Unudulmayan Qarabağ
və ordumuzun aprel zəfəri
Qarabağ müharibəsi arzu olunmadan iştirakçısına
çevrilmək məcburiyyətində
qaldığımız bir
savaşdır.
Keçmiş Sovetlər birliyində birgə yaşamaq məcburiyyətində qaldığımız
ermənilər zaman-zaman
buna hazırlıq görürmüşlər. Bunu yalnız
ötən əsrin
80-ci illərinin sonlarında
erməni-daşnak hərəkatı
baş qaldıranda bildik.
Azərbaycanın əzəli ərazisi olan Dağlıq Qarabağın Ermənistanın
tərkibinə verilməsi
Sovet dövlətinin xəyanəti olardı. Daşnaklar əvvələr
də bunun üçün Sovet rəhbərliyi qarşısında
dəfələrlə məsələ
qaldırsa da, buna nail olmamışdılar.
Yalnız ermənipərəst M. Qorbaçovun hakimiyyəti
dönəmində mübarizəni
açıq müstəvidə
aparmağa başladılar.
Xalqımız birtərəfli mövqe
tutan Sovet rəhbərliyinə kəskin
etiraz etdi. Mitinqlər, nümayişlər bir nəticə verməyincə
ermənilər silahlanmağa
başladılar. Məqsədinə çatmaq üçün
düşmən özünə
güclü havadarlar tapdı, bəd niyyətlərini onların
birbaşa dəstəyi
ilə həyata keçirməyə girişdi.
O zaman yenicə müstəqillik əldə
edən Azərbaycanın
təpədən-dırnağadək silahlanmış erməni
quldur dəstələrini
zərərsizləşdirmək üçün nizami ordusu yox idi.
Belə bir vaxtda düşmən
Qarabağda və Ermənistanla sərhədyanı
kəndlərdə qətllər
törədirdi. Sonra vətənpərvər
oğullardan ibarət
könüllü özünümüdafiə
dəstələrimiz yaradıldı.
Onlar Qarabağda və Ermənistanla sərhəddə
fədakarlıqla döyüşdülər.
Hətta
bir çox əraziləri ermənilərdən
təmizlədilər də.
Mən özüm Ağdərədən
Çıldıran və
Sırxavəndə qədər
gedən ağır döyüşlərin iştirakçısı
oldum. Yüzlərlə erməni silahlı
quldurunu məhv etdik. 1993-cü il yanvarın ilk günlərində Surət
Hüseynov Ağdərəyə
gəldi. Onun hazırladığı səriştəsiz hücum
planı uğursuzluqla
sona yetdi. Bir neçə günün içində qalan qoşunu ilə geriyə - Gəncəyə
qayıtdı. Bununla da
neçə-neçə şəhid
qanı hesabına aldığımız ərazilər
yenidən ermənilərin
nəzarətinə keçdi.
Cəbhədəki ilk uğurlarımıza baxmayaraq
ölkə idarəolunmaz
vəziyyətdə idi. Döyüşə-döyüşə yaranmaqda olan
ordumuzda vahid komandanlıq sanki mövcud deyildi. Əsgəri
intizam aşağı
səviyyədə idi.
Mükəmməl təlim keçməyən,
döyüş təcrübəsi
olmayan ayrı-ayrı
şəxslərin iradəsi
ilə idarə olunan dəstələr ölkəni xaos və anarxiyaya sürükləyirdi. Onlar istədikləri
vaxt döyüşə
gedir, istəmədikdə
döyüşü yarıda
qoyub geri çəkilirdilər. Düşmən düşdüyümüz bu
vəziyyətdən bəhrələndi.
Yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli istəyi ilə hakimiyyətə qayıdışından
sonra Azərbaycan Ordusu formalaşmağa başladı. Orduda islahatlar aparıldı.
Özünümüdafiə dəstələri ləğv edildi, əvəzində vahid komandanlıqdan idarə edilən nizami ordu yaradıldı. Hərbi təhsilin inkişafı,
ordunun maddi-texniki bazasının formalaşması
üçün qətiyyətli
addımlar atıldı.
Sonrakı dönəmdə Ümummilli liderin siyasi kursunun layiqli davamçısı
olan Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı
İlham Əliyev orduya xüsusi diqqət ayırdı.
Qısa müddətdə müdafiə
xərcləri xeyli artırıldı, ordumuz
müasir silah və döyüş texnikasıyla təchiz edildi. Bunun nəticəsini aprel
döyüşlərində gördük - düşmən
cəbhədə ciddi
itki verib geri çəkildi.
