Milli Ordumuzun aprel
sınağı:Vətənpərvərliyin Qarabağ vəhdəti
və yeni qəhrəmanlıq salnaməsi
82 YAŞLI ŞAHMAR QULİYEV FÜZULİYƏ
QAYITMAĞA HAZIRLAŞIR
1993-cü
ildə Qarabağ və ətraf rayonlarımız
işğal olunandan bəri başımıza gələn
faciələrin, Xocalıda törədilən müsibətlərin,
Meşəli, Cəmilli, Malıbəyli, Kərkicahan və
sair kəndlərdə əhaliyə edilən zülmün,
diri-diri yandırılan günahsız insanların ah-naləsinin
yerdə qalmayacağını, düşməndən qisas
alınacağını səbirsizliklə gözləyirdik.
Bəzilərinə
hər gün ekranlardan eşitdiyimiz "Allah qoysa tezliklə
Qarabağa qayıdacayıq" kəlməsinə sanki adiləşmiş
və ilbəil çadır şəhərciyini əvəz
edən təzə binalardakı mənzillərin
rahatlığı, azad sahibkarlıq mühitində
qazanılan pul-para gözümüzü tutmuş kimi
görünürdüsə, sən demə, millətin torpaq
həsrəti, yurda qayıtmaq istəyi, geri alınan bircə
qarış yer hər şeydən müqəddəs
imiş. 4 günlük aprel müharibəsində o torpaqlara
dönmək üçün hətta canından keçməyə
hazır olan hər bir azərbaycanlının bir göz
qırpımında yumruq kimi birləşməsinin şahidi
olduq...
1992-ci
ilin oktyabrında Musa Nağıyev adına
Təcili Yardım Xəstəxanasının Travmatologiya
şöbəsində yaralı əlindən tərpənmək
olmurdu. Qarabağda könüllü döyüşən
kiçik qardaşım İsmayıl Osmanov 20 Yanvar
batalyonunda Fərrux yüksəkliyində qrad
"yağışı"na düşmüş,
Ağdamda ayağı amputasiya olunmuş və Bakıya gətirilmişdi.
Onunla yanaşı 14 nəfər (bəzilərinin
iki ayağı üzülmüşdü) eyni palatada
yatırdı. Xəstəxananın həyətində,
dəhliz və palatalardakı ah-nalə səsləri,
yaralıların iniltiləri, sağ qalmasına
şükür edib yarımcan övladının telini
sığallayan ürəyi paramparça anaların
üzgün baxışları, itkin
düşən döyüşçülərin yaxınlarının cəbhədən
gətirilən yaralının başının üstündə
dayanıb travmatik şokdan ayılmasını səbirsizliklə
gözləməsi, özünə gələn kimi
"filankəsi gördünmü", "bəs o necə
oldu" deyib sorğu-sual etməsi və sair səhnələri
heç vaxt unuda bilmədiyim real həyatın gerçəklikləri
idi. Şahidiyəm ki, qardaşım vücudunun
ağrısı bir yana, döyüş
yoldaşının ölüm xəbərini dilə gətirməkdə
acizlik çəkdiyi üçün ayağına ümidlə
gəlmiş ataya yalanlar uydurmağa
çalışırdı...
Qəlbi yaralı qardaşım aylarla, illərlə xəstəxana
həyatı yaşamalı oldu. Onunla bərabər
müalicə ocaqlarını gəzdikcə hər birində
müharibədən əlil qayıdan gənclərlə
qarşılaşırdım. O zaman kimə
baxırdınsa məyusluq, canlarında qəlpə gəzdirən
bu gənclərin sifətlərində bir məzlumluq,
uduzmuş, məğlub olmuş kimi görünən bir ifadə
vardı. Yaralıların, şəhidlərin sayı
artdıqca, torpaq və insan itkisi qamətimizi əyir,
anaların harayı ürəyimizi ağrıdırdı...
Ancaq savaşda itkilərimizin çox olmasına
baxmayaraq ümidlərimiz ölməmişdi. Müharibənin
ağrısını ailəsində yaşayan bir jurnalist
olaraq çoxları kimi mən də gələcəyə
inamla baxaraq illərlə radiodakı hər söhbətimdə,
hər kəlməmdə qəti əminliklə ermənidən
intiqam alacağımızı söyləmişəm.
Çünki müsahiblərimin baxışlarında
ümid işığını, intiqam odunu alovlandıracaq
qığılcımları görürdüm...
