Səni küləklərmi apardı,
qardaşım...
Vətəni qibləgah edən şəhidlər
İndi Qurbanlılar ailəsi Binəqədi rayonunda 1-ci
mədən ərazisində
yaşayır.
Münaqişənin qızğın vaxtında
İrəvandan köçkün
gəliblər. Bütün şəhid evlərinin
darvazasında gördüyüm
üçrəngli bayrağımız
dalğalanır və
qırmızı yaylıq
bağlanıb qapıya.
Qırmızı yaylıq o deməkdir
ki, bu evdə
ölən cavandır,
nakamdır, toyu olmayıb. Bir az toxtayıb
ailələr, bir az da inanmağa
başlayıblar əzizlərinin,
bircəciklərinin, ocaqlarının
son ümidi olan övladlarının yoxluğuna.
Qapısını döydüyüm evlərdə
ağbirçək, ağsaqqal
görəndə bir az ürəkli
oluram. Onlarda dözüm olur,
iradə olur. Dərdə arxa çevirməyi bacarırlar. Ən azından ağır məqamlarda özlərindən
kiçiklərə nümunə
olur, çətin vəziyyətdən çıxış
yolu tapır , dərdə sinə gərməyi öyrədilər. 2-5 aprel
döyüşlərində şəhid olmuş 23 yaşlı Fəxrəddin
Qurbanlının da ailəsinin ağbirçəyi
Hava ananı gördüm:
- Balam getdi əlimdən.
Erməni sinəmə dağlar
qoydu, məni yenə ağlar qoydu. Məni məzara o qoymalı
idi. Mən onun toyunu görməliydim, vayını
gördüm. Nəvəmin
7 murazından biri tutmadı...
Söhbətimizə şəhidimizin
anası Həzimə
də qarışdı:
- Mən bir gündə həm
oğlumu, həm də böyük
qardaşımı itirdim. Fəxrəddinlə ayın 1-i telefonla danışdıq. Heç 1 dəqiqə danışmadım.
Ara kəsildi. O gündən
balamın səsini eşitmədim. Hara zəng elədiksə, o danışan telefonlar bağlı oldu. Ayın 8-i böyük qardaşım
Malik qızına toy çadırı qurmuşdu.
Dəvətnamələr paylanmışdı. Oğlumdan bir xəbər çıxmayanda , əmisi, atası,
dayısı getdilər
Seysulan tərəfə,
onun hərbi xidmətdə olduğu yerlərə. Biz də burada ümidlə xeyir xəbər gözləyirdik.
8 apreldə qardaşım
Malik kiçik qardaşıma zəng vurub görür ki, telefonlar bağlıdır, kresloda
oturduğu yerdə deyir ki, açın
qırmızıları toyxanadan,
toy olmayacaq. "Mənim ömrüm bura qədərdir!"
- deyib, oturduğu
yerdə canını
tapşırır. Qardaşım bilir ki, bu
neçə günü
Fəxrəddindən xəbər
yoxdursa, deməli, həlak olub. Və dərdə dözmədi,
51 yaşında gözlərini
dünyaya yumdu. Mənə zəng edib dedilər ki, qardaşın da öldü. Onlar Pirşağıda
olurlar. Başıma yığılan qohum-əqrabadan soruşdum
ki, oğlumun tabutunu nə vaxt gətirəcəksiniz,
o gəlincə gedim qardaşımla görüşüm.
Getdim, ağladım qardaşımı.
Qardaşımla vidalaşıb,
anama dedim ki, sən öz
oğluna layla çal ağla, mən də gedim, yol gələn
balama ağlayım, layla çalım. Nə danışım oğlumdan? Diplomlu, savadlı, tərbiyəli,
etibarlı balamdan, daha nə deyim.
Deyimmi ki, məhəllədə
hamının sevimlisi
idi? Deyimmi ki, bilmədim sevdiyi, sevdiciyi kim idi?
Deyimmi ki, diplom alıb, sevdiyi işinə gedə bilmədi... Deyimmi ki, məni vüqarlı
analar sırasından
sildi. Hansı birini deyim?
Bu hadisədən 5-10 gün əvvəl rəhmətlik qaynatam gəldi yuxuma. Gördüm
ki, bu həyətdə
yer əkib-becərmişəm.
Bir tərəfdə bitkilərin
yarısı quruyub, o
biri tərəfdəki,
əkdiklərim bar tutub,
çiçək açıb.
Qaynatama şikayət edirəm ki, bunlar niyə
belə solub. Kişi qayıdıb mənə dedi ki, ay gəlin, o yanan tağlardan əlini üz, səninki o çiçək
açanlardır. Bu da Allahın mənə işarəsi idi. Bir dəfə də soruşdum ki, ay oğul əsgər gedirsən, bəlkə bir gözaltı etdiyin var. Cavab verdi ki, ana,
kimisə gözaltı
etmək olmaz, bəlkə heç sözumə vəfalı
çıxmayacağam. Əmin olmayınca,
qıza söz verib, söz almaq, qəlbini incitmək olmaz. Bu şərəf məsələsidir, vicdan
məsələsidir. Fəxrəddin belə oğul
idi.
Qurbanlılar ailəsi Fəxrəddinə
aid olan kitabları, şəkilləri indi evin bir küncündə
olan dolabın üstünə düzüblər. Burada onun institutda oxuyarkən aldığı
diplomları, sevdiyi əşyaları, yazıları,
əlinə alıb, ləzzətini görmədiyi
Azərbaycan Universitetinin
Sosial iş fakültəsini bitirməsi
barədə diplomu, Azərbaycan bayrağı
var. Atası Seyfəddin
Qurbanlı dayanıb guşənin qabağında...
