Əbədiyaşar şairimiz
Tofiq Bayram
UNUDULMAZ SÖZ SƏNƏTKARININ VƏFATINDAN 25 İL KEÇİR
(Əvvəli ötən sayımızda)
Tofiq Bayram bir şair və
publisist kimi sənətində olduqca məsuliyyətli idi. Elə buna
görə də şair mətbuat səhifələrində oxucular
qarşısında yaradıcılıq
planları, necə işləməsi ilə bağlı hesabatlarla çıxış etməyi
özünə borcu bilirdi. "Ulduz"
jurnalına öz şeirlərini nəşr
məqsədi ilə göndərən gənc
şairlərin əsərlərini
səbr, təmkin, ən başlıcası diqqət və səriştəli poetik duyum və deyim
ustası kimi təhlil edərkən şair onlara öz məsləhətlərini
verir, şeirin texnologiyasına, qaydalarına,
mövzusunun və məzmununun necə olmasına, bu işin nə qədər böyük məsuliyyət tələb
etdiyinə diqqət çəkməklə təəccüb
doğuran söz və ifadələrdən
çəkinməyi, tavtologiyaya
yol verməməyi, qüsurlu ifadələri şeirə daxil etməməyi, dilin axıcılığını və musiqiçiliyini qoruyub saxlamağı tövsiyə edirdi. Hələ 70-ci illərin
əvvəllərində yaradıcılığa
qədəm qoyan şairlərə o, məsləhət
verərək yazırdı:
"Siz çap olunmağa tələsməyin.
Mürəkkəbi qurumamış yazıları
redaksiyaya göndərməyin.
Onların üzərində düşünüb daşının.
Yuxusuz gecələr keçirin... Səməd Vurğun deyərdi
ki, əsl şair öz savadı, dünyagörüşü
etibari ilə ən böyük alimdən belə irəlidə getməli, zaman, onun böyük
hadisələrini qavramaqda
birinci olmalıdır.
Hecanı, qafiyəni bilmək
şair olmaq üçün azdır".
Bir sözlə, gənc yazarlara o, poeziyanın istedad və zəhmət tələb etdiyini başa salırdı.
Tofiq Bayram sənət nümayəndələrinin
yaradıcılığını da daim diqqətlə
izləmiş, onların
əsərlərinin poetik
özünəməxsusluğuna qiymət vermişdir. Onun Məmməd Araz, Gəray Fəzli, İslam Səfərli, Məmməd İsmayıl,
Seyran Səxavət, Aleksandr Tvardovski, Rəsul Həmzətov və başqaları ilə bağlı söylədiyi dəyərli
fikirlər bu gün də öz əhəmiyyətini,
aktuallığını itirməmişdir.
Məsələn, Məmməd Arazdan
danışarkən onun
yaradıcılığını inam və məslək
poeziyası adlandırmışdır.
Böyük rus şairi
Aleksandr Tvardovskini qüdrətli sənətkar,
Sovet poeziyasının
qartalı kimi xarakterizə etmişdi.
Seyran Səxavətin "Qızıl
test" povesti ilə
əlaqədar əsərdəki
həyat səhnələrinin
oxucunu düşündürdüyünü,
həmin dövr nəsrinin layiqli nümunəsi olduğunu qeyd etmişdir.
Tofiq Bayram həm də bir şair - publisist kimi tanınırdı. Onun 70-80-ci illərdə yazdığı
"Açıq danışaq",
"Bəli, həyatın
nəfəsi şeirdir",
"Ədəbi tərcümə",
"Mənəvi dayaqlardan
biri", "Poeziya -
istedad və zəhmət tələb edir", "Yeni arzular - yeni əsərlər" və
s. kimi publisist yöndəki yazıları
oxucular tərəfindən
rəğbətlə qarşılanmışdır.
Tofiq Bayram yaradıcılığı daim
ədəbiyyatşünas-tənqidçilər,
alimlər, şair-yazıçılar,
publisistlər, jurnalistlər
və başqaları
tərəfindən dəyərləndirilmiş,
təhlil edilmişdir. Onun yaradıcılığı haqqında
M.İbrahimov, Q.Xəlilov,
B.Nəbiyev, Y.Qarayev, Ç.Mustafayev, F.Vəlixanova,
A.Xəlilov, A.Nəzərov;
A.Laçınlı, M.Aslan,
N.Kəsəmənli, M.Əlioğlu,
M.İsmayıl, T.Mahmud,
D.Nəsib, Ş.Rza, A.Mirzə, Z.Yaqub, N.Həsənli, B.Məmmədli
və başqaları
dəyərli fikirlər
söyləmişlər.
