Afaq Məsud dünyası
(yeddinci
yazı)
Mövcud
(ənənəvi) ədəbi təhlil üsulu ilə
yanaşsaq, Afaq Məsudun “Uydurma” hekayəsinin ideyası barədə
onu deyə bilərik ki, əsassız qurulan ailədə
(ümumən, görəsən, bu dünyanın təcrübəsində
əsaslı qurulan ailə varmı?) ya ər arvadın, ya da
arvad ərin ağzında “protez diş” kimidir...
Ancaq Afaq
Məsudun insan hisslərini araşdırma metodu elədir ki,
bu “ideya” hələ başlanğıcdır... Və problemin
“izah”ı, prinsip
etibarilə, daha dərin qatlardadır...
“Qu
quşu” hekayəsində dişi ağrıyan (ağzında
ölü diş gəzdirən) ər - Məmməd hirsini
arvadının üstünə tökür... “Dişinin
ağrısı sol gözünə vura- vura fikirləşdi
ki, on beş il gecə- gündüz bir damın altında
yaşayıb bir yastığa baş qoyduğu, ondan
uşaqlar doğub tikəsini bölüşdüyü bu
qadınabənzər məxluqda zərrə qədər
olsun, ona tanış, doğma olan bir şey yoxdu. Nəinki
doğmalıq, əslinə qalsa, heç yadlıq da yox
idi”...
Məmməd hirsindən arvadını tapança ilə
vurmaqla hədələyir.
Ancaq bədənin
hüceyrələrinə hopmuş elə hisslər var
ki, nə sevgiyə baxır, nə də nifrətə...
Bir azdan
arvadı yenə Məmmədin qüvvətli əllərində
çabalayırdı... Bir əli arvadının ağ
çinini andıran şümal boğazında, o biri əli
ülgücü aramla onun ağappaq dərisiylə
sürüşdürürdü... Arvadının qaynar
qanı qolları boyu axdıqca, Məmmədin gözündən, həmin
qaynarlıqda göz yaşı süzülürdü...
Arvadı qanı bitib tükəndikcə Məmmədin
qolları arasında qu quşu kimi
çırpınırdı”...
Ancaq
tapança varsa, atılmalıdır...
“- At, -
dedi, sonra qılınc kimi geriyə sivrilib
saçları harasa, arxaya dalğalana- dalğalana Məmmədin
heç vaxt eşitmədiyi
zabitəli kişi səsiylə:
- At dedim
sənə!.. - dedi.
...Arvadının
səsindən, ya üzünün ifadəsindən oldu, yoxsa
sol damağında çaxan ildırım əlini əsdirdi,
barmağı tətiyi geriyə qanırdı... güllənin
uğultusu Məmmədin beynini sol damağının ağrısıyla bir vurub
çıxartdı.. güllənin zərbəsindən
geriyə atılan kürəyi
bədəninin ağrılığını
balışın üstünə saldı... gözləri tavana zillənib qaldı...
Bəbəyinin
rəngi getdikcə avazıyan gözlərində ağappaq şimşək
kimi çaxan - çəhrayı
gecə köynəyində səssiz addımlarla
otağı tərk edən ağ qu quşu oldu”...
“Uydurma”dan
fərqli olaraq “Qu quşu”nda nəyəsə nöqtə
qoyulur... Ancaq nəyə?.. Bəlkə də,
heç nəyə!..
“Mən”,
“sən”, “o” paradiqmasında Afaq
Məsud üçün bədii- psixoloji (və mistik)
baxımdan ən aktual olanı
“o”dur. “O”nu sevmək olar, “O”na nifrət
eləmək olar, “O”nun naminə ölmək olar, yaşamaq
olar... Və hətta elə hallar var ki, “O” yoxdursa, nə “Mən”
var, nə də “Sən”...
“O” hekayəsində
həm O var, həm də onlar...
“...Bir
anlıq sabah səhər bu yorğanın altından necə,
hansı sifətlə çıxacağını fikirləşdi.
Sonra beyni yenə elə bil dondu və yenə anladığı həmişəki
kimi, bir bu oldu ki, özüylə bacarmır, bədəni
sözünə baxmır... Onlar idi onu bu günə salan, həyatını
dağıdıb
gününü göy əskiyə bükən,
sevib, seçib evləndiyi qadını da, uşaqlarını da yetim qoyan
onlar idi.
