Ədəbi tənqidimizin fədaisi
Görkəmli
tənqidçi-ədəbiyyatşünas, fəlsəfə
doktoru Qurban Fərman oğlu Bayramlının ədəbi-tənqidi,
elmi-publisistik əsərlərinin düşüncə
qatında yuvalanan bahar duyğusu, şeir qoxusu və “dan
üzünün sevgisi” nəzəri meyarların məhdud məcrasında
kükrəyən bənzərsiz ifadə tərzi, poetik deyim
üsulu ilə təcəlla tapmaqdadır.
Elmi üslub üçün xarakterik olmayan bədii məziyyətlərin
onun yaradıcılığında özünü
bütün qabarıqlığı ilə büruzə verməsi
təsadüfi deyil. Nəzərə alınsa ki, kreaktivlik qabiliyyəti Azərbaycan
ədəbi isteblişmentində birmənalı qəbul
olunan Qurban Fərmanoğlu təbiətin əsrarəngiz
gözəlliyi tüğyan etdiyi bir fəsildə, may
ayının 30-da Qarabağ bölgəsinin, Ağdam rayonunun
Əlimədədli kəndində dünyaya göz
açıb, yaradıcılığa poeziya ilə
başlayıb, gözəlliyə sevgisi, vurğunluğu
Vurğunun ilham, söz çeşməsindən köz
alıb - o zaman tənqidçinin
yaradıcılığında elmi təfəkkürün
obrazlı libası göz qamaşdırmaqdan, süni
parıltı yaratmaqdan daha çox məzmunun, mənanın,
məntiqin daha geniş planda təqdimatına, yadda
qalmasına və asan dərkinə xidmət etdiyi ehtiva olunar.
Yeni və təkrarsız ifadə vasitələrindən
yerli-yerində faydalanmaq, az sözlə bədii peyzaj yaratmaq,
sanballı, tutumlu fikir və düşüncələri
metaforik vasitələrə yükləyərək
uçuş nöqtəsinə çıxarmaq və nəhayət
oxucu auditoriyasının həssas duyğuları üzərində
psxolinqvistin təsir səlahiyyətlərindən səmərəli
barınmaq Qurban Bayramlı tənqidinin, ədəbi
düşüncəsinin keyfiyyət göstəricilərindən
sayıla bilər.
Tənqidçi
üçün bioqrafik məlumatların ənənəvi
xronikasını sərf-nəzər edərək
vurğulamaq lazımdır ki, o yarım əsrə
yaxındır ki, ciddi elmi yaradıcılıqla məşğul
olur və bütün uğurları AMEA Nizami adına
Ədəbiyyat İnstitutu ilə bağlıdır. Bu tədqiqat
ocağında öncə aspiranturaya (1969), sonra isə baş
laborant (1972) vəzifəsinə daxil olan Qurban müəllim
yetmişinci illərin sonunda “Səməd Vurğun
poeziyasında lirik qəhrəman problemi” mövzusunda
dissertasiya müdafiə edərək elmi dərəcə
almışdır. İlk monoqrafiyası isə
Səməd Vurğunun anadan olmasının 70 illik yubileyi
münasibətilə 1976-cı ildə nəşr etdirdiyi
“Vurğun poeziyası” adlı kitabıdır. Üç fəsildən ibarət olan əsərdə
şairin lirik qəhrəmanının təşəkkül
yolundan, yetkinliyindən və bəşəri ideallarından
bəhs edilib.
Tarixin ötən onilliklərinə boylanıb sənədlərin
dili ilə Qurban Bayramlının elmi yaradıcılıq
yolunu nəzərdən keçirdikdə onun bir-birindən
tutumlu, əhatəli monoqrafiyaları, kitabları diqqəti cəlb
edir. “Lirik qəhrəman və zaman”
(1986), “Tarixilik və müasirlik” (kollektiv, 1988), “Yaşar
Qarayev: Milli yaddaş təlimi - Azərbaycançılıq”
(J. Qurbanqızı ilə birgə, 2001), “Poeziyanın sirri və
yaxud, qəlbini nar təkin kağıza sıxan şair...” (mini-modern monoqrafiya, 2009), “Əli
İldırımoğlunun yaradıcılıq yolu” (monumental
monoqrafiya, 2009), “Xalq yazıçısı İlyas Əfəndiyevin
yaradıcılığı ədəbi tənqiddə”
(J.Qurbanqızı ilə birlikdə, 2014) və s. əsərləri
zamanın, dövrün, mühitin hadisəsi kimi boy göstərib
və mətbuatımızda ciddi əks-səda yaradıb.
