“Leyli obrazını oynamaq qəzəl əzbərləyib oxumaqla bitən iş deyil”

 

Gənc xanəndə Ayşən Mehdiyeva: "İndiki dövrdə oxumaq çox çətindir, gərək nəsə fərqli bir şey edəsən ki, yadda qalasan"

 

Dördüncü “Muğam televiziya müsabiqəsi”nin iştirakçısı, “Tamaşaçıların rəğbəti” nominasiyasının qalibi gənc xanəndə Ayşən Mehdiyeva bu günlərdə “525-ci qəzet”in redaksiyasının qonağı olub, əməkdaşımızın suallarını cavablandırıb.

Həmin söhbəti oxuculara təqdim edirik.

- Ayşən xanım, “Muğam televiziya müsabiqəsi”nə qədər hansısa müsabiqədə iştirak etmişdiniz?

- “Muğam televiziya müsabiqəsi”ndən əvvəl “Xalq ulduzu” yarışmasına qatılmışdım. Amma finala qədər gələ bilmədim. 2013-cü ildə isə dördüncü “Muğam televiziya müsabiqəsi”nə qatıldım. Sənəd verənlər çox idi, təxminən 800-900 nəfər sənəd vermişdi. Onların arasından 20-25 nəfər seçildik. Muğam müsabiqəsinə qatıldığım ilk həftələrdə bir az çətinlik çəkirdim. Münsiflər heyətində Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Mənsum İbrahimov kimi sənətkarlar var idi. İstər-istəməz həyəcan olurdu. Həm də hər həftə yeni qəzəllər öyrənmək lazım gəlirdi. Bir gənc olaraq muğamlara yanaşmamız o qədər də peşəkar deyildi. Amma həftələr keçdikcə vəziyyət yaxşıya doğru dəyişirdi.

- “Xalq ulduzu”nda  ilk on altılığa düşmüşdünüz?

- Bəli düşmüşdüm.

- Sizlə eyni vaxtda müsabiqədə kimlər iştirak edirdi?

 - Valeh İsrafilov, Səbirə Kazımova, Raya Həsənova həmin müsabiqənin iştirakçıları olublar.

- Dördüncü “Muğam televiziya müsabiqəsi”ndə ən çox tamaşaçı rəğbəti qazanan iştirakçı seçildiniz...

- Müsabiqədə axıra kimi gəldim. Son həftələrdə müsabiqə Naxçıvanda keçirilirdi. Səhhətimdə yaranan problemlərlə əlaqədar sonuncu həftə çıxış edə bilmədim. Naxçıvanda oteldə qalırdıq, Nadir Axundov gəlib gördü ki, səsim çıxmır. Ona görə də çıxış etmədim. Yəni mən oxuyub ələnmədim, xəstəliyimə görə səhnəyə çıxası oldum. Bundan sonra ən çox tamaşaçı rəğbəti qazanan iştirakçı seçildim...

- Müsabiqədə iştirak yaradıcılığınızda hansı yeniliklərə səbəb oldu?

- Müsabiqədən sonra AzTV-nin solisti oldum. Biz orada orkestrlə işləyirdik, qızıl fondda səs yazmalarımız olurdu. Hələ ki, fəaliyyətimi ən çox AzTV ilə bağlamışam.

- Buna görə o biri telekanallarda az-az görünürsüz?

- Yox, başqa telekanallara da çıxıram, yəqin, siz rast gəlməmisiniz.

- AzTV ilə əməkdaşlıq hansısa çətinlik yaratmırdı ki?

- Bu ilin yanvarına qədər başqa telekanallara getməyə AzTV-dən  icazə vermirdilər. Ona görə də başqa telekanallardan çox dəvətlər alsam da, imtina etməli olurdum. Artıq AzTV ilə müqaviləm başa çatıb, indi də yəqin müqavilənin başa çatdığını bilmirlər, ona görə dəvət etmirlər. Belə deyək də, mən özüm hansısa telekanalın qapısını döymürəm, özləri görüb çağıranda gedirəm.

- Yeni planlarınız varmı?

- İndi trio ilə işləyirəm. Xalqın heç eşitmədiyi, qədim irsə söykənən mahnıları tapır, onları yenidən aranjiman etdirirəm. Bu mahnılar arasında hətta elələri var ki, yaşı 100-dən çoxdur. Həmin ifaları müasir formaya salmağa çalışırıq. Bir neçə belə mahnı ifa təqdim etdim, dinləyicilər bəyəndilər. Bu mahnılar əsasən türk, iran və kərkük folklorundan götürülüb və əksəriyyəti eşidilməyib.