Tofiq Bayram geniş redaktorluq fəaliyyəti ilə də məşğul olmuşdur. O, Rəfiq Zəka Xəndanın
"Səadət", Zeynal
Vəfanın "Körpələrin
xətrinə", İslam
Səfərlinin "Əbədi
beşik", Müzəffər
Şükürün "Sazım
sözüm", A.Tağızadənin
"Sənin əllərin",
E.Mehdiyevin "Görüşmək
istəyirəm", D.Mehdinin
"Şeirlər və
təmsillər"; Aqostinyo
Netonun Azərbaycan dilinə tərcümə
olunmuş "Azadlıq
nəğmələri", Ukrayna şairlərinin Azərbaycan dilinə tərcümə edilmiş
"Bayraq və günəş" M.Dilbazinin
"Seçilmiş əsərləri"nin,
A.S.Puşkinin "Seçilmiş
əsərləri"nin 3-cü cildinin və s. kimi kitabların redaktoru omuşdur.
T.Bayram mənalı ömrünün yarısından çoxunu tərcümə işinə həsr etmişdir. Tərcümə əsərlərinə onun münasibəti olduqca məsuliyyətli idi. O, tərcümə əsərinə əmanət kimi baxır və ona xəyanət edənləri bağışlamırdı. Tərcümə yaradıcılığına yunan şairi Yannokopulunun "Mənim doğma Elladam" kitabını hələ 1964-cü ildə X.R.Ulutürk, M.Araz və b. ilə birlikdə Azərbaycan oxucularına təqdim etmişdir. Bundan sonra bir-birinin ardınca A.Tvardovskinin "Üfüqlərdən üfüqlərə", "Yaddaşın hökmü", R.Həmzətovun "Durnalar", "Dostları qoruyun", rus, ukrayna, belarus, gürcü, özbək, qırğız, Pribaltika şairləri və başqalarından tərcümə etdiyi əsərləri "Ürəkdən-ürəyə" adı altında oxuculara təqdim etmişdi. Litva müəlliflərinin "Yasəmən" şeirlər toplusunu, malkar və digər xalqların poeziya nümunələrini dilimizdə ustalıqla səsləndirmişdir. T.Bayram tərcümə işinə böyük dəyər verən sənətkarlardan idi. O, hər hansı şairin əsərinin tərcüməsi üzərində işləyərkən həm orijinalın milli özünəməxsusluğunu, milli koloritini, obrazlılığını, müəllifinin sənət incəliklərini, məna dərinliyini, obrazlılığını, müdrikliyini, səmimiyyətini, intonasiyasını, hecasını əksər səciyyəvi xüsusiyyətlərini saxlamaqla yanaşı, tərcümə olunan dilin ifadə keyfiyyətlərini, bədii ifadə vasitələrini, şeirlərin məzmun, məna və formasını axıcı poetik bir dillə ahəngdar və aydın şəkildə verməyə çalışarkən nə orijinalın ruhunu zədələməmiş, nə də tərcüməni süniləşdirməmişdir. Bu şeirlər oxunarkən onların tərcümə olduğu qətiyyən hiss olunmurdu. Məsələn, R.Həmzətovdan tərcümələrdə o, tarixi keçmişlə bu günü və sabahı orijinala adekvat olaraq elə üzvü surətdə bağlayır ki, əsərlərdəki xalq hikmətləri, rəvayət və hekayələr fəlsəfi fikirlər və müdrik ifadələr zərgər dəqiqliyi ilə işlənilib Azərbaycan oxucusuna təqdim olunmuşdur.
Tofiq Bayram R.Həmzətovun nəinki "Durnalar", həm də "Dostları qoruyun" məcmuəsinin tərcüməsi üzərində gərgin işləmiş, böyük zəhmət çəkmişdi. Lakin R.Həmzətov şairin əməyinə, onun təmsil etdiyi xalqa nankor çıxdı. 1988-ci il iyulun 19-da o vaxtkı SSRİ adlanan dövlətin başçısı M.S.Qorbaçovun yanında Qarabağla bağlı müzakirələrdə R.Həmzətov ermənipərəst mövqe tutdu. Bu xəyanət T.Bayrama, onun zəhmətinə mənəvi zərbə oldu.
