Professor Kamran Əliyevin “Açıq kitab
- “Dədə Qorqud” əsərinin
müzakirəsi olub
Bu il mayın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan ədəbiyyatı
tarixi kafedrasında Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Kamran Əliyevin “Açıq kitab - “Dədə Qorqud” əsərinin müzakirəsi keçirilib.
Müzakirənin əvvəlində kafedranın
müdiri, filologiya elmləri doktoru, professor Himalay Qasımov geniş məruzə ilə çıxış edib.
H.Qasımov “Açıq kitab
- “Dədə Qorqud” əsərinin məziyyətlərindən
danışarkən bu
kitabın düşüncəni
müxtəlif yerlərə
yönəltməsinə şərait
yaratdığını, tədqiqatda
etnogenezis və etnopoetika məsələlərinin
bir-birini tamamladığını
mühüm keyfiyyət
kimi dəyərləndirib.
O bildirib ki, “Dədə Qorqud”a
həm poetika, həm mətnşünaslıq,
həm də tarixilik baxımından yanaşılması tədqiqatın
xeyrinə olmuşdur.
Kamran Əliyevin apardığı
analogiyalar və ortaya qoyduğu tipoloji düşüncə
tərzi ədəbiyyatşünaslığımız
üçün yeni hadisədir. Professor H.Qasımov
kitabın həcmcə
çox da böyük olmamasını
nəzərə alaraq
deyib: “Bu kitabda sözlərin meydanı dar, fikirlərin meydanı isə genişdir”.
Filologiya
elmləri doktoru, professor Elman Quliyev öz çıxışında
bildirib ki, Kamran Əliyevin adı ədəbiyyatşünaslıqda
qəbul edilmiş ciddi imzadır. Onun şəxsində böyük
ədəbiyyatşünas obrazı görünür.
Professor Kamran Əliyevin
“Açıq kitab - “Dədə Qorqud” əsəri bir daha təsdiq edir ki, “Dədə
Qorqud” eposunun öyrənilməsi bitmir
ki, bitmir və bu kitab
da hələ son deyil. Kamran Əliyev bu
kitab vasitəsilə nəyi demək yox, necə demək məsələsini
daha da aktuallaşdırmışdır.
Professor Elman Quliyev çıxışının
sonunda demişdir: “Yalnız “Dədə Qorqud” eposundan xəbərdar olanlar bu kitabdakı hər cümlənin mahiyyətini başa düşə bilərlər”.
Filologiya elmləri doktoru, professor Əzizxan Tanrıverdi Kamran Əliyevin “Dədə Qorqud” eposuna vurğunluğunu və alimin qələminin itiliyini xüsusilə qeyd edib. Professor Kamran Əliyevin bu kitab üzərində on ildən də artıq işlədiyini, ayrı-ayrı elmi konfrans və elmi sessiyalarda bu mövzu ilə
əlaqədar məruzələr
etdiyini və öz elmi qənaətlərinə
tam inandığını tədqiqatçının nailiyyəti
kimi dəyərləndirib.
Filologiya elmləri doktoru, professor Təyyar Salamoğlu öz çıxışında Kamran
Əliyevin kitabında
Qorqudşünaslığın yaxşı ənənələrinin
davam etdirildiyindən söhbət açıb.
O bildirib ki, Kamran Əliyevin bu tədqiqatı “Dədə Qorqud” eposunun yenidən oxunuşudur. Professor Təyyar
Salamoğlu sonra demişdir: “Elm aləminə
məlumdur ki, Kamran Əliyev romantizmşünasdır və
bu kitabla romantizmin tədqiqatçısı
eposa gəlib çıxıb. Professor Kamran Əliyev öz yaradıcı şəxsiyyəti ilə
sübut edir ki, bütün ədəbiyyatların kökü
eposdadır. Kamran Əliyevin
kitabını orijinal
və sərrast müşahidələr kitabı
da adlandırmaq olar”.
Filologiya elmləri doktoru, professor Ramin Əhmədov kitabda “Dədə Qorqud”un poetikasının daxili incəliklərinə nüfuz edilməsini xüsusilə nəzərə çarpdırıb. Həmçinin o qeyd edib ki, professor Kamran Əliyevin kitabı kompozisiyası və quruluşu baxımından da orijinaldır. Ramin Əhmədov çıxışının axırında bildirib ki, bir cümlə ilə desək, professor Kamran Əliyevin “Açıq kitab - “Dədə Qorqud” əsərində eposa yeni baxış var.
Filologiya elmləri doktoru Yaqub Babayev öz çıxışında kitabdakı tezislərin zənginliyini təqdir edərək bir çox müddəaların yenidən inkişaf etdirilməsi zəruriliyindən danışıb. O bildirib ki, kitaba daxil edilmiş hər bölmədən bir monoqrafiya da yazmaq olar.
Müzakirədə kafedranın müəllimləri - filologiya üzrə fəlsəfə doktorları da professor Kamran Əliyevin “Açıq kitab - “Dədə Qorqud” əsərini müxtəlif yönlərdən dəyərləndirmişlər: Nəcəf Nəcəfov problemlərin diqqətlə seçilməsindən, Qüdrət Umudov tədqiqatda subyektivlik və obyektivliyin paralelliyindən, Yaşar Rzayev səmərəli axtarışların əhəmiyyətindən, Təranə Əzimova alim nüfuzunun təsirindən, Məlahət Babayeva elm və həyatın əlaqələrindən danışıblar.
Müzakirənin sonunda professor Kamran Əliyev çıxış edərək söylənilən fikirlərə görə minnətdarlığını bildirib.
525-ci qəzet.- 2016.- 4 iyun.- S.17.