- Mahnıları özünüz seçib ifa edirsiniz, ya köməklik edənlər var?

- Bu məsələdə mənə tarzən Mehman Mikayılov köməklik göstərir.

- Adətən xanəndələrin repertuarında qəzəllər təkrar olunur, amma sizin repertuarınızda təkrarçılıq yoxdur. Qəzəlləri özünüz seçirsiniz?

- Bəli. Özüm seçirəm. Vətən haqqında mahnı oxuyuramsa, mütləq qəzəl də vətənə aid olmalıdır. Ona görə kitablardan, əsas da internet vasitəsilə oxuyub seçirəm qəzəlləri. Sonuncu dəfə Məhəmmədhüseyn Şəhriyarın qəzəlini oxumuşam. O qəzəldən “Rəhm elə” mahnısında  istifadə etmişəm.

- Bəzi müğənnilər özləri mahnı bəstələyib ifa edirlər. Sizin belə bir istəyiniz olmayıb?

- Şair Məhərrəm Qasımovun sözlərinə mahnı bəstələyib oxumuşam. Gələcəkdə başqa şairlərin də sözlərinə mahnı bəstələyə bilərəm. Bizim gözəl bəstəkarlarımız var. Ona görə özümə bəstəkar desəm, yaxşı çıxmaz. Bir mahnı da oğluma yazmışam. O mahnını yazmağı həyat yoldaşım təklif etdi. Dedi, bəlkə, oğlumuzun ad günü üçün bir mahnı yazasan. Amma yazaram deyəndə fikirləşmirdim ki, yaza bilərəm. O sözü deyəndən altı ay sonra yoldaşım yazıb-yazmadığımı soruşdu. Yazmamışdım, ona görə axşam deyərəm, dedim. Beynimə sözlər gəldi,  bir də gördüm musiqi də hazırdı. Mahnını Rübail Əzimov aranjiman elədi. “Oğlum” adlı mahnının belə bir yaranma tarixçəsi var. Mənə görə çox gözəl alındı.

- Necə oldu oxumağa başladınız, ailədə sizdən başqa səsi olan var?

- Əslində, irsən gələn bir şeydir. Anamın səsi olub. Düzdür, davam eləməyib, təhsil almayıb. Məni musiqi məktəbinə aparanda fortepiano üçün aparmışdılar, pianoçu olmağımı istəyirdilər. Biləcəridə yerləşən 6 saylı musiqi məktəbinə getdim. Dedilər, bəlkə, nəsə ifa edəsən səsini də yoxlayaq. Oxuyandan sonra məktəbin direktoru Nəriman Əliyev dedi ki,  uşağın səsi var, gələcəkdə gözəl müğənni ola bilər. Anam gülərək dedi ki, o, oxuya bilmir axı, onun necə səsi ola bilər? Uşaq vaxtı sözləri şeir kimi oxuyurdum. Ritm yox idi. Getdim həmin musiqi məktəbinə, ilk müəllimim mərhum Məmmədbağır Bağırzadə olub. Rəhmətlik Məmmədbağır müəllim oxumağıma qulaq asandan sonra bir az da əsəbi şəkildə dedi ki, səsi yoxdur, bunu kim gətirib bura? Amma bir-iki ay keçəndən sonra Məmmədbağır müəllim dedi ki, yox, nəsə ola bilər. Təzə-təzə başlayanda zəngülə edə bilmirdim. Onu mənə yay tətilində Şəhla adlı bir tələbə qız öyrətdi. Zəngulə vurmağı gülə-gülə öyrəndim. Bildiyim qədəri ilə Şövkət Məmmədova da həmişə deyirmiş ki, zənguləni gülə-gülə öyrənmək lazımdır. Sonradan Bülbül adına orta ixtisas məktəbinə getdim. Orada Ağaxan Abdullayevdən 3 il dərs aldım. 2009-cu ildə İncəsənət Universitetinə qəbul oldum. Universitetdə Qəzənfər Abbasov və Ruzi İbişov  kimi pedaqoqlardan dərs aldım. Muğam müsabiqəsində isə müəllimim Gülyanaq Məmmədova idi.

- Əslən Tovuzdansınız. Nə əcəb aşıq yaradıcılığına meyl etməmisiniz?

 - Əvvəllər saz ifa edirdim, Fəzail Miskinlidən dərs almışdım. Amma çoxdandır ifa etmirəm. Tovuz rayonundan muğam ifaçısı çox deyil, amma mən muğama həvəs göstərdim.

