Hərb və dövlətçilik
tariximizdə möhtəşəm bir imza
KƏNGƏRLİ
SÜLALƏSİNİN DÖRDÜNCÜ GENERALI HÜSEYN
XAN NAXÇIVANSKİNİN ÖMÜR VƏ
FƏALİYYƏT YOLU HAQQINDA QEYDLƏR
Rus-yapon müharibəsində Landunqou kəndinin yaxınlığında Hüseyn xan Naxçıvanski göstərdiyi rəşadətə görə Rusiya ordusunun ən ali hərbi ordeninə - dördüncü dərəcəli "Müqəddəs Georgi" ordeninə layiq görülür.
"Müqəddəs əzabkeş və qalib Georgi" ordeni-çar Rusiyasında 4-cü dərəcəli hərbi ordeni - 1760-cı ildə II Yekaterina təsis etmişdir. Bu ordenlə əsasən general və
zabit heyəti, həmçinin hərbi hissələr təltif
olunurdu. 1913-cü ildən bu orden "Georgi
Xaçı" adlandırıldı.
17 dekabr
1905-ci il qəhrəmanımızın
taleyindən qırmızı xətt kimi keçir. Bu ordenin sahibləri Rusiya zadəganlığının
qanuni varisi sayılırdılar. Rusiya
tarixşünaslığında bu ordenin tədqiqinə dair
maraqlı monoqrafiyalar yazılıb. Onlardan
birini də ("Qeorqievskie kavalerı -
azerbaydjançı") Rusiyada yaşayan azərbaycanlı
tarixçi-tədqiqatçı E.E.İsmayılov qələmə
alıb.
Hüseyn
xan Naxçıvanskinin Yaponiya müharibəsində göstərdiyi
qəhrəmanlıqlar V.A.Pottonun tərtib etdiyi "Əlahəzrətin
Nijeqorod Draqun polkunun tarixindən" çoxcildliyində
böyük məhəbbətlə vəsf edilib: "Polk
komandiri Komstadiusun yerinə 24 noyabr 1905-ci ildə polkovnik
Hüseyn xan Naxçıvanski təyin edilib. O, bizim tariximizdə
məşhur olan Ehsan xan Naxçıvanskinin varisidir..."
Müharibə qurtarandan sonra Hüseyn xan 14 fevral
1906-cı ildə 44-cü Nijeqorod Draqun polkunun komandiri vəzifəsinə
təyin olunur.
1906-cı
il martın 21-dən aprelin 29-dək
Peterburqda ezamiyyətdə olan Hüseyn xan Qafqaz Süvari
Briqadasının nümayəndə heyətini imperatora təqdim
etmək üçün hazırlıq görür.
V.A.Potto
davam edərək yazır: "Əlahəzrət imperatorun
icazəsi ilə Peterburqa gələn nümayəndə heyətindəkilər:
polkun komandiri Xan Naxçıvanski, podpolkovnik Qlonti, rotmistrlər
Kobiev və Kusov, polk komandirinin yavəri ştabs-rotmistr knyaz
Trubeçkoy, poruçik Den və knyaz Çavçavadze.
Nümayəndə heyətinin qəbulu 5 aprel 1906-cı ildə
Çarckoye Seloda oldu...
Hökmdar Nijeqorod polkunun geyimində həyat
yoldaşı ilə birlikdə heyətin qarşısına
çıxdı. Onun qucağında balaca varisi var idi.
Polk komandiri şahzadə üçün
hazırlanmış miniatür nijeqorodçu mundiri (hərbi
paltarı - müəllif) balaca varisə gətirdi. Mundir bayramsayağı bəzədilmişdi. Süngü isə balaca idi - Şahzadəyə gətirilən
digər süngü isə Xan Naxçıvanskiyə məxsus
əsl döyüş süngüsü idi. Əla, qədim tiyəsi vardı. Hökmdar
ehtiramla gətirilənləri qəbul etdi, nijeqorodçulara
xanımı və varisi adından təşəkkür etdi
və polkun komandirinə dedi: "Bugünkü gündən
xatirə olaraq sizi mən fligel-adyutant təyin edirəm".
O, komandiri qucaqladı və üzündən öpdü...
8 aprel 1906-cı ildə Hüseyn xan Naxçıvanski
fligel-adyutant təyin edilməklə bərabər, həm də
44-cü Nijeqorod Draqun polkunun komandiri vəzifəsini
daşımaqla hərbi fəaliyyətini davam etdirirdi.
4 iyul 1906-cı ildə saray qvardiyasının Süvari
polkuna komandir Hüseyn xan Naxçıvanski təyin
olunmuşdur.
