Azərbaycanın uğurlarını
Avropaya təqdim edən fundamental tədqiqat
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin
"Azərbaycanı dəyişmiş on il (2003-2013)"
kitabı bu yaxınlarda Polşada polyak dilində işıq
üzü görüb.
Ötən ilin sonlarında isə bu monoqrafiya Buxarestdə
rumın dilində çap olunmuşdu. Bir müddət Avropada elmi
araşdırmalar aparmış, eləcə də müxtəlif
Avropa qurumlarında insan hüquqlarının və
demokratiyanın müdafiəsi və təşviqi məsələləri
ilə məşğul olmuş bir mütəxəssis kimi
görkəmli filosofun bu növbəti fundamental tədqiqatının
Avropa siyasi fikir tarixini və siyasi islahatların məntiqini, səbəb
və nəticələrini tədqiq edən akademik dairələr
və geniş oxucu kütləsi üçün nə qədər
faydalı və gərəkli olacağı barədə bəzi
düşüncələrimi bölüşmək istəyirəm.
Hər
şeydən əvvəl qeyd edim ki, Azərbaycanın son 25
illik tarixi keçmiş Sovet məkanı ölkəsinin
bazar iqtisadiyyatına malik demokratik, hüquqi dövlətə
transformasiyasının ən uğurlu modeli sayıla bilər.
Və bu modelin öyrənilməsi Avropanın
siyasətşünas alimləri üçün böyük
əhəmiyyət kəsb edir.
Azərbaycanın ulu öndər Heydər Əliyev tərəfindən
əsası qoyulmuş bu inkişaf, daha dəqiq desək,
transformasiya modeli bu gün dünya səviyyəsində qəbul
olunur. Beynəlxalq
qurumların ciddi marağını doğuran, geniş elmi
müzakirələr mövzusuna çevrilən bu model
müstəqilliyinin ilk illərində həyatın
bütün sahələrində dərin tənəzzül
yaşayan ölkəmizin qısa müddət ərzində
bütün çətinlikləri aşaraq möhtərəm
Prezidentimiz İlham Əliyevin rəhbərliyi dövründə
dünyanın ən dinamik inkişaf edən dövlətləri
sırasında möhkəm yer tutmasını təmin
etmişdir. Siyasi leksikona "Azərbaycan
fenomeni" kimi daxil olmuş bu modelin uğurları Ramiz
Mehdiyevin əsərində məhz Prezident İlham Əliyevin
müstəsna liderlik keyfiyyətləri ilə
bağlanmışdır. Müəllif yazır: "Azərbaycanın
ən yeni tarixi təsdiq edir ki, İlham Əliyev müasir
dövrün o nadir siyasi xadimlərindən biridir ki,
zamanın nəbzini tutmağa, dövrün
çağırışlarına səs verməyə və
onlara dolğun cavablar tapmağa nail olmuşdur".
Ümumiyyətlə, İlham Əliyevin təkcə
dövlət başçısı kimi deyil, həm də milli
lider kimi fəaliyyəti bütün kitabda qırmızı
xətlə keçir.
Görkəmli akademik qeyd edir ki, dünyanın siyasi xəritəsində
kiçik bir məkan tutan Azərbaycan bu dövrdə effektiv
geosiyasi məkana çevrilə bilmişdir. Bəzi tədqiqatçılar
dövlət quruculuğunda, iqtisadi inkişafda əldə
edilmiş nailiyyətləri təbii sərvətlər amili
ilə izah etməyə meyl göstərirlər. Lakin qeyd edilməlidir ki, faydalı qazıntılarla
zəngin olan dövlətlərin heç də hamısı
bu gün Azərbaycanı müsbət mənada fərqləndirən
iqtisadi zirvələrə nail olmamışdır. Müəllif oxucuya izah edir ki, bütün bu
uğurlar səmərəli, səriştəli və məsuliyyətli
idarəçilik sayəsində mümkün olmuşdur.
Ölkəmizin keçdiyi inkişaf yoluna həsr
edilmiş çoxsaylı tədqiqatlar arasında Ramiz
Mehdiyevin bu əsərinə özəllik verən
başlıca cəhət onunla bağlıdır ki, burada Azərbaycanın
ictimai-siyasi gerçəklikləri tarixi-xronoloji və ya
informativ-təsviri baxımdan deyil, elmi-fəlsəfi təhlil
müstəvisində təqdim edilmişdir. Avropa akademik
dairələri üçün diqqətçəkən əsas
məqam da budur, çünki bu cür metodoloji yanaşma
postsosialist reallıqlarının fəlsəfi tədqiqi
üçün prinsipial əhəmiyyətə malikdir.