Tale elə gətirdi ki, Qarabağ faciəsi nəinki cəbhədən
əlil qayıdan əsəbi qardaşımın gərginliyinin,
eyni zamanda ailə həyatım da ən başlıca
mövzusuna çevrildi. Füzulidən qaçqın düşən,
varını yoxunu kənddə qoyub gələn,
Saatlının düzündə çadır quran bir ailənin
gəlini oldum. Həyat yoldaşım ali
məktəbi yarımçıq qoyub, kəndi,
torpağı uğrunda döyüşlərdə digər
oğullarımız kimi könüllü iştirak etsə də,
torpağı qorumaq, məlum səbəblərdən
işğalın qarşısını almaq
mümkünsüz idi.
Çadırda xəstə düşən, sonra da
paytaxta gələn və tələbə yataqxanasının
darısqal otağına sığınan Şahmar ata vaxtilə
əsgərlikdə aldığı zəngli divar
saatını kənddən özüylə
götürmüşdü. Hər saatın tamamında səsi ətrafa
yayılan əqrəblərin irəliyə doğru hərəkəti
kişini xəyalən geriyə aparır.
Obasından, kənd-kəsəyindən, həyətindəki
quyunun ürək sərinlədən suyundan,
bağındakı barından, anbardarı olduğu kəndinin
sarı zəmilərindən, yayda kölgəsində
oturduğu üzüm çardağının
salxımlarına payızda geydirdiyi kağız torbalardan
çıxarılan təptəzə qalmış meyvələrinin
qışın oğlan çağında ağzına dad gətirməsindən,
süfrəsini bəzəməsindən, tövləsindəki
50-dən artıq iribuynuzlu malqaranın ətindən,
ağartısından və sair söhbətlər
açırdı. Gözümüzün
qarşısında gilə-gilə əriyən bu müdrik
qocanın titrək səsini, təəssüratlarını
həyəcansız dinləmək, qəlbinin iniltisini
eşitməmək, gözündəki kədəri görməmək
mümkün deyildi. Mənə ən
çox təsir edən məqam isə Füzulinin
qaçqın camaatının ölüsü düşəndə
dəfn etdikləri qəbiristanlığa əmanət
qoyulması idi. Mərhumun qulağına
"qayıdanda səni də götürəcəyik" kəlməsini
pıçıldayıb torpağa tapşırırdılar...
Qərib həyatı yaşayan Şahmar ata yurd xiffəti
çəkə-çəkə qəm-qüssədən
taqəti üzülmüş, ömrünün sonuna
sayılı günlər qaldığını
düşünərək, kəndə dönmədən
öləcəyini güman edirdi. Gözlərinin
işığını qaytarmaq üçün əməliyyat
etdirmək istəyimizə də etinasız yanaşır,
"daha bu yaşdan sonra görmək nəyimə
lazımdır, bundan sonra görməsəm də olar, hara
baxacam ki..." deyə gileylənirdi...
Azərbaycanda daxili sabitliyin pozulması ermənilərin
əlqolunu açmışdı. Xalqımızın
siyasi lideri Heydər Əliyevin hakimiyyətə ikinci gəlişi
və uzaqgörən siyasəti müharibənin
gedişatını dəyişdi. Onun təkidli tələbi
ilə tərəflər arasında atəşkəsə
nail olundu. 12 may 1994-cü il Ermənistanla
Azərbaycan arasında atəşkəs haqqında saziş -
"Bişkek protokolu" qüvvəyə mindi. Ölkəmizdə ordu quruculuğu istiqamətində
dövlət tərəfindən mühüm işlər
görüldü. Büdcədən ilbəil
qazanılan gəlir hesabına orduya ayrılan maliyyə vəsaiti
artdıqca bu sahəyə diqqət prioritet vəzifələrdən
biri oldu. Müdafiə Sənayesi Nazirliyi
yaradıldı, silah istehsalına başlanıldı. Azərbaycanın öz məhsulu olan müasir
silahlar beynəlxalq sərgilərin qalibi oldu. Eyni zamanda aparılan xarici siyasət nəticəsində
ölkələrlə hərbi sahədə əməkdaşlığımız
gücləndi. Dünyanın istənilən
dövlətindən ən müasir hərbi texnikanı almaq
gücünə malik olan ölkəyə çevrildik.
Nəticədə qüdrətli Azərbaycan
ordusu yarandı.
Nəhayət
aprel ayının əvvəllərində Azərbaycan
ordusunun cəbhədə dönüşə nail olması
hamı kimi 82 yaşlı qocaya da qol-qanad verdi.
Ayağı-ayağına dolaşan Şahmar
atanın yerişi, baxışı dəyişdi, qaməti
dikəldi. İndi də gözünün
açılmasını istəyir ki, kəndə
qayıdanda oraları əməlli-başlı görsün,
torpağını qarış-qarış gəzə bilsin.