Ədəbi ictimaiyyət Qurban Bayramlını
Vurğunşünas tənqidçi, ədəbiyyatşünas
alim kimi tanısa da, o bədii-estetik, elmi nəzəri
düşüncənin ən gərəkli sahələrində,
milli-mənəvi dəyərlərin tədqiqi və təbliği
istiqamətində ləyaqətlə xidmət edir. Yaxşı
xatırlayıram, on beş il öncə poetik tənqidimizin
banisi, AMEA-nın müxbir üzvü, Nizami adına Ədəbiyyat
İnstitutunun direktoru, professor Yaşar Qarayev çarəsiz
bir xəstəliklə təkbətək qalıb əlbəyaxa
çarpışanda, ünlü həkimlərin
müşavirələrinin (konsilium -A.R.)
çoxaldığı, yaşamağa ümidin
azaldığı bir məqamda Qurban Bayramlının Jalə
Qurbanqızı ilə “Yaşar Qarayev: Milli yaddaş təlimi
- Azərbaycançılıq” monoqrafiyasını nəşr
etdirməsi elmi-ədəbi uğurla bərabər, həm də
mənəviyyat aktı, nümunəvi insanlıq faktı
idi. Müəlliflər monoqrafiyanın bədii-emosional
təsir gücünü, düşüncə
yükünü artırmaq üçün Yaşar Qarayev
üslubundan, ədəbi manevrlərindən və
istilahlarından qədərincə
barınmışdılar. Mənalı, şüurlu
ömrünü söz sənəti uğrunda şam kimi əridən
Milli Akademiyamızın müxbir üzvünün xəstəliklə
ölüm-dirim savaşında həkim həbindən daha
çox onun elmi yaradıcılığına verilən tənqidçi
dəyərinin yaratdığı sevinc və məmnunluq
hisslərini, yaşam duyğularını təsəvvür
etmək şübhəsiz ki, indi də çətin deyil.
İdrakın,
zəkanın Yaşar Qarayev möcüzəsini tanıtmaq və
təqdim etmək üçün Qurban Fərman oğlu
ustadından aforizmlər seçərək, ona şərh
verərək yazırdı: “Söz sənətinin
Tanrısal gücünü bütün zamanların
böyük tənqidçisi və fikir adamı... Yaşar
Qarayev belə ifadə edir: “...Zamanın çöhrəsi
yalnız sənətin güzgüsündə
görünür, ayrı heç yerdə! Maraqlıdır:
hətta Zaman da öz əbədiyyətini sənətdə
dərk edir. Tanrı görünə bilmək
üçün Təbiəti, insan Tanrıya bənzəmək
üçün Sənəti kəşf edir.
...Böyük sənəti yaradanlar həmişə Tanrı
ilə, Təbiətlə və bir də Tarixlə “həmmüəllif”
olurlar”.
Yaşar
Qarayev dühasını ona həsr etdiyi elmi araşdırmada
professorun öz metaforası, ifadə tərzi ilə Tanrı,
Tarix və Təbiət tandeminə “həmmüəllif” kimi
dəyərləndirməsi Qurban Bayramlı meyarlarının
ciddi məntiqi qənaətlərə dayalı obyektivliyinin,
səmimiyyətinin baqiz təzahürüdür.