Ümumiyyətlə, akademik Ramiz Mehdiyevin
araşdırmaları müasir Azərbaycan siyasi və fəlsəfi
fikrinin inkişafında aparıcı rol oynamaqla
yanaşı, postkommunist fəlsəfəsinə və
politologiyasına da mühüm töhfələr verir.
Bu yanaşma, barəsində bəhs edilən əsərdə
geniş yer ayrılmış iqtisadi inkişafla
demokratiyanın qarşılıqlı münasibəti məsələsinin
təhlilində də aydın görünür. Müəllif
başlıca postulat kimi bu fikri vurğulayır ki, demokratiya
bütün zamanlar və xalqlar üçün alternativsiz dəyər
olaraq qalır. Lakin əsas problem bundan ibarətdir
ki, yenicə müstəqillik qazanmış, totalitar irsin
ağır yükünü çiyinlərində
daşıyan ölkədə demokratiya hansı yolla bərqərar
edilə bilər və demokratiyanın müasir prinsipləri
insanların minillik ənənələri və toplumun tarixi
düzəni ilə necə uzlaşdırıla bilər.
Bu gün dünya siyasi fikrində belə bir yanaşma
üstünlük təşkil edir ki, iqtisadi inkişaf
demokratiyanın təşəkkül tapması və inkişafı
üçün zəruri şərtdir. Bu nəzəri
tezisdən belə bir müddəa irəli gəlir ki, yoxsul
ölkələrdə demokratiya inkişaf edə bilməz.
Bunu dünyanın müasir tarixi də sübut
edir. İkinci Dünya müharibəsindən
sonra onlarca yoxsul ölkədə demokratiya süquta
uğramışdır. Görkəmli
filosof haqlı olaraq vurğulayır ki, iqtisadiyyat hər
şeyin əsasıdır və səmərəli iqtisadiyyat
siyasi, sosial, mədəni-humanitar problemlərin həlli
üçün universal açar rolunu oynayır. İqtisadi cəhətdən zəif olan ölkədə
hakimiyyətlər bölgüsünün həyata
keçirilməsindən, insan hüquq və
azadlıqlarının təmin edilməsindən
danışmaq qeyri-mümkündür. Demokratiya
hər bir milli evə yalnız o halda gəlir və orada
qalır ki, orada insanlar iqtisadi və sosial hüquqlardan yetərincə
bəhrələnə bilirlər. Əsərdə
həmçinin göstərilir ki, cəmiyyətdə
möhkəm iqtisadi təməl olmadan siyasi islahatlar səmərə
verə bilməz. Məhz bu baxımdan
Prezident İlham Əliyevin rəhbərliyi dövründə
Azərbaycanda əldə edilmiş nəhəng iqtisadi
inkişafın uğurları demokratik islahatların və cəmiyyətin
modernləşdirilməsinin təməl şərti kimi qeyd
edilir.
Əlbəttə, bu o demək deyildir ki, başlıca və
yeganə vəzifə iqtisadiyyatı inkişaf etdirməkdir,
demokratiya prinsiplərinin tətbiqini isə sonraya da saxlamaq
olar. Nəzərə alınmalıdır ki,
iqtisadiyyatın tərəqqisi paralel olaraq siyasi islahatların
aparılmasını zəruri edir. Haqqında
bəhs edilən dövrdə Azərbaycan dövlətinin rəhbərliyi
öz siyasətində bu məqama xüsusi önəm
vermişdir. Bu siyasətin kökündə
Azərbaycandakı transformasiya modelinin təməl prinsipi olan
və Prezident İlham Əliyevin "siyasi islahatlar iqtisadi
islahatlarla paralel aparılmalıdır ki, sosial-siyasi ziddiyyətlərin
qarşısı asanlıqla alınsın" kimi ifadə
etdiyi prinsip dayanır. Cənab Prezidentin
qeyd etdiyi kimi, "Vətəndaş cəmiyyətinin
yaradılması və möhkəmlənməsi, demokratikləşmə
prosesinin möhkəmlənməsi, hüquqi dövlətin
qurulması sadəcə olaraq bir şüar, yaxud da bir niyyət
deyil, Azərbaycanın hərtərəfli inkişafı
üçün başlıca şərtdir. Bizim təcrübəmiz onu göstərir ki, Azərbaycanın
seçdiyi yol düzgün yoldur. İqtisadi,
siyasi və sosial islahatların paralel şəkildə
aparılması Azərbaycanı hərtərəfli
inkişaf etdirir və ölkəmiz üçün çox
lazım olan sabitliyi möhkəmləndirir, ictimai-siyasi vəziyyətə
də müsbət təsir göstərir".
Qeyd edilməlidir ki, Azərbaycanda iqtisadi və siyasi
islahatlar paralel aparılmaqla, qısa zaman kəsiyində
demokratiya və insan hüquqları sahəsində əhəmiyyətli
irəliləyiş əldə olunmuşdur. Hüquqi
dövlət prinsiplərinin həyata keçirilməsi
üçün möhkəm qanunvericilik bazası
yaradılmışdır, demokratik təsisatlar uğurla fəaliyyət
göstərir, bütün siyasi azadlıqlar təmin
edilmişdir.
