“Hay ver mənə, leytenant...”
Vətəni qibləgah edən şəhidlər
...Əmisi Seymur İsgəndərovun qucağında
maddım-maddım insanlara boylanan, sinəsinə taxılan
ulduzun bir oyuncaq olduğunu zənn edən 10 aylıq Elman
bala... Sən
nə biləsən ki, o adi bir ulduz deyil, o bir anın içərisində
95 şəhidimizin hər biri kimi Azərbaycanın həsrətində
olduğu Qələbə və Qalibiyyət məqamını
bizə bəxş edən cənab leytenant Elnur İsgəndərova
Vətən qarşısında, torpaqlarımızın
azadlığı uğrunda canından keçdiyi
üçün verilən “Vətən uğrunda” medalıdır.
Körpəm, balam, övladım... Sən hələ
bilmirsən ki... o sarışın gözəl Məlakə
ananın yaddaşında nələr qoyub gedib Elnur. Sən
hələ bilmirsən ki, nənən Gülnar müəllimə,
baban İsgəndər müəllim atanın ətrini səndən
almaq istəyirlər...
Ancaq biləcəksən...
Böyük oğlan olanda, məktəbə gedəndə,
dərs oxuyanda, insanlarımızın qibləgah yeri olan
Şəkidəki Şəhidlər Xiyabanına gedəndə
biləcəksən ki, atan Elnur İsgəndərov azərbaycanlılara
Qələbə sevincinin bir damla dadını verib. Tamı dodağımızda qalıb. Şirinliyi dodaqlarımızı, qəlbimizi
çat-çat edib.
Sən hələ
bilmirsən ki, may ayının sərin bir
gecəsində qapınızı döydüyüm zaman,
evinizdə hüzn var idi. Nənən Gülnar, bibin Sevinc, əmin
Seymur, anan Məlakə xatirəyə çevrilmiş qəhrəman
atandan danışdılar... Bilirsən, atanın “Sarı gəlin”-deyib
sevdiyi, könlünün sevgili-məhbubu olan anan gəlin Məlakə
nələr danışdı... İndi
yazıram. Böyüyəndə oxuyub biləcəksən
ki, sinəsini “Vətən uğrunda” medala meydan edən qəhrəman
oğlumuzun oğlusan.
“Mən
elə bilirdim, sənsiz ölərəm...”
Qarşımda əlinin xınası getməyən bir gəlin
oturub. Qaynanasına “ana” deyib sığınıb.
Sağında-solunda görmək istədiyi, nəfəsini
hiss etmək istədiyi yarısı, ömrünə
ömür-gün yoldaşı ola bilməyən
sevgisindən, istisindən doymadığı əri
haqqında indi xatirələr danışır. Bu sarışın gözəl sakit, mülayim səslə
elə sağlığında olduğu kimi danışır
Elnurdan. Xəbəri yoxdur dünyadan, bir
özüdür, bir də Elnur:
-
Martın 27-si idi. Pul kartını mənə verdi.
Kodunu da yazdı. Qəribə
sözlər danışırdı. Evdə,
həyatda özümü necə aparmaq lazım olması barədə
sözlər deyirdi. Əlimlə tez-tez ağzını
tuturdum ki, eyyyyyy... belə demə... Ancaq o yenə
tapşırıqlar verdi. Dedi,
güclü ol, heç vaxt zəif olma. Hələ
oğlumuz dünyaya gəlməzdən əvvəl mənə
deyəndə ki, mənə bir şey olsa, sən neylərsən?!
O zaman cavab verirdim ki, sənsiz həyat nəyimə gərəkdir?!
Uşağımız doğulandan sonra da bir-iki
dəfə belə soruşdu. Bu dəfə, “ölərəm”
demədim, dedim ki, axı oğlumuz var, onu böyütməliyik.
Ancaq Elnur mənə dedi ki, sənə bir şey olsa, mən
ölərəm. Bir məşhur şeir var, indi onu tez-tez
xatırlayıram:
Mən elə
bilirdim sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni
bağışla.
27-si
martda yola saldım... Günorta üstü yenə
zəng vurdu. Evə bazarlıq etmək
üçün nə lazım olduğunu soruşdu.
Dedim ki, bəs getmədin? Cavab verdi ki,
sabaha qaldı... Elə sevindim ki... Allahım həmin
günü də bizə bir yerdə qalmaq üçün
bir gün də möhlət veribmiş. Onunla
keçirdiyim hər saatı ömrümə Allahdan hədiyyə,
sevinc payı sayırdım. Keçib
uşaqla oynadı, mətbəxdə yemək
hazırlayırdım. Yataq otağına keçəndə
gördüm ki, oğlum çarpayının bir tərəfində,
Elnur da o biri tərəfində qollarını geniş
açıb elə rahat, elə şirin yatıblar ki... Həmin günü gedib hərbi şəhərcikdə
qonşumuz olan dostu ilə görüşmək istədi.
