Sənət və səmimiyyət - I
yazı
FƏLSƏFİ-
ESTETİK MÜLAHİZƏLƏR
Hələ uşaqlıqdan atamın
müasirləri ilə
söhbətlərində dönə-dönə
dediyi bir fikir yaddaşımda hakim kəsilib: Sənətkar və bədii əsər səmimi olmalıdır! Sonralar - ali məktəbdə oxuyanda, aspiranturada təhsil alıb elmi iş yazanda,
doktorluq müdafiəsi
edəndə, 30 ildən
artıq ölkənin
unikal bədii təhsil ocağı - Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinə
rəhbərlik edəndə
əksəriyyəti görkəmli
rejissorlar, aktyorlar, musiqiçilər, rəssamlar
olan pedaqoqlarla söhbətlərimizdə bu
məsələni çox
müzakirə etmişik
və çalışmışıq
ki, yaradıcılıq
fakültələrinin tələbələrinə
bu fikirləri aşılayaq. Sənətdə səmimiyyət başlıca
şərtdir. Müxtəlif monoqrafiyalar, dərsliklər
üzərində işləyərkən
nəzəri hazırlıqla
bərabər bu sahədəki təcrübəmə
əsaslanır, səmimiyyəti
başlıca sənət
meyarı kimi götürür və çalışırdım ki,
əsərlərimin konsepsiyasını
onun əsasında formalaşdırım.
Amma həmişə məni belə suallar düşündürüb: Sənətdə
səmimiyyətin bədii-fəlsəfi
mahiyyəti nədir? Həmin sual ətrafında düşüncələr bu
yazının məzmununu
təşkil edəcək.
Hər şeydən öncə onu deyim ki,
səmimiyyət sənətin-ədəbiyyat
və incəsənət
əsərlərinin cövhərini,
mayasını təşkil
edir. Maya saf olmasa yaradılan əsər gözəl ola bilməz.
Mənə belə gəlir
ki, qloballaşma, yüksək texnologiyalar, informasiya müharibələri
epoxaları olan müasir zəmanəmizdə
sənətdə-istər bədii
ədəbiyyatda, istərsə
də incəsənət
əsərlərində sənətkar
səmimiyyətinə az-az
rast gəlinir. Sənətkarın mövqeyi çətinləşib.
O başlıca vəzifəsini-mənəvi
gözəllik üçün
məsuliyyətin öhdəsindən
kifayət qədər
gələ bilmir. Şəxsi müşahidələrimə
əsaslanıb mühakimə
üçün
bunun bəzi səbəblərini deyə
bilərəm: birinci,
bədii yaradıcılığın
ilahi vergisi olan istedad sayəsində
ərsəyə gəldiyinə
sənətkarların inamı
bir qədər azalıb, bununla da sənətdə səmimiyyət və sənətkarda vəhy imkanları zəifləyib;
ikinci, qloballaşma prosesində sərhədsiz
dünya imkanından istifadə sayəsində
mədəniyyətlərin inteqrasiyası ilə əlaqədar dünya mədəniyyətinin təzyiqinə
milli mədəniyyətin
müqaviməti azalıb; üçüncü, sənətdə
səmimiyyətin ali bədii-fəlsəfi ifadəsi
olan məhəbbət
mövzusu "köhnəlib",
ona münasibət ikinci plana keçib;
dördüncü, insanla Tanrı arasında münasibətlər zəiflədiyindən
sənətin enerjisi azalır, duyğular kütləşib, sənət
alilikdən adiliyə
enib. Şeyx Nizami deyirdi:
İdrakı dindirsən, söyləyər
o da,
Hər şey eşq üstündə durur dünyada.
Mövlanə Məhəmməd Füzuli
isə yazıb :
Yarəb, bəlayi eşq ilə qıl aşina məni.
Bir dəm bəlayi eşqdən etmə cüda məni.
Füzuli
bir də belə deyirdi: Sözə xor baxmaq olmaz, hər
söz ərşdəndir
gəlir hədiyyə
bizə. Ərşdən
gələn sözü
fərşdə qəbul
etməyə qüdrəti
çatan istedad
sahibləri azalıb.
"İlahi feyzdən bir xəzinədir söz"-bu xəzinənin açarı səmimiyyətdir.
