Öz ürəyinə aldanan adam
ŞAİR-PUBLİSİST TOFİQ HÜSEYNİN 70 YAŞINA
Sözün səsini eşidən,
sözün rəngini
duyan, poeziyada öz səssiz-küysüz,
haray-həşirsiz, saxta
emosional coşqularsız
yoluna davam edən, “yerli şair”, “əyalət şairi” kimi eyhamlara rəğmən sonun əvvəlinə-əvvəlin
sonuna yol gedən şair-publisist, “Tərəqqi” medallı, Əməkdar jurnalist, uzun illər müxtəlif mətbu orqanlarda, o cümlədən,
“Respublika” qəzetində
bölgə müxbiri
kimi fəaliyyət göstərən, ömrü
boyu imkanı daxilində (ən çox da imkanı
xaricində) haqq sözün keşiyində
dayanan Tofiq Hüseyn yaşının
70 zirvəsinə çatdı.
Aman Tanrım, 70 sanki bir göz qırpımında
baş verdi.
Ərkyana, dostcasına soruşmaq
istərdim; üşümürsənmi,
Tofiq müəllim?
Ömrün 70-ci qarlı-şaxtalı zirvəsində nə var, nə yox?
Bu zirvədən necə görünür bizim “bahalı quldurlar, ucuz qullar” dünyamız?
Az qala
şivən qoparmaq istəyirəm. Nə tez 70-i qatlayıb
dizinin altına qoydun, şair? Bəlkə təvəllüdün səhv
düşüb, axı
sənə bu yaşı vermək adama mümkünsüz görünür. Amma yox,
əlahəzrət zaman
öz hökmünü
verib.
Tam iddiasız, ədəbiyyata
səmimiyyətdən yoğrulmuş
yüzlərlə gözəl
şeir, dəyərli
publisistika bəxş
edən, əvəzində
ədəbiyyatdan heç
nə, hətta Yazıçılar Birliyinə
üzvlük bileti belə ummayan Tofiq Hüseyn yaradıcılığını sərf-nəhv etmək fikrindən uzağam. Sağ olsunlar, vaxtında şair yaradıcılığına
söz ustadları - Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Oulu Xəlilli, Sabir Rüstəmxanlı,
Məmməd İsmayıl,
Tofiq Abdin, Əjdər Ol və başqaları öz qiymətlərini veriblər. Mənsə gözümün qabağında olan Tofiq müəllim haqqında onu deyim ki, “Bir
şair taleyi qoydum sapanda” yazan şair bir insan, bir
ziyalı ömrü yaşadı.
Ömrüm yelkənini sahilə
çəkir,
Qazandığım nədir, itirdiyim nə.
İlahi,
bir kimsə inanmadı ki,
Şair doğulmuşdum doğulanda
mən.
Şeirin
məsuliyyətini dərindən
duyan az
qisim şairlərdəndir.
“Şair” sözünün
xofu həmişə onu qorxutmuşdür.
O, poeziyada və bütövlükdə həyatda
“Kəbirlinski” olmağın
dəhşətini yaxşı
anlayıb. Addımbaşı
Sovet dövrünün
“çap şlaqbaumlarına”
tuş gələn gənc şairin - onsuz da təbiətən
bir az
ürkək və utancaq olan Tofiqin
ilham pərisini perikdirsələr də özündə güc tapıb, ruhdan düşmədi. “Ağlamalı olduğu qədər də gülməli şeylərlə
dolu olan” ömrünə güzgü
tutdu. Əyalətdə yaşayıb “Azərbaycan”,
“Ulduz” jurnallarında,
“Ədəbiyyat qəzeti”ndə,
“525-ci qəzet”də ardıcıl
çap olunmağa başladı. Nəşriyyatların qapıları açıldı.
Və nəticədə
səmimiyyət dolu bir ev ucaltdı.
Tikdiyim bu evin üstə
çıxacam,
Ordan yaşadığım
ömrə baxacam.
Baxacam, görəcəm bu ömrə ancaq
Gülməkdən savayı işim qalmayıb.
Yaşanmış ömrün panoramını
bundan da gözəl cızmaq mümkün deyil. Həyatda
və yaradıcılığında
çeşidli çətinliklərə
sinə gərib “infarktın atasını yandıran”, çoxlu badalaqlara tuş gələn, bəzən yaşanmış ömrə
ağı deyən Tofiq Hüseyn öz poetik dünyasında İNSANA inamı
itirməmişdir.
İnsana
inamla köklənib sazım,
O, mənimlə yaşar, necə ki, sağam.
Arxadan badalaq atmaq nə
lazım,
Qarşıma çöp atsan yıxılacağam.
Bu, şair səmimiyyətinin
və uşaq məsumluğunun poetik etirafıdır. Tofiq Hüseyn poeziyasında
səmimiyyət və
uşaq məsumluğu
qədərindədir. Necə deyərlər dünyada hər şey dərmandır və eyni zamanda zəhərdir.
Hər şey DOZADAN asılıdır.
Tofiq Hüseyn poeziyası qədərində olan
SƏMİMİYYƏT və MƏSUMLUQ poeziyasıdır.
Dərd-qəmin səsini eşidən, onun qoxusunu duyan
şairin səmimiyyətinə
inanmamaq mümkün deyil.
Daha dərd çəkməyə
canda yox təpər,
Ömrün əcəl adlı bazarındayam.
Yorulmuş atları güllələyirlər,
Buyur, Tanrım, buyur, hüzurundayam.
Tofiq Hüseyn
bir-birindən gözəl
bir neçə ürək şeiri yazıb. İnfarkt keçirdən
ürəyindən:
Bir az gecikibdir
bu dərd, bu düyün
Əvvəldən qədrini biləydim gərək.
Ayaqlar altına atdığım
üçün
İndi
ayağına düşmüşəm
ürək,
- deyərək üzrxahlıq edib.
Tofiq Hüseynin
“Güllütəpə kəndinin
alatoranlığı” adlı
şeiri var. Bir alatoranlıqdan çıxsa
da, qarşıda yaşanmamış çeşidli
alatoranlar dayanır. Amansız olaylar
həyatın axarını
dəyişə bilər.
Şair həyatının məcrası
isə dəyişilməzdir.
Allah tərəfindən göndərilən hər
şey gözəldir.
Sevinc də, kədər də. Bütövlükdə
bunun bir adı var: HARMONİYA. Tofiq Hüseynin poeziyasında bu harmoniya var
və hələ uzun illər biz, bu harmoniyanın orbitində olacağıq.
70 yaşın mübarək,
dostumuz, dəyərli
şairimiz!
Şahid ƏFƏNDİYEV
Şirvan şəhəri
525-ci qəzet.- 2016.- 4 iyun.- S.22.