Başını da onlar xarab eləmişdi. O balaca, gözəgörünməz
əclaflar.
Belə fikirləşdikcə, bədəni, əl-
ayağı boyu xəbis-xəbis qaynaşan toxumalarını
hiss elədi.
Toxumaları yenə ac idi”...
Bir tərəfdən
də, şair demiş, bu yağış...
“Fikirləşdi
ki, görən niyə Onunla tanış olandan, elə bil həmişə
yağış yağır?..
Axı
düz iki il idi ki, tanış idilər və düz iki il idi ki, gecə-
gündüz yağış yağırdı.
Bu
aramsız yağışlardan şəhərin
ağacları yoğunlayıb uzanmışdı,
küçələrin, binaların hisi- pası
yuyulmuşdu...
Tavanları
isə budaq kimi çat atmışdı”...
Ərinin
Ona bağlandığını yaxşı bilən
arvadının bu cür yağışlı günlərin
birində qiyam qaldırıb evdən getməsindən təbii nə
ola bilərdi ki?..
“- Bilirsən,
nə var?.. Çağır onu, gəlib
uşaqlarına da baxsın, xörəyinizi də
bişirsin! Daha mən burdakı qulluqçuluq fəaliyyətimi
başa vururam!..
Dəhlizə
çıxıb:
- O kimdi?.. - dedisə də,
arvadının əsəbilikdən xırıldayan səsi
qapının o üzündən eşidildi:
-
Özün yaxşı bilirsən!..
...Mühəccərdən
aşağı asılıb var gücü ilə:
- Gecənin
bu vaxtı hara gedirsən axı??. - deyə qışqıranda, arvadı ayaq
saxlayıb geriyə çöndü, əllərini
plaşının ciblərinə salıb:
- Ölməyə!.. - dedi”...
Xəstəxanaya
düşən Ona baş çəkməyə
getmişdi. Və məlum oldu ki, O da onu bütün vücudu
ilə istəyir...
“...Bir
müddət beləcə, bir əli Onun yanağında, o
biri əli
dodaqlarında dinməz- söyləməz bir- birinin
üzünə baxa- baxa qaldılar. Sonra nə oldusa, O, qəfildən
dəyişdi, yataqdan sıçrayıb soyuq qollarıyla
onun boynuna sarıldı, güclə anlaşılan qırıq kəlmələrlə:
- Da-rı- xı- ram... sən- siz... Çox da-
rı- xıram... Darıxı- ra- a- am... - deyə yaralı
heyvan iniltisiylə inildədi... sonra bağırdı...
- Da- rı- xı- ra- a- am!!!
Ailə,
ya O?..
“... O,
cani idi. Bu vaxta qədər bunu niyə boynuna
almamışdı?.. Bütün ömrünü,
“uğurlu qalibiyyətlə” yaşaya- yaşaya,
özünü ağıllı və güclü hiss etməkdən
ötrümü?..
...Qapı
astaca taqqıldayıb aralandı. Böyük
qızıydı:
- Ata... Səni
bir dəqiqəlik olar?.. - deyib
çəkildi.
Özünü birtəhər dikəldib əli belində,
dəhlizə çıxdı.
Qonaq otağı adamla dolu idi. Qızları, kürəkənləri,
oğlu, nəvələri
onu görən kimi, bir ağızdan:
- Təb-
rik edi- rik!.. - deyib əl
çaldılar.
Sonra
arvadı dərisi sallanan sümüklü qollarında iri
tort içəri girib:
- Nə
gözlərini döyüb baxırsan?..
Yetmiş yaşın mübarək!- dedi və
tortu süfrəyə qoyub şamlarını
yandırmağa başladı”...
Ancaq O
daha güclü idi... Yağışı ilə, tufanı ilə...
“...Çölün
qasırğalı tufanı otağa dolub pərdələri
havaya üfürdü, süfrəni dəniz kimi
dalğalandırıb üstündəkiləri döşəməyə
dağıtdı... ağır, büllur
çilçıraq küləyin təsirindən ləngər
vurub saat kəfkiri kimi yellənməyə başladı... Hamı
içini çəkib çığırdı...
işıq keçdi...
...Nə
isə demək istədisə də, səsi
çıxmadı... dodaqları heysiz- heysiz
büzüldü. Sonra haçandan- haçana
özünü toplayıb:
-
Darıxıram... - dedi və öz səsindən az qaldı ürəyi dayana.
