Afaq Məsud dünyası

 

(on üçüncü yazı)

 

 

Afaq Məsudun fikrincə, “biz bədənimizə görə maddi olsaq da, ruhumuz etibarı ilə şüayıq. Odu ki, dünyaya aid olan nə varsa, böyük mənada əslində, bizə lazım deyil.

Məhz bu səbəbdən tarix boyu bu dünyaya gəlmiş böyük dühalar burda rahatlıq tapa bilməyib... Əslinə qalanda, bu dünyada sıravi, adi insanlar da rahatlıq tapa bilmir. Hər bir şeyi əldə etsə də, insan daim özünü bu dünyada natamam hiss edir...  Axı əslində, bura onun  doğma  məkanı deyil?!. Ədəbiyyat bu mənada insanları ovundurmaq, onları öz doğma məkanlarına - özlərinə qaytarmaq üçündür və o da dünyada heç nəyi dəyişmir. Mehriban Ələkbərzadə “Xəzər” haqqında yazdığı yazıda Buddadan gözəl bir misal gətirib: “Əgər okeanda batmaq istəmirsənsə, bir  xilas yolun var: hardasa yaxında olan adaya sarı üz”. Bax, ədəbiyyat budur. Yəni insan anlamalıdır ki, bu dünyanın bütün nemətlərinə sahib  olsa belə, yaxud, ən yüksək, ali həqiqəti anlasa belə, bu dünyadan xilas yoxdu... Xilas- sənin öz içindədi”...

“Üzü işığa” romanının məzmunu kimi adı da yarı real, yarı mistik bir ideya- çağırışı formullaşdırır: İşıq!.. Və Xilas!..

Afaq Məsudun, demək olar ki, heç bir əsərinə ölüm, adətən təsəvvür  etdiyimizin əksinə olaraq, qaranlığı, zülməti, zinriyi ilə gəlmir. Həmişə özü ilə o qədər bol işıq (və istilik) gətirir ki, hətta yaddaşı qurdalayıb unudulmuş həyat ağrılarını da son damcısına qədər ortaya çıxararaq müalicə edir, ruhu bədəndən elə qoparır ki, onda (ruhda) azacıq da olsa ağrı ləkəsi, vicdan çirkabı qalmır.katarsis  keçirmiş, xilas olmuş ruh (işıq şüası) arxasına baxmadan  bir buddist həyəcanı (və təmkini) ilə  pıçıldayır: “Mənim lənətə gəlmiş bədənim!..”

“Suiti” romanındakı hadisələr də, əslində,  Afaq Məsudun yazıçı üslubuna uyğun olaraq “dörd divar arası”nda - iclas zalında baş verir.   bu məhdud məkana qəhrəmanın sözün geniş mənasında bütün tərcümeyi- halı yerləşdirilir... Doğrudur, romanın qəhrəmanı sonda bu “dörd divar arası”ndan çıxır. Onda da ölməyə gedir, əslində isə, sürüklənir...

Hansısa fövqəltəbii hissiyyatın təsiri altında düşünür ki, bu, onun son iclasıdır:

“... Kürsüyə qalxanda hiss elədi ki, deyəcəyi sözlər bu “qoyun sürüsünə” təsir eləməyəcək. Həm də, həmişəki səlist cümlələrlə, sinə dolusu nəfəslə danışa bilməyəcək. Çünki yorulub artıq... Danışmaqdan da, üzləri heç nə ifadə eləməyən bu şüursuzlar ordusunu görməkdən də”...

Nazirin  böyük problemlərindən biri onun ailəsi, daha dəqiq desək, arvadı  ilə bağlı imiş...

“...Dünən də arvadı onun, evin xanımının şərəfinə söylədiyi “şanlı” nitqini nifrət dolu, iynəli baxışlarla dinlədikcə, stolun altından ayağını bastayıb, nadinc  uşağa göz ağardan tək, gözünü ağartmışdı, acıqlı zabit zəhmiylə astadan:

- Çörəyini ye. - demişdi.

O da başını aşağı salıb, şəkərini unudub, ürəyi arvadının zəhmindən parçalana- parçalana qabağına keçəni içəri  ötürmüşdü.

Odu ki də, indi ölürdü... Arvadı belə çıxırdı axırına”...

İclas davam edir...

Və nazir dərk edir ki, iclasdakı adamların hamısı ona yad olduğu kimi, o da hamıya yaddır...

“...Hamı ona gülürdü... - fikirləşdi. - ...onun bu bədheybət natarazlığına, piylənib il- ildən rezin balış kimi üfürlənən qarnına, gombul qadın üzünü andıran dəyirmi sifətinə, alma  yanaqlarına, ətli buxağına... Bir dəfə beləcə dartınıb kürsüdən çıxanda və yoğun ayaqlarını ardınca sürüyə- sürüyə yerinə yollananda, hardansa arxa cərgələrdən, heç cür tanımadığı cavan qadın səsinin:

- Kişi suitidi elə bil... - dediyini öz qulaqlarıyla eşitmişdi”...