Mömin
dua və ibadətlə, sənətkar
fəhm və səmimiyyətlə "yaradanın
mədhi- sənası,
nəğməsi" olan
SÖZə yetişə,
onu eşidə və dinləyə bilər. Elə buna görə Şeyx Nizami deyirdi: Yaranmışların
sırasında Allahdan
sonra "Əvvəl
peyğəmbərlər, sonra
şairlər" gəlir.
Allah peyğəmbərlərə
vəhy, şairlərə
fəhm bəxş etdi. Dahi Füzuli heç yerdə "dərk et!" demir, hər yerdə "fəhm qıl!" deyir. Çünki fəhm idrakdan
qat-qat güclüdür.
İlham
sənətkarın ən
qiymətli sərvətidir.
O, sənətkar qəlbinin
azadlığında boy atır.
İlhamı bəsləmək, süsləmək gərəkdir,
ona zor göstərmək
olar, o yalnız səmimiyyətə tabe olur. Böyük nəzəriyyəçi, XX əsrin
20-ci illərində dəvətlə
Bakıda fəaliyyət
göstərən ədəbiyyatşünas
İsmayıl Hikmət
yazırdı ki:
"İlham pərisinin
büllur gərdəninə
istibdad zənciri salmazlar, ipək saçlarına istiqlal çələngi vurarlar".
Sənət çox çətin psixoloji prosesdir, o əsl istedadın möcüzəsi sayəsində
həyata keçirilir. Əslində "İlham ruhun enerjisidir, lakin onu insanın iradəsi deyil, nə isə insandan asılı olmayan bir təsir
oyandırır; buna görə də ilham azaddır, onu zorlamaq olmaz"
(V.Belinski). Materialist estetikanın nümayəndəsi
olduğuna görə
V.Belinski "ilahi qüvvə" əvəzinə
"insandan asılı
olmayan bir təsir" adlandırır.
"Sənətkarın iradəsi
- onun ilhamıdır!"
kimi qəti bir fikirlə Belinski pafosu izah edərkən "pafos insan qəlbində
həmişə ideyanın
oyadıb yandırdığı
və həmişə
ideyaya can atan ehtirasdır- deməli sırf ruhu, mənəvi və ilahi ehtirasdır". Beləliklə də tənqidçi
pafosu "ilahi ehtiras" adlandıraraq mistik-idealist nəticəyə
gəlir". Bütün bunlar
insanın-sənətkarın şəxsiyyəti ilə
bağlı olub, ondan nəşət edir. Şəxsiyyət istedad sayəsində
ilahi keyfiyyətləri
özündə toplayır.
Bu adi şəxsiyyət
deyil, sənətkar şəxsiyyətidir. Sənət
onun mənəvi aləmindən doğulur:
"Şairin yaradıcılıq
fəaliyyətinin mənbəyi
onun şəxsiyyətində
ifadə olunan poetik ruhundadır, buna görə də onun əsərlərinin
ruhunun və xarakterinin izahını birinci növbədə şairin şəxsiyyətində
axtarmaq lazımdır"
(Belinski). Beləliklə, sənətin səmimiyyəti
şəxsiyyətin səmimiyyəti
ilə bağlıdır.
Materialist dünyagörüşü
şəxsiyyəti, xüsusən
yaradıcı şəxsiyyəti
əsasən ictimai münasibətlərin məhsulu
kimi izah edir. Bu zaman
sənətdə səmimiyyəti
sosiologiya əvəz etməyə başlayır.
Bunu Sovet incəsənətinin
timsalında izləmək
olar. Ən yaxşı halda
bu sənət "formaca milli, məzmunca sosialist" kimi müəyyən olunsa da burada
forma formal xarakter daşıyır,
məzmun həlledici mövqedə olurdu. Başqa sözlə, bədiilik, milli müəyyənlik ideyaya, çox zaman da birtərəfli,
tendensiyalı, saxta kommunizm ideyasına qurban verilirdi. Bu halda nə
sənətdə şəxsiyyət
başlanğıcının təzahürü olan sənətkar "Mən"indən,
nə də təbii ki, sənət üçün
başlıca keyfiyyət
olan səmimiyyətdən
danışmaq olmaz.