Qurban
Bayramlının Jalə Qurbanqızı ilə digər
uğurlu tədqiqat işi şübhəsiz ki, klassik ədəbi
fikrin böyük ənənələrini zənginləşdirən,
milli dramaturgiyamızda lirik-psixoloji üslubun
yaradıcılarından biri, Xalq yazıçısı
İlyas Əfəndiyevin 100 illik yubileyi münasibətilə
çap etdirdiyi “Xalq yazıçısı İlyas Əfəndiyevin
yaradıcılığı ədəbi tənqiddə”
adlı monoqrafiyasıdır. Müəlliflər
araşdırmanı “İlyas Əfəndiyevin həyat və
yaradıcılığının ilkin mərhələsi ədəbi
fikir və tənqiddə” və “İlyas Əfəndiyevin
yaradıcılığı 1960-1990-cı və müstəqillik
illəri ədəbi tənqiddə dərki” adlı iki fəsildə
təqdim etmişdilər. Böyük
dramaturqun, xalq yazıçısının zəngin irsinin bədii-estetik
dərkində ədəbi tənqidin funksiyasını və
əhəmiyyətini araşdıran bu əsərin
yaranması, meydana çıxması “təkcə ictimai məzmununa
və milli ideyasına görə deyil, həm də bədii
sənətkarlıq və poetikasına görə də
ciddi müasirlik” duyğusuna malik olması ilə şərtlənir.
Əsərin rəğbət doğuran müsbət
xüsusiyyətlərindən biri də odur ki, monoqrafiyalar
üçün ənənəvi “ilk”lərdən burada
söhbət açılmır. Etiraf edək ki,
İlyas Əfəndiyev yaradıcılığı həmişə
ədəbi tənqidin gündöyənində olmuş, hər
bir əsəri elmi düşüncə müstəvisində
və mətbuat səhifələrində hadisə kimi dəyərləndirilmişdir.
Qurban Bayramlı və Jalə Qurbanqızı
xalq yazıçısının həyat və
yaradıcılığından bəhs edən qələm əhlinə
qədirşünaslıqla, səmimiyyətlə
yanaşmış, onlara yerli-yerində istinadlar olunmuş,
hörmət və ehtiramlar göstərilmişdir. Monoqrafiya zəngin elmi məxəzlər və
materiallar əsasında yazıldığı
üçün çox maraqlı və əhəmiyyətlidir.
Qurban müəllimin yaradıcılığında
çağdaş Azərbaycan poeziyası, görkəmli
şairlərin poetik portretləri xüsusi yer tutur. Onun “Milli azadlıq hərəkatı
və Əhməd Cavad poeziyası”, “Süleyman Rüstəmin
şeirində müharibə mövzusunun şərhi”, “Məmməd
Araz poeziyasında Vətən və vətəndaşlıq
motivi”, “Milli müstəqilliyimizin mübariz şairi - Xəlil
Rza Ulutürk”, “Ömrü nağıla dönmüş
şair - Əhməd Cəmil”, “Aydınların
aydınlığı - Hüseyn Kürdoğlu”, “Poetik hissin palitrası - Nəriman
Həsənzadə”, “İbrahim Göyçaylının ədəbi
portretindən cizgilər”, “Yazıçı ömrünün
çəhlimləri - Yusif Həsənbəy”, “Ölməzliyə
qovuşan şair ömrü - Əhməd Elbrus”,
“Ölümündən doğulan şair - Zakir Fəxri”,
“Çırpdım söz qanadımı” Yusif Nəğməkar
üçün və yaxud, poeziyanın söz ətri” və
başqa elmi-publisistik məqalələri ədəbi-nəzəri
düşüncəmizin yeni baxış bucağını və
dil-üslub cazibədarlığını özündə əks
etdirməklə örnək sayılmağa layiq nümunələrdir.
Tənqidçi-ədəbiyyatşünas Qurban
Bayramlı torpağa, yurda, el-obaya bağlı ziyalı, vətənpərvər
şəxsiyyət, səmimi, istiqanlı insandır. Qarabağ
hadisələri, şəhərlərimizin, kəndlərimizin
erməni barbarları tərəfindən işğalı,
yurd nisgili bütün yurdsevər soydaşlarımız kimi
onun da qəlbini göynətmiş,
yaradıcılığına təsirsiz ötüşməmişdir.
