Azərbaycan Səfəvişünaslığında
Oqtay Əfəndiyev mərhələsi
Azərbaycanda tarixi fikrin, Şərqşünaslığın kökü, qaynaqları əsrlərin dərinliklərinə
gedib çıxır,
onun çağdaş
tarixi isə keçən əsrin ilk onilliklərindən hesablanır.
Tarixi düşüncədə, Vətən
tarix elmində yaddaşın son yüz ili özündə
xeyli təkrarsız adı, imzanı və ünvanı daşıyır. Azərbaycan şərqşünaslıq
və tarix elmində gördüyü
işin mahiyyəti, əhatə və təsir dairəsi, elmi fəaliyyətinin gerçək nəticələri
artıq zamanın sınağından çıxmış,
milli tarixi fikrin tarixini yazıb-yaratdığı qədər
özü də tarixiləşmiş müstəsna
adlar sırasında Oqtay Əfəndiyevin
(1926-2013) xüsusi yeri
vardır.
Görkəmli tarixçi-şərqşünas, Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü,
tarix elmləri doktoru, professor Oqtay Əbdülkərim oğlu
Əfəndiyev Vətən
tarix elmində bənzərsiz mövqeyi olan tədqiqatçılardandır. O.Ə.Əfəndiyev respublikamızda Azərbaycanın
orta əsrlər tarixi üzrə ən kamil mütəxəssislərdən
biri idi. O, Azərbaycanda Səfəvişünaslığın
əsaslarını qoymuş
tarixçilərdəndir. Azərbaycanda tarix elminin təqribən son 60
illik dövrünün
kardinal problemlərinin
həllində, aktual və perspektiv təmayüllərinin müəyyənləşməsində,
çağdaş nəzəri
ölçü və
məna kəsb etməsində O.Ə.Əfəndiyevin
elmi yaradıcılığının
aparıcı mövqeyi
danılmaz gerçəklikdir.
Böyük alim, gözəl
insan olan Oqtay Əfəndiyev mənalı, yeni tarixçilər nəsli
üçün örnək
olacaq bir həyat yolunu keçib.
Oqtay Əbdülkərim
oğlu Əfəndiyev
1926-cı ilin mart ayının
26-da Bakı şəhərində,
tanınmış ziyalı
ailəsində anadan olub. Onun atası Əbdülkərim Yusif oğlu XX əsrin əvvəllərində Qafqazın
qabaqcıl maarif və elm ocağı sayılan Qori müəllimlər seminariyasını
bitirib, bir neçə il ərzində doğma yurdu Göyçay bölgəsində müəllimlik
etmiş, xalq maarifi sahəsində böyük xidmətlər
göstərib. Tarix elminə, Şərq dillərinə daha dərindən yiyələnmək
arzusunda olan gənc müəllim tezliklə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinə
daxil olub, bu ali təhsil müəssisəsini
uğurla bitirmiş, Azərbaycan Pedaqoji İnstitutunda tarix və coğrafiya elmləri üzrə mühazirələr oxuyub.
Ölkəmizin bir çox
tanınmış alimləri
(akademik Ə.S.Sumbatzadə,
tarix elmləri doktoru, professor M.X.Şərifli
və b.) vaxtilə Əbdülkərim Yusif oğlunun tələbələri
olublar. Əbdülkərim Yusif oğlu
38 yaşında vəfat
edib. Atası dünyasını dəyişərkən Oqtay
Əfəndiyevin cəmi
8 yaşı vardı.
Oqtay Əfəndiyev anası Kübra xanımın, dayısı Rəsul Rzanın böyük qayğısı sayəsində
mükəmməl tərbiyə
və təhsil alıb, dünyadan erkən köçmüş
atasının nəcib
əməllərini davam
etdirib. Oqtay Əfəndiyevin anası Kübra xanımın Azərbaycanda
tibb elminin, səhiyyənin inkişafı
prosesində mühüm
rolu olub.
O.Ə.Əfəndiyev ilk təhsilini Bakı şəhərində almış,
atasının yolunu seçərək 1945-ci ildə
Azərbaycan Dövlət
Universitetinin Şərqşünaslıq
fakültəsinə daxil
olub. Lakin o, burada cəmi bir il təhsil alıb, sonrakı təhsilini Moskva Şərqşünaslıq İnstitutunda
davam etdirmiş, bu mötəbər elm ocağındakı təhsilini
uğurla başa çatdırıb.
