdum.
Professorla oxşar baxışlarımızın olmasına sübut olan coxlu misallar gətirə bilərəm. Gənc yazıçılarla, jurnalistlərlə tez-tez təmasda oluram. Gəncliklə ünsiyyətin həm Yazıçılar Birliyində, həm qəzetdə işlərimə necə dəstək olması, yeni ideyalar yaratması barədə cox danışmışam. Buludxan müəllimin bu fikirlərini oxuyanda da baxışlarımızın eyniliyinə sevinmişəm: “Mən auditoriyaya girəndə təkcə tələbəyə öyrətməyə yox, həm də ondan öyrənməyə gedirəm. Çünki bəzən ən hazırlıqsız tələbə belə, dərsdə elə fikir səsləndirir ki, sən günlərlə kitab oxusan da, o fikrə gələ bilməzsən”.
Dəyişən cəmiyyətin gətirdiyi xaotik durumdan hamımız
gileylənirik. Ona görə də Buludxan müəllimin bu
fikirlərilə də şərik olmamaq
mümkün deyil: “Bir də görürsən, ortadan
da aşağı səviyyəsi olan bir adamı beş-on nəfər elə göylərə
qaldırır, elə sanbala mindirirlər
ki, çaşıb qalırsan, təəssüf
ki, cəmiyyətdə tarazlıq, meyar, ölçü pozulub”.
Yaxud cəmiyyətimiz üçün
bu gün az qala defisitə dönən
ədalət anlayışına münasibətinə diqqət
edək: “Ədalətli olmalısan. Ədalət sadəcə
söz deyil. Ədalətlilik
odur ki, qərar
çıxaranda özünü qarşı tərəfin
yerinə qoyasan. Vicdan
isə ədalətlə məsuliyyətin tərəzisidir.
Hər işə vicdanla yanaşanda
nəticə gözəl olur. Belə olanda birgə işlədiyin adamlar
da, kollektiv də sənin
aurana düşürlər!”
Bir müddət öncə
Buludxan müəllim mənə iki sanballı kitabını
bağışlamışdı. “Dil, ədəbiyyat,
mədəniyyət” və “Azərbaycan dili
antologiyası” kitablarındakı fərqli baxışlar, yeni ideyalar diqqətimi cəlb
etmişdi. Bu kitablarda alimin ədəbiyyatımızın,
mədəniyyətimizin görkəmli nümayəndələri
barədə sanballı fikirləri yer
almışdı.
Bu il Buludxan Xəlilovun 50 yaşı tamam olur. Əslində o gördüyü işlərin miqyasına, müdrikliyinə görə daha yaşlıdı. Amma gənclərə münasibətinə, gənclik şövqünə görə ona 50-nin yarısını ancaq vermək olar. Mən hörmətli alimimizə, əziz dostumuza çılğın gənclik duyğularıyla ağsaqqal müdrikliyindən heç vaxt xali olmamağı arzu edirəm. Təbrik edirəm!
525-ci qəzet.-2016.- 16 iyul.- S.14.