Bunu deyən
O idi”...
İnsan
münasibətlərinin, daha doğrusu, hiss mübadilələrinin
təsvirində Afaq Məsud moralist yox, analitikdir. Və bu,
hansı pedantasa volyuntarizm kimi görünə bilər...
Ancaq hər hansı moralizmin və
ya mənəvi- əxlaqi pedantizmin müdaxilə edə bilmədiyi təmiz,
saf bir ədəbiyyat ərazisi də olmamış deyil ki,
oradakı əxlaq, mənəviyyat insanın “ictimai” təzyiqlər
altında deformasiyaya məruz qalmamış təbiətindən,
təhtəlşüurundan nəşət edir. Bu, Afaq Məsudun
yaradıcılıq metodudur... Və
yazıçının özü də etiraf (və izah)
edir ki, onun üçün yazı (yaradıcılıq!)
“heç kimlə, hətta özümlə
belə bölüşə bilmədiyim
ağrılarımı qələm və kağızla
bölüşmək ehtiyacıdı... İçimin,
yaddaşımın gizli hücrəsində yatmış nələrinsə
gül kimi pardaxlanıb açıldığı, ovuc
içinin aydınlığı ilə göründüyü bir əraziyə
düşür, bütün təfsilatı və
aydınlığı ilə
görünənlərdən nəyisə gizləyə
biləcəyimin fərqinə varmadan, yazmağa başlayıram. Əlbəttə, belə məqamlar kağıza
düşənləri səhəri gün təmizləməyə
həmişə imkan olur. Amma heç vaxt bunu eləməmişəm”...
İlk
hekayələrindən başlayaraq “təklik” Afaq Məsudun bədii
təfəkküründə məhsuldar, törədici,
miqyaslı bir stixiya kimi təzahür edir. Və yazıçı dəfələrlə
qeyd edəndə ki, “hisslərin süjet”ini yazır,
görünür, ilk növbədə o nəzərdə tutulur ki, “təkliy”in
“ərazi”sindədir. Çünki kütləvi
və ya ictimai təfəkkür hisslərin, emosiyaların
normal təzahürü üçün heç də
münasib (və səmimi) bir məkan deyil.
“Tək”
hekayəsində “hisslərin süjeti” belə
başlayır:
“...Anasını
pilləkənlərlə düşürürdülər...
kimsə qoluna girmişdi... Anasının bozumtul üzü zəiflikdən,
yoxsa ağrıdan dəyişmişdi... gözləri girdələnmiş,
saçları qısalmış və
islanmışdı... pillələri enib taqətsiz
ayaqlarını ardınca sürüyə- sürüyə
hayanasa gedirdi... ondan uzaqlaşırdı...
Anasının
üzünü o qədər yaxından, o qədər aydın
gördü ki, az qaldı ürəyi
dayana... Gör bir nə vaxt idi, bu doğma, gözəl
üzü görmürdü?!. Beş il
idi, on il idi?!. Hər şey
qarışmışdı...
Nəfəsini
içinə çəkib, yaddaşını gərib dərindən
fikirləşməyə çalışdı... və
anladı...
Anası
ölməyə gedirdi”...
...Bu, yuxu
imiş...
Və
sual olunur: yuxuda insan idrakı hisslərdən o yana,
yəni intellektə, zəkaya keçə bilirmi? Yoxsa elə emosiyalarda boğulub qalır? Yuxunun idrakı
ilə gerçəkliyi izah, interpretasiya etmək
mümkündürmü?..
Gerçəklik
isə ondan ibarətdir ki...
“...Ərinin,
qayınanasının qorxudan, həyəcandan gərilmiş
üzləri gözünün qabağına gəldi...
Qayınanası başını dərdli- dərdli yellədib:
- Niyə belə eləyirsən, a bala, vallah, Allaha xoş getməz. Kimin ata- anası dünyanı tutub dayanır ki?.. Cavansan, ərinə, uşaqlarına yazığın gəlsin... - dedi”...
Görünür, yuxu gerçəkliklə bağlı nə isə informasiya verir, lakin bu informasiya o qədər zərif spektrlərə əsaslanır ki, gerçəkliyin qaba mövcudluq metodlarına müdaxilə etməkdə gücsüzdür.
Əvvəl ərinə nifrət eləməyə başlayır, sonra da bütün dünyaya...
