Türkdilli gənc yazarlar
Bakıdan xoş duyğularla
ayrıldılar
Türkdilli gənc yazarlar Bakıdan xoş duyğularla ayrıldılar
- <b style="color:red">Fotoreportaj</b>
Dünya
Gənc Türk Yazarlar Birliyinin (DGTYB) türk dünyasından qonaqlarla birgə silsilə tədbirləri
iyulun 10-da start götürdü.
Dörd
günlük silsilə
tədbirlər Qeyri-hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının
maliyyə dəstəyi
ilə “Türk dünyası gənc yazarlarının əsərlərindən
ibarət almanaxın nəşri və Bakı toplantısının
keçirilməsi” adlı
layihə çərçivəsində
təşkil olunmuşdu.
Tədbirlərdə Türkiyə,
Qazaxıstan, Qırğızıstan,
Özbəkistan, Başqırdıstan
və Təbrizdən
qonaqlar, həmçinin
Şəki, Gəncə,
Şəmkir və Naxçıvan Muxtar Respublikasından olan gənc yazarlarımız iştirak edirdilər. İştirakçılar Azərbaycanda Atatürk Mərkəzinin
müdiri Nizami Cəfərov, Azərbaycan
Yazıçılar Birliyinin
(AYB) sədri, Xalq yazıçısı Anar,
AMEA-nın vitse-prezidenti
İsa Həbibbəyli,
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, deputat Cavanşir Feyziyev, millət vəkili Qənirə Paşayeva və “Kaspi” qəzetinin redaksiya heyəti ilə görüşdülər.
İyulun 12-də Yunus Əmrə İnstitutu Bakı Mədəniyyət Mərkəzində
keçirilən tədbirdə
türkdilli gənc yazarlar öz ölkələrinin ədəbiyyatları
ilə bağlı seminarlar verdilər. Əlbəttə, qohum dillər olsa da, bəzən
anlamaqda çətinlik
də çəkdik.
Ən yaddaqalan təqdimatlardan biri Yıldırım Bəyazid Universitetindən
tədqiqatçı yazar,
şair Zeynəb Təkin çıxışı
oldu. O, nəfis,
çevik bir dillə çağdaş
Türk ədəbiyyatının
panoramasını təqdim
etdi. Tənzimat, Sərvəti-fünun, İkinci Məşrutiyyət
dövrü ədəbiyyatından
söz açdı.
Sözsüz, Türkiyə
türkcəsinə daha
yaxşı bələd
olmağımız təqdimatdan
yetərincə bilgi və zövq almağımıza imkan verdi. Ancaq digər
türkdilli yazarlar arasında Azərbaycan türkcəsini bilənlər,
özünü bizim dildə rahatlıqla ifadə edənlər də var idi.
Gənc tərcüməçi-şairlərdən özbəkistanlı Şoxista
Ortikova, qırğızıstanlı
Kaliça Jakupova, başqırdıstanlı Aygiz
Baymuxametov öz ölkələrinin ədəbiyyatı
barədə geniş
məlumat verdilər.
Mərkəzin mədəniyyət işləri
üzrə koordinatoru
Nuranə Tağıyeva
Yunus Əmrə İnstitutu barədə iştirakçıları bilgiləndirdi. Tədbirə qatılan yazıçı
Varis qonaqlara imzalı kitablarını
təqdim etdi.
Növbəti görüş AMEA-nın
Mərkəzi Elmi Kitabxanasında oldu. “Şeir
şöləni”nin aparıcıları layihə
rəhbəri, jurnalist
Əfsanə Ələsgərli
və gənc şair İntiqam Yaşar idi. Onlar türk ellərindən gəlmiş gənc yazarların millət vəkilləri və ziyalılarımızla tanışlığından,
müxtəlif tədbirlərdə
məruzələrlə çıxışından
danışdılar. DGTYB-nin Məsləhət Şurasının başqanı
Əkbər Qoşalının
çıxışı ilə
poeziya gecəsi açıq elan olundu.
Musiqili poeziya gecəsində şairlər Zeynəb Tək, Şoxisto Ortikova, Sayat Kamşıger, Kaliça
Jakupova, Mahfuza Artıkova, Aygiz Baymuxametov, Ümid Nəccari, Dönməz Türk, Səlcuq Düzgün, həmçinin
həmyerlilərimiz Vasif
Söhraboğlu, Tural
Turan, Vüsalə İbrahimli, Lamiyə İsazadə şeirlər
səsləndirdilər. Aşıq
Azər, Aşıq Elməddin, Aşıq Şəhriyar, kanon ifaçısı Humay Abbas və müğənni
İlham Əsgəroğlunun
ifadə etdikləri mahnılarla şeir şöləni davam etdi.