Təbii ki, milli şair olmadan tərcümədə milliliyi saxlamaq da mümkün deyildir. Tofiq Bayramda millilik kifayət qədər yüksək olduğundan o, digər xalqların şair və yazıçılarının əsərlərini böyük həvəs, bacarıq və şövqlə dilimizdə səsləndirə bilirdi.
1980-ci illərdə "Azərbaycan" jurnalının təşkil etdiyi tərcümə problemlərinə həsr olunmuş müzakirələrə yaxından qatılan T.Bayram bu işlə bağlı aşağıdakıları söyləmişdi: "Tərcümə-susmuş bir ürəyi çıxarıb sinəyə təzə ürək qoymaq kimidir. Bu ürək nə qədər dəqiq və ahəngdar səslənsə də, sənin deyil, başqasınındır... Hər bir bədii əsər də yazıçının ürəyinin bir parçası, bəlkə də bütöv ürəyidir.... Mən tərcümədə kor-koranə dəqiqliyin, hərfiliyin əleyhinəyəm". Doğrudan da T.Bayramın digər xalqların nümayəndələrindən etdiyi tərcümələri nəzərdən keçirdikdə onun yaradıcı tərcüməyə üstünlük verdiyinin şahidi oluruq. Elə buna görə də onun tərcümə yaradıcılığı haqqında B.Nəbiyev, Q.Xəlilov, F.Vəlixanova və başqa bu kimi alimlər tutarlı mülahizələr irəli sürmüşlər.
T.Bayram tərcümə zamanı, bir tərəfdən, orijinalın forma və məzmun vəhdətini qoruyub saxlamağa üstünlük verirdisə, digər tərəfdən, ana dilinin qrammatik və üslub xüsusiyyətlərini qorumaqla hərfilikdən qaçmağa çalışırdı. Bu, onun əksər tərcümələrində gözlənilsə də, R.Həmzətovun "Durnalar", "Dostları qoruyun", A.Puşkinin "Mosart və Salyeri", A.Tvardovskinin "Üfüqlərdən üfüqlərə", "Yaddaşın hökmü", "Dava qurtaran günü", eləcə də bu rus şairinin "Söz haqqında" şeirində özünü daha yaxşı nümayiş etdirməkdədir. T.Bayram nəinki tərcümə zamanı orijinalın ayrı-ayrı elementlərini, həm də eyni zamanda onun hətta ikinci dərəcəli məqamlarını belə diqqətdən kənarda qoymur, tərcüməni bər-bəzəkdən kənarlaşdırır, onun yaradıcı keyfiyyətini təmin edir, zəruri olduqda elə kompensasiyalara gedir ki, orijinalın ruhuna heç bir xələl gəlmir.
T.Bayramda istedadlı sənətkar hissi çox güclü idi. Buna görə də o, orijinalı tərcümə zamanı tərcümə dilinin ehtiyaclarına uyğun elə mühüm ifadələrlə zənginləşdirə bilirdi ki, əsərin məzmunu, fikir dərinliyi, ekspressivliyi və emosionallığı oxucunun gözü qarşısında maraqlı şəkildə canlandırılırdı. Bütün bunlar sübut edir ki, T.Bayram tərcümə mədəniyyətimizdə, digər xalqların sənət nümunələrinin Azərbaycan dilinə tərcüməsində əvəzsiz tərcümə əsərləri yarada bilmişdir. Onun çoxşaxəli tərcümə yaradıcılığı bu gün də öz təravətini saxlamaqda, oxucular bu nümunələrə müraciət etməkdədirlər.
Tofiq Bayram, Bakının övladı olmasından xüsusi qürur duyurdu. Əfsanəvi Bakı bütün görkəmi ilə, fırtınalı Xəzər öz azğın dalğaları ilə onun ruhuna nur çiləmişdi. T.Bayram bu sevgini 1991-ci ildə Əmircandakı doğma evində əbədiyyətə göz yumanda da özü ilə axirət dünyasına apardı. Ölümündən dörddə bir əsr keçməsinə baxmayaraq, Tofiq Bayram öz ölməz poeziyası ilə bu gün də oxucuların qəlbinə nur çiləməkdə, ruhuna rəhmət oxutdurmaqdadır.
Məmməd
ƏLİYEV
Filologiya üzrə elmlər doktoru, professor
525-ci qəzet.- 2016.- 3 iyun.- S.4.