O.Ə.Əfəndiyev hələ tələbə
ikən Azərbaycanın
zəngin qədim və orta əsrlər
tarixinə böyük
maraq göstərib, Şərq və Avropa dillərində olan əski qaynaqları diqqətlə
öyrənməyə başlayıb. Həyatını elmi fəaliyyətlə bağlamaq istəyi 1951-ci
ildə onu Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun aspiranturasına
gətirdi. Aspiranturaya daxil
olmuş O.Ə.Əfəndiyev
tezliklə SSRİ Elmlər
Akademiyasının Şərqşünaslıq
İnstitutuna ezam olundu. Aspiranturada təhsil aldığı
müddət ərzində
Oqtay Əfəndiyevin
başlıca araşdırma
obyekti Şərqin (o
cümlədən, Azərbaycanın)
feodal dövlətlərinin
və dövlət birliklərinin təşəkkülü,
inkişafı, tənəzzülü
və süqutu problemləri ilə bağlı olmuşdur.
Səfəvilər dövlətinin (1501-1736-cı illər) tarixi gənc alimin diqqətini daha çox cəlb edirdi. O.Ə.Əfəndiyev müxtəlif dillərdə
olan qaynaqlar, ilk dəfə aşkara çıxarılmış nadir əlyazmalar üzərində
gərgin axtarışları
nəticəsində Vətən
tarix elmində Səfəvilər dövləti
haqqında ilk monoqrafiyanı
yazaraq elmi ictimaiyyətin nəzərinə
çatdırdı. O.Əfəndiyevin bu əsəri azərbaycançılığa, Azərbaycan dövlətçiliyinə,
milli mənafelərə
üzvi bağlılığın
gözəl, orijinal nümunəsi idi. Onun həmin əsəri Səfəvilər dövləti
tarixinə əski, ənənəvi baxış
tərzinin sonunun başlanğıcı hesab
oluna bilər. O.Əfəndiyev bu mövzuda olan dissertasiyanı hələ
1955-ci ildə Moskvada böyük uğurla müdafiə etmiş, təkzibolunmaz elmi dəlillərlə, dövrün
ilkin qaynaqlarında olan faktlarla "Səfəvilər dövlətinin
İrana məxsus olması" haqqında uzun müddət tarix elmində, şərqşünaslıqda hökm
sürmüş müddəanın
əsassızlığını sübut etmiş, bu dövlətin yaranmasında və inkişafında Azərbaycan
türklərinin həlledici
rolunu müəyyənləşdirmişdi.
Sabitlik, ardıcıllıq
və məqsədyönlülük
O.Ə.Əfəndiyevin alim
fərdiyyətinin başlıca
xüsusiyyətlərindən olmuşdur. Onun ömür yolu,
elmi yaradıcılığı,
pedaqoji fəaliyyəti
Azərbaycanda tarix elminin, şərqşünaslığın
inkişaf stixiyası
(təbiəti) ilə
üzvi şəkildə
bağlanmışdı.
O.Əfəndiyev hələ gənc çağlarından Azərbaycan
tarixi problemlərinin qoyuluşu tərzində və həlli təcrübəsində özünəqədərki,
mövcud fikir və mövqelərə baxmayaraq, köklü dəyişikliklər etmiş,
yeni metodoloji prinsiplər hazırlamışdır.
O.Ə.Əfəndiyev namizədlik dissertasiyasını
uğurla müdafiə
etdikdən sonra taleyini Azərbaycan SSR Elmlər Akademiyasının
Tarix İnstitutu ilə bağlamış,
bu elm ocağında kiçik elmi işçidən şöbə
müdiri vəzifəsinədək
ucalmışdı. O, doktorluq
dissertasiyasını 1969-cu ildə müdafiə etmiş, Azərbaycan Səfəvilər dövləti
tarixinin mühüm problemlərinin daha dərindən araşdırılması
faktını ortaya qoymuşdu. Keçən əsrin 70-ci illərindən
2013-cü ilədək Azərbaycan
MEA A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın
orta əsrlər tarixi" şöbəsinə
rəhbərlik etmiş
O.Ə.Əfəndiyevin milli
ruhlu tarixçi kadrların yetişməsində
həlledici rolu olmuşdur. Respublikada Azərbaycan tarixinin
orta çağlarının
tədqiqi ilə məşğul olan alimlərin əksəriyyəti
onun xeyirxah münasibətini görmüş,
zəngin elmi təcrübəsindən faydalanmışdır.