- Xarici ölkədə hansısa müsabiqədə iştirak etməmisiniz ki?

- Yox, müsabiqədə olmamışam, amma tədbirlərdə ölkəmizi təmsil etmişəm.

- Bir çox muğam ifaçıları zamanla estrada mahnıları  oxuyur. Siz də estrada mahnılarına müraciət edirsinizmi?

- “Xalq ulduzu”na qədər  türk və yerli estradadan mahnılar oxumuşam. Ondan sonra dəyişmişəm.

- Hazırda hansısa bəstəkarla işləyirsiniz?

- Hatəm Nəbioğlundan “Azərbaycan”, “Gecələr”, “Yalan” adlı mahnılar oxumuşam. Bunlar estrada tipli mahnılardır. Yeri gəlmişkən, “Azərbaycan” mahnısına bu yay klip çəkdirəcəyəm.

- Opera teatrlarından təklif almamısınız ki?

- Hələ ki, yox. Çox istəyirdim, “Leyli və Məcnun”da Leyli obrazını canlandırım.

- Amma müsahibələrinizin birində demişdiniz ki, hələ özünüzü Leylini oynamağa hazır hiss etmirsiniz.

- Düzdür, çünki “Leyli və Məcnun” sevgisi ilahi sevgidir. O tək Leyli ilə Məcnun arasında olan sevgi deyil. Məsələn, onlar dua edəndə belə bir-birini Allahdan istəyirlər.Mənə elə gəlir ki, Leylini oynayan adam səhnədə o təbii hissləri yaşamağı bacarmalıdır. Yəni Leyli obrazını oynamaq qəzəl əzbərləyib oxumaqla bitən iş deyil. Səhnədə gözlər yaşarmalıdır.

- Leyli obrazında kimi bəyənirsiniz?

- Çoxlarını bəyənirəm, amma Leylini ən çox Gülyanaq xanımda bəyənmişəm.

-Toylara gedirsiniz?

- İndiyə kimi toya getməmişəm. Muğam məclisi kimi təşkil olunan bir-iki məclisdə iştirak etmişəm. Amma toya getməyə pis baxmıram. Baxır toya, elə yerlər var ki, ora ən böyük qonorar verilsə belə, getmərəm. Demirəm ki, pula ehtiyacım yoxdur. Sadəcə, ortam mənə görə deyil.  Toydan qazanc olmasa, sənəti ortaya çıxarmaq olmur. Qazanc olmalıdır ki, müğənninin də yeni bir hiti olsun.

- Sizin hit mahnınız var?

- “Gecələr” mahnısı var, amma çox adam bilmir. Ona klip çəkib tanıtmaq olar.

- Muğam ifaçısı kimi üzdə olmaq, seçilmək çətindirmi?

- Əlbəttə, çətindir. Çünki çox oxuyan var. İnsanlar bu gün birinə, sabah başqa birinə qulaq asır. İndiki dövrdə oxumaq çox çətindir. Gərək nəsə fərqli bir şey edəsən ki, yadda qalasan. Elə buna  görə folklora üstünlük verirəm. Bəlkə də bu səbəbdəndir ki, İranda, hətta Ankara da buradakından çox tanınıram.

- Gələcəkdə hansısa müsabiqəyə qatılmağı düşünürsünüz?

- Məncə, Azərbaycanda bəs edər.

- Bəs, xaricdə?

- Xaricdə bəlkə də, olar.

-İcazə olsa?

- Yox, icazə var. Əslində, qadağalar yoxdur. Çünki mən hər şeyin həddini bilirəm.

- Sosial şəbəkələrdə varsınız?

- Bəli, feysbukda da varam, instaqramda da. Daha çox instaqrama üstünlük verirəm. Feysbukda olan səhifəni Cənubi Azərbaycandan olan bir xanım açıb. Hazırda o səhifəyə yoldaşım nəzarət edir.

- Sizcə, məşhurlaşmaq üçün hansı daha əlverişlidir: sosial şəbəkələr, yoxsa efir, televeriliş?

- Təbii ki, efir, televeriliş. Çünki internetdə təbliğ etmək lazımdır. Düzdür, elə verilişlər var ki, o verilişlərə çıxmaq da istəmirəm. Ümumiyyətlə, indiyə kimi efirlərdə az görünməyim, bayaq dediyim kimi, AzTV ilə müqaviləmin olmasından irəli gəlirdi. Amma artıq o müqavilə bitib.

 

Ramil HİKMƏT

 

525-ci qəzet.- 2016.- 30 iyul.- S. 14.