Qərib Mehdi tənhalığı
1979-
cu ildə, orta məktəbi bitirən kimi Gəncəyə gəldim.
Şəhəri
tanımırdım. İlk dəfə idi ki, kənddən kənara
çıxırdım. Bu boyda şəhərdə
bir nəfər də tanışım yox idi. Bircə
ağaclar, küləklər, yağışlar tanış idi. Onları kənddə
görmüşdüm, elə bil mənimlə şəhərə
gəlmişdilər.
Gəncə Dövlət Universitetinə (Köhnə
KDPİ) qəbul olundum, Dil-ədəbiyyat fakültəsinə. Bakıda
oxumaq istəyirdim. Məni instituta qəbul etdirən adam demişdi ki, səni Bakıdakı
unversitetlərin birinə köçürtdürəcəyəm.
İki aydan sonra Qərib Mehdi ilə tanış
oldum. Qərib Mehdiyə “aldanıb” qaldım Gəncədə.
Yaxşı ki, qaldım.
Gəncədə
ilk tanış olduğum insan Qərib
Mehdi idi. Qərib müəllim o qədər yeni idi ki, hələ
Mehdiyev soy adından “ -yev” şəkilçisini
ixtisar etməmişdi. İlk tanış
olduğum yazıçı da, müəllim də, dost da Qərib
Mehdi oldu. İndiyə kimi canlı
yazıçı görməmişdim, kitab hədiyyə
almamışdım, mənə avtoqraf
yazmamışdılar. Hamısını
Qərib Mehdi ilə tanıdım.
1979-cu ildə gördüyüm, tanıdığım
Qərib Mehdi indiyə kimi dəyişməyib. Elə həmin
hisslər, həyəcanlar, yaxşı şeirə heyrətlənmək
(bu hiss həmişə cavan və diri şair qalmaq
üçün əsas şərtdir), sevinmək
duyğuları onu heç vaxt tərk etməyib. Amma çox adamlar dəyişdi, qocaldı,
özünü inkar elədi, amma Qərib müəllim
heç vaxt özündən ayrılmadı.
İndi mən Bakıda yaşayıram, işləyirəm,
xarici ölkələrdə olmuşam, kitablarım çap
olunub, çox ədəbi simalar tanıyıram. Amma mən Qərib Mehdi kimi
təpədən-dırnağa yazıçı olan, həyatı
bilən, sözlə yaşayan az qələm
adamı tanıyıram. Mən şeir
yazmağı ondan öyrənmişəm. Obraz yaratmağın sirlərini mənə o,
öyrədib. Həmişə rəqib
qapısına topu necə vurmaq lazımdır? - Fikrini və çəmini o mənə
başa salıb.
Təkcə mən yox, o dövrün bütün qələm
sahibləri ondan ustad dərsi alıblar. Həyatım
boyu mənə yaxşılıq eləyən ancaq Qərib
Mehdi olub. Pulumuz olmayanda cibimizə pul qoyub,
yerimiz olmayanda evində gecələmişik. Ac olanda bizi qonaq eləyib. Mənim
şeirlərimi makinada özü yazıb. O vərəqləri
mən indi də saxlayıram.
Qərib Mehdi Gəncəni bizə o
qədər doğmalaşdırdı ki, axırda şəhəri öz kəndimiz
bildik. Qərib Mehdi Gəncə ədəbi
mühitini 80-ci illərdən canlandırdı. Bu
gündə ədəbiyyat adına Gəncədə
nə varsa, hamısı Qərib müəllimin adı ilə
bağlıdır. O vaxt hamımız onun başına
toplanırdıq. O, bir ədəbiyyat şamı
idi. Onun şamının işığına
gəlməyən yox idi.
O vaxt Qərib
müəllim Alimlər evinin nəzdində “İlham” Ədəbi
Birliyini yaratdı. Böyük bir ədəbiyyat
ocağı alovlandı. Bizə söz verdi,
şeirlərimizi oxuduq. Təhlillər
apardıq. Biz gənclər “İlham”
Ədəbi Birliyində şeir haqqında fikir bildirməyi,
mühakimə yürütməyi öyrəndik. Şair üçün bu, əsas məsələ
idi. Adlı - sanlı şairlər məşğələlərdə
şeir oxumaqdan çəkinirdilər. Hər həftə “Gəncənin
səsi”(o vaxt “Kirovabad kommunisti”) qəzetində
bir səhifə şeirlərimiz çap olunurdu. Hər dəfə Qərib müəllim birimizi
oxuculara təqdim edirdi, tanışlıq kimi şeirlərimizə
ön söz yazırdı. Bizi müdafiə
edirdi, qoruyurdu. Hətta bizim şeirlərimizdəki
yeniliyi dəyərləndirdiyinə, müdafiə etdiyinə
görə, ən yaxın dostları və qohumları ilə
üz-göz olurdu.
