Ədəbi gəncliyimizin 2015-ci ildəki
fəaliyyətinə bir baxış
Çağdaş gənc yazarlarımız müasir ədəbi
proseslərə yetərincə təsir göstərməkdədir.
Bu baxımdan, gənc yazarların 2015-ci ildəki ədəbi
çıxışlarını fundamental şəkildə
araşdırmaq olar. Hətta, araşdırmanı da bir
neçə istiqamətdə aparmaq mümkündür.
Bu yazıda aparılan bölgülər şərti
xarakter daşıyır. Həm də məqalədə
ən çox poeziya nümunələrinə istinad edilib.
2015-ci ildə
“aybKitab” layihəsində gənclərin çap olunan
kitablarına Könül Həsənqulunun “O zəminin
sahili”, Rauf Qərib Alagözün “Silə”, Arzu Hüseynin
“Sonu əlvida”, Ramil Əhmədin “Zaman tuneli”, Emin Pirinin
“Tanrının kölgəsi” kitablarını misal çəkə
bilərik. Bunlardan üçü haqqında
yazım çap olunub. “Ramil Əhməd və
ya “Zaman tuneli”ndə zamanı sıfırlayan şair” məqaləmdə
onun şeirlərini bu cür ehtiva etmişəm: “Ramilin
şeirlərində ən özəl cəhətlərdən
biri də həyati müşahidələrlə bədii təfəkkürün
bir araya gəlib özünü təsdiqləməsidir”.
“Arzu Hüseynin içində yaşayan məsumluq” məqaləmdə
onun şeirlərində gördüyüm özəlliyi belə
təqdim etmişəm: “Suallar nə qədər ritorik olsa
da, bir o qədər diqqət çəkəndir. Ac körpənin çörək eşqinin nə rəngdə
olduğu ilə maraqlanmayan laqeyd insanların
çoxaldığı dünyamızda Arzunun bu mövzuya
belə həssaslıqla yanaşması təqdirəlayiqdir”.
“Emin Piri “Tanrının kölgəsi”ndə” məqaləmdə
isə qeyd etmişəm ki, “kitabdakı şeirlər
mövzu baxımından rəngarəng olsa da, janr məhdudluğu
ilə yadda qalır. Heca vəznində şeirlər
sanki bir eksperiment olaraq kitaba salınıb. Lakin həmin şeirlər öz mükəmməlliyi
ilə daha çox diqqəti çəkir. Şair sərbəst
formada mümkün qədər yenilikçi olmağa can
atıb”.
Yola saldığımız ildə gənclərin daha
çox üz tutduğu məkanlardan biri də “kitabevim.az”
oldu. Orada Rauf
Qərib Alagözün “Silə”, Tural Turanın “Bələksiz
qığılcım”, Elşad Baratın “310-cu otaq”, Vasif
Zöhraboğlunun “Ömür bir günlük yuxudu” və s.
kitabların təqdimatı keçirildi. T.Turanın
kitabındakı forma hoqqabazlığı şeirlər
oxunarkən adamı yorur, misraları qabaq-qabağa yazmaq
oxucunun işini çətinləşdirməkdən
başqa bir işə yaramır. Kitabın
özəlliyindən biri əski türk sözlərinə
üstünlük verilməsidir. Bununla
yanaşı “Alt yazılı uşaq” şeirindəki kimi
“Gözlərim P.S, yanağım diptont” tipli eksperiment sətirlərə
də rast gəlirik. Onun şeirlərinin
leytmotivini milli təəssübkeşlik təşkil edir.
E.Baratın “310-cu otaq” kitabında da sanballı əsərlər
toplanmışdır. Onun “Anan kömək edə “ana” yazmağa Bir səhifə
“ana” yazasan, Dərk etməyəsən
yazdığını” – kimi səmimilik və təmizlik
süzülən misraları çoxdur. Onun “Mən
nə itirmişəm ki?!” şeiri xüsusilə ciddi
düşüncələrin vicdanla söhbəti əsasında
yazılıb. Kitabın adını daşıyan
şeir tələbəlik xatirəsinə dönmüş
bir eşqin gileyindən bəhs edir və maraqlı bir sonluqla
bitir: “Amma mən bilirdim ki, sən mənə ərə gəlirsən,
kəndimizə yox”. Onun vətəndaşlıq
mövqeyi “Getməyə nə var ki, gedəndən sonra
Körpəmin yad dildə dil açmağı var”
misralarında əks olunub. Dilimizin necə
yaşadılmasının qeydinə qalan Elşad şeirlərində
qrammatik səhvlərə yol verir: “Mən sənəm, mən
oyam, elə hər kəsəm” tipli uzlaşmanın
pozulduğu cümlələrə bir sıra gənclərin
yaradıcılığında rast gəlmək olur. Həmin gənclər bir yolluq qəbul etsinlər
ki, bu cür təqdimatda dil qüsurundan başqa heç bir
poetik tapıntı yoxdur. Amma “Bilirəm sən
özün gələn deyilsən, Gülüm, heç
olmasa yazığın gəlsin” misralarında heç bir
nöqsan tapmaq olmur.