Qoymadım. Yalvardım ki,
heç yerə getmə yanımızda otur. 28-i səhər tezdən yol çantasını
hazırladım. Qapıdan ötürəndə, xeyli
arxasınca baxdım, dönüb gəlib, bir də
vidalaşdıq, dedi ki, dua elə ki, getməyim...
Sonra
telefonla mesaj yazdı: “Mən gedirəm... Özünüzə
yaxşı baxın...” Həmin axşam ana gəldi
bizə-qaynanam Gülnar müəllimə. Başımız uşağa qarışdı.
Aprelin 1-nə kimi telefon zənglərimiz olurdu.
Ancaq hadisələrdən xəbərimiz yox
idi.
Birdən uzaqlara baxdı Məlakə. Gözlərində
işıq gördüm. Üzünə
təbəssüm də qondu. Gülümsəyə-gülümsəyə
söhbətinə davam etdi:
- Hərbi
formasını elə xoşlayırdı ki, leytenant idi,
axı... Geyinib güzgünün
qabağında özünə baxardı. Mən də
qısqanırdım... güzgüyə də... Deyirdim ki, kimin üçün elə fors edirsən?
Deyirdi ki, bax gör, məndən general olar?!
İndi o leytenantın xəyalı durur gözlərimin
önündə və tez tez sevdiyi “Cənab leytenant”
mahnısını xatırlayıram:
Barıt
qoxulu o yollar, o yollar
Səni bəs nə vaxt qaytarar, qaytarar.
Səndən
təsəlli bir zabit mundiri
Bir cüt ulduzlu, aylı paqonlar.
Hay ver mənə,
cənab leytenant,
Hay ver mənə, leytenant.
Xoş
müjdəli bir savaşdan
Pay ver mənə
leytenant.
Gəlini danışdıqca xırda-xırda
hıçqırıqlarla ağlayan ananın göz
yaşlarını görmək, onları seyr etməyin necə
çətin olduğunu əslində qələmlə də
yazmaqda çətinlik çəkirəm. Göz yaşları
içərisində Gülnar müəllimə də
söhbətimizə qoşuldu:
- Elnur təlimlərdə
olanda, mən adətən Bakıya gedib gəlinin yanında
qalırdım. Elnurun toyunun ab-havası hələ çəkilməyib
bu həyətimizdən... Hələ toydan qalan
izlər, xatirələr var evimizdə. Vağzalının
səsi hələ də qulaqlarımdadır. Atası İsfəndiyar 11 saylı Şəki şəhər
məktəbində idman dərsi deyib, mən də 7 saylı
məktəbdə sinif müəlliməsi işləmişəm.
Üç övlad
böyütmüşdük. Neylədiksə,
Elnuru hərbiçi olmaq istəyindən çəkindirə
bilmədik. Sonda da sinəsini düşmənə
sipər etdi ki, Vətən torpağını qorusun. Deyirdi ki, general olacağam, mənimlə fəxr edəcəksən.
Bu hadisəni, yəni ermənilərin
torpaqlarımızda yenə də qan tökmələrini təsadüfən
televizordan eşitdik. Elnurun telefonuna zəng
çatmayanda isə narahat da olmadıq. Biz
bilməzdik ki, onlar da həmin cəbhədədirlər.
Narahatçılığımız var idi,
bütün vətən haqqında, ancaq Elnur
ağlımıza da gəlmirdi. Aprelin
3-ü yenidən Bakıdan Şəkiyə qayıdanda
gördük ki, həyət adamla doludur. Sonradan
bildik ki, Elnurdan xəbər yoxdur, onun haqqında xəbər
gözləyirlər.
Bacılar
yanar ağlar
Sevinc də
hərdən söhbətimizə qoşulurdu:
-
Qardaşımın toyunu 2014-cü ilin avqust ayının 3-də
etdik. Bu həmin vaxtlar idi ki, ermənilərin təxribatı
nəticəsində yenidən təmas xəttində atəşkəs
pozulmuşdu. Həmin döyüşlərdə Vətənimiz
15 şəhid verdi. Onların
bir neçəsini Elnur da tanıyırdı. Hətta zəng
vurub bizə dedi ki, gələ bilməsə, toyu bəysiz
etsinlər. Ara sakitləşəndə 1 həftəliyə
gəldi. Qardaşımın toyunu
çaldırdıq. Ancaq hərbçi
dostlarının heç biri gəlməmişdi. Hamısı vəziyyət gərgin olduğundan
döyüş bölgəsində idilər. Qardaşım öz sənətini çox sevirdi.
