Əbədiyaşar şairimiz Tofiq Bayram

 

UNUDULMAZ SÖZ SƏNƏTKARININ VƏFATINDAN 25 İL KEÇİR

 

 

Mən onu ilk dəfə 1968-ci ildə, o vaxtkı V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Akt zalında şeir oxuyanda görmüşdüm.

Təhsil aldığım Filologiya fakültəsi tələbələri ilə görüşə gəlmişdi. Odlu-alovlu bir şair idi, o vaxt deyiləsi, yasaq edilən sözlər, fikirləri şeir misralarına hopduraraq cəsarətlə tribunadan deyirdi, hamımız onun təsiri altında idik. Sözü-söhbəti bitib-tükənmirdi. İlhamı qanadlanıb uçurdu. Tofiq Bayram ürəyinin hərarətini Abşeronun qızmar qumlarından, ilhamının yelkənini Xəzərin ləpələrindən almışdı. Bu unudulmaz altmışıncı illər idi"... Bir də o yadımdadır ki, sözarası o dedi ki, mənə bu divarlar çox əzizdir, mən də buranı bitirmişəm, mən də sizin kimi çox gənc idim... "O vaxt yaddaşlarımızda bir istedad, bir insan həkk olundu: Tofiq Bayram".

 

Mən ondan yazmağı özümə borc bildim, istər-istəməz həmin illəri, həmin görüşü xatırladım. Hər bir insan, hər bir şair bir dünyadır, o dünyanı yaşatmaq isə bizim borcumuzdur.

 

XX əsr 60-80-ci illər Azərbaycan əbədi mühitinin öncül simalarından biri, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar incəsənət xadimi (1984) Tofiq Qulam oğlu Bayramov 16 dekabr 1934-cü ildə Bakının Əmircan qəsəbəsində doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) Tarix fakültəsində təhsil almışdır.

 

Əmək fəaliyyətinə "Azərbaycan müəllimi" qəzeti redaksiyasında şöbə müdiri kimi başlamışdır. 1960-1961-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi, 1961-1964-cü illərdə M.F.Axundzadə adına Azərbaycan Dövlət Opera və Balet Teatrında ədəbi hissə müdiri, "Ulduz" jurnalı (1964-1968) və "Ədəbiyyat və incəsənət" (indiki "Ədəbiyyat qəzeti") qəzeti redaksiyalarında şöbə müdiri (1968-1978), "Yazıçı" nəşriyyatında baş redaktor müavini (1978) işləmişdir.

 

Tofiq Bayram ilk qələm təcrübəsinə 1950-ci ildən, daha doğrusu, orta məktəbdə təhsil aldığı dövrdən başlamışdır. Poeziya aləminə belə erkən qədəm qoyması onu tezliklə ədəbi dərnəklərə, yaradıcı müzakirələrə qoşmuş, elə həmin vaxtlardan başlayaraq, o, Yazıçılar Birliyində aparılan müzakirələrdə iştirak etməyə başlamışdır. Burada tanınmış şair və ədiblərdən məsləhətlər alan, T.Bayram tezliklə yaradıcılıq sirlərinə bələd olmağa, daha çox həvəs göstərir. Yəqin elə buna görə də sonrakı illərdə Tofiq Bayramı 1950-ci illərin sonlarında Azərbaycan ədəbiyyatına qələn şairlər nəslinin ən istedadlı nümayəndələrindən biri hesab edilir. O, öz ecazkar şeirləri ilə ürəklərə yol tapan, orijinal sözü, poetik duyumu və fərqli-dəst-xətti və üslubu ilə ədəbi ictimaiyyətin nəzər-diqqətini cəlb etmişdir. Tofiq Bayramın əsərləri hər şeydən əvvəl aydın obrazlı dili ilə fərqlənirdi. Şeir və poemalarında yaratdığı poetik obrazlar və zəngin lövhələr, emosionallıq və yetkin pafos oxucunu valeh edirdi. Yaradıcılığa kiçik həcmli şeirlərlə başlamış şair, sonralar lirik, vətənpərvərlik, humanizm, insansevərlik və s. mövzularda yazmaqla əbədiyaşar və təkrarolunmaz poeziya nümunələri müəllifi kimi tanınmışdır.

