Hərb və
dövlətçilik tariximizdə möhtəşəm bir imza
KƏNGƏRLİ
SÜLALƏSİNİN DÖRDÜNCÜ GENERALI HÜSEYN
XAN NAXÇIVANSKİNİN ÖMÜR VƏ
FƏALİYYƏT YOLU HAQQINDA QEYDLƏR
Hərb və dövlətçilik tariximizdə möhtəşəm bir imza<b style="color:red"></b>
56 illik ömür yolunun 34 ilini hərb və döyüş fəaliyyətinə həsr edən Hüseyn xan II Kalbalı xan oğlu Naxçıvanski 28 iyul 1863-cü ildə Naxçıvan şəhərində doğulub.
Onun atası
general-mayor II Kalbalı xan
məşhur sərkərdə
general-mayor Ehsan xan Naxçıvanskinin oğludur. Hüseyn xan
çoxuşaqlı ailədə
doğulmuşdu. Arxiv sənədlərinin
köməyilə onun
qardaşı və bacılarının ardıcıl
siyahısını tərtib
etmək mümkündür.
General-mayor II Kalbalı xan Naxçıvanskinin
(1824-1883) övladları bunlardır:
Zeynabbəyim, Bədirnisə
bəyim, II Ehsan xan, Cəfərqulu xan, Rəhim xan, Şahcahan bəyim, Hüseyn xan, Çimnaz xanım və Zərrintac bəyim.
Rusiya Dövlət
Hərbi Tarix Arxivinin (Moskva şəhər) 3642-ci fondunda
saxlanılan sənəddə
generalın 8 övladı
olduğu yazılmışdır. Amma son illərin
hərtərəfli araşdırmaları
nəticəsində məlum
oldu ki, onun Çimnaz xanım adlı qızı da varmış. Hətta Çimnaz
xanım general İsmayıl
xanın oğlu Bəhman xanın həyat yoldaşı idi. Deməli, general-mayor Kalbalı xanın 9 övladı (4 oğul, 5 qız) olub.
Hüseyn xanın anası Xurşid xanım (1828) İrəvanda yaşayan, Bayat tayfasından olan mayor Əhməd xan Süleyman xan oğlu Makinskinin
qızıdır.
Qeyd edək
ki, Hüseyn xanın atası
general-mayor II Kalbalı xan
Naxçıvanski son dərəcə
bir igid süvari olmuş və çox döyüş ordenlərinin
kavaleri olmuşdur.
Hüseyn xan indiki Xan
Sarayında doğulmuş
və 1873-cü ilədək
burada yaşamışdı. O, ilk təhsilini
Naxçıvan şəhərində
almışdı. 1873-cü
ildə atası onu Peterburqa, Paj korpusunda oxumağa göndərmişdi.
Həmin
ilin 9 dekabr tarixində Hüseyn xan Rusiya çarının
sarayındakı Paj korpusunda qeydə alınmışdı. 7 fevral 1877-ci ildə Paj korpusunun inter-pajı, 10 yanvar 1883-cü
ildə isə korpusun kamer-pajı olmuşdu.
Saray məktəbini
- Paj korpusunu əla qiymətlərlə
bitirən Hüseyn xan saray qvardiyasının
(leyb qvardiya) süvari polkuna kornet (kiçik zabit) təyin olunur. Onun ilk hərbi təyinatı
12 avqust 1883-cü ilə
təsadüf edir.
Qeyd edək ki, sarayın
süvari polkunda onun adı əmrlərdə
Xan Hüseyn Naxçıvanski kimi yazılmışdır.
Araşdırmalar göstərir ki, Rusiya çarına Hüseyn xanın ulu əcdadlarının nəhəng hərbi ənənələrinin və
qəhrəmanlıqlarının haqqında ətraflı məlumatlar veriblərmiş. Doğrudan da,
Naxçıvanın Kəngərli
hərb tarixinin dərindən öyrənilməsinə
ciddi ehtiyac duyulur.
Hüseyn xan hərbi fəaliyyətə başlayanda
4 aydan çox olardı ki, atasını itirmişdi. Rusiya ordusunun
ən məşhur generallarından biri olan atası general-mayor II Kalbalı xan Naxçıvanda vəfat
etmişdi. Böyük qardaşları
Hüseyn xana hərbi fəaliyyətini
davam etdirməyi məsləhət görürlər.
Peterburqdakı süvari polkunda xidməti ilə seçilən Hüseyn xana 30 avqust 1884-cü ildə podporuçik hərbi rütbəsi verilir. 17 mart 1885-ci ildən 15 may
1886-cı ilədək o, 43-cü Draqun Tver polkuna
ezamiyyətə göndərilir.
Onun böyük qardaşı
Cəfərqulu xan bupolkda hərbi xidmətdə idi. Ezamiyyətdən qayıtdıqdan
sonra, 30 avqust 1887-ci ildə poruçik rütbəsi alan
Hüseyn xan hərb sənətinin incəliklərini daha da dərindən öyrənməyə başlayır.
