Kenquru
( Bakıda Yusif Səmədoğlu ilə qəbirüstü
söhbət)
Ay qağa, yerin yaman görünür.
- Nə təhər görünür?
- Nə təhər görünür onu dəqiq deyə bilmərəm. Ancaq sənin yerin
göründükcə özümə
yer tapa bilmirəm.
- ...
- Qağa, ədəbiyyata kenquru torbasında gələnlərə nə
təhər baxırsan?
- Onlara tərəf baxıram ki, deyim də nə
təhər baxıram?... Kenquru da Allahın
yarımçıq qalmış
əsəridi, mənim
“Deyilənlər gəldi
başa” romanım kimi. Mənim əsərim üzürlü
səbəbə görə
yarımçıq qaldı;
bu roman mənim gözümdə Kenquruya oxşayır. Görəsən, yarımçıq məsələsində
Allahın da üzürlü səbəbi
olur? Sən bilirsən?
- Yox, ay qağa, mən hardan bilim ee... Heç əsər
də Kenquruya oxşayar?! Eh!
- Axırıncı cümləni
yaxşı eşitmədim...
- Deyirəm ki, mən hardan bilim, ay qağa...
- Ancaq mən romanımı tamamlasaydım,
adını dəyişib
Kenquru qoyacaqdım – bunu öləndən sonra fikirləşmişəm.
- ...
- Seyran, fikir vermisən,
insanın qolları qılçalarından gödəkdi,
qısadı; eynən
Kenquru kimi. Bəlkə
Allah Kenqurunu bizə oxşatmaq istəyirmiş?
Niyə dinmirsən?
- Nə bilim ee,
ay qağa, bilmirəm
də... Onu da bilmirəm ki, sən yazıçısan,
yoxsa Kenquruşünas...
- Mən dünyaşünasam...
Kenquru da onun içində
gedir. İnsanın gərək hər
şeydən xəbəri
olsun. Sən bilən, təzə
doğulmuş Kenquru balasının boyu nə qədər olar?
- Aşağısı yarım
metr...
- Səhvin var, ikicə santimetr.
- Sən allah,
düz deyirsən?
- Vallah...
- Ay qağa, iki santimetr üskükdən
də balacadı eey.
- Olsun də... Onlar doğulanda birbaşa anasının kisəsinə
düşür. Sakitcə kisənin
içində yaşayıb
böyüyür. Süd əmmək
üçün özü
çıxır kisədən.
Doqquz
kilo olana qədər kisədə yaşayıb-yaradır.
Kenquru kisəlilər nəslinə
aiddi. Altmış cürdülər; adamlar kimi də...
məsələn, ingilis,
alman, fransız, erməni və s. Əslən Avstraliyadan, Yeni Zelandiyadandılar.
Böyüklərinin çəkisi 90 kilo olur, saatda da
50 km qaça bilirlər.
Uzun quyruqları yaltaqlanmaq üçün deyil.
Ən çox gecələr gəzib-dolanırlar. Çox mehribandılar.
Avropada bir qadın Kenqurunu övladlığa
da götürüb –
qadın süfrəyə
oturmayınca Kenquru da dilinə heç nə vurmur. İngilis səyyahı Ceyms Kukun da ən
yaxın dostları kenqurulardı, elə mənim də...
- ...
- Menyularında da iki cür yemək
olur: ot,
bitki yarpaqları; Yer üzü də ki, otunan,
bitki yarpaqlarıynan doludu... Kefdədilər...
Bir də ki, Kenqurular heç vaxt balalarının canına
and içmirlər, deyirlər
ki, qarnımın altındakı bu kisəyə and olsun ki... Bunu da
özüm kəşf
eləmişəm... Kenquru
mənim aləmimdə
adamlardan min dəfə
maraqlıdı, min dəfə
mehribandı, min dəfə
də ziyansızdı...
Bax, Sən də Kenquruya oxşayırsan... ancaq bir az...
Qarabağ Kenqurusu...
- Qağa, icazə versəydin gələn dəfə Səni ziyarət eləməyə,
öz əvəzimə
bir Kenquru göndərərdim.
- Çox yaxşı olardı... ancaq sənin ona kişiliyin çatar?
- Çatar... özümü
oda-közə vuraram...
- Əgər kişiliyin çatmasa, qırx gün qabaq gəl, sənə yardım eliyərəm – humanitar yardım...
- Qağa, yadındadı “İnturist”də işləyən
Çiçək adlı
xanım?
- Yoox... Sən danışsan yadıma düşər bəlkə
də... burda yaddaş da torpaqdandı, demişəm
axı, sənə...