Bu halında belə nazirin qəribə bir xudbinliyi var...

“... Doğrudan, bu nə cəmiyyətdi, yaşayır?.. Bu nə həşərat yuvasıdı?!, Niyə hamı bu qədər acıqlı və kinlidi?.. Niyə hamının qəlbindən nazir olmaq keçir?!. Bu malbaş müavinlər də nazirlik arzusundadılar. Teatr İdarəsinin o dılğır müdiri də...

...Qabaq cərgədə oturub bayaqdannan bəri sürməli gözlərini süzdürə- süzdürə üzünə zillənən Musiqi İdarəsinin xanım - rəisi qəfildən başının güclə seziləcək hərəkətiylə qapıya işarə edib ayağa qalxdı, arxadakılara mane olmamaqdan ötrü belini əyib ehmal addımlarla zaldan çıxdı... və nazir hamının dəli həvəslə düşdüyü “mədəniyyət naziri” azarının səbəbini, axır ki, deyəsən, tapdı... bu fikirdən qabırğasının altının qəribə bir qıdıqla qıdıqlandığını hiss edib geniş, yağlı bir təbəssümlə gülümsəməkdən özünü zorla saxladı...

Bir- birindən maraqlı və cavan müğənnilər, balerinalar, aktrisalar”...

Deməli, vəzifə tutmağın, iclaslarda başda əyləşməyin, onun- bunun “taleyini həll etməy”in bir böyük mükafatı da bu imiş.

Nazir o qədər də axmaq deyil. Və bilir ki, hər cür “mövqey”in, mənəmmənəmliyin bir sonu var...

“...Bunu evdə - yazı masasının üstünə qalaqlanan kitabların hansındansa da oxumuşdu... çoxillik məmur təcrübəsindən də görmüşdü. İl- ildən qocalıb zəifləyən, xəstələnib, heysizləşib səssizləşən neçə- neçə  mötəbər və qüdrətli, təkəbbürlü və qüvvətli məmurların, dövlət  adamlarının, idarə başçılarının, onlarla ədavət aparan digər əjdahaların da son aqibətini öz gözləriylə görmüşdü”...

Nazirin yuxuları qarabasmaya keçir...

“...Arvadının əli kürəyinin üstü ilə kor əqrəb yerişiylə gəzişirdi... çiyinlərinin seyrək tükləri arasından sivişə- sivişə, orda nə isə axtarırdı elə bil...

...ürəyi gicişmədən sıxıldısa da, əl atıb kürəyini qaşımağa ürək eləmədi...

...Qəfildən səbri daraldı... kürəyi üstə çönüb arvadına sarı qanrıldı, desin ki, “Nə var, ay qız?!. Nə gözlərini zilləmisən mənə?..” - ürəyi qırıldı...

...Arvadı yatmışdı... burnu, yenicə doğulmuş inək balasının burnu tək şişə- şişə, deyəsən, nərildəməyə hazırlaşırdı...

Bu nə demək idi?.. Başına hava gəlirdi, nədi?..

Sonra anladı... qəfildən anladı... bayaqdan burda nə baş  verdiyini, bütün bunların qızdırmalı adamın başına gələn qarabasmalar olduğunu axır ki, başa düşdü”...

Nazir xatırlayır ki, karyerasını hansı alçaq üsullarla qurmuşdur... Və günahını necə yuyacağı barədə düşünmək istəsə də, buna heyi çatmır. Çünki elə   günaha batıb ki, onu nəinki yumaq, heç o barədə sonacan düşünmək belə “təqdiri- xuda” olmazdı...

“...Yadına, qəzaya düşmüş bacısının evinin satışından əldə etdiyi məbləğin min bir yollar və üsullarla yuxarılara çatdırılması  uğrunda apardığı gizli mübarizələr, pullar ünvana çatdıqdan sonrakı şadyanalığı... bir müddət vəzifəsindən düz iki pillə yuxarıya - dövlət aparatında  şöbə müdiri vəzifəsinə keçdiyi  dövrləri, özünü əlinə gələcək pulu, qərara aldığı kimi, bacısı  uşaqlarının adına əmanət kassasına qoyacağı ilə  sakitləşdirməyi, lakin sonradan bu qərarını da necəsə, unutmağı, yuxusuz  gecələrlə dəli həvəslə cızdığı karyera planlarının arasında bada verməyi düşdü...

...qəribəydi... çox qəribəydi... - ürəyi sıxıla- sıxıla fikirləşdisə də, vücudunu saran dəhşətli günah hissinin mahiyyətinə varmağa yenə halının olmadığını anladı”...

Yuxuda görür ki, arvadı ona xəyanət edir...

“... Yuxudan darısqal cəngəllikdən sivrilib çıxan tək, çıxdı...  nəfəsi təngiyə- təngiyə yan yörəsinə baxdı...

...Otaq sakit idi... arvadı əlləri dua oxuyurmuş kimi, sinəsi üstə çarpazlanmış vəziyyətdə yatmışdı”...

Özünün etdiyi saysız- hesabsız (və müxtəlif miqyaslı) xəyanətlər onun da qarşısına çıxmalı idi, ya yox?.. Heç olmasa yuxularında?!.

