Ruhumuzun Bayrağı,
Bayrağımızın ruhu
Bu
neçə gündə ürəyim də Lələtəpə
deyib, dilim də...
Düşüncələrimdə
gecənin içiylə bir Qələbə irəliləməkdədi...
Nələr
köçür ürəyimə?!.
Bunun fərqində deyiləm. Nə köçürsə, ruhumun
qazancıdı...
Bu da həsrətində
olduğumuz yüksəkliklərdən biri! Ötən il Cocuq Mərcanlıdan qədərsiz həsrətlə
baxdığımız Lələ-İlahi adıyla
tanınan təpənin duruşu göz doydurur. Könlümdən keçənlər əllərimdən
yapışıb məni ora çəkir. Xeyli aralıdan gördüyüm
bayrağımıza yaxınlaşdıqca gözlərimin
nuru artır elə bil; göy üzünün
yaraşığıdı üçrəngli
bayrağımız. Aprelin 1-dən 2-nə
keçən gecə yan-yörəsinə düşən mərmilərdən
qırpınmayıb, hardan atıldığını, kimin
atdığını bildiyindən Lələtəpə bir
boy da dikəlib, qınından sıyrılan qılınc
misallı bir gəlişə qucaq açıb. Gələnlərin qətiyyəti dikəldib onu.
Dili olsaydı, "Bu gəlişi 23 ildi
gözləyirəm. Gəlin!" - deyərdi...
Zirvəyə
beş-altı addım qalıb...
Beş-altı
addımlıq yol 23 il qədər uzun
görünür mənə...
Bu da zirvə!
Bu da
aprelin 2-si dan yeri sökülər-sökülməz Azərbaycan
əsgərinin qətiyyətini, cəsarətini, Vətən
sevgisini bağrına basan qürurum zirvə! Bu anlarda mənim
üçün dünyanın ən uca zirvəsi Azərbaycan
əsgərinin cəsarət rəmzi olan Lələtəpədi!..
Bu
neçə gündə gündüzlər xəyallarımda,
gecələr yuxularımda şahlıq eləyən həsrətimin
ünvanlarından birinin ziyarətindəyəm! Var səsimlə
üzü qarşı tərəfə qışqırmaq
istəyirəm: bu bayrağın işığı gözlərini
qamaşdırmalıdı, mərə yağı! Qarşıda səngər qazmağa da həvəslənmə.
Döyüşsüz çəkilib getməsən,
o səngərlər səngərləri qazanların
qanına bələnəcək. Əsgərlərimiz
bu bayraq eşqinə, torpaq eşqinə, Vətən naminə
döyüşəcək. Get. O gecə
"Qaçaq!" - harayına
qarışıb qaçanlar canını qurtardı,
canından bezməmisənsə, sən də qaç,
uzaqlaş!..
Göy üzünə yayılan
bayrağımızın önündə diz
çökürəm. Özümü o ucalıqda ruhumla yanaşı hiss eləyirəm...
Bayrağımızı
Lələtəpənin zirvəsinə leytenant Zülfü
Rzayev, kiçik çavuş Elgün Bədəlov,
Rövşən Rəhimov, Üzeyir Nəcəfov,
İsmayıl Nəsirov, Teymur Əliyev, Nemət Haqverdiyev
sancıb. O anlarda nələr düşünüblər
görəsən? Duyumum deyir ki, Əsgəranı,
Şuşanı, Dəlidağı, Ərgünəşi,
... xatırlayıblar. Bu bayrağı
Cıdır düzündə dalğalandırmaq keçib
könüllərindən.
Bayrağımızı
zirvəyə sancanların əllərindən öpmək
istəyirəm, qoymurlar...
İkiqat parolimpiya çempionu İlham Zəkiyev
zamanında əsgər olub, Füzuli rayonunun Aşağı
Əbdürrəhmanlı kəndində yaralanıb, gözlərinin
işığını itirib. I Avropa Oyunlarının qalibi kimi
dalğalandırdığı bayrağı ötən il döyüşçülərlə
görüşündə "İşğaldan azad edəcəyiniz
ərazidə dalğalandırarsınız" xahişiylə
onlara vermişdi. Lələtəpədə
dalğalandırılan həmin bayraqdı! Bayrağımız burda qələbə rəmzidi!..
Həmin
gecə bura addım-addım, səssiz-səmirsiz, ehtiyatla,
bir-birinin izinə iz qoymaqla yaxınlaşıblar...
Düşmənin mövqelərinin yerini təxmini
bilirdilər.
Həmin mövqelərin "beş-altı
addımlığında" ayaq saxlayıblar. Bir qədər nəfəs dəriblər. Komandirin tapşırığıyla mövqe
tutublar. Bir azdan mövqe qələbəsi
üçün döyüşəcəkdilər.