Onun “İrəvanda qalmayan xalın nisgili”, “Qarabağ ədəbi
mühiti”, “Qəlbimizə açılan pəncərə -
Qarabağ yanğısı”, “Şuşa elm və mədəniyyət
mərkəzi kimi...”, “Qarabağ ədəbi mühiti - uzaq
tarixi keçmişimizdən bu günümüzədək”,
“Çağdaş mətbuatımızda Qarabağ
mövzusu”, “Qarabağ - Şuşa ədəbi-mədəni
mühiti” və b. araşdırmalarında, tədqiqat
materiallarında külli-Qarabağın tarixi, təbiəti,
mənəviyyatı və ruhu yaşayır.
Qurban Bayramlını yaxından tanıyanlar bilir ki, o həyatda
ciddi olduğu qədər də zarafatcıldır. Ötən əsrin
90-cı illərin sonu idi. Doğulub
boya-başa çatdığım Ağcabədi rayonunun
Yuxarı Qiyaməddinli kəndinə getməyə
hazırlaşırdım. Qurban müəllimlə
görüşdük. O mənim niyyətimdən xəbər
tutub yarızarafat-yarıciddi tonda dedi: “- Sizin getməyə kəndiniz
var, indi mənim heç o da yoxumdur...”
Onu kəndimizə dəvət etdim. Hətta, həvəsləndirmək
üçün bildirdim ki, bizim evin
yaxınlığından Ağdam, şəhər kənarındakı
un dəyirmanı aydın
görünür. Razılıq verdi. Görüşmək üçün səhər
saat 6-da, Ayna Sultanovanın büstünün yanına vədələşdik.
Qısa vaxtda qərara gəldiyi
üçün əvvəl zarafat etdiyini
düşündüm. Sabahı gün səhər
tezdən vədələşdiyimiz yerə çatanda onu
orada şax dayanan gördüm. Doğrusu,
bu görüşün zarafat olmadığına çox
sevindim. Birgə üz tutduq Qarabağa doğru... Yolda ləngidiyimiz üçün kəndə
axşamüstü çatdıq.
Sübhçağı, soyuq noyabr səhəri Qurban müəllim
hamıdan tez oyanıb yaxınlıqdakı təpədən
Ağdama, Əlimədədliyə doğru baxırdı...
Dabanlarını qaldırıb boylansa da, bir vaxtlar müdir
işlədiyi kitabxana, tədris işləri üzrə
direktor müavini olduğu Əlimədədli kənd orta məktəbi
görünmürdü... Bəlkə də içindən,
yaddaşından boy göstərən, görünən
qalın, ağappaq qarın üstü ilə məktəbə
gedən uşağın ayaq izləri... qaya parçası
üzərində yazdığı ürək sözləri
idi... Onu daldığı acılı-şirinli xəyallardan
ayırmaq əzabı mənim qismətimə
düşmüşdü...
Qurban Bayramlı çağdaş ədəbi tənqidimizin,
müasir ədəbiyyatşünaslıq elmimizin ən fəal,
fədakar nümayəndələrindən biri, gənc
yazarların xeyirxahı və hamisidir. Onun son vaxtlar mətbuatda
çap etdirdiyi “Sözün Maradonası”, “Ədəbi hadisə:
Poema-Trilogiya”, “Əhməd
Qəşəmoğlu - sonsuzluğun ahəngi” və b. məqalələri
sosial şəbəkələrdə qeyri-adi coşğu ilə,
ehtirasla müzakirə olunur.
Səməd Vurğunun, Xalq
yazıçısı Elçinin, Aydın Məmmədovun,
Yusif Həsənbəyin, Qəzənfər Paşayevin, Elxan
Məmmədlinin, hətta AMEA-nın 70 illik yubileylərinə
böyük sevgiylə, məhəbbətlə məqalələr
həsr edən Qurban Bayramlının özünün də
70 yaşı tamam olur. Sözü Maradona dəqiqliyi
ilə hədəfə yönəltməyi bacaran, şəxsiyyətində
və yaradıcılığında səmimiyyəti meyara,
etalona çevirən görkəmli ədəbiyyatşünas,
ədəbi tənqidimizin fədakar nümayəndəsi,
filologiya üzrə fəlsəfə doktoru Qurban
Bayramlını yubiley münasibətilə təbrik edir,
sözünün və zövqünün həmişə
ovxarlı olmasını arzulayırıq.
Asif
Rüstəmli
525-ci qəzet.- 2016.- 4 iyun.- S.19