Xatirələrdə yaşayan
insan
İnsan özünü əməli,
şəxsi ləyaqəti
ilə təsdiqləyir. Belə adamlar
gözəllik qanunları
ilə qurub-yaratmağı
sevir, həyat həqiqətinə güclü
inamı, nəcibliyi,
mənəvi zənginliyi,
saflığı ilə
seçilirlər.
Xeyirxahlıq, qayğıkeşlik, seçdiyi peşənin müqəddəsliyini qorumaq,
nüfuzunu saxlamaq bu cür adamlar
üçün ali məqsədə çevrilir. Bu şərəfli
amalı gerçəkləşdirmək
o qədər asan deyil və həm
də hər kəsə qismət olmur.
Haqqında söz açmaq istədiyim həkim, ağbirçəyimiz, bir
çox insani keyfiyyətləri özündə
cəmləşdirən, uzun
həyat yolu keçmiş Qəmər
xanım Mustafayevadır. Nurani, xoşsifət, qayğıkeş,
gözü-könlü tox,
həyatda özünü
çox ağayana aparan, özünə hörmət edən bir vətən övladı idi Qəmər xanım!
Qəmər Məmməd qızı
Mustafayeva 1921-ci il may ayının 1-də
qədim Şamaxıda,
nüfuzlu və böyük hörmətə
malik ziyalı ailəsində dünyaya göz açmışdı.
Babası Hacı Qafar
Şirvanda geniş mülkün, torpaqların,
mal-qaranın, qoyun və at sürüsünün,
dəyirmanların sahibi
idi. Heç zaman əlindən
gələni kimsəyə
əsirgəməzdi, imkansızların,
dara düşənlərin
əlindən tutardı.
Xeyirxah, mərd, cəsarətli bir insan idi.
Xan qızı olan sevimli arvadının adını elə öz böyük qız nəvələrindən
birinə qoyur. Uşaq ikən çevik, diribaş idi balaca Qəmər. Elə Şamaxı şəhərində oxumağa
başlamışdı. Lakin ailə keçən əsrin 30-cu illərin əvvəllərində Bakıya
köçməli olur.
Bununla əlaqədar Qəmər
Bakıdakı 18 nömrəli
orta məktəbə
daxil olur və oranı müvəffəqiyyətlə bitirir. Elm yolçusu
olan gənc Qəmər həkimlik peşəsi almağı
arzusu ilə 1938-ci ildə o zamankı N.Nərimanov adına
Azərbaycan Dövlət
Tibb İnstitutunun Pediatriya fakültəsinə
daxil olur. Ali təhsilini 1942-ci ilin ortalarında başa vurur və təyinatla
oktyabr ayından başlayaraq 3 il
İsmayıllı rayonunun
Lahıc qəsəbəsində
ambulatoriya müdiri vəzifəsində çalışıb.
Həkim
adı alıb, bəyaz xalatı geyinmək üçün
böyük səbr, bilik lazımdır. Həkimlik - həm çətin, həm də məsuliyyətli sahədir.
Fəqət cavan Qəmər
həkimin daxili aləmi ilə tutduğu vəzifə, seçdiyi peşə bir-birini tamamlayır.
Məsələ ağ xalat geyinib, həkimlik diplomunu gəzdirməkdə deyil,
söhbət ondadır
ki, bu şərəfli
peşəyə layiq
olasan və həkimlik sənətinin
müqəddəsliyini qoruyasan.
Müalicə etdiyin hər
kəsin həyatına,
sağlamlığına cavabdehliyini
dərk edəsən,
yüksək savad nümayiş etdirəsən.
Bu ağır imtahanlardan gənc Qəmər doktor alnıaçıq və
uğurla çıxır.
Şəhərli bir qız atın belində ucqar kəndlərində xəstələnmiş körpələrin,
cavanların, qocaların,
yağışda-qarda imdadına
çatır, onları
xilas edir. Çox qısa vaxtda yeni təyin olunmuş həkim dağlarda yerləşmiş
ucqar bir qəsəbədə və
onun ətrafında səpələnən kiçik
kəndlərdə böyük
hörmət və məhəbbət qazanır.
1945-ci ilin baharında
Qəmər Mustafayeva
Bakıya çağırılır
və paytaxtımızın
ən iri tibb müəssisələrindən
olan 3 nömrəli şəhər uşaq xəstəxanasına həkim
təyin olunur. On bir ildən
çox işlədikdən
sonra, 1956-cı ilin axırında Bakıdakı
10 nömrəli xəstəxanaya
uşaq həkimi vəzifəsinə göndərilir.
1975-ci ilin avqust
ayında 9 nömrəli
Uşaq Dəri Zöhrəvi Xəstəxanasında
həkim vəzifəsinə
təyin olunur. Sonralar həmin xəstəxananın adı
dəyişilərək 3 nömrəli
olur və Qəmər xanım burada həkim kimi fəaliyyət göstərir və həmin tibb ocağında 30 il
çalışır. Ümumilikdə Qəmər xanımın
həkimlik fəaliyyəti
63 ilə yaxın bir dövrü əhatə edir. O, şərəfli və ləyaqətli bir həkim ömrü yaşamışdır. Onun səyləri
nəticəsində on minlərlə
xəstə, körpə
uşaq və yeniyetmə müalicə olunub, sağalıb və həyata qaytarılıb. Bütün
işlədiyi tibbi müəssisələrdə daima
ictimai vəzifələrə
seçilirdi: partiya təşkilatının katibi,
Həmkarlar Komitəsinin
sədri, Xalq Nəzarət qrupunun rəhbəri və s.