İyirmi
dörd il
sonra təkrarlanan döyüş
Bugünlərdə Azərbaycan Ordusunun azad etdiyi yüksəkliyi
görəndə bir döyüş anı yadıma düşdü. 1992-ci ilin yaz aylarında
erməni işğalçılarına
qarşı müharibə
daha geniş miqyası əhatələyirdi.
Xalqımızın vətənpərvər oğulları silaha sarılıb torpaqlarımızın
müdafiəsinə qalxmışdılar.
Həmin
ərəfədə Talış
kəndi ətrafında
güclü döyüşlər
gedirdi. Hərbi xidmətə gəldiyim
ilk ayda mənə sıra addımları atmağı öyrədən
əsmər, bəstəboy
kursant, sonralar Azərbaycanın Milli Qəhrəmanı olan Kərim Kərimov da burada döyüşlərdə
böyük hünər
göstərərək qəhrəmancasına
şəhid olmuşdu.
1993-cü ilin payızı, 1994-cü ilin qışında Madagiz və Talış kəndlərinin yaxınlığında güclü döyüşlər getdi. Batalyonumuz bu istiqamətdə döyüşürdü. Döyüşə "Azərbaycan Bayrağı" ordeninə layiq görülmüş tabor komandirimiz polkovnik Abakar Mirzəyev rəhbərlik edirdi. Onun komandanlığı altında uğurlu əməliyyat həyata keçirdik. Bu əraziləri azad etmək üçün dağları, meşələri dərəbədərə keçib hakim yüksəklikləri təmizlədik. Düşmən onda da son dərəcə ağır zərbə almışdı. Xeyli silah-sursat, ərzaq və əşyaları qoyub qaçmışdılar. Bu döyüşdə batalyonumuzdan Ələmdar Rzayev, Namiq Məmmədov, Vasif Səfərov, Aydın Hümbətov "Azərbaycan Bayrağı" ordeni ilə təltif olundular.
24 ildən sonra aprelin 1-dən 2-nə keçən gecə təmas xəttində vəziyyət yenidən gərginləşdi. Ermənilər cəbhə boyu mövqelərimizi və ətraf kəndlərimizi iri çaplı silahlardan, ağır artilleriya qurğularından vurmağa başladılar. Həmişə olduğu kimi, döyüşçülərimiz yenə düşmənə sarsıdıcı cavab zərbələri endirsələr də, ermənilər atəşi dayandırmadılar. Onları susdurmaq üçün döyüşçülərimiz cəbhənin bir neçə istiqamətindən irəliləməli oldular. Talış kəndi ətrafında yüksəkliklərin azad edilməsi uğurla sona yetdi. Bu döyüşlərdə böyük hünər və rəşadət göstərmiş zabitlərdən Murad Mirzəyev və Samit İmanov (hər ikisi ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldülər.
Darmadağın edilən "sərhəd"
Cəbhədə atəşkəs əldə ediləndən bir neçə il sonra hərbi xidmətimi Talış kəndinin yaxınlığındakı mövqelərdə davam etdirməli oldum. Həmin illərdə ermənilər öz postlarının qarşısına dirək basdırdılar, tikanlı məftil bağlayıb "sərhəd" də çəkmişdilər. Düşmən bununla işğal etdikləri ərazilərin onlara qalacağını bizə göstərirdilər. Sonra Talış kəndində yaşamağa başlasalar da, bu, uzun sürmədi. İndi onların çəkdikləri "sərhəd" darmadağın edilib, mövqelərimiz ondan da qabağa çəkilib. Aprel döyüşlərində azad edilən bu yüksəkliklərdən ermənilər postlarımızı və Tapqaraqoyunlu kəndini tez-tez atəşə tutmaqla sakinlərin təsərrüfatına ciddi zərər vururdu. Artıq o günlər arxada qalıb.
"Tankın qülləsi yerindən qopdu"
Sonuncu döyüşlər bir daha təsdiqlədi ki, əsgərlərimiz həm böyük ruh yüksəkliyinə, həm də yetərincə döyüş təcrübəsinə malikdilər. Döyüşlərdə düşmən gülləsindən və mərmi qəlpəsindən yaralanan zabit və əsgərlərimiz döyüşməkdə davam ediblər. Əsgərlərimiz bu savaşda düşmənə qat-qat artıq dəqiq atəş zərbələri endirib, onu böyük itkilərə məruz qoyublar. Yüzlərlə erməni əsgəri öldürülüb, xeyli sayda döyüş texnikası məhv edilib.