8 noyabr 1890-cı ildə
Hüseyn xan ilk dəfə olaraq ordenlə təltif edilir. Bu, İranın
4-cü dərəcəli "Şir və Günəş" ordeni
idi.
Maraq üçün deyək ki, o, 11 mart 1887-ci ildə polk məhkəməsinin
iş icraçısı
təyin edilir. Həmin ilin iyul ayının
26-dək Hüseyn xan
bu vəzifədə işləmişdir. Bu zaman o, hərbi məhkəmə nizamnaməsini
öyrənir.
1893-cü
il iyulun
26-da Hüseyn xan polkun tədris komandasında müavin vəzifəsində fəaliyyətə
başlayır. O, azsavadlı
əsgərlərə hərbi
silahdan istifadə qaydasını, yazmağı,
oxumağı və xəritəşünaslığı həvəslə öyrədir.
19 avqust 1894-cü ildə bu vəzifədən
azad olunur.
17 aprel 1894-cü ildə
ştabs-rotmistr təyin
olunmaqla bərabər,
30 avqust 1894-cü ildə
3-cü dərəcəli "Müqəddəs Stanislav"
ordeni ilə təltif edilir. Hərbi xidmətdə
nizam-intizamı ilə
seçilən Hüseyn
xanı 8 iyun 1895-ci ildə "Rumıniya Ulduzu" ordeninin zabit xaçı ilə təltif edirlər.
26 fevral 1896-cı ildə
imperator III Aleksandrın xatirəsi
şərəfinə təsis
edilmiş gümüş
medalla təltif edilən Hüseyn xan 26 apreldən iyunun birinədək çar II Nikolayın tacqoyma mərasiminin hazırlıq mərhələsində
və mərasimdə
iştirak edir. Bu münasibətlə o, 13 iyun 1896-cı ildə gümüş medalla təltif olunur. Bu ərəfədə Hüseyn xan 3-cü eskadron polkuna müvəqqəti komandir
təyin edilir.
O, 6 oktyabr 1896-cı ilədək
bu polkun komandiri olmuşdur.
1897-ci ildə Rusiya
imperiyasında ilk dəfə
əhalinin siyahıya
alınması keçirilir. Hüseyn xan
da bu işə
cəlb edilir. Bu çətin işdə
göstərdiyi fəallığa
görə Hüseyn xan 11 aprel 1897-ci ildə tünd bürünc medalla mükafatlandırılır. Xidmət etdiyi süvari polkun yüksək dərəcəli
hərbçilərinin rəğbətini
qazanan Hüseyn xanı yenidən polk məhkəməsinin
üzvü seçirlər.
O, 1896-cı ilin 13 iyunundan
dekabrın 15-dək hərbi
məhkəmədə işləyir.
26 iyun 1897-ci ildə
Avstriyanın 3-cü dərəcəli
"Dəmir Tac" ordeni Hüseyn xana təqdim olunur. Rusiya çarının xüsusi diqqətində olan 3-cü eskadron polkuna 1897-ci ilin 12 iyununda yenidən müvəqqəti komandir
təyin edilir. 9 iyulda vəzifədən
azad olunur. Bu
polka müvəqqəti komandirlik
edərkən Hüseyn
xanın apardığı
işlər bəyənilir,
o, 1898-ci il mayın 6-da rotmistr rütbəsini alaraq həmin ayın 21-də
3-cü eskadron polkunun
komandiri təyin edilir.
Məqamındaca qeyd edək ki, 3-cü eskadron polkunun işi çox çətin olduğundan Hüseyn xanı tez-tez vəzifədən-vəzifəyə keçirirlər. O, bu mürəkkəb işlərin
öhdəsindən məharətlə
gəlir və geriliyi aradan qaldırır. 1898-ci il 15 avqustdan 22 oktyabradək polk komandirinin təsərrüfat
işləri üzrə
müvəqqəti köməkçisi,
2 noyabr 1898-ci ildən
5 may 1899-cu ilədək, həmçinin
2 noyabr 1899-cu ildən
4 may 1900-cü ilədək polk məhkəməsinin üzvü olan Hüseyn xan 6 dekabr 1899-cu ildə
3-cü dərəcəli "Müqəddəs Anna" ordeni
ilə təltif edilir.
1900-cü ildə İran
şahı Müzəffərəddin
Qacar Rusiyaya dostluq səfərinə gəlir. İran şahı Avropa
səfərlərinə mütəmadi
olaraq Peterburqdan yollanırdı. Onun səfəri
sentyabrın 25-dən noyabrın
6-dək davam edir.
Saray qvardiyasının süvari
polkunun rotmistri Hüseyn xana İran şahını müşayiət etmək
tapşırılır.