O.Ə.Əfəndiyev bir neçə monoqrafiyanın, yüzdən artıq elmi məqalənin müəllifidir. O, 1993-cü ildə professor adını almış, 2001-ci ildə isə AMEA-nın müxbir üzvü seçilmişdir.
"XVI əsrin əvvəlində Azərbaycan Səfəvilər dövlətinin yaranması" O.Ə.Əfəndiyevin ilk monoqrafiyasıdır və 1961-ci ildə rus dilində nəşr olunmuşdur. O, Səfəvilər dövlətinə yeni baxışın başlıca müddəalarını 1981-ci ildə rus dilində nəşr olunmuş "Azərbaycan Səfəvilər dövləti XVI əsrdə" adlı monoqrafiyasında daha geniş surətdə izhar etdi. 1991-ci ilin sonlarına doğru Azərbaycan xalqı yenidən siyasi müstəqillik qazandıqdan sonra ölkədə milli ruhla bağlı olan tarixi əsərlərin doğma dildə nəşri zərurəti yarandı. 1993-cü ildə O.Ə.Əfəndiyevin "Azərbaycan Səfəvilər dövləti" monoqrafiyası doğma dilimizdə işıq üzü gördü. Həmin monoqrafiya 2007-ci ildə yenidən, daha böyük tirajla nəşr edildi. Monoqrafiyada tədqiqat obyekti kimi seçilmiş problemin nəzəri əsasları nəzərdən keçirilmiş, XVI əsrin Azərbaycan gerçəkliklərini əks etdirən ilkin qaynaqlar tənqidi surətdə təhlil olunmuş, Azərbaycan Səfəvilər dövlətinin təşəkkülü, onun XVI əsr ərzində inkişafı məsələləri araşdırılmış, dövrün ictimai-iqtisadi, siyasi, dini-ideoloji mənzərəsi müəyyənləşdirilmiş, Azərbaycan Səfəvilər dövlətinin inzibati-idarə sistemi, dövrün beynəlxalq münasibətlər sisteminin Azərbaycanla bağlı olmuş məqamları diqqət mərkəzində olmuşdur. "Səfəvilər dövlətinin tarixi Azərbaycan xalqının tarixi, onun sonrakı etnik konsolidasiyası ilə üzvi şəkildə bağlıdır" müddəası O.Ə.Əfəndiyevin bu monoqrafiyasının aparıcı ideyasıdır.
Tədqiqatçı monoqrafiyanın "Giriş" qismində qeyd edir ki, "bu əsər XVI əsrdə Səfəvilər dövlətinə dair Şərq və Avropa mənbələrinin hərtərəfli tədqiqi, sistemli şəkildə şərh olunması və ümumiləşdirilməsi, göstərilən dövrdə Azərbaycanın siyasi və sosial-iqtisadi həyatının işıqlandırılması istiqamətində ilk cəhddir". Səfəvilər dövlətinin yaranması və inkişafında Azərbaycan türklərinin həlledici rolunun elmi surətdə əsaslandırılması O.Ə.Əfəndiyevin bu tədqiqat əsərinin mühüm məqsədlərindən biri olmuşdur. Azərbaycanın Səfəvi dövrü ilə bağlı olan ilkin qaynaqların ilk dəfə elmi dövriyyəyə daxil olunması monoqrafiyanın diqqəti cəlb edən cəhətlərindəndir.
