Sonun şifrəsi
Xahiş-minnətə
bükülmüş yazılar: “Gələn ay...
yaşım tamam olur, filan ay yubileyimdi,...
23 kitabım çıxıb, 33 xarici ölkədə
çap olunmuşam...” Hələ üstəlik,
“haqqında bir yazı” təmənnası.
Hətta
o “yazını” özü gətirənlər...
Bu məğmun
yetikliyin sonrası ədəbiyyatın üstünə
atılmış daş qalağı olur, vəssalam!
...Yağır
olmuş bir ifadə: ədəbiyyatda külüng vurmaq!
Ədəbiyyatda
külüng vurmurlar!
Ədəbiyyatda
yaşayırlar!
Ədəbiyyata İstedadın gəlişi nələrisə
dəyişir; havanı, ovqatı dəyişir, səmti,
zövqü dəyişir, Davam olur, Yeni sətir olur.
İstedad “mən də varam” - deyib sıtqamır, “Mən
gəldim!” - deyir.
İcazə
istəmir, xəbərdar edir!
Hara gəldiyini,
niyə gəldiyini bildiyindən, intonasiyası da dəqiq, aydın
olur!
Onun kimi -
Vaqif Səmədoğlu kimi!
lll
“Teleqram” - bir damar nigaranlıq deməkdi, bir damar da xatircəmlik. Qəfil və gözlənilən
anlamı ilə kommunikasiyanın iki ovqatı ifadə edən
bu forması gedənlə qalanlar, keçmişlə bu
gün arasındakı körpüdən soraq verir həm də;
gedibsə, əvvəl burdaydı, tanış
deyilsə də, maraqlıdır, nam-nişanı ilə
gözlədiyimizi xatırladacaqmı görən?
Vaqif Səmədoğlunun Xəbəri də teleqram
effektində oldu; qəfil və gözlənilən. İlk
şeir kitabı “Yoldan teleqram”ın rezonansı kimi.
Sonralar da belə oldu: Vaqifin hər Xəbəri havanı dəyişirdi,
ovqatı yeniləyirdi...
“Yoldan teleqram” gələndə ideoloji ştampda millilik
anlayışını ən ümumi halda əyalət
koloriti kimi qavrama güclü idi. Səməd Vurğunun gedişindən
12 il sonra gələn bu “teleqram” və ədəbiyyatın
“astronomik tsikli”nin tamamlanması zamanın həqiqətləri
ilə bağlı konseptual baxışı fərqli olan bir
şairi təqdim etdi.
“Vaqif seçməkdən daha çox mənalandırmağa
səy edir. Aləmə özünə məxsus
görüş bucağı altından baxmağa, yeni
xüsusiyyətlər, yeni cəhətlər kəşf etməyə
çalışır. Bax, elə bu bucaq
altında da onun öz fərdi üslubu yaranır” (İ.
Qasımzadə.”Yoldan teleqram”1968).
Ənənə
və müasirlik adı altında fikir qütbləşməsinə
meylli düşüncə
daşıyıcılarının arşını da
hazır idi: Görən bu “teleqram” Səməd Vurğunun
Yolundan vurulubmu? Əlbəttə, qınanılası
da deyildi; günü bu gün də Səməd Vurğun
şeiri azərbaycançılıq ruhunun ifadəsi kimi qəbul
edilir, bu gün də onun bostanına atılan daşlar
xalqın heysiyyət damarına toxunur. Və
kimsə düşünürsə ki, Səməd Vurğunun
yaradıcılığı məhəlli düşüncənin
ifadəçisidir, şübhəsiz, yanılır. Çünki Səməd Vurğunun
böyüklüyü, bütün böyük fikir
adamları kimi, öz xalqının milli xarakterini, mənəviyyatını
ifadə etməklə, onu bütövlükdə bəşər
mədəniyyətinin ayrılmaz hissəsinə çevirə
bilməsindədir. Bu mənada Səməd
Vurğunu qapanmış səhifə kimi təqdim etmək cəhdlərinə
ən yaxşı cavab Vaqif Səmədoğlu
yaradıcılığıdır. İntellekt,
təcrübi bilik və fitri istedadın zəki və zərif
zövqlə uzlaşması ilə bir mədəniyyət
hadisəsi olan Vaqif Səmədoğlu
yaradıcılığı, birmənalı şəkildə
ehkamçılığa yad idi.
Yaradıcılıq dediyin keyfiyyətcə yeni sərvət
yaratma deyilmi və burada təxəyyül, təcrübə,
bacarıqdan başqa, ictimai münasibətlər amilinin fərqli
biçimi necə unudula bilər?!
..Bu gecə
bir də oxudum məktublarını,
Dünyanı, İnsanları, Vətənini
sənin
qədər sevən bir adamın məktublarını
Qələmin
möhkəm,
dilin
duzlu,
ürəyin nigarançılıqla dolu...