Döyüşlərdə hünər göstərib düşməni xeyli itkilərə uğradan əsgər və zabitlərimizin bir neçəsi ilə görüşüb həmin anları xatırlamalarını xahiş etdim.
Aprel döyüşlərində böyük qəhrəmanlıq göstərərək Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Vətənə xidmətlərə görə" 3-cü dərəcəli ordenə layiq görülən kapitan Mirdamət Bağıyev düşmənin yeddi zirehli, üç yük texnikasını, bir minik avtomobilini məhv edib. Mirdamət döyüşlərin ilk günündə çiynindən güllə yarası alsa da, bunu kiməsə bildirməyib, yaralı-yaralı döyüşü davam etdirib. Döyüşlər səngiyəndən bir neçə gün sonra aldığı güllə yarası onu narahat etməyə başlayıb. Zabit yalnız bundan sonra hospitala göndərilib. Artıq o, tam sağalıb və xidmət yerindədir. Cəsur döyüşçü ilə yenicə azad olunmuş mövqelərdə görüşmək mənə könül xoşluğu verdi. - Düşmən cəbhə boyu mövqelərimizə atəş açırdı. Sonra irəli getmək barədə əmr aldıq. Döyüşçülərimizlə düşmənin mövqeyini ələ keçirdik. Bir qədər vaxt keçəndən sonra ermənilər ehtiyat qüvvələri ilə əks-hücum elədilər. Olduğum mövqedə elə yer tutmuşdum ki, ermənilərə döyüş texnikaları ilə irəliləməyə macal vermirdim. Bir neçə düşmən tankı eyni vaxtda üstümüzə gəlirdi. Vaxt itirmədən ermənilərin zirehli texnikalarını bir-bir nişan alıb məhv etdim. Sonuncu mərmi tankı necə tutdusa, qülləsi qopub bir neçə addım uzağa düşdü. Bunu görən iki erməni tankı qorxub geri qayıtdı...
Sarışın, ucaboy, danışmaqla çox da arası olmayan zabit bir qədər fikrə getdi. Sonra bunları dedi:
- Məğlub olan düşmən indi də döyüş taktikasını dəyişir. Nə edirsə etsin, bizim postlarımıza yaxın düşə bilməz.
Mirdamət doğma torpaqlarımızıın işğaldan azad olunacağı günə böyük ümid bəsləyir.
"Düşmən bu dəfə qarşısında daha güclü Azərbaycan əsgəri gördü"
Ön mövqedə döyüş yolu keçmiş zabit Taleh Kərimovla da görüşdüm. O, əsgərlərin aprel döyüşlərində göstərdiyi şücaətdən danışdı. Dedi ki, düşmən son dərəcə güclü müdafiə olunurdu. Buna baxmayaraq, əsgərlərimiz hər tərəfdən atəş açırdılar. "Düşməni səngərdən baş qaldırmağa qoymadıq. Bir neçə istiqamətdən həmlə edib postlarından qovduq. Sonradan əks həmləyə keçən erməniləri məhv etdik".
Düşmən zaman-zaman bəd niyyətlərini bu yolla həyata keçirib. Ancaq bu dəfə qarşısında daha güclü və məğlubedilməz Azərbaycan əsgəri, Azərbaycan Ordusu gördü. Özü də bir mərkəzdən idarə olunan döyüşkən ordunu. Savaş vaxtı ön cəbhədə dayanan qüvvələrimiz yüksək döyüş bacarığı ilə qarşıdakı düşmən hədəflərini dəqiqliklə məhv etdi.
Döyüşlərdə yaralanmış leytenant Allahyar Telmanlı Babək rayonundandır. Döyüşü belə xatırlayır.
- Kapitan Vaqif Bayramov və daha üç döyüşçünün köməyinə getmək barədə məlumat aldıq. Döyüşçülər düşmənin lap yaxınlığına gedib çıxmışdılar. Yağılar mövqelərimizi hər tərəfdən atəşə tutmuşdular. Əmr verilən kimi köməyə yollandıq. Döyüşçülərimizin olduğu yer düşmənin atəşi altında idi. Xeyli vuruşandan sonra mən, leytenant Tamerlan Rəşidli və gizir Samir Rəşidli yaralandıq...
