Çövkən və ya Azərbaycan polo oyunu
Azərbaycan atçılığın qədim
vaxtlardan inkişaf etdiyi ölkələrdən biridir. At üstündə milli
oyunlardan biri olan çövkən (bu oyunun adı
“çovqan”, “çövkan” və “çövkən” kimi də
yazılır, biz məhz “çövkən” adından istifadə
edəcəyik) bu diyarda hələ eramızdan əvvəl
yaranıb və nəsillərdən nəsillərə
keçərək, zəmanəmizə gəlib
çatıb. Çövkən komanda ilə
oynanılan ilk oyun kimi qonşu ölkələrdə də
geniş yayılıb. Çövkən
ta qədimdən kübarların oyunu hesab edilirdi və
ayrıca meydanda keçirilirdi. Bunun
üçün xüsusi olaraq öyrədilmiş atlardan
istifadə edilirdi. Çövkən
yarışlarında şah ailəsinin nümayəndələri
də iştirak edirdilər. Təəccüblü
deyil ki, çövkən bütün dünyada geniş
yayılmış, “şahların oyunu və oyunların
şahı” sayılan müasir polo oyununun əcdadı hesab
edilir. Bu oyunun Avropada və bütün
dünyada geniş yayılmasında və inkişafında
ingilislər böyük rol oynayıblar. Belə
ki, XII əsrdə İngiltərəyə gətirilmiş
çövkən oyunu getdikcə məşhurlaşır,
yeni qaydaların tətbiqi isə bu oyunun Avropada və Amerikada
sürətlə yayılmasına imkan yaradırdı.
Məhz ingilislərin təşəbbüsü ilə
bu oyun indiki adını (at polosu) alıb və 1900-cü ildə
Parisdə keçirilmiş II Olimpiya Oyunlarının
proqramına daxil edilib.
Əfsanənin yaranması
At oyunları idman yarışları kimi qeyri-adi dərəcədə
baxımlı və maraqlıdır. Qədim zamanlarda
müxtəlif ölkələrdə atların
iştirakı ilə keçirilən oyun növləri
vardı, amma bu oyunlardan hər birinin hədəfi –
oyunçular arasında ən güclü, ən çevik
olanı və ən başlıcası, – atla mükəmməl
qarşılıqlı anlaşmanı tapa bilən şəxsi
aşkar etmək idi.
Çövkən oyunu hər biri 6 süvaridən ibarət
olan iki komanda arasında keçirilir. Oyunçular uzunluğu 1,5 metr olan “klyuşka”lar (çövkənlər)
vasitəsilə kiçik taxta topu rəqibin qapısına
vurmağa çalışırlar.
“Çövkən”
sözünün bir neçə mənası var. Bu oyunun
adı türk mənşəli “çovutmaq” və
“cövlan” sözləri ilə bağlıdır. “Çovutmaq” sözünün bir mənası - əl
ağacını yelləyərək vurmaq, digər mənası
– boran, tufan kimi izah edilə bilər. Yəni,
çaparın hərəkətləri “yaxınlaşan
tufan” kimi olmalıdır. “Cövlan”
sözünün mənası isə atın oynaya-oynaya
çapması deməkdir. Oyunun
adının müxtəlif şəkildə tələffüz
edilməsi həm bu oyunun qədimliyi, həm də Azərbaycanın
regional dialektləri ilə bağlıdır.
Məlumdur
ki, sənədli şəkildə qeydə alınmış
ilk çövkən yarışı eramızın təxminən
600-cü ilində türkmanlarla farslar arasında keçirilən
və birincilərin qələbəsi ilə başa
çatan matç olub. Çövkən oyunu
üzrə ilk beynəlxalq yarışlar isə XII əsrdə
İslam dünyasının o vaxt ki, mədəniyyət
paytaxtı sayılan Bağdad şəhərində Orta
Şərq çaparları arasında keçirilib.
Bütün dövrlərin oyunu
Çövkən oyununun fraqmentləri təsvir edilən
rəsmləri qayalarda, qəbirüstü daşlarda, məişət
əşyalarının üzərində görmək olar. Beyləqan
rayonunun ərazisində Örənqala qalasında arxeoloji
qazıntılar zamanı tapılmış qabların üzərində
Çövkən oyununun fraqmentləri təsvir edilib. Bu fakt inandırıcı şəkildə sübut
edir ki, artıq III-V əsrlərdə bu oyun Qarabağ
zonasında geniş yayılmışdı.
Çövkən oyunu “Kitabi Dədə Qorqud” eposunun
boylarında da tez-tez xatırlanır. Dahi Azərbaycan
şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərinin
baş qəhrəmanları Xosrov və Şirin çövkən
oynayırlar. Bu isə onu göstərir
ki, bu oyunu həm kişilər, həm də qadınlar
oynayırdılar. Qədim Azərbaycan
miniatürlərində bu oyunun səhnələrinin
çoxsaylı təsvirləri, ilk yazılı mənbələrdə
oyun qaydalarının təsviri və inkişafı onun qədim
Azərbaycan oyunu olduğunu göstərən daha bir
sübutdur.
