“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

 

 

 

 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov

 

Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)

 

I cild (noyabr 1918 - aprel 1920)

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

Azərbaycan Məclisi-Məbusanında 6-cı iclas

 

Məclisi-Məbusanın 6-cı iclası dekabrın 30-da saat birdə doktor Ağayevin sədarəti və Əhməd Cövdətin katibligilə vaqe oldu. Sədr iclası açaraq ruzinameyi-müzakiratı bu qərar ilə elan ediyor:

 

1- Parlaman əzasından Mehdi bəy Hacıbabayev ilə Hacı Kərim əfəndilərə 10 gün məzuniyyət

 

2- Gürcüstan parlamanının təbriki

 

3- “Əhrar” firqəsinin ərzi-halı

 

4- Son həbslər həqqində istizah

 

5- Əfvi-ümumi layihəsi.

 

Müzakirəyə başlamadan əvvəl sədr bəyan ediyor ki, əfvi-ümumi layihəsinin müəllifləri layihəyi yenidən nəzərdən keçirmək və tərtib vermək qəsdilə geri götürmüşlərdir.

 

Ağaoğlu Əhməd bəy - (Növbətdən xaric səs alaraq) Əfəndilər! Qəzetədə general Tomsonun bəyannaməsini oxudunuz və əhəmiyyətini təqdir etdiniz. Bu bəyannamə həqiqətən şayani-qeyd və təqdirdir. Onun məzmunu millət və hökumətimiz üçün şayani-təbrik bir müvəffəqiyyətdir. Daha Ənzəlidə müttəfiq dövlətlər nümayəndələrilə müzakirə olunarkən Azərbaycan bəzi müşkülat çıxara bilərdi və öz paytaxtını müdafiəyə müqtədir bir halda idi. Fəqət Azərbaycan 3 böyük dövlət ilə qovğa çıxarmaq fikrini hələ ibtidadan bərtərəf etmişdi. Çünki bu dövlətlər böyük müharibəyə girmədən əvvəl ufaq millətlərin azadlığı və onların hüququnu müdafiə uğrunda müharibəyə girişdiklərini mütəmadiyən elan etməkdə idilər. Daha sonra məzkur hökumətlər Amerika Cəmahiri Müttəhidəsi rəisi-cümhuri Vilsonun dünyayə atmış və bəşəriyyətə təbşir etmiş olduğu 14 maddəyi kəndilərinə bir şüar, bir bayraq qərar verərək meydana çıxdılar. Buna görədir ki, İngiltərə, Amerika və Fransa nümayəndələrilə Ənzəlidə müzakiratda bulunan zaman biz bilirdik ki, onlar gəldikləri yerlərdə yaşayan millətləri əzmək üçün gəlməyib, o millətlərin həqq və mövcudiyyətlərini təmin edəcəklərdir. Biz buna əmin idik. Ona görə də azərbaycanlılar qovğayı bərtərəf edib də müttəfiqlərin şərəf və namusuna inanaraq vətənimizin geniş bucaqlarını onların üzərinə açdılar. Şimdi müttəfiqlərin nümayəndələri burada bulunuyorlar. Bən bunu qeyd etmək istiyorum ki, müttəfiqlər qüvvəsinin rəisi Tomson Ənzəlidə vermiş olduğu sözlərin heç birindən bu vəqtədək inhiraf etməmişdir.

 

General Tomsonun son bəyannaməsi bənim bu sözlərimin doğruluğunu isbat ediyor. Parlaman əzasının nəzər diqqətini bəyannamənin iki mühüm nöqtəsinə cəlblə bu iki nöqtənin Parlaman və bütün millət tərəfindən də qeyd olunmasını təmənna edirəm. Tomson cənabları Azərbaycan dairəsində qanuni, məşru bir hökumət olmaq üzrə yalnız Azərbaycan hökumətini tanıdığını qeyd ediyor və ona müavinət və müzahirətdə bulunacağını bildiriyor.