Qərib Mehdi həyatın dibindən gələn yazıçıdır. Yaşadığı
dövrün “sancıları”ni ifadə edən,
olduğu kimi göstərən, daim təzələnən
yazıçıdır, daha doğrusu
yazıçımızdır.
Qərib Mehdi nəsri bəzən emosional, bəzən
düşüncəli, bəzən isə tamamilə poetik
görünən nəsrdir. Vaxtı ilə onun gənclik
çağlarında yazdığı “Rast”, “Qərib hey” əsərlərinin
əks - sədası indi də kəsilməyib.
Professor,
unudulmaz müəllimim Sadıq Şükürovun xatirələrində
oxuyuram: “Mən 1960-cı illərin əvvəllərində
gənclik ehtirası ilə çalışır, tədbirlərdə
iştirak edir, ədəbi-nəzəri toplantılarda məruzələr
oxuyurdum. Bir dəfə M.Qorki adına
kitabxanada “Müasir Azərbaycan hekayələri” mövzusunda
məruzə ilə çıxış etmişdim. Bunu bilən
Mir Cəlal müəllim maraqla soruşdu:
- Əyə, Şükür (bu ifadə ilk dəfə
S. Vurğunun dilindən çıxmışdır), o məruzədə
Qərib Mehdinin “Qərib hey...” hekayəsindən
danışmısanmı?
Mən
suçlu adam kimi astadan cavab verdim:
-Xeyr,
professor. Hələ ki, Qərib Mehdinin
yaradıcılığı ilə tanış
ola bilməmişəm.
Elmi rəhbərim
incik bir qınaqla səsləndi:
-Bəs onda nədən danışmısan?”
Sadıq
Şükürov yenə xatirələrində yazır:
“Qərib Mehdi ilə bağlı ikinci bir söhbətin
də şahidi olmuşam. Direktor Əzizə
Əhmədova ilə görüşmək üçün
“Gənclik” nəşriyyatına getmişdim. Bir azdan Mir Cəlal müəllim də içəri
daxil oldu. Sən demə, Əzizə
xanım ondan vaxtı olanda yolunu nəşriyyatdan
salmağı xahiş edibmiş.
Əzizə
xanım:
- Mir Cəlal
müəllim, siz bu il 10 cap vərəqi həcmində
bizim nəşriyyyatın planındasınız.
Əlyazmalarınız isə 8 cap vərəqi həcmindədir.
2 cap vərəqi də gətirsəniz, həcm tamamlanacaq.
Mir Cəlal:
- Əzizə
xanım, xahiş edirəm məni öz payına qane
olmayıb, onun- bunun
payına göz dikənlərlə
qarışdırmayasınız. 8 çap vərəqi
bəsimdir. Qalan 2 çap vərəqini gələcəyinə
ümid bəslədiyim istedadlı gənclərə verirəm.
Elə biri Qərib Mehdi. Onun
yaradıcılığı ilə tanışsınız?
Gəncəli cavanın “Qərib hey...” hekayəsi
kövrək hisslərin poetikasıdır. Narahatlığa dəyməz, bizi əvəzləyəcək
istedadlı gənclərimiz var”.
Göründüyü kimi, Mir Cəlal müəllim
istedadlı gənclərə köməyini əsirgəmirdi. Ona görə
də Qərib Mehdi Mir Cəlal müəllimdən gələn
işıq silsiləsinin yeni istedadlı gənclərə
ötürürdü. Bu gün də o
işıq seli axmaqda davam edir.
Yuxarıda dediyim kimi, mənim şeirlə, daha
doğrusu, özümlə ilk tanışlığım
onunla başlayıb. Orijinal şair səciyyəsi,
doluxsunmuş gözlər (Bəlkə də dolmuş)
üzündə həyat məmnunluğu (bəlkə də,
ilıq bir təbəssüm) yaşayan bu gözəl insan mənim
əlimdən tutaraq həyatın, ədəbiyyatın yolu ilə
irəliləməyə kömək edib. Təkcə
mənimmi? Sərvaza da, rəhmətlik
Nizami Aydına da, Valehə də, Xosrova da, Xəzəngül
xanıma da qayğı göstərib. Bir sözlə,
Gəncə kimi böyük bir şəhərin son 40 illik
bir dövründə yeni ədəbi nəslin yetişməsində
onun müstəsna rolu, yaratdığı “İlham “ Ədəbi
Birliyinin böyük təsiri olub.