2013-cü
il dekabrın 3-də Bakıda YUNESKO-nun
qeyri-maddi mədəni irsinin mühafizəsi üzrə
Hökumətlərarası Komitəsinin 8-ci sessiyası
keçirilib. Həmin sessiyada Azərbaycanda
Qarabağ atları üstündə keçirilən ənənəvi
çövkən oyunu Təcili Qorunmaya Ehtiyacı Olan
Qeyri-Maddi Mədəni İrsin Siyahısına daxil edilib.
Hər şey qayda üzrə
olmalıdır
Çövkən oyunu iştirakçılardan şəxsi
bacarıqla yanaşı, həm də yaxşı at sürmək,
manevrlər etmək bacarığı və diqqətli
olmağı tələb edir. At orta boylu, möhkəm
bədən quruluşlu, cəld və gözəl olmalı,
vəhşi və aqressiv olmamalıdır. Bu baxımdan Qarabağ atları çövkən
oyunu üçün ideal dərəcədə münasibdirlər.
Oyun təxminən
200 x 120 metr ölçülü, ot
örtüklü hamar meydançada keçirilir. Meydançanın əks tərəflərində
eni təxminən üç metr olan qapılar və
uzunluğu 6 metr olan cərimə xətti ilə əsas
meydançadan ayrılan yarımdairə şəklində cərimə
meydançaları qurulur. Atlıların
cərimə xəttini keçməsi qadağandır. Çövkən oyununu qapıçı ilə də
oynamaq mümkündür. Bu halda
qapıların eni 7 metr, cərimə xəttinin uzunluğu isə
4 metr olur.
Oyunda iştirak edənlər hərəsi 5-6
oyunçudan ibarət olan iki komandaya bölünür. Bir oyunçu
və onun atı ehtiyat saxlanılır. Oyunçuları
bir-birindən fərqləndirmək üçün hər
komandanın oyunçuları müxtəlif rəngli forma
geyinirlər.
Oyun meydanın mərkəzindən başlanır və
vurulmuş hər qoldan sonra oyunçular yenidən həmin
yerə gəlirlər. Matç hər biri 15 dəqiqə olmaqla
iki hissədən ibarətdir və hissələr arasında
10 dəqiqə fasilə olur. Fasilədən
sonra komandalar qapıları dəyişirlər.
Oyunçular milli forma – papaq, çuxa, atın belində
rahat oturmaq üçün geniş balaqlı şalvar, uzun
qunclu yüngül ayaqqabı geyinirlər. Onlar
yüngül ağacdan hazırlanmış eyni uzunluqlu
çomaqlardan istifadə edirlər. Oyunda
diametri 13-15 santimetr olan taxta və ya rezin topdan istifadə
olunur.
Topu qapıdan keçirmək məqsədilə ona cərimə
meydançasından vurulan zərbə hesaba alınmır. Zərbə nəticəsində
meydanın oyun sahəsinin yan xəttindən kənara
çıxmış toplar (aut) oyuna rəqib komandanın
oyunçuları tərəfindən qaytarılır. Çövkəndə hakim adətən oyunu at
üstündə izləyir. Ona meydanın
yan xətlərində duran iki hakim kömək edir.
Oyunçulara qadağan edilir: ayırıcı xətti
keçmək və oradan topu vurmaq, cərimə
meydançasının xəttini keçmək, atları
gedişdən salmaq (məcbur etmək), atları və
atlını “klyuşka” ilə vurmaq.
Qaydaların pozulmasına, başqa
iştirakçılarla kobud rəftara görə qorunmayan
qapıya cərimə zərbəsi və ya
oyunçuların müəyyən vaxt ərzində, hətta
oyunun sonuna qədər meydandan çıxarılması
şəklində cəza təyin olunur.
Hansı
komanda daha çox top vursa, həmin komanda qalib gəlir.
Qarabağ atları – çövkən
çempionları
Azərbaycanın ən məşhur milli cinsi, yəqin
ki, Qarabağ qaçağanlarıdır. Bu cinsin vətəni
Qarabağ olsa, onlar demək olar ki, Azərbaycanın
bütün ərazisində geniş yayılıb və
ölkəmizin bütün regionlarında əla inkişaf
edir. Qarabağ atları milli irsimizin rəmzi
və azərbaycanlıların qürurudur. Çövkən oyununda əsasən məhz bu
atlardan istifadə olunur.
Qarabağ cinsi dünyada ən qədim at cinslərindən
biri hesab edilir.