Akademik
Ramiz Mehdiyev öz əsərində bu islahatların
ardıcıl və məqsədyönlü şəkildə
aparıldığını, Azərbaycanın göstərilən
sahədə müvafiq beynəlxalq qurumlarla, o cümlədən,
Venesiya Komissiyası ilə sıx əməkdaşlıq
etdiyini xüsusi vurğulamışdır. Əsərdə
qeyd edilir ki, Venesiya Komissiyası demokratik islahatlar sahəsində
Azərbaycanın sınanmış tərəfdaşlarından
biridir. 2003-cü ildən bəri bu nüfuzlu beynəlxalq
təsisatda Azərbaycanı təmsil edən bir şəxs
kimi müəllifin bu fikrini tamamilə haqlı sayıram ki,
konstitusiya qanunvericiliyi, seçki standartları, insan hüquq
və azadlıqlarına aid qanun yaradıcılığı
işində Azərbaycan Venesiya Komissiyasının tövsiyələrinə
diqqətlə yanaşır. Azərbaycan
dövlətinin mövqeyi belədir ki, Venesiya Komissiyası ilə
əməkdaşlıq məqsəd deyil, insan
hüquqları və demokratik islahatlar sahəsində Avropa
standartlarının tətbiqində etibarlı bir vasitədir.
Bu mühüm məqamı vurğulamaqla
görkəmli filosof transformasiyanın strateji istiqamətini də
göstərmiş olur.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə
vurğulamışdır ki, o,
düşünülmüş islahatların, inkişafın
təkamül yolunun tərəfdarıdır və prosesləri
süni surətdə sürətləndirmək təhlükəlidir. Bu fikirlərə
əsaslanaraq, akademik Ramiz Mehdiyev yazır ki, demokratiyanın
ixracı mümkün deyildir, Qərbin bəzi siyasi
texnoloqlarının iddialarının əksinə olaraq,
liberal konstruksiyaların qurulmasında xarici effektlərə
kor-koranə meyl göstərilməsi həmişə
aldadıcıdır. Şəxsi və
iqtisadi azadlıqları bir an içərisində təmin
etmək və bununla da "inqilabi keçidi" başa
vurmaq mümkün deyildir.
Müəllif
belə bir məntiqli qənaətə gəlir: "Sovet
quruluşunun süqutundan sonra gənc dövlətlər
demokratiya yolunu elan edəndə Amerika mütəxəssisləri
belə bir proqnoz irəli sürmüşdülər ki,
keçid dövrü on ildən çox uzanmamalıdır. Bu, sadəlövh bir hesablama idi. Problem təkcə
onda deyil ki, on il ərzində köhnəlik
səhnədən getmir və yenilik təsdiqini tapa bilmir. Söhbət formasiyaların transformasiyasından gedəndə
dəyişikliklər insanların beynində, ictimai
şüurda baş verməlidir". Bu mənada
daha bir maraqlı tezis irəli sürülür ki, əsl
demokratiyanın yolu həmişə mənəvi dəyərlərin
dirçəlişindən, milli mənlik şüurunun
yüksəldilməsindən, xalq həyatına köklər
atan institutların yaradılmasından keçir.
Bu baxımdan korrupsiyaya qarşı mübarizə və
dövlət xidmətlərinin səməriliyinin
artırılması istiqamətində Azərbaycan brendi olan
"ASAN xidmət" mühüm islahat nümunəsidir. Bu model həm
də korrupsiyaya qarşı mübarizənin effektli
qeyri-güc mexanizmidir. Məqsəd
korrupsiyanın obyektiv struktur səbəblərini aradan
qaldıran mexanizmlərin yaradılmasıdır. Akademik Ramiz Mehdiyev bu cür sistemli islahatları
korrupsiyaya qarşı mübarizədə də təkamül
yoluna üstünlük verilməsinin bir nümunəsi kimi
izah edir. Axı korrupsiyanın geniş
yayıldığı Sovet sistemindən
çıxmış ölkələrdə kütləvi
radikal tədbirlər ciddi sosial narazılıqlara səbəb
olar, başlıca məqsəddən - müstəqil dövləti
qorumaq, möhkəmləndirmək xəttindən
yayındıra bilərdi. Odur ki, tədrici
idarəçilik islahatları xətti seçildi və
müsbət nəticələr də göz
qabağındadır.