Və anası sağlığında olduğu kimi ölümündən sonra da onun varlığına hakim kəsilir... Bu dünyadan ayırır...
“...Balışın üzü bütün gecəni ağlamaqdan islanmışdı deyə o biri üzünə çevirib fikirləşdi ki, yuxular əslində, reallıqdı. Yuxuda anası onu qoyub gedirdi... və o tanımadığı, yad adamların arasında təmtəkcə qalırdı... Hər şey necə də dəqiq idi?!. Əslində də, beləydi axı?!. İndi o, tamamilə yad adamların arasında yaşayırdı... Hə, ailəsi də həmin o yad adamlardan ibarət idi. Yad uşaqları və yad ər”...
Əri onu başa düşməyə çalışır. Ancaq ana ilə qızı arasındakı münasibətin “anatomiya”sını anlamaq çox çətindir. Çünki “onun xəstəliyi və itkisi ilə bağlı keçirdiyi bütün bu iztirablar ana- bala münasibətindən çox, sevgili münasibətini andırır”...
Və bu “münasibət” artıq gerçəkliyin idrak məntiqi və ya metodları ilə izah oluna bilməz. Bunu ancaq başa düşməyə çalışmaq olar... O da necə?..
“...Ağlayıb-ağlayıb susdu, ərinin isti sinəsindən, sakit nəfəsindən hiss eləyirdi ki, ona yazığı gəlir. Yazığı ona görə gəlir ki, on beş yaşından atasını itirmişdi, bir az sonra anasını. Bir də ona görə ki, zəif idi, tez- tez ürəyi ağrıyırdı, heç nədən həzz almırdı, sevinmirdi, ürəyi açılmırdı. Bir də ona görə ki, uşaqlarına baxanda gözü ağrıyırdı...
Əri bütün bunu, demək olar ki, hər dəfə -o, anasını yuxuda görüb ağlamağa başlayanda deyirdi. Anası barədə isə susurdu. Elə susurdu, elə bil heç tanımırdı onu. Yoxsa zəhləsi gedirdi anasından? Yox, zəhləsi getmirdi, amma nəydisə, o mövzuya toxunmağa, onun tərəfinə baxmağa belə ehtiyat edirdi”...
Ən dözülməzi isə odur ki, “anasının ölümündən sonra ondan söz düşəndə, ərinin gözləri iri- iri açılırdı, üzü dəyişirdi. Elə bil əri, öləndən sonra anasından qorxmağa başlamışdı”...
Yazıçı vəziyyəti bir az da tündləşdirir:
“...Anası, olsun ki, ərinin də yuxusuna girməyə başlamışdı. Bunu son aylar ərinin də gecənin bir aləmi yuxudan oyanıb evin qaranlığı ilə oğru kölgəsi kimi sürünməsindən, mətbəxin işığını yandırıb orda əsəbi hərəkətlərlə nələrisə əsəbi- əsəbi didişdirməsindən, yaxud səhərin gözünü, bədəninə qarışqa daraşmış tək, vurnuxa- vurnuxa açmasından başa düşürdü. Bütün bu “gecə sərgüzəştlərinin” səbəbini soruşanda isə cinayət üstündə yaxalanmış tək, dinmir, sürünməyini, vurnuxmasını saxlayıb hava işıqlananacan, məzlum sifətlə, dinməz- söyləməz tavana baxa- baxa qalırdı”...
Və mistik düşüncələr baş qaldırır...
“...Deyilənə görə, ölümdən sonra ananın ruhu qızına keçir. Demək, anasının ruhu ona köçüb. Əslində, son vaxtlar bunu özü də hiss eləyirdi. Dəqiq hiss eləyirdi ki, hər şeyi ayrı cür görür, ayrı cür fikirləşir, illərlə tanıdıqlarını elə bil təzədən tanıyır, xoşu gəldiklərindən zəhləsi gedir, zəhləsi getdiyindən xoşu gəlir”...
Ana,
doğrudan da, qızının ruhuna hopur... “Ağlayan o yox,
anası idi, ağlaya- ağlaya ağrı- acısını onun içinə
tökürdü... Anası onun gözləriylə özünə
ağlayırdı... Nakam taleyinə, xəstəliyin
soldurub məhv etdiyi gözəlliyinə...”
Nizami Cəfərov
525-ci qəzet.-
2016.- 4 iyun.- S.15.