İmperiyalar və onların süquta sürüklənməsi

 

 (Əvvəli ötən şənbə sayımızda)

 

8. Müharibənin son ili 

 

1918-ci ilin martında Rusiyanın müharibədən geri çəkilməsi, nəticənin Almaniyanın öz xeyrinə olacağı barədəki ümidini təzələdi. Rusiya üzərində qələbə Lyudendorfu və əksər alman liderlərini inandırdı ki, bir son hərbi oyun keçirmək - hərbi pat vəziyyətinə son qoymaq üçün Qərbdə böyük bir hücum təşkil etmək lazımdır. Alman hücumu martda başladı və iyul ayına qədər davam etdi. Alman qüvvələri yenidən Marna çayına tərəf 40 mil irəliləməkdə uğur qazandı, artıq Parisə 35 mil məsafə qalırdı. Lakin Müttəfiqlər fransız generalı Ferdinand Foşun başçılığı altında və gəlib çatmış 140 min nəfərlik təzə amerikan qoşunlarının köməyi ilə əks-hücuma keçdilər, almanları 18 iyulda Marna üzərindəki ikinci döyüşdə məğlub etdilər. Lyudendorfun oyunu uğursuz oldu. Öz ehtiyatlarından istifadə etməklə Lyudendorf başa düşdü ki, məğlubiyyət labüddür. Qitəyə bir milyondan artıq tərkibdə amerikan qoşunun gəlməsi ilə Müttəfiq qüvvələri Almaniyaya tərəf cəsarətlə irəliləməyə başladılar.

29 sentyabr 1918-ci ildə general Lyudendorf alman liderlərinə məlumat verdi ki, müharibə uduzulmuşdur. Məğlubiyyətin yükünü ordunun üzərinə qoymamaq üçün Lyudendorf tələb etdi ki, hökumət ləngimədən sülh xahiş etsin. Alman rəsmiləri biləndə ki, Müttəfiqlər sülh bağlamağı istəmirlər, onlar islahatlara başladılar ki, liberal hökumət qursunlar. Lakin bu islahatlar taqətdən düşmüş və qəzəblənmiş alman xalqı üçün çox gec gəlmişdi. 3 noyabrda Kildəki hərbi-dəniz birləşmələri qiyam qaldırdı və bir neçə gün ərzində Rusiya sovetlərinin alman versiyası kimi fəhlə və əsgər şuraları bütün Şimali Almaniyada yaradıldı. Onlar mülki və hərbi inzibatçılığa nəzarəti ələ keçirdi. II Vilhelm ictimai təzyiqə təslim oldu və 9 noyabrda ölkəni tərk etdi. Bu vaxt sosialistlər Fridrix Ebertin başçılığı altında respublikanın qurulduğunu elan etdilər. İki gün sonra, 11 noyabr 1918-ci ildə yeni alman hökuməti ilə bağlanan barışıq qüvvəyə mindi. Müharibə başa çatdı, lakin müharibənin hərəkətə gətirdiyi inqilabi qüvvələr hələ taqətdən düşməmişdi. 

 

9. Müharibənin itkiləri 

 

I Dünya müharibəsi Avropa sivilizasiyanı viran qoydu. Sayı 8 və 9 milyon arasındakı əsgər döyüş meydanlarında həlak olmuşdu, digər 22 milyon yaralanmışdı.

Müttəfiqlər və onlara qoşulan dövlətlər I Dünya müharibəsinə 42 milyondan artıq adam cəlb etmişdi və 5 milyondan artıq adam itirmişdi. Mərkəzi Dövlətlər Türkiyə və Bolqarıstanla birlikdə 23 milyona yaxın adam səfərbərliyə almış və 3,4 milyon adam itirmişdilər.