Bir neçə dəfə Müdafiə
Nazirliyi tərəfindən Fəxri diplom və medallara layiq
görülmüşdü. 2006-cı ildə Heydər
Əliyev adına Azərbaycan Ali Hərbi
Məktəbinə daxil olmuşdu. 2010-cu ildə
həmin məktəbin motoatıcı ixtisası üzrə
bitirdi. 2010-cu ildən 2011-ci ilə qədər
Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində
zabit ixtisas kursunun dunləyicisi oldu. Kursu
bitirəndən sonra hərbi hissədə motoatıcı
tağım komandiri vəzifəsində xidmət etdi. 2011-ci ildən 2012-ci ilin ortalarına kimi Xüsusi Təyinatlı
Qüvvələr kursunu bitirib, 2014-cü ildən isə N
saylı hərbi hissəyə Xüsusi Təyinatlı Qrup
komandirinin müavini vəzifəsinə təyin olunmuşdu.
Hərbi xidmətdə göstəriciləri nəzərə
alındığından son dəfə Xüsusi Əməliyyat
Briqadasının Xüsusi Əməliyyat taborunun qrup komandiri
müavini vəzifəsinə təyin edilmişdi. Qardaşım Elnur İsgəndərovu bu səviyyəyə
çatdırmaq üçün dövlət özü nə
qədər xərc çəkmiş, vəsait xərcləmişdi.
2-5 aprel döyüşlərində
görün bir neçə-neçə Elnur kimi cəsur və
hazırlıqlı oğullarımız qurban getdi. Onların hər biri bir tabor əsgərə bərabər
idi. Kaş ki, qardaşımın və onun
döyüş dostlarının qanı yerdə
qalmasın... Qardaşı Seymur İsgəndərov:
- Ailənin
böyük oğluyam. Atam o hadisədən
sonra özünə gələ bilmir. 70
yaşı olsa da, bu hadisə onu lap qocaltdı, taqətdən
saldı. O xəbər çıxan gündən bu
yollarda qaldıq. Qardaşımın cansız bədənini
yalnız aprelin 10-u Qırmızı Xaç Cəmiyyətinin
vasitəsilə ala bildik. Qardaşımla
və Vətən torpaqlarını azad edən bütün
şəhidlərimiz və əsgərlərimizlə fəxr
edirəm. Aprelin 11-i günü
qardaşımı sevdiyi Vətən torpağına əmanət
etmək üçün qapımıza bütün Azərbaycan
gəlmişdi. Dostları da ,
qardaşımın dəfnindən sonra Oğuz-Şəki
yolunun girəcəyi ilə üzbəüz dayanan-da silsiləsinin
zirvəsinə çıxıb, Azərbaycanın
üçrəngli bayrağını oraya sancdılar.
Elnurun şəklini də o zirvəyə əmanət edib, adına “Elnur zirvəsi” dedilər.
...Şəki şəhərindəki 21-ci
rayon, Əlişir Nəvai küçəsindəki 10
saylı evdə dünyaya gəlib, bir məhəllənin,
bir məktəbin, sonra bir taborun tanıdığı
oğlan, dönüb Azərbaycanın dillər əzbəri
oldu. Bu yazını yazmağa hazırlaşarkən, gəlin
Məlakə mənə bir yazı göndərdi. Yazdı
ki, bu qaynanamın Elnura məktubudur. Sizinlə olanda
danışa bilmədiklərini indi yazıb. Bir şəhid
anasının əlləri əsə-əsə oğlu
haqqında yazdıqları sətirlərdəki
ağrını ölçmək üçün hələ
ki, dünyada heç bir alim cihaz icad etməyib. Gülnar
müəllimə mənə deyə bimədiklərini belə
ifadə etmişdi: “2011-ci ilin dekabr ayında Elnur mənə
zəng etdi. Dedi ki, ana məndən 6 ay xəbər tuta bilməyəcəksiniz.
Ancaq narahat olmayın. Buralardayam. İnşallah salamat
qayıdacağam. Mənə hər gün dua et,
xeyir-duanı əksik etmə. Mən özüm Sizə zəng
edəcəyəm. Bu bizim üçün nə qədər
ağır olsa da gözlədik. Bütün ailə üzvlərimizə
tapşırdım ki, zəng edib, uşağımın dərsini
pozmasınlar. Yoxsa ki, işdə bizə görə
üzünə söz gələr. 2012-ci ilin iyun ayında
Elnur zəng edib Şəkiyə gəldiyini dedi.
Görüşdük. Evimizdə də bayram idi, Elnur da elə
sevincli görünürdü. Səbəbini soruşanda dedi
ki, mən Xüsusi Təyinatlı Qüvvələr qrupuna
keçmişəm. Bir ana kimi mənim üçün nə
qədər çətin və ağır olsa da onun sevincinə
sevinməyə bilməzdim. Elnur öz arzusuna
çatmışdı. Ancaq sən demə, bu, Elnurun əbədiyyətə
qovuşmaq arzusunun başlanğıcı idi”.
525-ci qəzet.- 2016.- 4 iyun.- S.18