20 iyul 1907-ci ildə Hüseyn xana general-mayor hərbi
rütbəsi verilir. 6 dekabr 1910-cu ildə birinci dərəcəli
"Müqəddəs Stanislav" ordeni ilə təltif edilən
Hüseyn xan Peterburq hərbi dairəsinin sərəncamına
göndərilir. Burada müxtəlif hərbi
təlimlərdə olan Xan Naxçıvanski 18 aprel 1912-ci ildə
Əlahiddə Birinci Süvari Briqadasının rəisi təyin
olunur. Onun bu illərdə çəkdiyi
zəhmət yenə öz bəhrəsini verir. 6 dekabr 1913-cü ildə onu birinci dərəcəli
"Müqəddəs Anna" ordeni ilə təltif edirlər.
Hüseyn xan Naxçıvanskiyə hərbi
xidmətdə fərqləndiyindən 16 yanvar 1914-cü ildə
general-leytenant rütbəsi verilir. O, İkinci Süvari
Diviziyasına rəis təyin edilir və bu diviziya ilə
Birinci Dünya müharibəsində döyüşə
yollanır. 13 oktyabr 1914-cü ildə Hüseyn
xan Naxçıvanskiyə İkinci Süvari Korpusunun komandiri
vəzifəsi tapşırılır. Bu
korpusun tərkibinə 12-ci Süvari Diviziyası da daxil
edilmişdi. 12-ci diviziyaya əvvəlcə general
A.M.Kaledin, sonralar general, baron Karl Qustav
Mannerheym komandirlik edirdi. Qafqaz Yerli Süvari Diviziyası
da general-mayor böyük knyaz Mixail Aleksandroviçin
komandirliyi ilə bu korpusun tərkibində uğurla
döyüşürdü.
22 oktyabr 1914-cü ildə çarın fərmanı ilə
Hüseyn xan Naxçıvanskiyə üçüncü dərəcəli
"Müqəddəs Georgi" ordeni verilir. Şərqi Prussiyada apardığı
uğurlu hərbi əməliyyata görə Hüseyn xan
ikinci dəfə bu yüksək ali hərbi
ordenin kavaleri olur.
1 may
1915-ci ildə Hüseyn xan "Ağ Qartal" ordeni ilə
(qılınclarla birlikdə) təltif edilir. Bu ordeni alan kavaler ən azı general-mayor olmalı idi.
Həmin ilin 1 iyununda Hüseyn xan Naxçıvanski
Əlahəzrətin yavəri təyin edilir. Oktyabrın
25-də Qafqaz canişini və Qafqaz ordusunun baş
komandanı, böyük knyaz Nikolay Nikolayeviçin sərəncamına
göndərilir. Rusiya ordusunu
Sarıqamış və Ərzurum döyüş əməliyyatlarında
məğlubiyyətdən Hüseyn xan Naxçıvanski
xilas edir.
23 yanvar 1916-cı ildə Hüseyn xan
Naxçıvanskiyə tam süvari generalı rütbəsi
verilir və o, 9 aprel 1916-cı ildə Qvardiya Süvari
Korpusunun komandiri təyin edilir.
1917-ci ildə Hüseyn xan Naxçıvanski əvvəlcə
Kiyev qərargahında, həmin ilin 23 iyunundan isə Petroqrad
(indiki Sankt-Peterburq) hərbi dairəsində ehtiyatda olan hərbçi
kimi qeydə alınır.
Bu məsələni də qeyd etmək yerinə
düşərdi. 1917-ci ildən sonra Naxçıvanın Kəngərli
sülaləsindən Rusiya ordusunda olan hərbçilər,
Hüseyn xan Naxçıvanskinin ciddi
tapşırığı ilə Azərbaycanın və onun
ayrılmaz tərkib hissəsi olan Naxçıvanın
müdafiəsinə gəlmiş və qəhrəmanlıqla
erməni daşnaklarına qarşı döyüşüb
onları məğlub etmişlər. Özünə
isə Naxçıvana gəlməyi imkan vermədilər.
Onu Petroqradda həbs etdilər.
1919-cu ilin yanvarında Hüseyn xan Petroqradda
qırmızı bolşeviklər tərəfindən güllələnmişdir.
Hüseyn xan Naxçıvanski 1889-cu ildə Sofiya
Nikolayevna Taube ilə ailə qurmuşdur. Onun arvadı
Sofiya Nikolayevna (1864 Peterburq - 1941 Beyrut) məşhur şair, tərcüməçi
və naşir Nikolay Vasilyeviç Herbelin qızıdır.