 

Tofiq Bayram bütün ömrünü şeirə, sənətə həsr etmiş, mənalı ömür yaşamışdır. Müxtəlif illərdə onun bir-birinin ardınca "Ana təbəssümü" (1961), "Mənim şair xalqım" (1963), "Sizi düşünürəm" (1964), "Azərbaycan dünya gəzir" (1965), "İnamım, əqidəm" (1969), "Gərək elə yanım" (1971), "Azərbaycan deyəndə" (1974), "Səninlə görüşəndə" (1980), ("Məsləkim-silahım" (1984), "Ay gecikən məhəbbətim" (1987), ("Məsləkim-silahım" və "Ay gecikən məhəbbətim" kitabları əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamla "Seçilmiş əsərləri" (tərt.ed.S.Bayramova) (2005) və "Ay anam Bakı" (2012) adı altında əsərləri nəşr olunmuşdur.

 

Tofiq Bayramda poeziyaya həvəs ötəri xarakter daşımırdı. O, bütün düşüncəsi, varlığı ilə poeziyaya bağlanmışdı. Hələ 60-cı illərdə Tofiq Bayramda şeirə, sənətə vurğunluğu görən Xalq şairi İsmayıl Şıxlı ona ünvanladığı "Tofiq Bayrama açıq məktub"da onun böyük gələcəyinə inanırdı.

 

Ədəbiyyat, bədii yaradıcılıq onun həyat stixiyası idi. O, özünə, öz poetik təfəkkürünün gücünə çox güvənirdi. Lakin bu güvənc həm də onun şairlik məsuliyyəti ilə bağlı idi. O, hələ gənc yaşlarından yaşlı ədəbi nəslin müdriklərilə, daha çox ünsiyyətdə olmağı xoşlayır, onlardan məsləhətlər alırdı.

 

Tofiq Bayram həm şəxsiyyət, həm də şair kimi bütöv və kamil insan idi. Bununla bağlı "Vəsiyyətim" şeirində oxuyuruq:

 

Mən vuruşardım yenə vicdanını satanla

Hər rütbəli nadanla, maskalı şarlatanla.

Məni boğan bir alçaq, tərif söyləsə əgər,

Ona aman versəniz, ruhum vulkan püskürər.

Tabutuma dəyməsin bir iblisin əlləri,

Canfəşanlıq etsə də, onu qaytarın geri.

Lakin bir bunu deyin: yalanlara dözmədi,

Cabbarlının, Müşfiqin halal mükafatını

Ləkəli əllərilə alanlara dözmədi.

 

Bu, şairin 80-ci illərdə qələmə aldığı şeirlərdəndir. Bu vaxta qədər Tofiq Bayramın 10 müxtəlif adda, müxtəlif nəşriyyatlarda müxtəlif məzmunlu və mündəricəli kitabları işıq üzü görmüşdü. 1971-ci ildə T.Bayramın "Gərək elə yanım" şeirlər kitabı çapdan çıxmışdı. Burada şairin vətən , xalq, təbiət, torpaq haqqında yaratdığı nümunələri aparıcı mövqedə dayanırdı. Əsərdə çıxış edən poetik "mən" bədii obraz kimi şairin özüdür. Burada təqdim olunmuş "Azərbaycan", "Qadın ürəyi", "Vağzalı", "Evimizə qayıdanda", "Gərək elə yanım" və s. kimi şeirlər heç də adi həyat hadisələrinin sadəcə təsviri deyildir. Bu örnəklərdə şairin həyatın dərinliklərinə baş vurduğu, cəmiyyəti düşündürən real həyat mənzərələri öz müfəssəl poetik ifadəsini tapırdı. Tofiqin "Mehdi Hüseyn küçəsi", "Nə vermişəm sizə mən", "Valokardin", "Qəfəsə salınmış gözəllik", "İnanmıram" və s. kimi şeirlərində şair insanın özünəməxsus psixoloji aləminə üz tutur, onun müxtəlif məqamlarda emosional halını, hissini yorucu, çeynənmiş ifadələrlə yox, yeni şəkildə mənalandırmağa çalışırdı. Şairə görə bəzən insanların qayğısızlığından zülmət nur kimi bərq vuranda, gözəllik qəfəsdə qalmış quşa bənzəyir. Tofiq kitabda təqdim etdiyi şeirlərində insanları xeyirxahlığa, qayğıya, mehribançılığa, cəsurluğa, mübarizliyə səsləyirdi.