Beləliklə, türkdilli gənc yazarların Bakı səfəri sona çatdı. Biz isə qonaqlardan bu qaynar ədəbiyyat günləriylə bağlı
səfər təəssüratlarını
öyrəndik.
Qardaş
Türkiyədən dəvətli
Zeynəb Tək türkdilli qələm yoldaşları ilə tanışlığından məmnunluğunu
bildirdi: “Bu görüşlər
çərçivəsində öncə Yazıçılar
Birliyində, daha sonra Atatürk Mərkəzində olduq. Çıxışlarımda çağdaş türk ədəbiyyatının
inkişafını şeir
və romanların fonunda tanıtmağa çalışdım. Görüşlər zamanı türk dünyası ədəbiyyatı
üçün birlikdə
nələr edə biləcəyimiz barədə
danışdıq. Bu cür toplantıların daha çox təşkili və tərcümə fəaliyyətinin
daha da sürətləndirilməsi
söhbətlərimizdə əsas məqamlar oldu. Bakı görüşləri sayəsində türk dünyasının müxtəlif
bölgələrindən gələn
sənətkarlar, qələm
adamları ilə yaxından ünsiyyət qurduq və müxtəlif türkdilli
ölkələrin ədəbiyyatları
barədə daha dolğun məlumat əldə etdik. Bütün bunların fonunda türkdilli gənc yazarların Bakı görüşləri mənə
xoş duyğular bəxş etdi”.
Təbrizli qonaq Ümid Nəccari ölkəmizlə
ədəbi əlaqələrindən
söhbət açdı:
“2015-ci ildə Güney
Azərbaycanda “Quşlar
vadisi” adlı bir kitabım çap olundu. Azərbaycanda da kitablarımı
nəşr etdirmək
istəyirəm. İndilərdə AYB-nin dəstəyi ilə “Güney Azərbaycan Çağdaş
Ədəbiyyatının Antologiyası”
adlı kitab çapa hazırlanır və mən də orda öz
əsərimlə təmsil
olunuram. Bundan əlavə,
müxtəlif yazılarım
“Kaspi” qəzetində
dərc olunub. Azərbaycanla sıx əlaqələrimi
davam etdirəcəyəm.
Bu tədbirlərdə, görüşlərdə mənim
üçün ən
önəmli məqam
kitablarımızın, əsərlərimizin
tərcüməsi işində
ortaq düşüncə
sahibi kimi bir-birimizə dəstək
verməyimizdir. Türkdilli yazarların
bu Bakı toplantısı hər cəhətdən unudulmaz
təəssüratlarla yaddaşıma
həkk olundu”.
Özbəkistanlı şair Şoxisto Ortikova iki ölkənin qardaşlığından, ədəbi əlaqələrindən bəhs edərək, burada olmaqdan məmnunluğunu dilə gətirdi: “Dilimizdə bəzi fərqliliklər olsa da, mədəniyyətimiz və adət-ənənələrimiz arasında oxşarlıqlar çoxdur. Azərbaycana gəlişim əslində Özbəkistandan çıxmadığım anlamına gəlir. Demək olar ki, hər şey bir-birinə bənzəyir. Ümid edirəm ki, bu tərz ideyalar, proyektlər gələcəkdə də olacaq və sıx ədəbi əlaqələrimiz daim davam edəcək”.
Sonda DGTYB Məsləhət Şurasının başqanı Əkbər Qoşalı ilə söhbət etdik: “2006-cı ildən etibarən bizim bu tipli toplantılarımız bir ənənəyə çevrildi. Onlardan biri də dövlətimizin dəstəyi ilə həyata keçirilən “Türk Dünyası Gənc Yazarlarının Bakı Toplantısı” adıyla düzənlədiyimiz silsilə görüşlərdir. Bu toplantılarda biz hər bir türk ölkə və toplumunun təmsilçilərinin məruzələrini dinləyirik. Əlbəttə, bunlarla yanaşı onları Azərbaycan ədəbiyyatı ilə mümkün qədər tanış edirik. Müzakirələr, polemikalarla birgə, nəticə etibarilə, hər toplantıdan sonra yeni ədəbi üfüqlər açılır. Bütün bunlar öz uğurlarımızı yaxşı görmək, qüsurlarımızı aradan qaldırmaq üçün bizə yardımçı olur. Yalnız təşkilati-texniki baxımdan deyil, həm də yaradıcılıq fakturası kimi yeniliklər ortaya çıxır. Türk dünyası və ədəbiyyatı üçün nələr edə biləcəyimizlə bağlı yeni ideyalar müəyyənləşdiririk”.
Müşfiq ŞÜKÜRLÜ
525-ci qəzet.-2016.- 16 iyul.- S.11.