Qəmər xanımın çoxillik
həkimlik fəaliyyəti
dövlətimiz tərəfindən
yüksək qiymətləndirilib. Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Kollegiyasının qərarı
ilə dörd dəfə, Bakı şəhər Baş Səhiyyə İdarəsi
və işlədiyi xəstəxanaların müdiriyyəti
tərəfindən müxtəlif
illərdə fəxri
fərmanlara və çoxlu sayda təşəkkürlərə layiq görülüb.
Rəhbər səhiyyə orqanlarının
xətti ilə göndərildiyi, bütün
tibb ocaqlarında öz bacarığı, məsuliyyəti, zəhmətsevərliyi,
təmkini və təvazökarlığı ilə
seçilən Qəmər
xanım kollektivdə
həmişə sevilib
və böyük nüfuza malik olub. 3 nömrəli
Uşaq Dəri-Zöhrəvi
Xəstəxanasının ictimai həyatında həmişə qaynayıb-qarışan,
yaşının 80-i keçməsinə
baxmayaraq çox fəal iştirak edərdi, Yeni Azərbaycan Partiyasının
üzvü idi. İş yoldaşlarının ona doğma münasibəti Qəmər xanımı darıxmağa qoymurdu, o, kollektivin arasında özünü daha rahat hiss edərdi. Onun 70 illik və 80 illik yubileyi təntənəli qeyd etməyimiz bütün xəstəxana üçün
bayrama çevrildi.
Qəmər xanım qohum-əqrabasının
içində seçilən,
sevilən bir şəxsiyyət idi.
Qəmər xanım bacarıqlı həkim olmaqla yanaşı, həm də gözəl ana idi. Onun bir qızı və bir oğlu var. 4 nəvə və iki nəticə Qəmər xanımın
arzularını davam etdirir.
Deyirlər, baharda doğulan insanlar daxilən daha zəngin olurlar. Qəmər xanım da nikbin, həssas və humanist insan idi. Peşəsindən başqa o, bir
sıra sahələrə
də maraq göstərərdi. Mütaliə etməyi, musiqi dinləməyi çox sevirdi. Azərbaycan poeziyasını, bədii ədəbiyyatını
daim oxuyardı, kitablardan heçbir gün də ayrı düşməzdi.
Çox
fərəhlənirdi ki,
bitirdiyi 18 nömrəli
məktəbində ana
dili və ədəbiyyat müəllimi
Azərbaycanın böyük
şairi Mikayıl Müşfiq idi. Tez-tez sevdiyi xalq havalarını -
"Küçələrə su səpmişəm",
"Qurban adına",
"Girdim yarın bağçasına" mahnılarını
özü üçün
astadan zümzümə
edərdi. Bu da
səbəbsiz deyildi.
Atası Məhəmməd
kişi təsərrüfatçılıqla, sahibkarlıqla məşğul
olmaqla yanaşı,
tar çalardı, musiqi
alətinə sevgisi onun böyük oğlu Hacıya da keçib. Balaca Hacı Məmmədov sonralar böyük sənətkar,
ustad-tarzən Azərbaycan
Respublikasının Xalq
artisti fəxri adına yüksəlib.
Qəmər xanım əsl ziyalı idi.
O, xüsusən də gənc həkimlərə,
tibbi işçilərin
yardımını əsirgəməyən insan
idi. Ulu peyğəmbərimiz
bir kəlamında deyirdi
ki: "İnsanların ən
yaxşısı xalqa xeyir
verəndir". Bəli, bizim Qəmər
xanım belə insanlardan idi.
Xeyirxahlıq, qayğıkeşlik, insanlara mənəvi dayaq olmaq və mərhəmətlə yanaşmaq, çətinə düşənə
əl tutmaq, "yol
göstərmək onun gündəlik həyat norması və vərdişləri,
əməli fəaliyyətinin müqəddəs amalı, ali məqsədi idi.
Gözəl insan, sədaqətli və təmənnasız
dost. Bu məziyyətlər
onun təbiətindən irəli gəlirdi.
Qəmər xanım kiməsə olan məhəbbətini sezdirməzdi. Onun hörmət, məhəbbət və səmimiyyəti
şəxsi ünsiyyətdə və qayğıda özünü açıq-aydın göstərirdi.
O, sevgisini, hörmətini gurultulu
səslə yox, sakit axan sular kimi
büruzə verirdi. Onun
qayğısı insanın daxilində yanan
şam kimi öz istisini və hərarətini
həyatda büruzə verirdi. Etdiyi yaxşılığı qabartmayan şəxs ancaq Allah adamıdır. O, baharda
rahat gəldi
bu dünyaya və rahat bu dünyadan
bahardaca köçdü.
Qəmər Məmməd qızı Mustafayeva
2005-ci ilin may
ayının 12-də dünyasını dəyişmişdi.
On bir ildir, Qəmər xanım Mustafayeva aramızda yoxdur. Onun yeri çox
görünür. İşlədiyi kollektivin, üzvü olduğu böyük ailənin, qohum-əqrəbanın,
ünsiyyətdə olduğu
həmkarlarının, qonşularının
dərin rəğbətini
qazanmış Qəmər
xanım Mustafayevanın
əziz xatirəsi bizim və onu
tanıyanların yaddaşında
və qəlbində daima yaşayacaq.
Hüriyə
QARAYEVA
Bakı şəhəri
3 №-li Uşaq Dəri-Zöhrəvi
Dispanserinin şöbə müdiri
525-ci qəzet.-2016.- 19 iyul.- S.8.