Şahmar
ataya bu inamı Azərbaycan ordusunun aprel qələbəsi,
Murad Mirzəyev, Samit İmanov, Şükür Həmidov və
digər qeyrətli oğullarımızın cəsarəti verdi.
Vaxtilə Qarabağı könüllülərdən
ibarət dəstələr müdafiə etməyə
çalışırdısa, bu gün müasir silahlarla təchiz
olunmuş nizami hərbi Azərbaycan ordusunun peşəkar əsgər
və zabit heyəti formalaşıb.
Deyirlər ki, orduda ruh yüksəkliyi olmasa qələbədən
söhbət gedə bilməz. Əsgər kimin və
nəyin uğrunda mübarizə apardığını bilməlidir.
Ermənidən fərqli olaraq bizim əsgər
öz torpağının azadlığı uğrunda
döyüşür.
Aprelin əvvəllərində qəhrəmanlarımız
yeni salnamə yaratdılar. Xüsusi təyinatlı
qüvvələrin zabiti, polkovnik-leytenantı Murad Mirzəyev
adlı qəhrəmanımızın varlığından xəbər
tutduq.
1976-cı
ildə Sabirabadın Muğan Gəncəli kəndində
anadan olan Murad hərbi sahəni seçəndə bilirdi ki,
bu yolun sonu ölüm ola bilər. O
uşaqlıqdan hərbçi olmaq arzusunda olmuş, müqəddəs
sandığı sənətə könüldən
bağlanmışdı. Xüsusi təyinatlı
qüvvələrdə xidmət etmək də hər
oğulun hünəri deyil. Şəxsi istəklə
yanaşı, dözümlülük, möhkəm iradə,
xüsusi peşəkarlıq və s. keyfiyyətlər əsas
meyar hesab olunur.
Murad Mirzəyev 1998-ci ildə Türkiyədə Ali Hərbi
Məktəbi bitirib, ABŞ, Rumıniya, İordaniya kimi
ölkələrdə təlimlər keçib geriyə
peşəkar hərbçi kimi dönmüşdü. Yaxın
qohumu, Azərbaycanlıların və digər Türkdilli
Xalqların Əməkdaşlıq Mərkəzinin sədri
İlham İsmayılov deyir ki, Türkiyədə 600 nəfər
arasında ən yüksək göstəriciyə nail
olmuşdu. Ölkənin 9-cu prezidenti
Süleyman Dəmirəl tərəfindən "Qılınc"
mükafatı ilə təltif edilmişdi. Məhz onun xüsusi planına əsasən ordumuz
yüksəklikləri ələ keçirməyi bacarıb.
Hərb sənətini o qədər sevirdi ki, oğlu
Nurlanı da hərbçi yetişdirəcəyini
deyirmiş. İki yaşlı uşağı hərbi
helikopterdə səmalara qaldıranda yüksəlikdən
baxmağın əzəmətini oğul balasına təlqin
etməyə çalışmışdı.
Onun müavini Samit İmanov Neftçalada göz
açıb.
Ali Hərbi Məktəbi fərqlənmə
diplomu ilə bitirib.
Türkiyədə
"Daxili təhlükəsizlik əməliyyatlarının
planlaşdırılması və icrası", "Komando təlimi
və paraşütdən sərbəst atlamaq"
kurslarında, habelə "Anadolu-2007", "Anadolu
Qartalı-2007" birgə taktiki təlimlərində,
Pakistanda "Ləpirçi və antiterrorist",
İsveçrə krallığında "Dağ təlimi",
Ruminiyada "Dağa dırmanma
üzrə təlimatçı" kurslarında iştirak
edib. Xüsusi təyinatlı hərbi hissədə qrup
komandirinin müavini, qrup komandiri, bölük komandiri, dəstə
komandiri və hərbi hissənin qərargah rəisi, hərbi
hissə komandirinin müavini vəzifələrində
çalışıb...
2016-cı il aprelin əvvəlində Samit İmanovun və komandiri Murad Mirzəyevin başçılıq etdiyi qruplar Talış yüksəkliyindəki erməni postlarını darmadağın edib, xeyli sayda düşmən əsgərini məhv edirlər. Murad Mirzəyev ona döyüş bölgəsindən uzaqlaşmağı əmr etsə də o meydanda komandirini tək qoymur. Hər ikisi Talış kəndi uğrunda həyatını qurban verir. Murad Mirzəyevin cansız bədəni düşmən nəzarətində olan ərazidən Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə götürülür...
Samit əvvəllər də bir neçə döyüşlərdə öz xidməti vəzifəsini layiqincə yerinə yetirmişdi. 2014-cü il avqust ayında rəhbərlik etdiyi dəstə 20-yə yaxın ermənini məhv edərək əməliyyatdan zəfərlə geriyə qayıtmışdı...