Atışıblar
(az sonra məlum olacaqdı ki, bura Lələtəpə
istiqamətində düşmənin başlıca dayaq məntəqələrindən
biri olub)...
Düşmənlərdən biri qaçmaq istəyib. Leytenant
Zülfü Rzayev ona uzaqlaşmağa imkan verməyib;
düşmən torpağa sərili qalıb.
...Hiss eləyiblər
ki, snayperlərin atışı altındadırlar. Bir qədər daldalanaraq müşahidə
aparıblar. Çətin də olsa atəşin
mənbəyini müəyyənləşdiriblər. İsrafil Əhmədovun
atdığı qumbaraatan mərmisi mövqeni snayper qarışıq
"didik-didik eləyib..."...
Vurulan
tankdan çıxıb başqa tankla döyüşə
qoşulan Hacı Əhmədovun, tuşlayıcı
Yalçın Abbasovun, sürücü-mexanik Rövşən
Manafovun cəsarətinin cazibəsindəyəm...
Gecənin gecə vaxtı təpəlikləri
aşa-aşa bu səmtə irəliləyənlərin, cəsarətlə
döyüşənlərin könül sirdaşı olmaq
keçir könlümdən; o gecəni bu igidlərin təəssüratlarıyla
yaşamaq istəyirəm. Hamısı
"Döyüşdük, qələbə
qazandıq..." - deyir. "Belə
döyüşdüm..." - demir.
...Mayor Rasim Məmmədov şəhid olmuşdu. Səhərisi
gün döyüşə göndərilən əsgərlərdən
birinin rəngi-ruhu polkovnik Rauf Dəımirovun diqqətindən
yayınmır. Əsgəri sıradan çıxartmaq
istəyir. Əsgər xahişlə,
yalvarışla "İcazə verin mən də gedim.
Komandirimin qisasını almasam..." - deyir.
Aprelin 4-də həmin əsgər də mərdliklə
döyüşüb. Dediyini eləyib!
Bu qətiyyətin
eynini bir az əvvəl polkovnik-leytenant Elşən Qarayevin,
mayor Ceyhun Bağırovun (o, döyüşə başqa hərbi
hissədən ürəyinin hökmüylə
könüllü gəlib), tank komandiri Vasif Məmmədovun,
gizir Bəşir Yolçuyevin,... səsində
görmüşdüm. "Ruhun yaşı
olmur. Ruh həmişə eyni yaşda
qalır. Ruhun yaşını Vətən
sevgisi müəyyənləşdirir..." -
düşüncələrimdə ilahi bir işıq hiss eləyirəm,
bu işıqda işğal olunmuş bütün kəndlərimizdə
də dalğalanacaq bayraqlarımızı görürəm.
Lələtəpə bu istəyin başlanğıcı
olacaq...
...Lələtəpədən
qarşı yaxaya barmaq qıcayıram. Azərbaycan əsgərinin
adından!
...Lələtəpədən
enmək istəmirəm. Qədərsiz sevginin - Vətən
sevgisidi bu sevgi - cazibəsindən qopa bilmirəm...
Diqqətimi Lələtəpənin zirvəsindən
sağa tərəf uzanan yol çəkir. Səbirsizliklə
soruşuram: "Bu yol hara aparır?" Əsgərlərdən
biri tələsik dillənir:
-
Böyük qələbəyə aparır!
Kövrəkliklə
əsgəri bağrıma basıram...
Yusifi Ağdərədə bağrıma
basdığım kimi, Vəziri Tərtərdə
bağrıma basdığım kimi. Koroğlunu Madagizdə
bağrıma basdığım kimi...
Nə o bir kəlmə deyir, nə də mən. Eyni istəyin
pərvanələriyik. Bu istəyin istinad nöqtəsi
Lələtəpədi...
Bayaqdan bəri düşüncələrimə
çökənlər, düşüncələrimin boz
buluduna dönənlər.
Yarımçıq
məzuniyyət
kimi uzun
illər mənim də dərd köynəkli, dərd göynəkli
könül qubarım olacaq. Bu biçimsiz, bu Allahsız
göynəyin təsəllisi İsa bulağının bir
qurtum suyudu, Dəlidağın, Ərgünəşin sinəsindən
sürüşən, Cıdır düzünün sinəsinə
sığal çəkən küləklərdi,
Qırxqız yaylağının ləçəkləri
şeh dolu çiçəkləridi - Vətən
torpağıdı, Vətən torpağı!..
...Samir on
günlük məzuniyyətə buraxılmışdı.
Sevdiyi qızı görmək, ürəyini açmaq
istəyirdi. Bu gün açacaqdı. Dilsiz
sevdasının dili sabah
açılacaqdı...