Sofiya Taube mühacirətdə
dünyasını dəyişmişdir. Onların
izdivacından iki oğlu və bir qızı dünyaya gəlmişdir:
Nikolay xan (1891 Peterburq -1912 Peterburq), Tatyana xanım (30.06.1894
Peterburq - 3.05.1972 Nitsa, Fransa), Georgi xan (29.12.1889 Peterburq -
8.05.1948 Beyrut, Livan). Onların varisləri indi də
Naxçıvanski soyadını daşıyırlar.
20 il Süvari polkunda xidmət etmiş və
bütün döyüşlərdə döyüşən
ordunun ön sıralarında olan Hüseyn xan
Naxçıvanskinin qəhrəmanlığı haqqında
hələ çar Rusiyasında onlarla əsərlər
yazılmışdır. Təəssüflər
olsun ki, Sovet hakimiyyəti illərində ancaq bəzi
kitabçada və ensiklopedik nəşrlərdə onun
haqqında ötəri məlumat verilib.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra
qəhrəman eloğlumuz Hüseyn xanın həyatı və
hərbi fəaliyyəti geniş tədqiqata cəlb edilib. Hərbi tədqiqatçılar
Ş.Nəzirlinin, F.Nağdəliyevin və digərlərinin
yazdıqları əsərlərdə böyük sərkərdənin
döyüş hünərlərindən ətraflı
söhbət açılsa da onun haqqında mükəmməl
əsər - Hüseyn xan Naxçıvanski haqqında hekayət
- Rusiya qafqazşünası və tarixçisi R.İvanov tərəfindən
yazılmışdır. R.N.İvanovun
yazdığı "Qeneral-Adyuntant Yeqo Veliçestva"
(Moskva, 2006) adlı 368 səhifəlik kitab azərbaycancaya da tərcümə
olunub. ("Əlahəzrətin general-adyuntantı",
Naxçıvan: 2008).
Yazılanların
hamısını öyrəndikcə hiss edirsən ki,
görkəmli sərkərdənin Qafqazdakı hərbi fəaliyyətinin
də əhatəli tədqiqinə ehtiyac vardır. Bütövlükdə qəhrəman sərkərdənin
həyatına və hərbi fəaliyyətinə dair mükəmməl
monoqrafiyanın da yazılması çox vacibdir.
2013-cü
il iyulun 28-də görkəmli sərkərdə
Hüseyn xan Naxçıvanskinin anadan olmasının 150
illiyi tamam olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
tapşırığı əsasında Hüseyn xanın
yubiley tədbirləri bütün rayonlarda hərbi hissələrdə
və Naxçıvan şəhərindəki qarnizonda təntənəli
surətdə qeyd edilmişdir. Təpədən-dırnağa
qədər vətənpərvər, cəsur, sədaqətli
döyüşçü olan sərkərdəmizin
bütün yüzilliklərdə nəsillərə
nümunə olacaq həyatı və fəaliyyəti
vardır.
Rusiyanın
hərbi tarixşünaslığı ilə tanış
olan hər kəs bilir ki, ali mükafatlar ən yaxşı
xidmətə və cəsurluğa görə verilir. Cəsur döyüşçü son nəfəsinədək
içdiyi hərbi anda sadiq qalıb. İgidlər-igidi,
döyüş cəbhələrində göstərdiyi
çoxsaylı qəhrəmanlıqları ilə
öyündüyümüz tam süvari generalı Hüseyn
xan Kalbalı xan oğlu Naxçıvanski Rusiya
imperiyasının ali hərbi ordenləri ilə
yanaşı, Rumıniyanın, Bolqarıstanın,
İranın, Avstriyanın, Macarıstanın və
Çernoqoriyanın da yüksək dərəcəli ordenlərinin
sahibidir, hərbi dillə desək, kavaleridir. Özünün
xüsusi hərbi istedadı, yüksək əxlaqı, səmimiliyi,
xeyirxahlığı, dəmir iradəsi və tələbkarlığı
ilə seçilən Hüseyn xan Naxçıvanski Rusiya
ordusunda və imperator sarayında yüksək nüfuz sahibi
olmuş yeganə Azərbaycan türküdür.
Hüseyn xan Naxçıvanski ulu əcdadları kimi
içdiyi hərbi anda sadiq qaldı. Onun hərbi fəaliyyəti
və Vətənə sonsuz məhəbbəti gəncliyə
daim nümunə olacaq.
(Əvvəli ötən
sayımızda)
Musa RƏHİMOĞLU (QULİYEV)
AMEA
Naxçıvan Bölməsinin aparıcı elmi
işçisi, tarix üzrə fəlsəfə doktoru
525-ci qəzet.-2016.- 29 iyul.- S.4.