Müharibədən çıxanların bir çoxu sonralar döyüşdə aldıqları yaralardan ölürdü və ya adamlar qollarını, ayaqlarını itirməkdən və ya digər formada olan zədələrdən əziyyət çəkirdilər. Çox sayda gənc adamın ölümü və ya zədə alması nəticəsində Avropa ölkələrinin çoxunda doğum dərəcəsi nəzərə çarpan qaydada aşağı düşmüşdü. I Dünya müharibəsi öz veteranlarının “itirilmiş nəslini” yaratdı. Onlar zorakılığa adət etmişdilər və vuruşanların müharibədən sonrakı dəstələrini yaratmaqla Mussoliniyə və Hitlerə hakimiyyətə yiyələnməkdə köməklik göstərdilər.

Təkcə əsgərlərin ölümü ağır təsir bağışlamırdı. Saya-hesaba gəlməyən mülki adamlar müharibədən, vətəndaş müharibəsindən və ya aclıqdan ölmüşdü. 1915-ci ildə Türk hökuməti erməni azlığının üsyan etməsindən və onların ruslara kömək göstərməsindən şübhələndiyindən, kişi cinsindən olan bəzi erməniləri öldürməyə, qadın və uşaqları sürgün etməyə başladılar. Türkiyə vətəndaşları olan erməni azlığı ruslara kömək etməyə çalışır, əslində müharibə dövründə öz dövlətlərinə qarşı xəyanət edirdilər. Axı savaşda xəyanət müharibə silahı hesab olunur. Ermənilər də dövlətin tədbirlərinə cavab olaraq türkləri qətlə yetirməyə əl atırdılar. Ümumiyyətlə, böyük faciə baş verdi. Çox sayda erməni qırğına məruz qaldı, sürgün olunanlar isə səhralarda və bataqlıqlarda dəhşətli əzablara düçar oldular. Qətlə yetirilən türklər də az deyildi.

I Dünya müharibəsi təkcə itkiləri, əzabları, dəhşətləri ilə xatırlanmaqla yanaşı, onun bircə səhnəsi həm də bir-birilə vuruşan iki imperiyaya - Britaniya və Osmanlı imperiyasına görkəmli siyasi xadimlər bəxş etmişdi. Söhbət 1915-ci ildə gedən Qallipoli döyüşündən gedir, onun təşəbbüskarı gələcək Britaniya baş naziri, II Dünya müharibəsindəki qələbənin arxitektoralarından biri Uinston Çörçill, ikincisi 1945-ci il seçkilərində Leyborist partiyasının qələbəyə çatdırmaqla baş nazir kimi Çörçilli əvəz edən Klement Ettli idi. Üçüncüsü isə yeni Türkiyə Respublikasının banisi, sonralar Atatürk adlanan Mustafa Kamal idi. Onlar öz ölkələrinin tarixində mühüm rol oynamaqla yanaşı, beynəlxalq aləmdə də böyük nüfuz sahibləri olmuşdular.

Uinston Çörçill Qallipoli döyüşündə ingilislərin türklər tərəfindən biabırçı məğlubiyyətinin əsas təqsirkarı idi, çünki bu əməliyyatın keçirilməsinin müəllifliyi Admirallığın birinci lordu kimi ona məxsus idi. O, özü döyüş səhnəsində olmasa da, əməliyyata rəhbərlik etmişdi. Belə uğursuzluğa görə o, hərbi-dəniz qüvvələrinin komandanlıqdan istefa vermiş, günahı başqalarının üstünə yıxmağa çalışmışdı. Hətta o, türklərin batırdığı ingilis gəmilərinin köhnə olması bəhanəsini irəli sürərək, guya onların batmalı olduğunu vurğulayaraq, bu biabırçılığa haqq qazandırmağa çalışmışdı. Lakin onu nəzərə almırdı ki, batan gəmilərdə həlak olan dənizçilər və əsgərlər axı köhnə, qoca deyildilər, bu gənc adamların həyatı niyə avantüra xarakterli əməliyyata görə qurban verilmişdi?