İndi əli ancaq xatirələrə çatır.
Gözünə çıraq
olacaq, özünə
dayaq olacaq oğlu haqqında xatirələr danışmaq
ata üçün ən böyük əzabdir:
- Fəxrəddin
çox zəhmətsevər,
dürüst insan idi. Oxuduğu universitetdə də
birincilərdən idi.
200 manat tələbə
təqaüdü alırdı.
O bir dəfə bizi problemə çəkmədi. Bütün imtahanlarını
öz gücünə
verirdi. Məndən bir dəfə
də xərclik istəmədi. Həmişə xeyirli, sevincli xəbərlərini eşitdik.
İnstitutda təhsil ala-ala işləyirdi.
Arzusu var idi ki,
təhsilini Türkiyədə
davam etdirsin. Hansı işin qulpundan yapışsa, uğur qazanırdı. Oğlumun darda
olduğunun fərqinə
aprelin 6-dan sonra vardım. Çünki o vaxta qədər
elə ancaq televizorda bütün Azərbaycanın da izlədiyi xəbərlərə
baxır, həyəcanlanırdıq.
Fəxrəddinə nəsə
ola biləcəyi
heç ağlımıza
gəlmirdi. Anası, şəhid olan
əsgərlərə baxıb,
onların analarının
halına acıyırdı.
Sən demə, özümüzün
də taleyimizdə belə qara xəbər var imiş. Ayın 6-dan
sonra getdik cəbhə boyu rayonlara, Tərtərdə
axtardıq... Ayın 8-i əmin
oldum ki, balam düşmənlə
üzbəüz döyüşlərdə
cəbhənin Tərtər
istiqamətində hərbi
xidmətini yerinə yetirərkən şəhid
olub. Bir ondan rahatam ki, Fəxrəddinin ruhu şaddır. O həmişə, erməni
işğalında olan
torpaqlarımızın dərdini
çəkirdi. Deyirdi ki,
Zəngəzur da, bütün işğalda
olan rayonlarımız
da qaytarılmalıdır.
Həmişə qonaqlı-qaralı olan Qurbanlılar ailəsini qohum-qonşular indi heç tək qoymurlar. Məhəllə cavanları tez-tez
Seyfəddinə baş
çəkirlər. 1-ci mədən məhəlləsində
yaşayan Kamil Zeynalov:
- O, bir başqa cavan idi. Az danışan, çox dinləyən. Bizdən balaca da olsa,
onunla söhbət edəndə sözümüzə
sərhəd qoyurduq.
Hər addımda hiss olunur yoxluğu. Təsəllimiz budur ki, indi küçəmizdən
asılan bayraqların
Fəxrəddinə görə
dalğalandığını balaca uşaqlar da bilirlər. Binəqədi rayonu bu döyüşlərdə iki
şəhid verib.
Onların şəkillərini rayonumuzun görkəmli yerlərində reklam lövhələrinə vurublar.
Bu bizdə vətənpərvərlik
ruhunu bir az da artırır.
Hamı danışmışdı. Ancaq söhbət
bitmək bilmirdi.
Yanımda oturan arıq,
sısqa bir qız kədərlə susurdu. Bu Fəxrəddinin
bircə bacısı
Fəxriyyə idi.
Dedim ki, ay qızım, sən də danış qardaşından. Gözləri doldu, səsi titrədi. Bütün
bacılar kimi ilk sözü bu oldu:
- Mən qaqaşımı çox istəyirdim, onunla nəfəs alırdım. İnstituta bir gedib-bir gəlmişik. Onun bütün
məsələlərə, hadisələrə özünün
yanaşma tərzi var idi. Biz belə fikirləşməmişdik.
Mən onu gözləyirdim.
İndi ətrafda olanlar onun haqqında keçmişdə olduğu
kimi danışanda, istəyirəm qışqırıb
deyim ki, mənim qaqaşım haqqında elə deməyin. Mənim üçün diridir, sağdır Fəxrəddin.
Fəxriyyə qardaşından iki yaş böyükdür.
İndi Fəxriyyənin iki övladı var. Qızı
qardaşının dəfnindən
20 gün sonra dünyaya gəlib. Deyir ki, heç
balaca uşağın
qayğıları da
qardaşımın acısını
unutdura bilmir, amma uşaqlara görə gərək güclü olmağı öyrənəm...
İndi
unudulmaz sözləri,
gülüşləri, davranışları
ilə xatirələrdə
yaşayacaq gülərüz
Fəxrəddin!
Fəxrəddin Qurbanlının
Binəqədi rayonunda torpağa
əmanət edilməsinin 40-cı günü
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə şəhidin
ölkəmizin ərazi bütövlüyünün
qorunub saxlanılmasında və döyüş
tapşırığını yerinə yetirərkən
göstərdiyi igidliyə görə təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə
görə" 3-cü dərəcəli medalı onun atası Seyfəddin Qurbanlıya verildi. Məzunu olduğu
Azərbaycan Universiteti də Fəxrəddin
Qurbanlının xatirəsini əziz tutur.
Artıq Universitet "Fəxrəddin Qurbanov adına fəxri futbol
kuboku" təsis edib.
İlk olaraq, bu kubok universitetdəki kurslar arasında futbol
yarışında qalib gələn tələbələrə
verilib. Universitet rəhbərliyi
bildirib ki, gələcəkdə
kubok uğrunda
universitetlərarası yarışlar da
keçiriləcək.
Aida Eyvazlı
525-ci qəzet.-
2016.- 7 iyun.- S.8.