Xüsusi vurğulamaq istərdim ki, bu əsərində
görkəmli filosof əvvəlki tədqiqatlarında irəli
sürdüyü demokratik quruculuğun yeni tipli
konsepsiyasını daha da inkişaf etdirmişdir. Bu konsepsiya təkcə
postsovet ölkələri, o cümlədən, Azərbaycan
üçün deyil, həm də kommunist ideologiyasından
xilas olmuş Şərqi Avropa ölkələri
üçün son dərəcə aktualdır.
Əsərin Avropa oxucusu üçün daha bir diqqətçəkən
məqamı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin tarixi köklərinin və
bugünkü vəziyyətinin dərin və
inandırıcı təhlilidir. Akademik Ramiz Mehdiyev
münaqişənin mahiyyətində Ermənistanın Azərbaycana
qarşı əsassız ərazi iddialarının
dayandığını, Azərbaycanın mövqeyinin beynəlxalq
hüquqa və ədalətə söykəndiyini tutarlı
dəlillərlə sübut edir. Müəllif Azərbaycan
xalqına qarşı Ermənistan silahlı qüvvələrinin
törətdikləri beynəlxalq cinayətlərin, xüsusən
Xocalı soyqırımının
araşdırılmasını tam haqlı olaraq beynəlxalq
birliyin vəzifəsi hesab edir, təcavüzkar separatizmin,
transmilli ekstremizmin və terrorçuluğun bütün
dünya ölkələri üçün ciddi təhlükə
olduğuna diqqəti çəkir. Əsərdə
Prezident İlham Əliyevin iqtisadi inkişaf
strategiyasının əsas komponentlərindən biri kimi Azərbaycanın
hərbi qüdrətinin artırılması münaqişənin
həlli kontekstində vacib amil kimi qeyd edilir. Ordu quruculuğu, Azərbaycan silahlı qüvvələrinin
maddi-texniki təminatının yüksəldilməsi Ali
Baş Komandanın daim diqqət mərkəzindədir. Məhz bu düşünülmüş və qətiyyətli
siyasətin nəticəsidir ki, cənab Prezidentin dediyi kimi,
"bu gün Azərbaycan Ordusu dünyanın aparıcı
orduları sırasında yer almışdır". Bu ilin aprel ayında Ermənistanın törətdiyi
təxribata qarşı ordumuzun uğurlu əks-hücum əməliyyatı
bunu bir daha nümayiş etdirdi.
Əsərdə qeyd edilir ki, Azərbaycan
diplomatiyasının mövqeləri MDB-dən başlayaraq Cənubi
Amerikaya qədər bütün istiqamətlərdə
möhkəmlənir və öz bəhrələrini verir. 2011-ci ilin oktyabrında 155
dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilmiş, on il
ərzində postsovet məkanında sosial-iqtisadi
inkişafın tək lideri olmuş, 2012-ci ildə ən
sürətli inkişaf edən iqtisadiyyata malik dövlət
kimi tanınmış, 2013-cü ildə kosmik klubun
üzvü olmuş, sivilizasiyalararası dialoqun inkişafında
və multikultural dəyərlərin təşviqində
aparıcı rol oynayan Azərbaycana hazırda bütün
dünyada hörmət bəsləyirlər və onun
sözü ilə hesablaşırlar. Müəllif,
Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasəti
hərtərəfli təhlil edərək onu "kişi sifəti
olan xarici siyasət" kimi səciyyələndirir.
Avropa ilə əməkdaşlıq Azərbaycanın
çoxvektorlu xarici siyasətinin vacib istiqamətlərindən
birini təşkil edir. Bü münasibətlər həm ikitərəfli
formatda inkişaf etdirilir, həm də Avropa İttifaqı ilə
əlaqələr getdikcə möhkəmləndirilir. Yaxşı məlumdur ki, Azərbaycan etibarlı tərəfdaş
kimi bu gün Avropanın nəinki enerji, həm də ümumi
təhlükəsizliyinin təmin edilməsində ümdə
rol oynayır. Barəsində bəhs edilən
əsərdə Azərbaycanın Avropa ilə bağlı
siyasəti "Qərbə yol" kimi səciyyələndirilir.
Bu yol təkcə iqtisadi münasibətləri
deyil, həm də mədəni-humanitar sahələri əhatə
edir. Bu baxımdan, akademik Ramiz Mehdiyevin
Polşada çapdan çıxmış əsəri Azərbaycanı
Avropaya daha yaxından tanıtmaq məqsədi ilə bu yolda
atılan çox mühüm bir addımdır. Şübhə yoxdur ki, Avropanın akademik dairələri
və siyasi fikir nümayəndələri bu fundamental tədqiqatı
Avropa ilə Azərbaycan arasında dialoqun dərinləşməsinə
sanballı bir töhfə kimi dəyərləndirəcəklər.
Lətif
HÜSEYNOV
hüquq elmləri
doktoru, professor
525-ci qəzet.- 2016.- 1 iyun.- S.4