V.Zöhraboğlunun
“Ömür bir günlük yuxudu” kitabında “Bu heykəl
gözəli, bu daş gözəli Sevib tapınmaqdan bütpərəst
oldum”, “Ya sən gecikmişdin o gün görüşə, Ya
mənim saatım düz işləmirdi”, “Gülüm,
ayağından şikəst sevginin, Əlindən tutsan da
yeriyə bilməz”, “Bu dünyada soyuq daşdan, Evi tikilmiş
adamam”, “Ayaq altda atılandan Xalça naxışı sevmədi”
və.s tipli mükəmməl, obrazlı ifadələrlə
zəngin misralar işlədilmişdir. Bununla yanaşı,
Vasifin kitabında qafiyəsi, hecası yerində olan, içdən
yazılan, lakin adi, sıradan şeirlər də var. Həmin
şeirlərə “Sevirəm desən də”,
“Qayıdarmı”, “İstədim”, “Gəl”, “Qayıt”, “Qədrimi
bilmədin”, “Görüşəkmi”, “Yağış
yağır”,
“Ağlayacam” və.s şeirlərini nümunə
göstərə bilərik. “Yatmağa həvəsim yoxdu qəbirdə”
şeiri uzadılıb səkkiz bənd edilib, lakin cəmi iki
yerdə nəsə bir yeni fikir nəzərə
çarpır: “Ey insan, deyilsən sən özbaşına,
Dünyanın Allahı, Peyğəmbəri var” və
“Allahın yanında basdırın məni, Yatmağa həvəsim
yoxdu qəbirdə”. “Yenə xatirələr düyünə
düşdü” və “Xəyalım illərin gözünə
düşdü” misralarında “düyün” və “göz”
sözləri, “...Nə dinir, danışır, nə mən
duyuram... Gənclik illərimi xatırlayıram”
sətirlərində “duymaq” və “xatırlamaq” feilləri
qafiyə deyil. Eləcə də, “Bir eşq ilə”
şeirinin üçüncü bəndindəki
“köksümə”, “bəxtimə” və “üstümə”
sözləri qafiyə deyil. “Aparır” rədifli
dörd bəndlik şeirdə kimin, nəyi, haraya, niyə, nə
zaman apardığı anlaşılmır, şeirin mənası
naməlum qalır. “Məqamın cənnətdir,
hicablı qadın” deyən şairin ölkəsində
qadınların əksəriyyəti hicab örtmür,
görəsən, onların hamısı məhz bu səbəbə
görə cəhənnəməmi düşəcək?! İlk kitab olduğundan nəzərə çarpan
qüsurları aradan qaldıracağına inanırıq.
Axı o kitabda sözün həqiqi mənasında mükəmməl
bəndlərə də rast gəlirik: “Ay yaşıl
geyimlim, ay yaz nəfəslim, Ömrümə gəlməyə
bir az da ləngi. Ay vüsal həvəslim, sevgi həvəslim,
Axı ayrılığın sarıdı rəngi”- bəndində
ilk misradakı yaşıl rəngin son misrada necə poetikcəsinə
saraldığını görürük. Həm
də “ləngi” və “rəngi” qafiyələrindəki ənənəvilikdən
qaçış da diqqəti çəkir.
Bunlardan əlavə
2015-ci ildə çap olunan kitablara Mətləb Ağanın
“Yüzdə səksən”, Aybəniz Əliyarın “Qürubda
günəş” və s. kimi kitablarını misal gətirə
bilərik. Ötən il çap olunan
kitablardan Aliyə Əsədovanın “Payız nəfəsi”nə
AYB-də təqdimat keçirildi. Kitabda kifayət
qədər uğurlu misralar yer alıb, lakin ümumilikdə
şeirlərin məzmunu və söhbətin nədən getdiyi
qaranlıq qalır. Amma xoşagəlimli sətirlər
var: “dənizin sularını alaq əlimizə” misrasında həqiqi
mənada dəniz suyunu ovcuna almaqla yanaşı, suyu ələ
ala bilmək kimi frazem də özünü göstərir. Aliyənin yaşadığı bir şirin
nağılı “hər şeyi özündən
asılı edən boyunbağı”ya bənzətməsi də
maraqlı alınıb.
