Əjdər Olun şeirləri alman dilində
Almaniyanın məşhur və qüdrətli qadınlarından
"Bild am Sonnta..."
qəzetinin baş redaktoru Marion Horn bu yaxınlarda sanki günah çıxarırmış
kimi bir yazı yazdı. O yazısıyla
da kapitalizmin bağrına bir bıçaq sapladı və davamlı təriflənən Qərb
sistemini ifşa etdi.
Marion Hornnun yazısının
başlığı almancada
məşhur deyimlərdən
olan "Qarğa Analar"dır. O, qısaca bir ana olaraq
öz acizliyini və analığın sistem tərəfindən nə hala gətirildiyini
belə izah edirdi:
"Mən Bir Qarğa
Anayam. Bu yazını
yazdığım vaxt
ərim dörd yaşındakı qızıma
baxır və saat 23-dən əvvəl evə getmək mümkün deyil. Onun üçün qızımı
ərim yatıracaq.
Qısa və dəqiq söyləsəm:
Mən bir qarğa anayam! Təəssüf ki, nə ərimə, nə uşağıma, nə dostlarıma ayıracaq bir dəqiqəlik belə vaxtım yoxdur! Hələ özümə ayıracaq
vaxtım heç yoxdur!"
Marion Hornun bu yazısı
qəzetdə nəşr
olunduqdan sonra Almaniyada
həm qadınlar mövzusu, həm də "Qarğa ana"lıq məsələsi
xüsusilə alman qadınları arasında
hərarətlə müzakirə edilməyə başlandı
.
O ərəfədə Əjdər
Olun şeirlərini alman caya tərcümə
edən alman türkoloq dostum K.H. Kiel şeirlər bitdikcə onları mənə göndərirdi. Əlimə çatan iyirmiyə
yaxın şeiri aldıqdan sonra, aradabir görüşüb
qəhvə içdiyimiz,
Şimali Ren Vestfalen Yazıçılar
Birliyinin sədri A. Jüssen xanıma apardım. Ona oxuduğum şeirlərdən
biri də "Anamı xatırladım"
adlanır. O şeirdən
bir parça oxudum və bir başqa şeirə keçdim. Onun diqqətini çəkmiş olacaqdı
ki, "o ana haqda şeiri lütfən bir daha oxu" dedi və oxudum:
Günün hər vədəsində
Yanağına gün düşən
Gözlərinə qan daman
Saçlarına çən düşən
Mən fərsizi sevsə də,
Balasından gen düşən
Anamı
xatırladım...
Jüssen xanım şeiri diqqətlə dinlədi, təsirləndi. "Nə gözəl duyğulardır",
- dedi. "Bu şairin
ata haqda şeiri də var" - dedim. "Onu da oxu",
- dedi, oxudum:
Qəfil
könlümə düşdün
Qışın oğlan çağında
Əksin
durur gözümdə
-
Qarasında, ağında...
Quc-quca qızınardıq
sobanın qırağında,
Atam, ay atam...
Mən şeiri oxuduqca altmış yaşlarındakı Jüssen
xanım uzaqlara baxırdı. Bəlkə də öz
ata-anasını xatırlamışdı.
Şeirlərdən sonra qəhvələrimizi içdik, bir az siyasət, bir az ədəbiyyat, bir az da keçmişdən danışdıq. Sonra qalxarkən tərcümə edilmiş şeirləri ona uzatdım. Təşəkkür etdi. Aradan bir həftə keçdikdən sonra telefon açdı və şeirləri bəyəndiyini söylədi. "Kitaba önsözü siz yaza bilərsinizmi?" - soruşdum. Heç düşünmədən: "Məmnuniyyətlə", - dedi. Bir neçə gün sonra yazını göndərdi və mən almanların çalışqanlığını bir daha təqdir etdim. Yazı belədir:
"Əjdər
Ol və onun şeirləri
Qafqaz müxtəlif dillərin, ləhcələrin danışıldığı, fərqli xalqların yaşadığı bir bölgədir... Qafqaz dağlarından Xəzər dənizinə qədər uzanan torpaqlarda yaşayan azərbaycanlılar Nizami, Füzuli, Nəsimi kimi böyük şairlər yetişdirmişlər. Ayrıca memarlıq, musiqi və digər sənətlərdə də çox əhəmiyyətli nümunələr təqdim etmişlər.
Orada musiqiçilər dağdan-dağa,
kənddən-kəndə, şəhərdən-şəhərə
gedərək sənətin bütün rənglərini
Qafqazın hər yerinə daşımışlar. Şeirlərini tərcümədən oxuduğum şair Əjdər
Olun şeirlərində də ilk oxunuşda o musiqidən işarələr olduğunu gördüm.
Şeirlər əvvəl çox sadə
kimi görünsə də, insan o duyğuları anlamağa çalışdıqca şeirlərin
içində müxtəlif mənaları ehtiva
edən dərinliklər olduğunu
görə bilir. O şeirlərdə şairin yaşadığı bölgədəki
insanların səsləri, əlaqələri, təbiətin
çiçəkləri, gülləri və oradakı
bitkilərin qoxuları gizlənmişdir. Məncə, sosialist sistemlə kapitalist
sistem arasında ortaya
çıxan bu sənət və sənətçinin
alman oxucusuna verəcəyi
mesaj çox əhəmiyyətlidir".
A. Jüssenin gözəl izahatını və mesajını heç qısaltmadan kitabın arxa qapağına qoyduq. Kitab "Vintervork" nəşrləri arasında "Das Sonnenblumenfeld", yəni "Günəbaxan Tarlası" adıyla nəşr olundu. 150 səhifəlik və xüsusi süsləmələrlə nəşr olunan kitabın alman oxucusuna Azərbaycanın günəbaxanlarının qoxusunu və işığını çatdıracağına ümid edirəm.
Orxan ARAS
525-ci qəzet.-2016.-
26 iyul.- S.7.