Lakin bəlkə də Çörçillin bu uğursuzluğu və istefaya getməsi olmasaydı, onun alman nasizminin təhlükəsini gec də olsa duyub, ona qarşı çıxması və II Dünya müharibəsinin qızğın başlanğıcında yenə də Admirallığın rəhbərliyinə qayıtması, az sonra, 1940-cı ilin 10 mayında döyüşən Böyük Britaniyanın baş naziri vəzifəsini tutmasına səbəb olmazdı və daha böyük miqyasda qisasa onu ilhamlandırmazdı. O, daha böyük qələbə ilə Qallipoli ləkəsini öz üzərindən silə bilərdi və bunu bacardı. Qələbəsi isə onu daha yüksəklərə qaldırdı, ona dünya şöhrəti bəxş etdi.

Klement Ettli isə Qallipolidə vuruşmuş və yaralanmışdı. O, Leyborist partiyasının lideri kimi 1945-ci ilin iyul seçkilərində qalib gələrək, Böyük Britaniyanın baş naziri seçilmişdi. Müharibə qəhrəmanı öz yerini sülh dövrünə daha çox uyğun gələn bir xadimə veriləsi oldu. Ettli Britaniyanın dinc inkişafına, müharibədən sonrakı iqtisadiyyatının bərpa edilməsinə, müharibənin yaralarının sağaldılmasına böyük töhfə verilmişdi, onunla bu sahədə hətta iki dəfə baş nazir olmuş Çörçill də müqayisə edilə bilməz. Leybolrist hökumətinin uğurlu daxili və xarici siyasəti İngiltərənin inkişafına xeyli təsir göstərdi. Onun hökumətə başçılıq etdiyi dövrdə Hindistan müstəqillik qazandı və imperiyanın dağılması ciddi sarsıntıya yol verilmədən getdi. Çörçill isə daim hind xalqının mübarizəsinə müqavimət göstərir, bu mübarizənin lideri Mahatma Qandini istehza qaydasında “çılpaq dərviş” adlandırırdı. Ettli isə Hindistan məsələsində müdrikcəsinə güzəştə getməyə üstünlük verdi. O, yəqin ki, başqalarından fərqli olaraq Britaniya imperiyasının tənəzzülünü və süqutunu qabaqcadan görməyi bacarırdı.

Qallipolidə gənc polkovnik-leytenant Mustafa Kamal qələbənin qazanılmasında mühüm rol oynamışdı. O, son anda türk əsgərlərinə müraciət edərək yarımadadakı Britaniya qüvvələrini suya tökməyi əmr etdikdə demişdi: “Mən sizə hücum əmri vermirəm, mən sizi ölümə göndərirəm”.

Mustafa Kamal paşa Osmanlı imperiyasının xarabalıqları üzərində Türkiyənin varlığını geniş təcavüzə baxmayaraq, qoruyub saxlaya bildi və gənc demokratik, dünyəvi dövlətin beşiyi başında dayandı. Onun hərbi istedadı, dövləti idarə etmək bacarığı, verilmiş “Atatürk” adının ali ləyaqətinə bütünlüklə uyğun gəlirdi.

I Dünya müharibəsinin digər maraqlı epizodlarından biri ondan ibarətdir ki, müharibə dövründə gələcək İtaliya duçesi Benito Mussolini İngiltərənin casusu kimi xidmət göstərmişdi və casusluq fəaliyyətinə görə Britaniya hökumətindən xeyli pul almışdı. 

 

10. Sülhün məqsədləri 

 

1919-cu ilin yanvarında Parisdə toplanan qalib Müttəfiqlərin sülh konfransında dövlətlərin çoxu xeyli daha praqmatik motivlər əsasında hərəkət edirdi. Milli maraqlar, həmçinin Paris sülh konfransında Böyük Britaniya baş naziri Lloyd Corc 1918-ci ildəki seçkilərdə almanların dəhşətli müharibəyə görə haqq ödəməli olduqlarını vurğulamaq hesabına həlledici qələbə qazanmışdı.