Müalicədən sonra bu döyüşçülər xidmət yerlərinə qayıdıblar. Görüşüb söhbət etdiyim hərbçilər düşməndən qisas almağa hər an hazır olduqlarını dedilər.
Bayaqdan bizi maraqla dinləyən qarayanız, orta yaşlı baş gizir diqqətimdən yayınmadı. Vüqar Hümbətov on beş ildən artıqdır bu hərbi hissədə xidmət edir, ərazilərə yaxşı bələddir, təhlükə hiss edilən səmti daim nəzarətdə saxladığını deyir.
İki qardaş bir savaşda
Cəbhədə gərginliyin davam etdiyi bir vaxtda çoxdan tanıdığım, biliyinə və döyüş təcrübəsinə bələd olduğum polkovnik Qiyas Abbasov tabeliyində olan bölmələrə düşməndən təhlükə hiss olunan mövqeləri gücləndirmək məqsədilə əlavə tapşırıqlar verirdi. O, aprel döyüşlərində əsgərlərin hər birinin əsl fədakarlıq göstərdiyini bildirdi.
Bu savaşda zabitlərdən İlham Hüseynov, Azər Məmmədov əsl peşəkarlıq nümayiş etdirib. Silahdaşları da onların qəhrəmanlığından ürək dolusu danışdılar. Zabit Kazım Nəbiyev hərb elminin sirlərini mükəmməl bilən döyüşçülərdəndir. Bu səbəbdən də o döyüş zamanı bölməni bacarıqla idarə edib. Zabit deyir ki, döyüşdə fərqlənən əsgərlər çox olub. Onlardan tovuzlu Vüsal və Vüqar Alıyev qardaşları (əkizdirlər), balakənli Hacı Həmətiyev və başqaları şəxsi şücaət göstəriblər. Döyüşlərdən üzüağ çıxan Vüsalla görüşdüm. O, həmin anları belə xatırlayır:
- Neçə gün idi ermənilər mövqelərimizi ağır silahlardan vururdular. Bir gün əmr gəldi ki, düşmən üzərinə hücuma keçirik. Hamı kimi mən də, qardaşım Vüsal da döyüşə getdik. Biz bir bölmənin tərkibində ayrı-ayrı istiqamətlərdə döyüşə girdik. Mənim sağ tərəfimdə manqa komandirim Samir Qaçayev vuruşurdu. Qarşımda erməni pulemyotçusu bizə atəş açırdı. Bir qədər sol tərəfə keçib yerimi dəyişdim. Oradan düşməni yaxşı görürdüm. Həmin mövqedən nişan aldım və onu susdurdum.
Vüqar deyir ki, bir qədər döyüşəndən sonra Samir yaralanıb. İlk tibbi yardım göstərmək üçün onu arxaya çıxaranda qardaşım Vüsalın da yaralandığını eşitdim. Düşmən nə qədər güclü müqavimət göstərsə də, biz geri çəkilmədik, irəli gedib xeyli silahlını məhv edib mövqelərini ələ keçirdik.
...Qarşımızda düşmən tapdağından azad edilmiş yüksəkliklər dayanıb. Bu mənzərə adama qürur verir. Nə qədər acı olsa da, deməliyəm ki, Qarabağ müharibəsinin ilk illərində bu yerlər, qeyd etdiyim kimi, bir neçə dəfə əldən-ələ keçib. Bu gün isə tam fərqli zamandır, Azərbaycan əsgərinin azad etdiyi ərazilərə yağılar yaxın düşə bilməzlər. Onlar buna nə qədər cəhd etsələr də, düşmənin bu çabası bir nəticə verməyəcək. Çünki qarşılarında güclü, qüdrətli Azərbaycan Ordusu dayanıb. Ermənilərlə təmas xəttində döyüş növbəsini döyüşçülərimiz ayıq-sayıq aparır. Əsgərlərimiz işğal altında qalan digər əraziləri də azad etmək üçün döyüşə hər an hazırdırlar. Ümid edirəm ki, məğrur Azərbaycan Ordusu bu dəfə döyüşə başlasa, işğalçı erməniləri bir yolluq torpaqlarımızdan çıxaracaq.
Bəxtiyar ƏLİYEV
Yazı "Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi" mövzusunda keçirilən müsabiqəyə təqdim olunur
525-ci qəzet.- 2016.- 9 iyun.- S.