Bu cinsdən olan atlar dəqiq və sürətli
hərəkətləri, ahəngdar bədən
quruluşları ilə fərqlənir. Məhz
bunun sayəsində Qarabağ cinsinin nümayəndələrini
xalq folklorunda çox vaxt cüyür və ya ceyranla
müqayisə edirdilər. Müasir
Qarabağ atları süysündə hündürlüyü
təxminən 144-154 santimetr, boynu orta uzunluqlu, başı
kiçik, əzələləri yaxşı inkişaf
etmiş, sinəsi dərin və geniş olan kiçik
heyvanlardır. Qarabağ atlarının
ayaqları və dırnaqları möhkəm, amma
qısadır. Qarabağ
çapağanları sakit xasiyyətli və mehriban
heyvanlardır. Bu atların fərqləndirici
xüsusiyyəti onların “qızıl şəfəq” deyilən
xüsusi qızılı rəngdə olmasıdır. Dağlıq və dərə-təpəli ərazidə
asanlıqla hərəkət etmək qabiliyyəti tarixən
Qarabağ atlarının fərqləndirici xüsusiyyəti
olub.
Bu cinsin ən tipik nümayəndələri Ağdam at
zavodunda yetişdirilir. Bu zavod da öz növbəsində
Qarabağ cinsinin nüvəsi hesab edilir. Lakin
hazırda Ağdam Azərbaycanın ermənilər tərəfindən
işğal edilmiş ərazisində olduğuna görə
bu təsərrüfatdakı bütün atlar Ağcabədi
rayonuna təxliyyə edilib və “Lemberan” qış
otlaqlarında yerləşdirilib.
Hazırda Qarabağ atlarından daha çox
cıdır yarışlarında istifadə edirlər. Bu atlar
müstəsna sürətləri ilə məşhurdur.
Məsələn, 2004-cü ildə Ağdam rayonundan olan
atlardan biri 1000 metr məsafəni 1 dəqiqə 9 saniyəyə
qaçaraq dünya rekordu müəyyənləşdirib.
Yaxşıların ən
yaxşıları!
2006-cı ildən başlayaraq hər ilin dekabrında
Şəkidəki Atçılıq Turizm Mərkəzində
çövkən oyunu üzrə Prezident Kuboku
yarışları keçirilir. Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən təşkil edilən
bu yarışlarda Bakı, Balakən, Zaqatala, Qax, Şəki,
Oğuz, Qəbələ, İsmayıllı, Ağdaş, Bərdə,
Yevlax, Qazax, Ağstafa, Ağcabədi, Goranboy və Ağdam
rayonlarını təmsil edən komandalar iştirak edirlər.
Çövkən oyununa marağın
artması ilə əlaqədar Prezident Kuboku
yarışlarında iştirak edən komandaların sayı
ilbəil artır.
Bakıda ilk dəfə polo üzrə Dünya Kuboku yarışları da 2013-cü ilin sentyabr ayında keçirilib. Argentina, Böyük Britaniya, Avropa Birliyi və ABŞ-ın adlı-sanlı komandaları bu idman növü üzrə ən nüfuzlu mükafatlardan birinə sahib olmaq hüququ uğrunda mübarizə aparmaq üçün Azərbaycanın paytaxtına toplaşmışdılar. Turnir çərçivəsində müasir polo üzrə yığma komanda ilə Azərbaycanın çövkən üzrə bir komandası arasında nümunəvi matç da keçirildi.
2014-cü ilin sentyabr ayında polo üzrə ikinci Dünya Kuboku yarışları təşkil edildi. “Binə” Atçılıq Mərkəzindəki yeni “Polo Arena”da keçirilən bu Kubok yarışlarında qələbə uğrunda Argentinanı, ABŞ-ı təmsil edən komandalar, həmçinin Avropadan dörd peşəkar komanda mübarizə aparırdı. Bu yarışda ilk dəfə olaraq Azərbaycan komandası da iştirak etdi. Komandamızı bu yarışa Argentinadan dəvət olunmuş peşəkar məşqçilər hazırlamışdılar. Artıq məlumdur ki, polo üzrə üçüncü Dünya Kuboku yarışları da Bakıda keçiriləcək.
Sevindirici haldır ki, vaxtilə
Azərbaycan aristokratiyasının və şah ailəsinin
üzvlərinin sevimli oyunu olmuş çövkən nəinki
öz aktuallığını itirmədən zəmanəmizə
qədər gəlib çatıb, həm də gündən-günə
daha da populyarlaşır. İnanmaq istərdik ki, həqiqətən
əyləncəli olan bu yarışlar bütün
dünyada özünə tezliklə daha çox pərəstişkarlar
qazanacaq.
525-ci qəzet.-2016.- 26 iyul.- S.7.
Eyyubov Emil.