Kann şəhərində Azərbaycanın
təbliği ilə bağlı sərgilər açılıb
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində Azərbaycanın tarixini və mədəniyyətini, ölkələrimiz arasında əlaqələri əks etdirən sərgilər açılıb (AZƏRTAC).
Sərgilərdən biri
“Partizanın izi ilə” adlanır. Bu sərgi
İkinci Dünya müharibəsinin iştirakçısı,
Fransa Müqavimət Hərəkatının görkəmli
nümayəndəsi Əhmədiyyə
Cəbrayılova həsr
olunub. Ekspozisiyada azərbaycanlı partizanın həyat və döyüş yolunu əks etdirən eksponatlar, o cümlədən, Əhmədiyyə
Cəbrayılovun şəxsi
arxivindən götürülmüş
fotolar nümayiş etdirilir.
Əhmədiyyə Cəbrayılovun oğlu Cavanşir Cəbrayılov
atasının müharibə
dövründə fransız
partizanlarına qoşulmasından,
Müqavimət Hərəkatının
qəhrəmanı olmasından,
Şarl de Qollun rəğbətini qazanmasından
danışıb. Azərbaycan bayrağının
Kannda dalğalanmasından,
Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə bu şəhərdə sərgilərin
açılmasından çox
sevindiyini bildirən Cavanşir Cəbrayılov
bütün bunların
Fondun prezidenti Mehriban Əliyevanın vətənpərvərliyindən irəli gəldiyini vurğulayıb.
Azərbaycana aid sərgilərdən biri də “Bir günəş
altında” layihəsi
çərçivəsində açılıb. Bu layihə
çərçivəsində Azərbaycanda multikulturalizmə
və tolerantlığa
həsr olunan sərgi və film böyük maraqla qarşılanıb. Sərgidəki fotolar və film Azərbaycanın müxtəlif
guşələrində çəkilib.
Burada 20 azsaylı xalqın tarixini, mədəniyyətini
və adət-ənənələrini
əks etdirən foto və videomateriallar
əsasında sərgi
iştirakçılarına Azərbaycandakı tolerantlıq
haqqında ətraflı
məlumat verilir.
Sərginin “Danışan başlar”
adlı bölməsində
isə müxtəlif
azsaylı xalqların
və etnosların nümayəndələri öz
dillərində maraqlı
hekayələri nəql
edirlər.
Sərgidə Azərbaycanda yaşayan müxtəlif xalqların
adət-ənənələrindən bəhs edən “Bir günəş altında” filmi də təqdim olunur. Bir sözlə, burada
Azərbaycanda müxtəlif
xalqların və millətlərin nümayəndələrinin
bir ailə kimi yaşaması, ölkəmizdəki tolerantlıq
mühitinin qədim və zəngin tarixə malik olması aydın şəkildə əks etdirilir.
“Gəncə və
Qəbələ: iki şəhər fransız
fotoqrafların gözü
ilə” sərgisində
isə Azərbaycan təbiətinin gözəllikləri,
özünəməxsus mədəniyyət
və adət-ənənələri
təqdim edilir. Sərginin
təşkili məqsədilə
fransız fotoqraflar
Samuel Qrataka və Jan-Fransua Rozye 2016-cı ilin aprelində Gəncəyə və Qəbələyə səfər
edib, Azərbaycanın
qədim tarixə, eləcə də müasir turizmdə aparıcı rola malik hər iki şəhərinin mənzərələrini, abidələrini,
gündəlik həyatını
fotoaparatın yaddaşına
köçürüblər.
Fransalı fotoqraf Jan-Fransua
Rozye deyib: “Mən 45 ildir ki, fotoqrafam. Məni Gəncəyə və Qəbələyə dəvət
etdilər. Bu yerlərdə gördüyüm
şərait, təbii
zənginlik məni heyran etdi - dağlar,
gözəl peyzaj.
İnsanlar da çox istiqanlıdırlar. Azərbaycanda, onun bölgələrində
multikulturalizmin, müxtəlif
dinlərdən, mədəniyyətlərdən
olan insanların birgəyaşayışının şahidi oldum. Bu multikulturalizm ənənəsi
Gəncədə çəkilən
şəkildə daha
aydın əks olunub”.
Azərbaycanla bağlı keçirilən
sərgilərin elə
ilk dəqiqələrindən ziyarətçilərdə böyük
maraq hiss edilirdi. Çoxlu sayda insan sərgilərlə tanış olmaq üçün Kannın festivallar sarayına gəlmişdi.
Sərgi iştirakçısı Jan-Pyer Jakob: “Bu sərgilər bizə Azərbaycan haqqında ətraflı məlumat verir, ölkəni yaxından tanımağa kömək edir. Azərbaycanı neçə ildir ki, Kann şəhərində təşkil olunan sərgilər, göstərilən filmlər sayəsində yaxından tanımağa başlamışam. Bu gün Azərbaycanın təbiətini əks etdirən şəkilləri çox sevdim. Ötən il Azərbaycanla bağlı sərgidə bizə ölkə haqqında çoxlu kitablar hədiyyə edilmişdi. Mən onların hamısını oxudum. Azərbaycanı tanıdığım digər Şərq ölkələri ilə müqayisə etmək imkanım oldu. Bu ölkənin özünəməxsus xüsusiyyətləri var. Burada təşkil olunan sərgilər, hədiyyə edilən kitablar məndə həyat yoldaşımla birlikdə ölkənizə səyahət etmək istəyi oyatdı. Biz yaxın zamanda Azərbaycana səyahət etməyi planlaşdırırıq”.
Sərgi iştirakçısı xanım Leopoldin: “Kannda Azərbaycanla bağlı təşkil olunan mədəni tədbirlər diqqətimi cəlb etdi. Burada təşkil olunan sərgilərin, göstərilən filmlərin sayəsində ölkəni yaxından tanımaq imkanım oldu. Hədiyyə edilən kitablardan daha çox məlumat əldə edirik. Ölkənin təbii gözəlliyinə vuruluruq. Azərbaycandakı tolerantlıqla bağlı göstərilən film daha çox xoşuma gəldi. Bu film ölkədəki mövcud multikulturalizmi tam əks etdirir. Ötən il Kanndan qayıdandan sonra Parisdə səyahət agentliyinə müraciət etdim və Azərbaycana səfər təşkil olunması ilə maraqlandım. Azərbaycana getməyi çox istəyirəm”.
Sərgi iştirakçısı xanım Toma: “Sərgiləri çox sevdim, şəkillər ölkəni yaxından tanımaq üçün əla fürsət yaradır. Sərgi, nümayiş olunan filmlər vasitəsilə ölkədə multikulturalizmin hökm sürdüyünü görürük. Müxtəlif dinlərin nümayəndələrinin birgəyaşayışının şahidi oluruq. Gəncədə olan qədim binaların hiperfotosu daha çox xoşuma gəldi”.
Hər üç sərgi iyulun 31-dək Kann şəhərinin sakinləri və turistlər üçün açıq olacaq.
525-ci qəzet.- 2016.- 30 iyul.- S.12.