Fransa sülhə, milli təhlükəsizliyinə aid ümidlərlə konfransa gəlmişdi. Fransanın baş naziri Jorj Klemanso inanırdı ki, fransız xalqı alman təcavüzünün başlıca zərbəsinə məruz qaldığından intiqam hissi ilə doludur. Həm də gələcək alman təcavüzünə qarşı öz təhlükəsizliyinə əmin olmağa layiqdir. Klemanso Almaniyanın demilitarizasiya olunmasını, müharibənin haqqına görə böyük alman təzminatlarının ödənilməsini, Fransa ilə Almaniya arasında bufer dövlət kimi ayrıca Reynlandın olmasını istəyirdi. Bu tələbələrə ABŞ prezidenti Vudro Vilson qisas duyğusunda olan və milli öz müqəddəratını təyin etmək prinsipinə əks olan kimi baxırdı.

Baxmayaraq ki, 27 millət Paris Sülh Konfransında təmsil olunmuşdu, ən vacib qərarları isə Vilson, Klemanso və Lloyd Corc verirdi. İtaliya Böyük Dörd dövlətdən biri hesab edilsə də, çox az əhəmiyyətə malik olan bir rol oynayırdı. Əlbəttə ki, Almaniya gəlməmişdi, Rusiyada vətəndaş müharibəsi getdiyinə görə, o da dəvət olunmamışdı.

Vilson belə qərara gəlmişdi ki, “Millətlərin Liqası” gələcək müharibələrin qarşısını alacaqdır. Klemanso və Lloyd Corc bərabər qaydada Almaniyanın cəzalandırılması qətiyyətində idilər. Axırda yalnız kompromiss sülh razılaşmasına nail olmağı mümkün etdi. 25 yanvar 1919-cu ildə konfrans Millətlər Liqasının prinsiplərini qəbul etdi. Klemanso həmçinin Fransanın təhlükəsizliyi üçün bəzi qarantiyalar əldə etməkdən ötəri kompromissə getdi. Böyük Britaniya və Birləşmiş Ştatlar söz verdilər ki, Almaniya Fransaya hücum etsə, axırıncıya kömək göstərəcəklər.

Parisdə son sülh razılaşmaları məğlub edilmiş millətlərlə - Almaniya, Avstriya-Macarıstan, Bolqarıstan və Osmanlı imperiyası ilə beş ayrıca müqavilələrdən ibarət idi. Versal müqaviləsi 28 iyun 1919-cu ildə Almaniya ilə imzalanmaqla daha mühüm əhəmiyyət kəsb edirdi. Almanlar kəskin sülh gözləyirdilər, lakin müqavilə daha sərt oldu. Almanlar xüsusən “Müharibə təqsiri maddəsi” adlanan 231-ci maddə ilə özlərini bədbəxt hesab etdilər. Ona görə Almaniyanın və Avstriyanın müharibəni başlamağa görə məsuliyyət daşıdığı bəyan edildi və göstəriş verildi ki, Almaniya vurduğu bütün ziyanlara görə təzminat ödəməlidir. Çünki müharibə “onların (Müttəfiqlərin) üzərinə Almaniyanın və onun müttəfiqlərinin təcavüzü ilə qoyulmuşdur”. Müqavilə təzminatın miqdarını müəyyən etmədi, bu, sonralar təzminat komissiyası tərəfindən müəyyən ediləcəkdi.

Almaniya öz ordusunun tərkibinin 100 min nəfər olması üçün onu ixtisar etməli idi, hərbi-dəniz qüvvələrindən imtina etməli və hərbi-hava qüvvələrini məhv etməli idi. Almaniyanın ərazi itkiləri Elzas və Lotaringiyanın Fransaya və Prussiyanın bölmələrinin yeni Polşa dövlətinə verilməsi idi. Üç kiçik ərazi Belçikaya verildi, Lüksemburq alman birliyindən azad edildi. Sileziya zonaları Almaniyadan alınıb Çexoslovakiyaya verildi.

 

(Ardı var)

Telman Orucov

525-ci qəzet.- 2016.- 23 iyul.- S. 20-21.