Üsyan başlayır... Və bu üsyan naziri iclasdan - adət (indi isə nifrət!) etdiyi “dörd divar arası”ndan kənara atır... Və yazıçı fərdi hisslərin, yaşantıların təsvirindən ictimai həyəcanların, sosial- siyasi təlatümlərin təqdiminə elə məharətlə keçir, biri digərilə mənşəcə bağlı olmayan və yaxud bu bağları çox- çox  dərin qatlarda olan hadisələri elə zərif tellərlə əlaqələndirir ki, düşünürsən: cəmiyyət onu idarə edənlərin “şəxsiyyət”indən (əslində, fərdiyyətindən), deyəsən, təfsilatı ilə  xəbərdar imiş...

“...Aşağı - binanın baş  girəcəyi əli transparantlı insan kütlələri ilə dolu idi... aşağı və yuxarı yollardan aparatın qabağına axışan adamların əlləri “İstefa”, “Vətən xainlərinə ar olsun!” sözləri yazılmış plakatlarla dolu idi... binanın girəcəyində sıxlaşanlar saysız- hesabsız nifrət və qəzəb saçan gözlərlə aşağıdan- yuxarı onlara baxır, bir dəniz yumruq, hikkəylə havanı yumruqlayırdı:

- İs- te- fa!!! İs- te- fa!!!..

Xilas olmaq, məsləhət almaq üçün müəlliminin - professorun tənha yaşadığı mənzilə gedir...

“... Professor burda idi... yarıqaranlıq otağın yuxarı küncündə, üstü kağız- kuğuzla dolu yazı masasının arxasında  oturub, balaca stolüstü lampanın işığında nə isə yazırdı...

...qorxudan, susuzluqdan zəifləmiş ayaqlarını arxasınca sürüyə- sürüyə yeriyib professorla üzbəüz dayandı...

...Professor, deyəsən, onun gəlişini hiss eləmədi... başını yazıların üstündən qaldırmadı...

- Niyə belə eləyirsən, dostum?.. - deyə bildi.

Professor qələmini masanın üstünə qoyub başını qaldırdı və eynəyinin arxasından qəribə şüursuz baxışlarla nazirə zillədi...

Ürəyi qırıldı”...

Bütün inkaredilməz reallıqlar, onu yetişdirmiş, vəzifə pillələri ilə “ucaltmış” həyatın bütün təzahürləri, deyəsən, teyfə, kölgəyə çevrilir. Elə özünün suiti varlığı da...

Və son ümid yeri bildiyi müəlliminin - professorun evindən də qaçmalı olur. Özü də necə?.. Arxasınca professorun qəzəbli iti düşə- düşə...

Hər şeydən görünür ki, bu, adi it deyil, nazirin suitiliyi kimi onun da zəngin  ideya- estetik simvolikası mövcuddur.

“...Gövdəsini qapıdan zorla çıxarmağa macal tapdı... qapını çırpmağıyla itin, qapı arasında qalan pəncəsindən fışqıran qanın ayağına dağılmağı bir oldu...

Əyilib ayağına baxdı...

...Şalvarının balağı qan içində idi... Qapının o üzündən itin yazıq zingiltisi eşidildi...

...Ayaqları bir- birinə dolaşa- dolaşa, pillələri birtəhər enib həyətə çıxdı... küləyin uçurduğu qaranlıq ağaclıqların arasıyla başıalovlu halda o yan- bu yana qaçdısa da, maşınını tapmadı”...

Hara getdiyini bilmədən qaçmağa davam edir... Və nəhayət ki, gedib çıxmalı olduğu yerə (ölümə!) qovuşur...

“...Suya pallı- paltarlı girdi... başını suya salıb qarnı dolanacan içdi, sonra həzdən az qala, huşunu itirə- itirə, dərinə baş vurub, bədəni qıdıqlana- qıdıqlana bir xeyli üzdü...

Başını sudan çıxaranda hava işıqlanırdı... Gölün ətrafı məxmər dərili suitilərlə dolu idi... Suitilər böyür- böyürə uzanıb, qara, girdə gözlərlə ona zillənmişdilər...

...Gün artıq yuxarıda idi... Uşaqlar suitilər dolu gölü araya almış dəmir qəfəsliklərə dırmaşıb heyvanlara peçenye və alma qırıqları atır, tamaşaya yığılanlar peçenyeləri havadaca tutan suitilərin qıvraqlıqlarına qışqırışıb əl çalırdılar... və heç kim,  qəfəsliyin son ucunda - üstü sarmaşıqlar və güllər dolu dekorativ kolluqların arasında çöməlmiş vəziyyətdə canını tapşırmış yoğun gövdəli, tosqun adamı görmürdü”...

"Dəfn" romanının qəhrəmanı da öz günahlarını beləcə - su ilə yumuşdu... Doyunca, ölənəcən içə- içə...

 

Nizami Cəfərov

 

525-ci qəzet.- 2016.- 23 iyul.- S. 15.