 

Əfəndilər! Azərbaycan mövcudiyyətini mühafizə yolunda bu, birinci qədəmdir. İşbu qədəmi təbrik edirəm. (Alqış). Həqq heç vəqt paymal olmaz. Müttəfiqlər nümayəndələri hələ Ənzəliyə gələrkən bizim barəmizdəki həqiqətlər böhtan və iftiralarla zəhərlənmişdi. Amma yanımıza gələrkən bizi başqa bir şəkildə gördülər, gəlib yaxından tanıdılar. Sülh və müsalimət tərəfdarı kimlər olduğunu anladılar; bizi tanıdılar. Şimdiki müvəffəqiyyət dəxi haman bunun nəticəsidir. Bizə qarşı çıxarılan süni xəbər və provakasyona biz cavab vermədik, çünki həqli olduğumuza əmin idik. Şimdi nəticəsini də görüyoruz. Azərbaycanın istiqlaliyyəti yolunda köksümüzü gərərək daima eyni mətanət, eyni səbat, eyni əzmkarlığı göstərərək müstəqil yaşamağa layiq və müstəhəqq olduğumuzu isbat edəcəgiz. (Alqış).

 

Məhəmməd Əmin Rəsulzadə - Möhtərəm Əhməd bəy həzrətləri tərəfindən şayani-qeyd görülən məsələ həqiqətən calibi-diqqət və məclis tərəfindən qeyd olunacaq mühüm məsələlərdir. Hələ ingilis və sair müttəfiqlər qoşunu paytaxtımıza daxil olan zaman Azərbaycan paytaxtında yaşayıb da “Azərbaycan” fikrinə müariz və ancaq qüvvəyə tabe olaraq məqami-təslimdə bulunanlar kənardan başqa qüvvə gələrkən ruhlanıb təərrüzə başladılar. Bir çox ünsürlər onların gəlmələrindən ruh alaraq Azərbaycanın kökünü baltalamağa başladılar. Əhməd bəy buyurduğu kibi azərbaycanlılar özlərinin həqli olduqlarına və müttəfiqlərinin öz qövllərinə sadiq qalacaqlarına əmin olduqlarından Azərbaycan paytaxtında baş qaldıran intriqa və fəsadlardan mürtəzib idilərsə də naümid degildilər. Lakin nə qədər ümidvarlıq hasil olsa da, bundan böylə Azərbaycanı tanıyanların bir daha iş görmiyəcəklərinə inanmaq xətadır. Əvvəlinci günlərdə biz burada xofilə rica arasında idik. Özümüzün həqli olduğumuza görə ixtilal çıxarmağa qadir idiksə də yenə ixtilal çıxarmadıq. Zira hüququmuza əl uzadılmayacağına inanıyorduq. Lakin əhvalın böylə olduğunu yalnız iş başında duranlar və siyasilər bilirlər. Amma cəmaət kütləsi əhvaldan bixəbər olduğundan Azərbaycan fikri əleyhində bulunanların hərəkətlərini görüb şübhədə idilər. Müttəfiqlərin vürudindən sonra birinci günlərdə vüqu bulan hərəkətlər şübhəyi daha da artırdılar. Çünki burada baş qaldırmış ünsürlər Azərbaycanın istiqlaliyyəti əleyhinə iş görmək istəmişlərdi. İngilis və sair müttəfiq nümayəndələri Ənzəlidə olduqları zaman bizimlə dost olmayan mənbələrdən başqa məlumat və fikirlər üzərinə bəyannamə nəşr etdilər. Tomsonun bəyannaməsi müttəfiqlərin həqiqi əhvaldan bixəbər olduğunu göstəriyordu. Fəqət sonradan həqiqət halə bələd olmaq nəticəsində çıxardığı və nəşr etdigi ikinci bəyannaməsi birinciyi rədd etdi. Bu bəyannamədə Qafqasiya məsələsinin ümumi sülh konfransında həll olunacağı işar edildi. Bu bəyannamə azərbaycanlıların sülh və müsalimət tərəfdarı olduqları yaxından öyrənilmiş və təcrübə nəticəsində atılmış bir qədəm idi. Bu qədəm atıldı və bu gün həqqi-məşruəyə layiq yeganə bir hökumət olmaq üzrə Azərbaycan hökumətinin tanındığını, məəlməsar eşidiyoruz. Bu gün ingilis və müttəfiqləri nümayəndəsinin böylə bəyanatı və bizə qarşı münasibətini böylə açıq təyin qılması məmləkətimizdə mövcud olan anlaşılmazlığı rəf edər. Bu gün burada qonaq şəklində olan ingilis və sair müttəfiqlər bizə müzahirət göstəriyorlar və bizim istiqlaliyyətimizi istəmiyənlər bu gündən etibarən aşkar görəcəklər ki, buradakı qüvvələr Azərbaycanı təsdiq etməgə meyli olan bir qüvvətdir. Xaricdən gələn bir qüvvəyə istinadla Azərbaycanı dağıtmaq istəyənlər gördülər ki, o qüvvə Azərbaycan əleyhində degildir. Şimdi xarici qüvvələrdən müzahirət almaq xəyalilə Azərbaycanı yıxmaq istəyənlər görəcəklər ki, o xəyal puçdur. Azərbaycan xəlqi öz istiqlaliyyətini var qüvvəsilə müdafiə və mühafizə edəcəkdir və bu da ona qüvvətlər verərək bir dəfə çizmiş olduğu istiqlaliyyətimizi amalımızı müdafiə etmək məsələsində bizə bir daha qüvvət veriyor, imanımızı artırıyor. General Tomson tərəfindən nəşr edilmiş bəyannamə bu yolda bizə daha böyük bir ümid veriyor ki, bu gün bir ingilis komandanı tərəfindən qəbul olunan yeganə məşru bir hökumət, sülh konfransında nümayəndələrimizin çalışmaları sayəsində o komandanlıqların hökumətləri tərəfindən də etiraf və təsdiq ediləcəkdir. (Mərkəzdən və soldan alqışlar).

