VI Şairlər Günü
keçirildi
ƏNƏNƏVİ POEZİYA BAYRAMI BU İL XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA HƏSR EDİLİB
İyunun 5-də
qeyd edilən VI
Şairlər Günü
Xalq
şairi Vaqif Səmədoğlunun
xatirəsinə həsr olunub.
Öncə Fəxri Xiyaban,
Şəhidlər Xiyabanı
və Səməd Vurğunun Ev Muzeyi ziyarət edilib, gəmi ilə gəzintiyə çıxan iştirakçılar
unudulmaz şair Mikayıl Müşfiqin rəmzi məzarına gül səpiblər.
Əsas
tədbirdən əvvəl
"AYBkitab" layihəsi
çərçivəsində nəşr olunmuş kitabların - V. Səmədoğlunun
"Sandıq şeirləri"nin və Türkiyənin tanınmış
şairi Mehmet Nuri Parmaksızın "Həsrət, eşq və sükut"unun təqdimatı keçirilib.
M.N.Parmaksız azərbaycanlı oxuculardan
məmnunluğunu bildirib:
"Kitabın tanıtımını
sosial şəbəkələr
üzərindən də
həyata keçirdik
və oxucuların maraqlanmasından, suallarından
məmnun oldum. Duyğularımı, fikirlərimi azərbaycanlı
oxucularıma çatdıra
bilmək mənim üçün xoşbəxtlikdir.
Zamanla buradakı oxucularımın
artacağını, daha
çox insana səslənə biləcəyimi
düşünürəm".
Layihə
rəhbəri Xəyal
Rza digər kitabla bağlı məlumat verib: "Vaqif Səmədoğlunun
"Sandıq şeirləri"
adlı yeni kitabını nəşr
etmişik. Kitabda şairin indiyədək
çap olunmayan şeirləri toplanıb.
Kitabın tərtibçisi
və redaktoru Səməd Vurğunun Ev Muzeyinin
direktoru Nüşabə
Vəkilovadır".
X.Rza Şairlər Günündən
danışıb, hər
il müxtəlif
ölkələrdən qonaqların
qatıldığı tədbirin
artıq 6 ildən bəri ənənəvi şəkildə təşkil
edildiyini deyib. AYB katibi bu dəfə
Şairlər Gününün
Vaqif Səmədoğluya
həsr olunduğunu bildirib. Daha sonra şairlə
həyat yoldaşı
Nüşabə Vəkilovanın
söhbətindən ibarət
sənədli film təqdim
olunub.
AYB sədri, Xalq yazıçısı Anar
çıxış edərək
bu günün əlamətdarlığından söz açıb:
"Bu gün həm sevincli, həm də kədərli bir gündür. Sevincli gündür, ona görə ki, bu gün tale bizə iki böyük
şairi - Mikayıl Müşfiqi və Vaqif Səmədoğlunu bəxş edib. Ancaq həm də kədərli gündür,
çünki onlar ad günlərində burada deyillər. Amma şairlər ölmürlər.
Öz əsərləri, şeirləri
ilə yaşayırlar.
Bu gün biz Vaqifin sağlığında çıxmayan
yazılarını, şeirlərini
burada görəndə
elə bil onun səsini eşidirik və o yenə də bizimlədir".
Tədbirdə çoxsaylı iştirakçılar
şeirlərini səsləndiriblər,
Xalq artisti Aygün Bayramova, Əməkdar artist Gülüstan
Əliyeva mahnılar oxuyublar. Şairlərdən Nəriman
Həsənzadə, Mehmet
Nuri Parmaksız, Rəşid Faxralı, Təranə Turan, Nilufər Şıxlı
və Əkbər Qoşalıya, həmçinin
bir sıra əcnəbi söz adamlarına Mikayıl Müşfiq Mükafatı
təqdim edilib.
Müşfiq ŞÜKÜRLÜ
525-ci qəzet.- 2016.- 7 iyun.- S.7.