Zabit son döyüşündə aprelin 3-dən 4-nə keçən gecə ağır yaralanır. Əsgərlərinin onu döyüş meydanından çıxarmasına etiraz edib, yaralanmış gizirin aparılmasını əmr edir. Özü isə qumbaranı sinəsi üstündə saxlayaraq düşməndən gizlənmək üçün arxası üstə kolluğa uzanır. Əsgərlərimiz onu al qan içərisində tapırlar. Zabitimiz qanaxmadan dünyasını dəyişir.
Aprelin əvvəlində daha bir igidimizin, polkovnik leytenant Şükür Həmidovun Lələ Təpə yüksəkliyinin alınmasında göstərdiyi qəhrəmanlığı da elin tarixinə yazıldı. Qubadlıda çoxuşaqlı ailədə doğulan, ailənin 9-cu övladı olan Şükür də yüksək hərbi təhsil almış peşəkar kadrlarımızdan biridir.
Murad Mirzəyev və Samit İmanov Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 aprel tarixli Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüblər. Xidməti dövründə Murad Mirzəyevin 9 və Samit İmanovun isə 7 medalı gəncliyə örnək olan hərbçilərimizin yüksək vətənpərvərliyindən xəbər verir.
Polkovnik-leytenant Şükür Həmidov isə ölkə rəhbərinin, Ali Baş komandanın 22 aprel tarixli sərəncamı ilə Milli Qəhrəman elan edilib.
Müharibədə yenə itkilərimiz oldu. Ancaq bu dəfə şəhidlərimizi böyük izdihamlar müşaiyət etdi. Qurbanlarımız son mənzilə qaməti dikilən bir elin çiyinlərində yola salındı. Hətta gözünün ağı-qarası olan bircə oğlunu itirən analar "təki vətən yaşasın" deyə, başını dik tutub, elini intiqama səslədi.
Haqqında danışdığım bu üç qəhrəmanımız və eləcə də neçə-neçə oğullarımız millətimizin döyüş əzmini nümayiş etdirdi. Beynəlxalq təşkilatlara, iri dövlətlərə sübut etdi ki, istənilən an torpaqların geri alınmasına hazır olan güclü ordumuz əmrə müntəzirdir. Bu dörd gün ərzində dünyanın bütün diqqəti Azərbaycana yönəldi. Donmuş münaqişə hesab edilən Qarabağ ən qaynar nöqtəyə çevrilərək beynəlxalq ictimaiyyətin diqqətini cəlb etdi. Dünyaya anlatmağa çalışdıq ki, müharibənin əsas səbəbkarı olan erməni hətta öz murdar əməlini gerçəkləşdirmək üçün dinc əhaliyə istifadəsi qadağan olunmuş silahları belə atmağa qadirdir. Mayın 11-də Xarici İşlər və Müdafiə nazirliklərinin təşkilatçılığı ilə Azərbaycanda akkreditə olunmuş 11 ölkədən 20-dək hərbi attaşelər ermənilərin Tərtər rayonunun Əskipara kəndində atdığı 122 mm-lik ağ fosforlu top mərmisinin düşdüyü əraziyə baş çəkib, dəhşətli faktın canlı şahidi oldular...
Dünya eşitdi, gördü və başa düşdü ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından təmizlənməlidir və BMT Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərdən ermənilərin qeyri-şərtsiz çıxarılması haqqında 1993-cü ildə qəbul edilmiş 822 (30 aprel), 853 (29 iyul), 874 (14 oktyabr), 884 (12 noyabr) saylı məlum dörd qətnaməsinin icrasının tələb edilməsinin vaxtı çatıb.
82 yaşlı Qərbənd sakini Şahmar ata indi daha çox inanır ki, tezliklə onun əsirlikdə olan yurdu azad olunacaq. "Füzuli geri alınıb" xəbərini hamıdan çox gözləyir. Çünki onu buna inandıran Azərbaycan əsgəri öz əzmkar ruhunu, gücünü, bacarığını və nəyə qadir olduğunu aprel ayında, dörd gün ərzində nümayiş etdirdi.
Şəlalə MƏHYƏDDİNQIZI
Yazı Azərbaycan Mətbuat
Şurası ilə Azərbaycanlıların və Digər
Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin
birlikdə keçirdiyi, "Milli Ordumuzun aprel
sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti
və yeni qəhrəmanlıq salnaməsi" mövzulu
müsabiqəyə təqdim olunur"
525-ci qəzet.- 2016.- 9 iyun.- S.8.