Açıq pəncərədən otağa dolan səhər
yeli şahlıq eləyirdi. Vaxt öldürmək
üçün televizoru açdı.
Aparıcının dediklərini eşidincə qanı
damarında dondu elə bil: düşmənlər onun xidmət
elədiyi ərazidə də atəşkəsi pozmuşdu.
Ağır döyüşlər gedirdi...
Məzuniyyətini
yarımçıq qoyub hərbi hissələrinə
qayıtdı...
Döyüşlər gedirdi. Samir də
döyüşürdü. Hansı duyumun
təsirindənsə, sağ cinaha baxdı. Üç erməni yaxınlaşırdı.
Atışın səmtini ora yönəltdi.
Biri öldü. Digər ikisi qeyb oldu elə
bil...
Atışı davam etdirirdi. Qəflətən diz çökdü - sinəsinə qəlpə dəymişdi...
Gözucu sağına-soluna boylandı...
Göy üzündə gördüyü qara buludlar ağır-ağır üstünə enirdi. Özünü toplayıb ayağa qalxmaq istədi, qalxa bilmədi. Şəhid olmuşdu...
Samirin məzuniyyət vərəqi köz olub komandirin əllərini yandırırdı: məzuniyyətin qurtarmasına üç gün vardı...
Ürəyimin gözüylə Lələtəpənin ətəklərinə sarı baxıram.
Hər zabitin, hər əsgərin baxışlarından oxunan mətləbə bağır basıram: "Ölümdən ömürə gedənlərdənik!.."...
Lələtəpə ətrafında gedən döyüşlərdə öldürülən erməninin anasına deyilən
"Oğlunun burda nə ölümü varıydı?"
kəlmələrinin mətləbi də bu inamdan, bu qətiyyətdən qaynaqlanır...
Bu kəlmələr necə deyilib?..
Mövqe uğrunda döyüş başa çatmışdı. Döyüşçülərimiz qələbə ovqatının kölgəliyində üzü Cəbrayıla sarı baxmaqdaydı. Cəbrayıldan o yandakı torpaqlarımıza meyillənmişdi Bu müqəddəs istək onların günlərini ömür eləyəcək. Lələtəpənin gen sinəsi bu istəyə darlıq eləyirdi. Şahinləşən bu istəyin qoşa qanadları əzəli sərhədlərimizin göylərində gərilməyin təşnəsiydi. Hamısı Oğul baxışlarıyla qarşıda sezilən, sürünən, görünən qaraltıları süzürdü...
Sağ tərəfdən uzanan yolları görüncə döyüşçülərin ürəyi titrədi; o yolun da yolçusu olmaq istəyirdilər. Həm də elə indi...
Qəflətən öldürülmüş əsgərlərdən birinin mobil telefonuna zəng gəldi. Hamısı bu səsə sarı boylandı. Ürəyinə nə damdısa, zabitlərdən biri tələsik telefonu götürdü. Azərbaycan dilində cavab verdi. Qalib azərbaycanlı zabitin səsini eşidəndə döyüşdə öldürülmüş erməninin anasının nə günə düşdüyünü təsəvvür eləmək çətin deyil. Qadın Azərbaycan dilini bilirmiş (bəlkə də zamanında Bakıda yaşayıbmış). "Niyə öldürdünüz oğlumu?" - Azərbaycan dilində soruşub. Niyə öldürüldüyünü bilsə də soruşub. Dişi bağırsağını kəsə-kəsə soruşub. Erməniliyinə dirsəklənərək soruşub. Zabitin kəskin cavabını eşidib: "Sənin oğlunun Azərbaycanın torpaqlarında nə ölümü varıydı?". Bu tutarlı cavab ölümünü özgə torpağında tapan əsgərin anasına bir mətləbi xatırladıb: işğalçı dövlətin əsgəri ölümə məhkumdu! Ona ölüm hökmünü bəd niyyətlə gəldiyi torpaq verib. Bu ölümün baiskarı onu bura göndərənlərdi. Onlardan soruş: "Oğlum niyə öldü?"...
Zabit öldürülmüş erməni əsgərinin telefonunu iyrənc bir əşya kimi daşa çırpdı; döyüşdə öldürülmüş əsgərin anasının çimçəşdiyi səsini eşitmək istəmədi...
Göy üzü elə təmizdi ki!
Göy üzü özü boyda könül xoşluğudu.
Səs, işıq və Vətən
kəlmələri bu anlarda da istəyimin üzərriyidi...
Sözün işığı da Vətəndi, işığın sözü də...
Gün çeşt yerindədi...