 

Əhməd Cövdət - Əfəndilər! Əhməd bəy Ağayev cənabları ingilis komandanı general Tomson tərəfindən verilmiş bəyannamə həqqində danışdılar və bu bəyannaməyi təqdirə bizi dəvət etdilər. Nə olmuş əfəndim?

 

İngilis komandanı öz qoşunu ilə buraya gəlmiş, məhəlli hökuməti tanıyor. Əcəba, bunu general öz rəyi iləmi etmiş və bizə qarşı səmimiyyət göstərmişmi, yaxud bunun dərin bir əsası vardır. İştə o dərin əsaslar barəsində burada bir neçə kəlmə söy söyləməliyəm. Məlumdur ki, general Tomson İngiltərə hökumətinin bir əskəri nümayəndəsidir. Hərb zamanı bu qədər qanlar töküldü, müttəfiqlər demokratiyası öz səsini ucaldıb xırda millətlərə hürriyyət və azadlıq istədi. Əlbəttə müttəfiqlər nümayəndəsi olan general Tomson “hər millət kəndi müqəddəratını həll etmək həqqinə malikdir” - deyən demokratiyanın arzusunu da verə bilməz, o, Azərbaycan istiqlaliyyətini qəbul etmiyorum, tanımıyorum deyə bilməzdi. Çünki general Tomsona bu əmri verən ingilis və bütün cahan demokratiyasıdır; bütün cahanın həqiqi demokratiyası ona əmr ediyor ki, xırda millətlər hüququnu etiraf etsin, hökumət və istiqlaliyyətlərini tanısın. (Soldan və mərkəzdən alqış).

 

Əfəndilər! İngiltərə generalı bu gün bizim hüququmuzu tapdarsa, demokratiya səsini qaldırıb ingilis və ümum cahan demokratiyasına deyər ki, məgər millətlərin hürriyyət və hüququ həqqindəki sözlər tamamilə yalanmış? Əvət, əfəndilər Tomson İngiltərə demokratiyasının əmrini yerinə yetirməlidir. (Alqışlar).