Faiq Hüseynbəylinin “Yer üzü bir beşikdi” kitabına yazdığım məqalədə onun şeirlərinin bədii xüsusiyyətlərinə də nəzər salmışam: “Söz üstünə söz demədim, Dediyim söz sözü çəkməz”- fikrilərinin müəllifi, bu kitabında şeirlərini yazılma illərinə görə fəsillərə bölmüşdür. Açıq-aydın görünür ki, ildən-ilə şairin qələmində püxtələşmə gedir. “Sətir üstə yer qalmadı, Keçdim sətir altına. Sözlərimi xərcləsən, Gərək qalmaz altuna”- misralarından da gənc yazarın nizamisayağı sözə məsuliyyətlə yanaşmasının şahidi oluruq”. “Hətta, Faiqin şeirlərində yetərincə fəlsəfi yanaşmaların da yer aldığı bəllənir. “Bir udumluq xoş ömür dağların özü qədər dəniz səviyyəsindən uzaqdı”- fikrində, şairin yaşam fəlsəfəsinə öz mövqeyindən yanaşmasının nə qədər orijinal işlədilməsi ortadadır”.
2015-ci ildə çap olunan kitablara Vəfa Mürsəlqızının “Qağayı gülüşü”nü də əlavə edə bilərik. Bu kitabdakı şeirlərdən aydın olur ki, artıq Vəfanın qələmi yetərincə püxtələşib və özünəməxsusluq qazanıb. “Bu leyla gecəylə gəl vidalaşaq” misrasında gecənin qaranlığıyla Leylinin qarabənizliyi orijinal epitet yaratmışdır. Vəfanın “İsmin mənsizlik adlı Yeddinci halı varmış”, “Düşən alma deyil, sevgi bitəndə, Dünyanın başına sanki daş düşür”, “Hər cüt olan cüt sayılmır, Hər tək qalan Allah olmaz”, “Birinci görüşdə ağıl olmur ki, Sonuncu görüşü dərk eyləməyə” kimi bədii tutumlu fikirləri yetərincədir. Kitabdakı şeirlərdə yetkin bir qadın düşüncəsinin fəlsəfəsi əks olunub. Həmin düşüncənin fərqinə varmaq üçün “Bütün qadınlardan yüksəkdə durduğum nöqtə həmişə bir boy səndən alçaq olub”- sətirlərindəki ümumiləşməyə nəzər salmaq kifayətdir.
Ötən il gənc yazarların nəsr sahəsində də uğurlu kitabları işıq üzü gördü. Bunlara Nuran Gündüzoğlunun “Baal-Zevulun marionetləri”ni, Savalan Talıblının “Kitab”ını, Günel İmranın “Qapqara Günəş” povestini və Pərvin Nurəliyevanın “Qadın olmaq” esselər kitabını misal çəkə bilərik. Pərvinin kitabı haqqında məqaləm belə yekunlaşır: “Yazılarda qəhrəmanların real yaşantılarına üstünlük verilməklə yanaşı, həmin talelərə gənc bir qadının bədii-fəlsəfi münasibəti də
öz əksini tapıb. Pərvin xanım qəhrəmanlarının yaxşılığa yozumlanan üstünlüyünü ibrət kimi təqdim etməklə bərabər, çatışmazlıqlarından da dərs götürməyi aşılaya bilmişdir”. Mənim tərcüməmdə Mehmet Nuri Parmaksızın “Həsrət, eşq və sükut” kitabı “aybKitab” layihəsində nəşr edildi. Maraqlı və qəribə fakt odur ki, yalnız Günel Eyvazlının “Ədəbiyyat qəzeti”nin demək olar ki, bütün saylarında irihəcmli yazıları çap edildi.
2015-ci ilin Prezident təqaüdçüləri olan yazarların da sanballı əsərləri diqqəti çəkir. Yeqzar Cəfərli, Gülsadə İbrahimli, Şəbnəm Tofiq qızı, Elçin Aslangil və başqaları kifayət qədər fəal oldular. Bu təqaüdçülərin əvvəlki illərdəkindən özəlliyi bölgələrdən olan gənclərin üstünlük təşkil etməsi idi. Xüsusilə, AYB-nin Qazax zona filialının təmsilçiləri ilboyu özlərini doğrultdular. Ötənilki təqaüdçülərdən olub, Tovuzda yaşayan Mehman Rasimoğlunun “Könlüm məhəbbətin harayındadır” kitabı nəşr olundu. Kitabda “Bomboş çərçivəyəm- içimdə xəyal”, “Darıxmaq gör məni nə hala saldı! Gözümlə hər yerə səni düzürəm”, “Mən bəxti keçələm, sən qaravəlli, Üzündə gül açdı, dindi: “Ayrılaq”, “Asır gəlişinə gözümü yollar, İllərdi zəlildi baxışım necə!” və s. kimi uğurlu misralara rast gəlmək olur.