Səndən
qalan nə varsa:
ümidlər, insanlara inam, dosta sədaqət,
Hər
vergülünün, nöqtəsinin
keşiyində
dayandığın
ana dilimiz,
Bu var-dövlət
çatar bizə də,
nəvələrinə də,
onlardan
sonra gələnlərə də,
Arxayın
ol hər şeydən!...
(V.Səmədoğlu. “Atamın məktublarına
cavab”).
lll
İdeya, İradə, Xeyir, Hərəkət,
İşıq və Harmoniya. Və bütün
bunların cəmi - Həqiqət. Bu
metaforik zəmində onların üçü də - ata və
oğullar - birlikdə genetik varisliyin sadə, aydın təcəssümüdür.
Ümumən bu üçlüyün
yaradıcı ömrü parlaq polifonizmi ilə bədii və
estetik fəaliyyətin fəlsəfəsini ifadə etmək
nümunəsidir. Əlbəttə,
başqa cür düşünənlər də var, nə
etməli?! “Dünyanın gərdişi elə bundan ibarətdir:
inanan inanır, inanmayan inanmır!” (Yusif Səmədoğlu).
Və bu üçlük “gərdişi - dövranın” hər
dönəmində “ ömür elə
qısadır ki...” təəssüfünü o qədər
tez - tez, o qədər çeşidli halətlərdə
xatırladır ki, ömrün yetmişbeşinə az qala qəhrəmanlıq,
möcüzə kimi baxmaqdan başqa əlacın qalmır.
Hara
çıxıb gedə billəm
Bu sürətlə, bu cürətlə?
İzin
ver, yalan danışım,
Sıxılmışam
həqiqətlə...
Onun
yetmişbeşi “şükürlük” deyildi, heç
deyildi... amma həm də o qədər
şükürlüydü ki... Onu şükürlük eləyən
63 yaşın
Əcəldən
möhlət istədim,
Möhlətini
əsirgədi -
(Yusif Səmədoğlu,
“Qətl günü”) yaxıcı təəssüfüydü,
onu şükürlük eləyən 50 yaşın Heç
yana, heç yerə mən tələsmirəm - (Səməd
Vurğun) deyən həyat eşqinə məhəl
qoymamış əcəlin amansız laqeydliyiydi.... və
Vaqif Səmədoğlu:
Anladı
belə
nəhəng şeylər içində
Ümidin
necə gərək olduğunu...
Vaqif Səmədoğlu Yetmişə yetməmiş
ömürlərin əvəzinə də Azərbaycan səhnəsində
ümidin, sevginin son monoloqunu söyləyirdi.
Dalamır
indi məni
Artıq
illərin
Başyuxarı
axarı,
Və
ömrün üzüqoylu axırı!
Bilirəm,
Yer
üzündə bütün izlər
Ömürdən
gedir...
Mənsə
gah həyata,
Gah ölümə səbəb gəzirəm.
Yaşayıram,
dözürəm...
lll
Hələ
də başa düşə bilmirəm ki, Vaqif Səmədoğlunun
75 illik yubileyində Şuşaya gələn yolları,
Şuşadan gedən yolları niyə
düşünürdüm... Şuşaya
möhtəşəm dönüşümüzün zəfər
yollarını niyə düşünürdüm.
Yolların zamanını dəyişəcək İnsanları
niyə düşünürdüm!.. Niyə
Şuşa yolunun Məkkə yolu kimi
ağırlığını və müqəddəsliyini
azərbaycanlılar üçün iki dünya
sınağı kimi düşünürdüm... Səhnədə
həyata, qadına, insana sevgisini paylaşan şairi dinləyə-dinləyə
onu da düşünürdüm ki, Vaqif Səmədoğlu -
atası Səməd Vurğun kimi, qardaşı Yusif Səmədoğlu
kimi - Azərbaycan mədəniyyətinin canlı klassiki ola
bilmiş bu nadir İstedad da, Şuşamız kimi,
Seçilmiş Tale yaşayır. Və onda mən
bu dördlüyü bir də heç vaxt ayrılıqda
düşünə bilməyəcəyimi başa
düşdüm.
Səməd
Vurğun:
Şuşa
bir Günəşdi, Şuşa bir
Aydı,
Parisə
bənzərdi dağılmasaydı - misraları ilə,
Vaqif Səmədoğlu :
Hansı
rənglə çəkəcəklər
xəritələrdə ölkəmi?
- sualı ilə “Kasandra sindromu”
anlayışını mənfi çalardan xilasının
böyük istedadın sayəsində mümkünlüyünü
təsdiq edir.