 

Bir millət öz müqəddəratını öz əlinə alıb müstəqil tərzi-idarə qurarsa, bu generallar dəxi o millətin hüquq və istiqlaliyyətini etiraf məcburiyyətindədirlər. Ona görədir ki, təqdir ediləcək bir şey varsa, o da xırda millətləri əsarətdən xilas edən İngiltərə və bütün cahan demokratiyasıdır. Buna binaən biz İngiltərə və ümum cahan demokratiyasına səlam etməliyiz. (Alqış). Sabah Avropaya ezam olacaq nümayəndələrimiz bizim bu səlamımızı haman demokratiyaya yetirərək söyləməlidir ki, imdi bu xırda millət dəxi öz müqəddəratını öz əlinə alıb müstəqil öz həyatını qurmağa başlamışdır və bu təşəbbüsündə haman demokratiyanın müavinət və müzahirət göstərəcəginə əmin oluyor.

 

Bundan sonra sədr cənabları Heyəti-rüəsa tərəfindən böylə bir formula təklif ediyor:

 

“Azərbaycan Məclisi-Məbusanın 29 qanuni-əvvəl tarixli iclasında general Tomsonun bəyannaməsini kəmali-məmnuniyyətlə dinləyərək növbədəki məsələlərin müzakirəsinə keçiyor”.

 

Təklif ittifaqi-ara ilə qəbul olunur. Bədə Mehdi bəy Hacıbababəyov və Hacı Kərim Saniyevin ərizələri oxunaraq bunlara 10 gün məzuniyyət veriliyor.

 

Növbədə Gürcüstan parlamanı tərəfindən alınmış təbrik teleqrafıdır. Teleqrafın məzmunu budur:

 

“Hələ dekabrın 10-da Gürcüstan parlamanı Azərbaycan parlamanının güşadını təbrik etməyi təhti-qərarə almışdır. Fəqət teleqraf münasibatının hazırki şəraitindən olmalıdır ki, bu teleqraf Azərbaycan parlamanına vüsul olmamışdır. Lazım biliyorum haman teleqrafın məzmununu təkrar edəyim: Gürcüstan parlamanı səmimi şadlıq və dərin bir məmnuniyyət hissilə Azərbaycan parlamanının güşadını təbrik və təhniyət edir. Azərbaycanın öz hüquqi-siyasiyyə və milliyyəsinə malik olmasında Gürcüstan parlamanı hər iki millətin amal və arzusunun felən hüsuluna və mehriban qonşuluq münasibatının möhkəmləşməsinə rəhn görüyor”.

 

Gürcüstan parlamanı rəisi: Çxeidze (şiddətli alqışlar).

 

Bundan sonra “Əhrar” firqəsi tərəfindən edilmiş olan təklif oxunuyor. Təklif bundan ibarətdir:

 

Azərbaycan parlamanı rəyasətinə:

 

1917 sənəsi Qafqaz təqvimindən alınan rəqəmlərə görə Şəki şəhərində 52343, qəzasında isə 133505 nüfus var ki, cümlətanı 185.748 nüfus oluyor. Bunlardan yalnız islam əhalisi 145,209 nəfərdir. Axırıncı ərzaq siyahısına baxılıyorsa, bütün əhali 200.000-ə mütəcavizdir. Qabaqkı seçkilərdə bu qəzanın həqqi nəzərə alınmadığı kibi bu axırıncı dəfə də islam əhalisindən 3 əvəzinə 2 nümayəndə dəvət edilmişdir. Binaənileyh biz təklif ediyoruz ki, Şəki qəzasından təcili surətdə bir nümayəndə dəxi dəvət edilsin.

 

Bu məsələ, Heyəti-rüəsanın təklifinə görə etibarnamə komissiyasına veriliyor.

 

Növbətdə: son həbslər həqqində sosialistlər tərəfindən idxal edilən istizahdır.