 

Tofiq Bayramın "Gərək elə yanım" kitabında "Yaralı nəğmə" adlı bir poeması da təqdim olunmuşdur.

 

Poemada bir sıra köklü problemlər - torpaq, qabaqcıl mədəniyyət, elm və s. kimi mövzular yer almışdır.

 

Poemada rus demokratik hərəkatının və ədəbiyyatının görkəmli nümayəndəsi Bestujev-Marlinski ilə Azərbaycan realizminin banisi M.F.Axundzadənin həyat yolları, iki xalqın mədəniyyəti, bu iki böyük ədəbiyyat xadimlərinin dostluğu, ictimai, sosial, mədəni və mənəvi həyata baxışı və s. kimi məsələlər haqqında şair düşüncəsi diqqətçəkici bədii boyalarla təqdim olunmuşdur. Poemanın süjet xətti kiçik olsa da, aparıcı obrazların qayəsi yetərincə monumentaldır.

 

"Azərbaycanım" adlı şeirlə başlayan cəmi doqquz bəndlik nümunədə isə Tofiq Bayram Odlar diyarının tarixini bir poetik dillə vəsf edir. Şair tarixi şəxsiyyətlərimizi, qəhrəmanlarımızı, başımıza gətirilən müsibətləri özünəməxsus bir şəkildə canlandırır:

 

Ağrın bizim olub, dadın özgənin,

Axdın ciblərinə yadın, özgənin,

Özün odlar yurdu, odun özgənin,

Çıraqların hisli, Azərbcayanım.

 

Şair itkilərimizi yadımıza salır. Bununla belə başımızı daim uca tutub vüqarımızı ləkələməməyim haqqında danışmağı da unutmur.

 

Nəinki nümunə gətirdiyimiz bu şeirdə, həm də digərlərində şairin hər bir sözündə onun tələbkarlığı, yazmaq məsuliyyəti, poeziyanı bütün varlığı ilə hiss etməsi görünür. Kitabda əksər nümunələr mövzu, ideya, təqdimat baxımından olduqca maraqlıdır. Məsələn, "Qəfəsə düşmüş gözəllik"də həssas şair qəlbindən, "Ucuzlaşdırılmış kitablar mağazasında" sənət məsuliyyətindən, "Mehdi Hüseyn küçəsi"ndə böyük sənətkarın şəxsiyyətindən və yaradıcılığından söhbət açılır. Əsərdəki "Şamaxı... Sabirin hüzurunda" şeirində böyük mütəfəkkirə xalq sevgisinin ölməzliyindən danışılır. Əksər şeirlərində T.Bayram sağlam düşüncəli sənətkar kimi zamanın nəbzini tutmağa səy göstərirdi.

 

Xalq yazıçısı, akademik Mirzə İbrahimov Tofiq Bayramın yaradıcılığına qiymət verərkən aşağıdakıları söyləmişdir: "Tofiq Bayramın şeirlərini mən müntəzəm izləyənlərdən biriyəm və inamla deyirəm ki, onun şeirlərində... keyfiyyət güclüdür. O, heç bir mövzunu adi təsvirçiliyə, həyati əhəmiyyəti olmayan və oxuculara soyuq görünən fikirlərin təkrarına çevirmir".

 

Məmməd ƏLİYEV

Filologiya üzrə elmlər doktoru, professor

525-ci qəzet.- 2016.- 1 iyun.- S.6.