Sual təkcə
inamsızlıqdan, şübhədən doğmur, təxəyyül
üfüqlərinin ölçüsü də deyil, sual, həm
də dəyişmək zərurətinin bəlirtisidir, nə
isə fərqli, bir az başqa... Vərdiş etdiyin, adətkərdə olduğun
düşüncənin alt-üst edilməsilə
“gördüyümüzdən artıq görmək istəyi”nə
(Rəsul Rza) yoluxdurmaqdır. Bədii
suallar bəzən patetika, pafos, şablon, stereotip yozum tələskənliyinə
tuş gəlsə də, əslində, köməksiz
zamanın, qapıdan, özündən, yaddan
çıxıb gedən dostların qoyub getdiyi məğlub
kədərin qorxuqarışıq ümidsizliyini həyatın
gözəlliyi ilə ovutmaqdır.
Səməd Vurğunun “Qalib gələcəkmi cahanda
kamal?” sualından yola çıxan Yusif Səmədoğlu
“Görəsən bu dünyada çörəyi halal
adamların diyarı hardadır?” labirintinə saldı
yaddaşı.
Vaqif bu
labirintdə çaşbaş qalıb qəribsədi:
Qağayı,
axtar məni,
Bu yerdən
apar məni...
İçim
qara gecədir,
səkisiz dar küçədir.
qağayı, dəniz üstdə,
Söylə, saat neçədir?
Vaqif Səmədoğlu
Cavabı çox gözləməli (və gözlətməli!)
oldu... Uzun bir ayrılıqdan sonra bu
cavabsızlığın sükutunu silkələdi:
Eşidirsənmi?... Mən burdayam...
Sözlərin
Allaha, bir də Qadına deyilməkçün
yarandığını pıçıldayan heykələ
dönmüş Gözləri oxuyanacan Vaqif az
qala bütün sualları verdi; əyri yoldan, yetim dalandan, tək
vələsdən, uzaq səsdən, yaxın kölgədən
soruşdu, ötən atlıdan, ağacdan, küləkdən,
birlikdən və təklikdən, ruhdan, Allahdan... soruşdu. Bu tərs sualların cavabını gözləyə
- gözləyə mehriban ayrılıqların, yanan
yağışların, yerdən göyə yağan
qarın altında əriyən tənhalığın şəklini
- dadını qorxuların yaddaşına yazdı.
Yaddaşda susuzluq yatıran bir şey görməyəndə
Səsini xatırladı:
Milyon
insan səhrasında
Yalqızlıqdan
dona-dona
Günəşlə
aram soyuyur
Səsim hardadır, ay ana?
Təkcə
naqolay sualları deyildi onu “yad “ göstərən.
Vaqif Səmədoğlu şeirinin
intonasiyası epiqon - birtipli ənənənin, “ekzotik
milliliyin” intonasiyasını diksindirdi.
Çörək
pulu tutdu
Ayın-günün qabağını.
Qara gün gəldi.
Vaqif
heç bir halda ənənəni qovmurdu, keçilmiş yolu
rədd etmirdi, ənənə ilə köhnənin fərqini
- eyniliyini kəsən nöqtəni görə bilirdi:
Keçmişə
əlvida demək olmaz,
gələcəklə
vidalaşa bilər insan ancaq.
Onun keçmişə və gələcəyə
baxışı o qədər aydın, rahat idi ki, “nadan
yüz yol oxusa, anlamazdı”.
Bizdən
qorxmayın, yox,
Qorxun bizdən
sonra gələnlərdən...
Bir kəs
bilmir niyə, nəylə,
Hansı niyyətlə gəlir onlar.
Bir kəsin
də ağlına gələ bilməz
Haradan
çıxacaqlar
Bizdən
sonra gələnlər...
Nəğmələri
necə, nəğmələrinin sözü necə,
Nədən olacaq?
Öldürməyəmi
gələcəklər ancaq,
Yoxsa
Nəsə
deyəcəklər sizə
Başınız
üstə
Qılınc qaldırmaqdan qabaq?
Qorxun,
Qorxun bizdən
sonra gələnlərdən...
Vaqif Səmədoğlu,
bütün gerçək və böyük istedadlar kimi,
şair obrazı yaratmaq haqqında düşünmədi,
Vaqif Səmədoğlu Obraz oldu. Vaqif Mustafazadə muğamla
cazın təfsirində yeni bir səhifə
açdığı kimi, Vaqif Səmədoğlu şeirin
“caz və saz” təfsirini yaratmaqla milliliyin mahiyyətinə
endi - milli-mənəvi varlığın ümumbəşəri
ifadəsini verməklə yanaşı, milliliyin həm də
ciddi sosioloji problemlərin daşıyıcısı
olduğunu bir daha təsdiq etdi.
Sən ki
neçə dildə eşitmişdin
Azadlıq sözünü.
Sən ki
seçə bilirdin
Dünyanın əyrisini, düzünü.