Abdulla Qurbani Lələtəpədən - Lələmiz təpədən o yana baxanların sırasındadı. Baxışları əsgər baxışlarının qaynarlığına qarışıb. Bu munis görüşün məhrəmliyi sözə sığası deyil; əl əli isidir, göz gözdən - baxış baxışdan doymur. Doya bilmir. Hamı qarşı tərəfdə qımıldanan qaraltıların yox olmasının, əzəli sərhədlərimizin o üzünəcən uzaqlaşmasının təşnəsidi. Hər baxış Xəlil Rza Ulutürkün bir misrasıdı elə bil: "Çəkil, çəkil, ey qəsbkar!.."...
Bu görüşün də dönməzliyindən qələbə qoxusu gəlir...
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Teymur Əliyev də danışmaq istəyir. Tərəddüdünü əridib danışır. Kəlmələri qırılır. Qırıq səs, qırılan kəlmələr Abdullanın ürəyini qana dön-dərir...
Teymur da döyüşüb. Cəsarətlə döyüşüb...
O da təltif olunub. "İgidliyə görə" medalı sinəsindədi. Abdulla ehtiramlarla əsgərə baxır, medala baxır. Bir az əvvəl Teymurun səsinin - kəlmələrinin qırıqlığını hiss eləməmişdi...
Niyə qırılır bu səs, bu səsin kəlmələri? Bu səs ki, yaxın vaxtlaracan daşları da dikəldərdi. Bu səs Vətən deyirdi, torpaq deyirdi. Bu səs əllərindən yapışıb qarşı tərəfə çəkirdi onu....
Aprel döyüşləri ərəfəsində Hərbi həkim komissiyasındaydı Teymur...
Tərxis eləmək istəyiblər. Ürəyi düşüncələrinə, düşüncələri ürəyinə də hökm eləyib: "İşğal olunmuş torpaqlarımız azad edilənə kimi tərxis olunmayacaqsan!".
Bir vaxtlar çiçəklərin ləçəklərinə sığal çəkən, dan yerinə qızartı düşəndə dağların-daşların yuxusunu dağıdan səsi haraylayırdı onu - hospitalda qərarlaşa bilməyib...
...Döyüşdə qırılıb səsi.
Yaxın vaxtlaracan Lələtəpənin harayına hay verən, o haraya sarılan, o harayın can köynəyinə dönən səsə sədəmə döyüşdə toxunub. Abdulla Qurbani o səsi görür - ürəyinin gözüylə görür. Qələbənin işığını görür o səsdə. O səsin ifadə eləmək istədiklərini yazdığı kitaba şəhd-şəkər bilib baxır o səsə. O səsi eşitmək istəyir, o səsin əlindən tutub Lələtəpəni aşmaq, Cəbrayıla, Şuşaya getmək istəyir. O səsin Xarı Bülbülün ləçəklərinə sığal çəkəcəyi anların təşnəsidi. O anlar eşqinə bu anları gözlərinə, gözlərindən ürəyinə köçürür. Səngər ünvanlı düşüncələrində "Aprel döyüşləri - ruhumuzun qələbəsi" kitabı yazılmaqdadı...
Nəsə eləmək istəyir. O "nəsə"yə görə ürəyi kürlük eləyir...
İlham Zəkiyev düşür yadına...
İlham Zəkiyev əsgəriydi - kəşfiyyatçıydı, döyüşçüydü. Qarşı tərəfə meyllənən ayaqları daş əzirdi. Ayaqlarına ilişən daşları qarşı səngərlərin başına ələmək keçirdi könlündən...
1993-cü iliydi.
Döyüşdə ağır yaralandı. Gözlərinin nurunu itirdi...
İndi 2016-cı ildi...
Abdulla Qurbani Teymur Əliyevin səsini belə görüncə İlham Zəkiyevə zəng eləyir...
Az sonra hamısı dalğalanan bayrağımızın kölgəliyində kövrək bir mükalimələşmənin cazibəsindəydi.
- Mənim gözlərimin nuru, sənin qırılan səsin Vətənimizin sadağası olsun, qardaş!, - deyir İlham Teymura.
Teymurun qırılmış səsini ürəyiylə eşidirlər:
- Elədi...
Lələtəpə bir boy da dikəlir. Baxışları
qarşı yaxadan yığılmayanlara "Bu itən nurla
bu qırılmış səsin mükalimələşməsi
sənin qələbə üverturan olacaq, əsgər!
- deyirdi sanki. Bu səsi hamı
eşidirdi...
Teymurun yaralanmış səsi baxışlarına
hopub. O
baxışlarda görünənləri hamı duyur: Səsim
İsa bulağında sağalacaq!..
Lələtəpədə
dalğalanan Bayrağımızın ruhu da bunu deyir!..
Rəşid FAXRALI
Yazı "Milli Ordumuzun aprel
sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti
və yeni qəhrəmanlıq salnaməsi" mövzusunda
keçirilən müsabiqəyə təqdim olunur
525-ci qəzet.-
2016.- 7 iyun.- S.6.