Təqaüdçü Rübabə Sahib daha çox mətbuatda publisistik çıxışlarıyla yadda qaldı. Onun şeirlərinin lirizmi özünəməxsusdur. “İtib dodağımın zümzüməsi də, Bahar yanağımın gül qəmzəsi də, Eşqimin ədalı əndazəsi də Ruhumda boğulub, yar, səssizəm mən”- bəndində Rübabə poetik əndazəni həm təkrarsız qafiyələrlə, həm də obrazlı deyimi ilə gözləmişdir.
Kəlbəcərli olsa da, Şəmkirdə məskunlaşan təqaüdçümüz Elməddin Nicatla Türkiyənin Qəhrəmanmaraş şəhərində keçirilən 18-ci “Dolunay” şeir şölənində ölkəmizi təmsil etdik. Onun “Sahibsiz yurd, mamırsız daş Hardasa gördümü sevir”- deyə təqdim etdiyi lirik qəhrəmanı “Namərdin yerə tullamır, Dolanıb mərdini sevir” – misralarıyla bizə daha yaxından təqdim edilir. Elməddin kimi kifayət qədər təcrübəli yazarın da şeirlərinə diqqət yetirəndə qüsurlar nəzərə çarpır. “Bu yağışlar yumayacaq, Bu ilki yaz toz içində” sətirləri nə qədər mükəmməldirsə, onun davamı olan “Hər kəs çölündən dolanır, Hər kəs batır öz içində” sətirlərində nə demək istədiyi aydın olmur, fikir çatmır. “Unut” şeirində qafiyələndirilmiş misralara baxaq: “...Unut başladığın yerdən” və “...Bu məhəbbət lap əzəldən”. Təbii ki, “yer” və “əzəl” söz kökləri qafiyə yaratmır. Bəzən isə səhvlərə qurban getmək dilin üzərinə düşür: “Biz ki, belə deməmişdik, Bəxt bizi gətdi oyuna”- misralarında “gətirdi” feili qurban verilir.
Ağstafada yaşayıb-yaradan təqaüdçümüz
Rüfət Axundlunun “Başım üstə hər
çalarlı buludlar, Sinəm üstə dağlarım var
silsilə. Gözlərimdə donub qalan kadrlar,
Baxışlarda sükunətli fasilə...” bəndindən də
görünür ki, o, yeni fikir deməyə cəhd etməklə
yanaşı, maraqlı qafiyələr də
tapmışdır.. Digər bir şeirində “Sol
çiynindən mələkləri, Yıxasan, rahat olasan”
misraları da ilk baxışdan özünü gizləyən
tapıntılarla zəngindir. Dini
dünyagörüşə əsasən sol çiyindəki
mələklər günahlarımızı yazır.
Şeirin tapıntısı da odur ki, şair sadəcə
“günah etməyin” çağırışına hesablanan
fikirlərini günahları yazan mələklərdən
xilas olmaqda görür. Yəni nə günah edin, nə
də sol çiyninizdə mələk gəzdirmək məcburiyyətində
qalın. Rüfətin şeirlərində bəndlərarası
qırılmaz güclü əlaqə var. “Yuxarı”
şeirində, doğrudan da, bütün proseslər əslində
aşağıdan yuxarıya doğru hərəkətə
uyğundur. Lakin bir bənddə “altdan yuxarı
batmaq” məsələsində istiqamət dəyişir.
Əslində, batan üstdən aşağı batar və
ilk baxışdan elə görünür ki, “batır”
sözü sadəcə digər bəndlərin qafiyəsinə
uyğunlaşdırılıb. Batanda, təbii ki,
ayaqlarımızdan üzü yuxarı batırıq. İlk əvvəl
ayaqlarımız üzü aşağı gedir. Biz
üzü aşağıya doğru getdikcə batma prosesi
üzüyuxarı davam edir. Batmaq nəyisə
aşağı aparırsa özü yuxarıya doğru can
atır. O, özü yuxarı çıxmasa,
batırmağa nail ola bilməz.
Gülnar
SƏMA
525-ci qəzet.- 2016.- 4 iyun.- S.14