Mən Qərib Mehdini həmişə tənha
görmüşəm. Ona görə tənhadır ki,
böyükdür. Bəzən ona
qarşı olan kiçiklər birləşirlər ki, nəyəsə
oxşasınlar. Amma Qərib Mehdi
böyüklüyünün qarşısında bütün
çoxluq mənasız və acizdir.
Bakı ədəbi
mühitində də Qərib Mehdini yaxşı tanıyırlar. Hamı bilir ki, mən görkəmli
yazıçı Qərib Mehdinin tələbəsiyəm.
Bununla fəxr edirəm. Hər dəfə
gözəl tənqidçimiz Vaqif Yusifli məni görəndə
“Qərib hey “ deyir. Məncə,
bu, qəribsevərlərin hesabatı kimi səslənir.
Yəni özündəsənmi, yerindəsənmi?
Bakıdakı bütün qələm
dostlarım Qərib Mehdini çox sevirlər.
Bu gün “Gəncə” deyəndə mənim
üçün ilk yada düşən Qərib Mehdi olur. Düzdü,
qələminə hörmət bəslədiyim başqa qələm
sahiblərinin adlarını da çəkə bilərəm.
Ancaq mənə görə Qərib Mehdinin
öz yeri var. Qərib Mehdi mənim üçün yaralı
bir könüldü, yaxud yaralı bir şikəstədir.
Məni ilk dəfə
o təqdim edib dövri mətbuata. Mənə
görə münaqişələrə düşüb.
Təkcə mənəmi görə? 1980-ci illərdə ədəbi gəncliyi müdafiə
etdiyinə görə onu gözümçıxdıya
salırdılar, bunların hamısı yaxşı
yadımdadır.
Qərib Mehdinin nəsri
yuxarıda dediyim kimi, daim təzələnən, “nəfəs
alan” “genişlənən” öyrədən bir nəsrdr. O, hər
bir əsərinin sonunda oxucunun danışmağı
üçün yer qoyur. Ədəbiyyata gələn
gənc yazıçılar, şairlər üçün
onun bütün əsərlərinin sonunda yeni bir abzas var. Hər
yazıçıda belə bu abzas olmur. Ədəbiyyata
yeni gələnlər ilk əsərlərini bu abzasdan
başlayırlar. Çünki Qərib
Mehdi öyrədən yazıçıdır.
Bu gün Azərbaycan ədəbiyyatının ən
görkəmli nümayəndələrindən biri Gəncədə
yaşayır və gözəl əsərləri ilə
oxucuları sevindirir. Onun əsərlərində Azərbaycan
dilinin saflığı nəfəs alır və bu dillə
Azərbaycan dövlətçiliyinə, vətəninə,
müstəqilliyinə böyük məhəbbət ifadə
olunur.
Abırlı-həyalı, gözü-könlü tox
olan bu gözəl insanın - yazıçının
böyük qayğı və diqqətə ehtiyacı var. Bu
qayğının bir tərəfini, yəni onun əsərlərinin
tədqiqi, təbliği tərəfini tənqidçilərimiz
görməlidir, bu onların işləridir. Digər tərəfini
bizlər, qəribsevərlər görməliyik. Onun
xalq yazıçısı adına layiq
görülməsi və ömürlük prezident təqaüdünə
təqdim olunması məsələsini ədəbi ictimaiyyətin
yadına salmalıyıq.
Bu il Qərib Mehdinin 80 yaşı tamam olur. Onun
yazılarındakı səmimiyyət, enerji, ruh, ilham,
üzündəki sevinc və məmnunluq elə 40 il bundan qabaq gördüyüm kimidir. O yeni bir
çoşqu ilə yazıb yaradır.
Mən Azərbaycanın ədəbi xəritəsini qələm
adamları işarə edirəm. Şəhərlər ən
çox qoynunda yaşayan qələm adamları ilə
tanınır indi.
Adi bir fakt. Bakı şəhərində taksiya
oturub deyəndə ki, məni Zəlimxan Yaqubgilə apar, sürücü
ünvan soruşmaz, eləcə aparardı Zəlimxan Yaqubgilə.
Taksiyə desən ki, Musa Yaqubgilə gedirəm.
Aparır İsmayıllının Buynuz kəndinə.
Belə də deyə bilirəm: Mən Qərib Mehdigilə
gedirəm, taksi o dəqiqə aparacaq Gəncə şəhəri
Abdulla Şaiq küçəsi 14-ə. Bax, bu elə-belə
hadisə deyil. Şairlər artıq şəhərlərin
ünvanı olur. Sadəcə bu çevrilməni
unutmayaq.
Qəşəm NƏCƏFZADƏ
525-ci qəzet.-2016.- 16 iyul.- S.16.