- Həmişə bizə o
xidmət eliyirdi; elə sən özün də onun stolunda oturmağa
meyilli idin. Bir gün yenə onun stolunda oturmuşduq,
yeyib-içirdik. Titrəyə-titrəyə
yaxınlaşıb sənə
dedi ki, Yusif müəllim, siz dünyanın ən gözəl kişisiniz, çox şirinsiniz, icazə versəydiniz uzun illər qəlbimdə gəzdirdiyim bir neçə kəlmə sözümü deyim. Sən də centlemen sayağı dedin ki, buyurun.
O xanım da çox gözəl idi və buyurdu
ki, “Yusif müəllim... bilirəm
ki, sizin diriliyinizdən heç vaxt mənə pay düşməyəcək; sizdən
artıq dərəcədə
xahiş eliyirəm ki, öləndə vəsiyyət eləyin ki, sizi mən
öz əllərimlə
yuyum... Sizin ölünüzdə də
gözüm var...” – dedi, qaça-qaça çıxıb getdi, hətta stolun hesabını da başqasına verməli olduq, yadına düşdü?
- Bəs mən nə edim ona?
- Sən də dedin ki, hələ
ona çox qalıb, öləndə
gələrsən, düzələr...
- Qağa, o qadının dediklərinə əməl
elədin?
- Yadıma gəlmir.
- Qağa bəs səni kim
yudu?
- Kimin yuduğu yadıma gəlmir, ancaq moyka kimi
bir yer idi...
hə... hə... o qadın bax, indi yadıma düşdü, yadıma
düşdü...
- Qağa, son olaraq, ənənəvi bir sual.
- Duyuram... de gəlsin. Təəccüblənmə, qulağım elə
bil ki, yorulub.
Ancaq çox yorulmayıb ee... qulağım elə bil ki, kəkələyir...
Sən narahat olma, sualını ver...
- Qağa, Azərbaycan xalqını bütün
varlığınla sevirsən.
Çünki ondan başqa
xalqın yoxdu, gözünün tikəcəyidi;
Azərbaycan xalqına
nə arzulayardın?
- Məşhur bir deyim var, aha, qulaqlarım dincini aldı, açıldı
– demişdim axı, sənə. Hə, məşhur bir deyim var: uşaqlar
valideynlərindən çox
mühitinə oxşayır.
Mən isə deyirəm ki, adamlar valideynlərindən
də, mühitindən
də çox yediyinə oxşayır.
Azərbaycan xalqına
arzu eliyirəm, xahiş eliyirəm, lap qarşısında diz çöküb yalvarıram
ki,qoyun yeməsinlər,
menyularını dəyişsinlər...
Canavar əti yesinlər... tülkü əti yesinlər – onda bu xalqın
qabağında heç
kəs dayana bilməz! Mən də buralarda başımı dik tutub gəzərəm – kişi kimi...
- Qağa, Allah sənə rəhmət eləsin... mən gedirəm... qəbrin nurla dolsun... Elə öz üzünün nuru da bəsdi...
- Çox sağ
ol, Allah ölənlərinə
rəhmət eləsin.
Bir söz də soruşum get.
- Buyur, ay qağa...
- Seyran, bir gün
bulvarımızda gəzdiyin
yerdə fotoaparatım
da çiynimdə qəfil qabağına çıxsam, neylərsən?
- Qaça-qaça gəlib
səni qucaqlayaram, bağrımın başına
basaram...
- Yalan deyirsən... Qorxursan... Qışqıra-qışqıra elə qaçarsan
ki, bütün Bakı səsini eşidər, bütün
Bakı sənin arxanca baxar. Mən də sənin dalınca baxaram. Mən də elə sənin kimi qışqıraram: Seyran qorxma, Seyran qayıt... Seyran qorxma... Seyran qayıt... qayıt... qayıt, qayıt, qa... Axı, sən heç vaxt mənim sözümdən
çıxmamışdın, ay Seyran, ay Seyran, ay... Mən... yıxıldım,
öldüm. Bu, əsl ölüm idi. Birinci ölüm xəbərim,
doğurdan da, zarafat idi. Məni sənin sevgin öldürdü. Sən
Yusif Səmədoğlunun
qatilisən... Bax, indi
mənə demək olar ki, Allah sənə rəhmət eləsin. Bu, məqamında
deyilmiş rəhmətdi;
məqamında olduğuna
görə də halal rəhmətdi... Yusif də belə
getdi, özümün
özümə heyifim
gəldi... Allah bütün
Kenqurulara da rəhmət eləsin...
12-13 may 2016-cı il
Seyran
Səxavət
525-ci qəzet.- 2016.- 4 iyun.- S.22.