İran şahı Hüseyn xanın mühafizə işini bəyənir. Hüseyn xan
17 fevral 1901-ci ildə
"Şir və Günəş" ordeninin
2-ci dərəcəsinin kavaleri
olur.
1901-ci il martın
21-dən sentyabrın 22-dək və 1902-ci il martın 28-dən sentyabrın
28-dək yenə də
polk məhkəməsinin
əsas üzvlərindən
biri olur.
1902-ci il 13 apreldən
mayın 4-dək, həmçinin
həmin il sentyabrın 1-dən oktyabrın 1-dək İran
şahı yenidən
Rusiyaya səfər edir. Bu vaxt yenidən Hüseyn xanı mühafizə üçün dəvət
edirlər.
6 dekabr 1902-ci ildə
Hüseyn xan 2-ci dərəcəli "Müqəddəs
Stanislav" ordeni ilə mükafatlandırılır. O, 2 aprel
1903-cü ildə üçüncü
eskadron polkunu təhvil verir. Aprel ayının 6-da polkovnik hərbi rütbəsini alan
Hüseyn xan yenə də polkda ona tapşırılan
müxtəlif vəzifələri
ləyaqətlə yerinə
yetirir. Belə ki, 12 aprel 1903-cü ildə polk
komandirinin köməkçisi
vəzifəsində işləyir.
May ayının 7-də həmin vəzifəyə
təsdiq edilir. 1 yanvar
1904-cü ildə həmin
vəzifədən azad
olunaraq 3 mart 1904-cü ilə
qədər polk
məhkəməsinin sədri
vəzifəsində çalışmışdır.
1 yanvar 1904-cü ildə polk komandirinin təsərrüfat işləri üzrə köməkçisi təyin edilmiş, yanvarın 15-də bu vəzifəyə təsdiqlənmişdir. Martın 1-də isə vəzifədən azad olunmuşdur. 1904-cü il fevralın 23-də İranın almazlarla bəzədilmiş ikinci dərəcəli "Şir və Günəş", Bolqarıstanın üçüncü dərəcəli "Hərbi xidmətlərinə görə" və dördüncü dərəcəli "Müqəddəs Aleksandr" ordenləri ilə təltif edilən Hüseyn xan Naxçıvanski həmin il martın 1-də Qafqaz Hərbi Dairəsinin sərəncamına göndərilir. Mart ayının 24-də Petrovsk şəhərinə (indiki Mahaçqala) gəlir. O, burada könüllü müsəlman döyüşçülərdən ibarət İkinci Dağıstan polkunu formalaşdırmağa başlayır. Mart ayının 25-də Hüseyn xan Naxçıvanski bu polkun komandiri təyin olunur. Artıq aprel ayında məşhur İkinci Dağıstan polkunu formalaşdırıb qurtaran Hüseyn xan Naxçıvanski 1904-1905-ci illərdə rus-yapon müharibəsində bu polkla iştirak edir. Knyaz Qriqol Orbeliani yaralanandan sonra bütün Qafqaz Süvari Briqadasına komandirlik vəzifəsi Hüseyn xana həvalə olunur. Qeyd etmək lazımdır ki, bu süvari briqadasına həm də Tersk-Kuban süvari polku da daxil idi.
Əfsanəvi qəhrəmanımız, cəsur eloğlumuz Hüseyn xan Naxçıvanski uzaq Mancuriyada da doğulduğu Naxçıvanın və mənsub olduğu Kəngərli tayfasının adını uca zirvələrə qaldırmışdır. Döyüş cəbhəsində göstərdiyi qəhrəmanlıqlar elə oradaca batalist rəssam V.V.Mazurovskinin fırçası ilə kətan üzərinə köçürülmüşdür. Aldığı mükafatlar da bunu təsdiqləyir. Ali hərbi mükafatları sadalamaqda davam edək. Yapon işğalçılarına qarşı Lyaoyan ətrafında 1904-cü ilin 13-22 avqustunda aparılan uğurlu döyüşlərə görə Hüseyn xan 3 noyabr 1904-cü ildə ikinci dərəcəli "Müqəddəs Anna" ordeni (qılınclarla birlikdə), sonrakı uğurlu hərbi əməliyyatlara görə 8 fevral 1905-ci ildə dördüncü dərəcəli "Müqəddəs Vladimir" ordeni (qılınclarla və bantla birlikdə), 3 mart 1905-ci ildə üzərində "İgidliyə görə" yazılmış qızıl silahla, həmin ilin iyul-avqust döyüşlərində göstərdiyi rəşadətə görə 7 sentyabr 1905-ci ildə ikinci dərəcəli "Müqəddəs Stanislav" (qılınclarla birlikdə) ordeni ilə təltif edilib.
(Ardı var)
Musa RƏHİMOĞLU (QULİYEV)
AMEA
Naxçıvan Bölməsinin aparıcı elmi
işçisi, tarix
üzrə fəlsəfə doktoru
525-ci qəzet.-2016.-
28 iyul.- S.4.