"Səfəvi sülaləsinin etnik mənşəyinin xüsusi, ətraflı tədqiqat tələb edən, yeni problem olmadığını" qeyd edən müəllif tədqiq etdiyi dövrün ilkin qaynaqlarına, mötəbər və obyektiv, elmi mövqedə olan araşdırıcıların (xüsusilə V.V.Bartoldun və J.P.Petruşevskinin) müddəalarına əsaslanaraq XVI əsrin əvvəlində Azərbaycanın ictimai-iqtisadi, siyasi, mədəni potensialına arxalanmış və yeni dövlət qurmuş sülalənin türk (Azərbaycan) mənşəli olduğunu təsdiqləmişdir. O.Əfəndiyev təkzibolunmaz dəlillərlə sübut etmişdir ki, Səfəvilər dövlətinin təşəkkülü, təkamülü prosesində aparıcı və həlledici rol Azərbaycan türklərinə məxsus olmuşdur.
"Azərbaycan Səfəvilər dövləti" monoqrafiyası oxucuda araşdırma obyekti olmuş dövlətin əzəməti haqqında dolğun təsəvvür yaradır. Bu əsər obyektiv olan həqiqəti bir daha sübut edir: Azərbaycan həmişə türk dünyasında baş vermiş qlobal ictimai-iqtisadi, siyasi, mədəni-mənəvi, dini-ideoloji proseslərin mərkəzində olmuş, Şərqin və Qərbin diqqətindən kənarda qalmamışdır. O.Əfəndiyev ilkin qaynaqlar əsasında sübuta yetirdi ki, XVI yüzillikdə də Azərbaycan xalqı zəngin və ziddiyyətli tarixi prosesin obyekti deyil, subyekti olmuşdur. Nümunəvi azərbaycanlı kimi çıxış edən tədqiqatçı İran və əski Türkiyə tarix elmində Azərbaycanın tarixi dəyərlərini, zəngin keçmişini "ümumtürk mədəniyyəti", "İran, İslam mədəni sistemi" kontekstində "əritməyə" can atan araşdırıcıların qeyri-obyektiv müddəalarını haqlı tənqidə məruz qoymuşdur. Onun fikrincə, Azərbaycan xalqı özəl, çoxəsrlik tarixinin və zəngin mədəniyyətinin əzəmətinə arxalanmalı və şanlı tarixi, böyük mədəni potensialı ilə fəxr etməlidir. Onun bu monoqrafiyasında xeyli "təşəbbüs məqamı" vardır və həmin "məqamlar" onun məktəbini keçmiş bir çox araşdırıcılar (Ş.Fərzəlibəyli, F.Hüseyn, T.Cəfiyev, S.Əhmədov, E.Mirzəyeva, Ş.Məmmədova, X.Qasımov, T.Nəcəfli, R.Ağayev, Ə.Quliyev, N.Musalı, D.Əzimli, N.F.Axundova, N.Məmmədova, M.Ağalarlı və b.) üçün yeni tədqiqat qaynaqları rolunu oynamışdır.
Görkəmli alim Oqtay Əfəndiyev Azərbaycan tarixi ilə az və ya çox dərəcədə bağlı olan bütün qaynaqlara həssaslıqla yanaşmış, bu qaynaqların tərcümə olunması sahəsində xüsusi fəallıq göstərmişdir. Fəzlullah ibn Ruzbihan Xuncinin "Tarixi-aləmarayi Əmini" əsərinin 1987-ci ildə Azərbaycan tədqiqatçılarının, oxucularının ixtiyarına verilməsində O.Ə.Əfəndiyevin böyük rolu olmuşdur. Sultan Yaqub Ağqoyunlunun (1478-1490) hakimiyyəti tarixi üzrə nadir mənbə olan bu əsərdə Şirvanda, Qarabağda, Cənubi Azərbaycanda baş vermiş tarixi hadisələr haqqında mühüm məlumatlar vardır. O.Ə.Əfəndiyev 1988-ci ildə A.Fərzəliyevlə birgə Azərbaycan türkü olan Oruc bəy Bayatın mənbə səciyyəsi daşıyan əsərini ingilis dilindən ruscaya çevirib, onu kitab şəklində elmi ictimaiyyətə təqdim edib. O, N.S.Musalı ilə birgə İsgəndər bəy Münşinin "Tarixi-aləmarayi Abbasi" ("Abbasın dünyanı bəzəyən tarixi") əsərinin I cildinin tərcümə və nəşrini gerçəkləşdirib.
(Ardı var)
Xeyirbəy QASIMOV
AMEA
A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi
işçisi, tarix
üzrə elmlər doktoru
525-ci qəzet.-
2016.- 7 iyun.- S.6.