Sən ki
oxumuşdun,
ümidin
göz yaşını,
Dəsmal
kimi silməkçün
yazılmış
şeirləri.
Sən ki
Dünyanın
neçə pəncərəsindən
görmüşdün səhəri...
Vaqif Səmədoğlu
həmişə ürəyini Səməd Vurğunun -
azadlığı boğulan zəncinin qəzəbindən
dümağ olmasını görüb - yaşamış
atasının - xatirəsinə söykəyib
üşüyən azadlığı sığalladı:
Yad ellərin
qarı yağır,
Nə vaxtdır elimizə.
Vaqif Səmədoğlunun
sualları passiv romantik şair düşüncəsində
ilişib qalmırdı, 60-cı illərin sonunda ittiham
ladında Birləşmiş Millətlər Təşkilatına
tuşlanırdı, Vyetnam dərdinə diqqət çəkməklə,
ikiyə bölünmüş vətən
ağrısının tanış qəmli
ağrısına resept yazırdı.
Vətən
şirin şeydir,
şirindir, talan olsa da...
Amma ikiqat
şirindir
İkiyə
bölünmüş Vətən!
...Onda
ikiqat cəsarətdən,
vaxtında silaha
dönə biləcək qeyrətdən
asılıdır onun taleyi.
Vaqif Səmədoğlu Vətən dərdini İnsan
ümidinin özü bilirdi. Vaqif Səmədoğlu
heç vaxt Vətənə tribunalardan, rəyasətdən
sevgi söyləmədi. Vaqif Səmədoğlu
Vətəni yaşadı - sevgi kimi yaşadı,
bütöv yaşadı. Vaqif Səmədoğlu
ölümə, həyata, cəmiyyətə, hakimiyyətə...
müxalifət mədəniyyəti - birlik nümunəsi
yaşamağa və yaşamağı öyrətməyə
gəlmişdi...
Məndən
uzaq gəzməyin,
bir-birinizdən də.
Tək
qoymayın məni
bir-birinizi də.
Vaqif Səmədoğlu hansı janrda nə yazdısa,
insanları sevgiyə öyrətməkçün yazdı. Yazdıqları ilə Janr ola bildi.
O,
şeiri kimsədən öyrənmədi; o, Sözdən
doğulmuşdu.
Mənə
şeir yazmaq öyrət,
öyrət, canavar izi...
Bilinsin
ki, hardan gəlib,
Hara gedir sözlərim.
Yaşamağa,
Torpaqda sənin kimi qalmağa
Haqqı olsun şeirlərimin,
Olsun, canavar izi.
Vaqif Səmədoğlu insanı rəng kimi, səs kimi, söz kimi görə bilməyə öyrədirdi oxucusunu. Onun yaradıcılığının rəngi qarışıq rəng olan bənövşəyiyə daha yaxındır. Bu rəngdə üç xalis rəngdən ikisi - qırmızı və göy iştirak etsə də, qırmızı kimi isti deyil, onun kimi imtinaya meyllidir, daxili enerjinin sərbəstliyini ifadə edir, göy rəng kimi, qaranlıq üzərində işığın qələbəsini təmsil edir. Bənövşəyidə həm də sarı rəng var - göylə qırmızının arasında mövqe; bir az bədbin, bir az yorğun... Vaqif Səmədoğlu yaradıcılığı bənzədiyi bənövşəyi rəng kimi - sintezdir. Dövr, tərz, mədəniyyətlərin müqayisəsinə səsləyən əlahiddə təqdimat nümunəsidir. Hansısa bir zamandan, hansısa bir düşüncə mədəniyyətindən gəlmiş, yaxud qopub ayrılmış bir meteoru xatırladır.
Poetik sintaksisi son dərəcə dramaturji, son dərəcə kübar, son dərəcə bəşəri... Həmişə maraqlı olacaq, ünsiyyətə səsləyəcək.
Vaqif Səmədoğlunu yad etmək sözü artıq görünür - yad etməkçün unudasan gərək.
Vaqif Səmədoğlunu oxumaq da gərək deyil - ruhu oxumaq olmur.
Vaqif Səmədoğluya heyran olmaq da yetmir.
Vaqif Səmədoğlunu ,sadəcə, yaşamaq gərək.
Başqa
yol qoymur axı...
Birdən
çaşıb
Məktub
yazmaq istəsən mənə
Belə
yaz
Üstünü
məktubun:
“..........
Do
vestrebovaniya.
Samomu
nesçastnomu”
Dar
teleqraf pəncərəsindən
Neçə
insan əli
Uzanacaq məktubuna.
İtəcək
əlimin tənhalığı
əllər içində...
Südabə
Ağabalayeva
525-ci qəzet.-
2016.- 4 iyun.- S.16-17.