Yaqub Əlioğlu: “Bu yaşda
dönüb geriyə baxanda görürəm ki...
...ÖTƏN 60 İLİMİ
HƏDƏR YAŞAMAMIŞAM”
Tanınmış ssenarist, kinoredaktor, Azərbaycan
Jurnalistlər Birliyinin, Kinematoqrafçılar və Teatr
Xadimləri İttifaqının üzvü Yaqub
Əlioğlunun 60 yaşı tamam olur.
Bu münasibətlə
görüşüb söhbətləşdiyimiz yubilyar həyat
və yaradıcılıq yolu, sənətə
baxışı barədə suallarımızı
cavablandırdı.
- Yaqub müəllim, 60 il bir sənətkarın
ürəyindən keçənləri
reallaşdırmağa bəs edirmi?
- 1972-ci ildən mətbuatda müxtəlif
forma və məzmunlu 500-dən artıq məqaləm
çıxıb, dünya dramaturgiyasından tərcümələrim
var, 50-dən çox verilişim AzTV-nin Qızıl
Fondundadır.100-dən çox sənədli filmin müəllifi
və redaktoruyam. Amma yenə davam edirəm, yeni nələrsə
yaratmağa çalışıram. Hazırda üç
kitab üzərində işləyirəm.
- Bildiyim qədərilə, sizin
yazılarınız hələ məktəbli
vaxtlarınızdan çap olunub. Mətbuata gəlişiniz
necə alındı?
- Yazı yazmağa 1972-ci ildən
başladım. Onda 8-ci sinifdə oxuyurdum. Oxuduğum Cəbrayıl rayonu
Soltanlı kənd orta məktəbində yaradıcı
mühit var idi. Bir neçə ətraf kəndin
uşaqları da bizim məktəbdə oxuyurdular. Yeri gəlmişkən,
qeyd edim ki, o məktəb Cəbrayıl qəzasında ilk
açılan məktəblərdəndi, 2012-ci ildə 100 yaşı tamam
oldu. Həmin vaxtlar kəndin
işıqları tez-tez sönürdü. Bu mövzuda
“Üç gündən bir, beş gündən bir” adlı
felyeton yazdım və öz uşaq təxəyyülümün
məhsulu olan bu yazını rayonun “Kolxozçu” qəzetinə
göndərdim. Felyeton orada çap olundu. O yazıdan sonra həmin
qəzetlə əməkdaşlığa başladım.
1974-cü ildə isə “Kolxozçu” qəzetinin baş
redaktoru Sirac Rüstəmov mənə Jurnalistika fakültəsinə
daxil olmaq üçün göndəriş verdi. O vaxtki
qaydaya görə jurnalistikaya qəbul olunmaq üçün
gərək yazın çap olunaydı. Mənim də həm
rayon qəzetində , həm də “Azərbaycan gəncləri”ində
yazılarım çap olunmuşdu. Ona görə sənədlərimi
qəbul elədilər, ancaq çox təəssüf ki, bal
və staj məsələsinə görə Jurnalistika
fakültəsinə daxil ola bilmədim. Buna baxmayaraq, yazıdan
əl çəkmədim. Yazmaq həyatımın bir hissəsinə
çevrildi. Bir az təvazökarlıqdan uzaq çıxsa
da, bu yaşda dönüb geriyə baxanda görürəm
ki, ötən 60 ilimi hədər yaşamamışam.
- Sonra teatrşünaslığı
seçdiniz...
- Hərbi xidməti başa vurduqdan sonra
sənədlərimi İncəsənət İnstitutunun -
indiki Mədəniyyət və İncəsənət
Universitetinin Teatrşünaslıq fakültəsinə verdim.
Ora qəbul olundum. Tale elə gətirdi ki, sonradan yenə mətbuatla
sıx əlaqəm yarandı, “Bakı” qəzetində,
“Qobustan” jurnalında yazılarım çap edildi. Teatr Xadimləri
İttifaqında da çox böyük insanlarla tanış
oldum. Lütfiyar İmanov, Həsənağa Turabov kimi şəxsiyyətlərlə
ünsiyyət mənə çox böyük təcrübə
qazandırdı. Orada işləyən zaman bir neçə
kitabım çıxdı, tamaşaya qoyulmaq
üçün dünya dramaturgiyasından doqquz əsər
tərcümə etdim. Teatr Xadimləri İttifaqında
işləyərkən incəsənətlə tamam
qaynayıb-qarışdım. Həm bu sənətdə
şöhrət qazananları gördüm, həm də “incəsənətin
qurbanı” olanları.
- Bəs, televiziyaya nə vaxt gəlmisiniz?