 

İstizahın məzmunu:

 

Bu günlərdə Bakı şəhərində bəzi siyasi firqələrin bir kaç əzası təqsirnamə verilmədən həbs edilmişlərdir. Bu həbslər Azərbaycan polis məmurları vasitəsilə icra olunmuşdur. Bu əhvalat hökumətə məlumdurmu? Və əgər məlum isə səbəbi nə olmuşdur.

 

Məhərrəmov: Möhtərəm parlaman əzaları! Necə ki məlumdur neçə gün əvvəl bəzi firqələrin nümayəndələri həbs edilib Ənzəliyə göndərilmişdir. Demokratiyanın bu xüsusdakı təşəbbüsləri nəticə verməmiş və nəhayət, iş Bakıda böyük bir tətilə müncər olmuşdur. Bu tətilin Bakı və Azərbaycan üçün zərərli olduğu məlumdur. Biz sosialist firqəsi deklarasiyasında demişdik ki, müqəssirlərin təqsirnaməsi 24 saat zərfində özlərinə təqdim edilməlidir, yığıncaqlar açıq olmalıdır. Bu mühüm maddələr pozulmuşdur. Tətil şimdi qurtarmışsa da gələcəkdə vüqui ehtimal xaricində degildir. Binaənileyh biz təklif ediyoruz böylə işlərin qabağını almaq üçün parlaman bu məsələyi geniş surətdə müzakirə və öz fikrini bəyan etsin.

 

Bəzi natiqlər məhbusların azad edildiklərini, digərləri istizah vəqtinin keçdigini və sairləri göstərərək nəticədə istizahın qəbulu məsələsi araya gəliyor. Sədr məsələyi iki qismə təqsim ediyor: istizah qəbul edilsinmi, ya yox. 2- istizah təcilimi hesab olunsun, ya qeyri-təcili. Səsə qonulduqda qeyri-təcili olmaq üzrə istizah qəbulu əksəriyyəti-ara ilə qət olunur.

 

Ruznameyi-müzakirat bununla qurtararaq sədr cənabları Heyəti-rəyasət namindən təklif ediyor ki, Məclisi-Məbusan nizamnaməsi tərtib və qəbul olunanadək məclis özü üçün bir əksəriyyət (kvorum) qərar versin. Heyəti-rəyasət əksəriyyət olmaq üzrə bir süls təklif ediyor. Bu məsələ uzun mübahisəyə bais oluyor. Nəhayət, ətraflı məlumat toplamaq və məsələyi bir daha nəzərdən keçirmək üçün Heyəti-rüəsa təklifi geri götürüyor.

 

İclas qapanmaq üzrə ikən Qara bəy “Qruziya” qəzetəsini göstərərək bəyan ediyor ki, məzkur qəzetə parlamanımızın fövqəladə iclası həqqində verdigi məlumatında böhtan və iftiralar yazmışdır. Qara bəy qəzetənin bir qismini oxuyur və diyor ki, bən burada böylə söz danışmamışam. Buna protesto ediyorum. Qoy parlamanımızda şəhadət versin ki, bən bu sözləri deməmişəm.

 

Sədr: Heyəti-rüəsa təsdiq ediyor ki, bu qəzetəyə yazılan sözləri Qara bəy parlamanda deməmişdir.

 

“Azərbaycan”, 1 yanvar 1919, ¹76

 

Təbşir - şad xəbər gətirmə

İnhiraf - dəyişmə, pozulma

Müariz - etiraf edən, zidd çıxan

Təərrüz - təcavüz, sataşma

Qövl - söz

Müztərib - nigaran, həyəcanlanmış

İşar - xəbər vermə

Məşru - qanunauyğun

Məəlməsar - sevinc, şadlıq

Müzahir - hamı, kömək edən

Təhniyət - mübarəkbadlıq etmə

İstizah - açıq izah tələb etmə

Süls - üçdə bir

 

(Ardı var)

Şirməmməd HÜSEYNOV

525-ci qəzet.- 2016.- 4 iyun.- S.21.