- 1986-cı ildə Azərbaycan televiziyasının
ədəbi dram verilişləri redaksiyası ilə
yaradıcı təmas qurdum. Orada veriliş
aparıcısı və müəllifi kimi fəaliyyət
göstərdim. Demək olar ki, Azərbaycan Televiziyasına
ruhən bağlanmış bir insanam. Ümumiyyətlə Azərbaycanın
tanınmış yazarlarının əksəriyyəti Azərbaycan
radio və televiziyasının “şinelindən”
çıxıb.
- Siz “Azərbaycantelefilm”
Yaradıcılıq Birliyini tariximizin canlı salnaməsi
adlandırırsınız...
- Bəli, “Azərbaycantelefilm”
Yaradıcılıq Birliyinin fondunda 1500 saatdan artıq sənədli
televiziya filmi var. Bunlar hamısı Azərbaycanın tarixidir.
“Azərbaycantelefilm”lə bağlı kitab da yazmışam,
ancaq hələ çap olunmayıb. Bura mənə Azərbaycanı
tanıdıb. Bizə elə gəlir ki, biz Azərbaycanı
tanıyırıq. Amma bu, heç də belə deyil. Azərbaycan
televiziyası məni ölkəmizin hər yerinə
apardı və mən vətənimizin mənzərəsini,
təbiətini, insanlarını, tarixini və
bugününü daha dolğun və aydın görə
bildim.
- Nədənsə mənə elə gəlir
ki, filmləriniz sizə yazı və tərcümələrinizdən
daha yaxındır.
- Elədir, çünki filmlər mənim
gündəlik məşğul olduğum işdir. Sənədli
filmlər maarifləndirmə xarakteri daşıyır. Deyərdim
ki, sənədli filmlər böyük kinonun mayasıdır.
Çünki onlar gerçəkliyə, faktlara əsaslanır.
“Azərbaycantelefilm”də maarifçilərə həsr edilmiş
bir neçə filmim yaranıb ki, onlar mənə daha
yaxındır. Mirzə Fətəli Axundzadəyə həsr
olunmuş “Sabahın elçisi”, Abbasqulu ağa Bakıxanov
haqqında “Qüdsi” və
Firudin bəy Köçərli haqqında çəkilmiş
“Hökm icra olunmuşdur” adlı filmlər mənə daha
yaxındır. Bu filmlərin həsr olunduğu şəxsiyyətlər
Azərbaycan maarifçiliyinin çox dəyərli
simalarıdır, onların hər biri ömrünü,
bütün imkanlarını xalqın maariflənməsinə
sərf etmiş insanlardır.
Elə filmlər var ki, çəkiliş
zamanı qəlbimdə, yaddaşımda çox dərin izlər
buraxıb. Misal üçün, “Quba qırğını”
filmi bu baxımdan daha doğmadır. Bu filmi çəkərkən
1993-cü ildə Cəbrayılda yaşananlar yadıma
düşdü, ermənilərin qəddar xislətini bir daha
gördüm və hiss etdim.
Ümumiyyətlə, Cəbrayılın
işğalı mənim qəlbimdə sağalmaz yara kimi özünə
yer eləyib. Mənim Şuşa teatrının tarixinə həsr
olunmuş kitabım var. Orada yazmışam ki, “bu kitabı
gözü yolda qalan kəndlərimizin, şəhərlərimizin
xatirəsinə ithaf edirəm”. Bir nəfərlə
küçədə rastlaşdıq dedi ki, ay Yaqub, o nə
sözdü yazmısan, kəndin gözü olur ki, yolda da
qala? O adama dedim, sən o kəndin gözünü görə
bilməzsən, çünki asfalt üzərində ayaq
açmısan, səndə o hiss yoxdur. Mən torpaq
adamıyam. Ən böyük arzum qəbrimin öz kəndimizdə
qazılmasıdır. Görkəmli bəstəkarımız
rəhmətlik Süleyman Ələsgərovla söhbətlərimin
birində dedi ki, kaş, mən öləndə cəsədimi
yandıraydılar, topun lüləsinə qoyub Qarabağa
ataydılar. Bu söz mənim yaddaşıma yazılıb.
İnanıram ki, o yerlərə qayıdacağıq. Apreldəki
4 günlük müharibədən sonra buna daha çox
inanıram. Millət özünə güvənəndə,
öz gücünə əmin olanda yenilməzləşir.
Son hadisələr zamanı mən millətimizdə məhz
bunu müşahidə etdim. İlk dəfə isə bu ruhu
bizdə 1990-cı il yanvar hadisələri zamanı
görmüşdüm. İnanıram ki, bu ruh yüksəkliyi,
özünəinam bizi heç vaxt tərk etməyəcək.
Ramil HİKMƏT
525-ci qəzet.- 2016.- 23 iyul.- S. 19.