Hələ XX əsrin 20-30-cu illərində
ədəbi mübahisələrin
iki qütbündə
dayanan, cəbhələşən
"formalizm" və
"vulqar sosiologizm"
cərəyanları əslində
sənətdə səmimiliyə
dar bədiiliklə, sənətdə ifrat ideyaya istinad edən sosiallığın
mücadiləsi idi. Bəzi hallarda, elə indi də unudulur
ki, sənət və sənətkar təkcə ictimai faktorla izah oluna
bilməz. Sənətkar
şəxsiyyəti müəyyən
genetik kodun daşıyıcısıdır, onun ictimai düşüncəsindən
başqa gen yaddaşı,
qan yaddaşı, ağrı yaddaşı,
doğulduğu təbiət
amili var. Görkəmli
tənqidçi Yaşar
Qarayev sənəti ağrı yaddaşının
bədii ifadəsi kimi araşdırırdı.
Alman şairi Henrix Heyne yazırdı ki, şairi tanımaq üçün
onun doğulduğu yerə-vətəninə getmək
lazımdır. Coğrafiyanın mühüm amilinin (nəzərə alsaq ki, dünyada mövcud olan 11 iqlimin 9-u Azərbaycanda var) sənətin təbiətinə, xüsusən
sənətdə səmimiyyətə
güclü təsiri
vardır. Bunu təkcə
mən demirəm, pozitivist estetikanın banilərindən fransız
filosofu İppolit Ten hələ XIX əsrdə
yaratdığı "İrq,
mühit, moment" nəzəriyyəsi
ilə bu fikri ortaya atmışdır.
Sənətdə səmimiyyətdən bəhs
edərkən son zamanlar
tez-tez işlənən
bir fikri də çözmək lazım gəlir. Nəzəriyyəçilər yazırlar ki,
Şərq və Qərb dəyərlərinin
vəhdəti sənət
əsərlərinin müvəffəqiyyətinin
rəhnidir. Bu qənaət XIX əsrin ikinci yarısından üzü bəri sənət meyarı kimi əvvəl ədəbiyyata, XX əsrin
əvvəllərindən etibarən
incəsənətə tətbiq
olunmağa başlayıb.
Bununla da guya modern-avropaçı sənət
Avropa və Asiyanın qovşağında
yerləşən Azərbaycanda
estetik meyara çevrilib. Bəlkə
də burada müəyyən həqiqət
var... Lakin gəlin bir qədər dəb xatirinə termini işlətməkdən
əl saxlayıb obyektiv həqiqətə işıq tutan bəzi mühakimələr
irəli sürək:
Sərt konfliktlər üzərində bərqərar olmuş Qərb sənəti sıçrayışlı inkişaf keçirib, yeni mərhələ özündən əvvəlkini inkar etməklə irəliləyib. Özündən əvvəlki mərhələnin bətnində yetişən, təkamülü (evolyusion) mərhələləri ilə inkişaf edən Şərq incəsənəti (ədəbiyyat və mədəniyyəti) harmoniya üzərində köklənib. Azərbaycan incəsənətində səmimiyyət bu harmoniyanı əks etdirir. Bu da həqiqətdir ki, Azərbaycan ədəbiyyatı və incəsənətində istər XX əsrin əvvəllərində - C.Məmmədquluzadə, M.Ə.Sabir, C.Cabbarlı, H.Cavid və 60-cı illər ədəbiyyatında və incəsənətində R.Rza, İ.Əfəndiyev, Ə.Məmmədxanlı, S.Əhmədov, Anar, Elçin, Fikrət Qoca və başqaları, musiqidə Ü.Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Arif Məlikov və.s. teatr sənətində H.Ərəblinski, Adil İskəndərov, Tofiq Kazımov, Mehdi Məmmədov, rəngkarlıq sənətində Tahir Salahov, Mikayıl Abdullayev, Nadir Əbdürrəhmanov, Rasim Əfəndiyev və başqaları həm Qərb üslubunu, həm də Şərq sənətinin harmonik üslubunu öz yaradıcılıqlarında ehtiva etmişdilər.
Poeziyada bədii təsvir vasitələri, ahəng, vəzn, qafiyə, musiqidə səslərin, rəssamlıqda rənglərin harmoniyası, xoreoqrafiyada ritm mahiyyət etibarilə sənətdə səmimiyyətin təzahür formalarıdır. Sənətdə estetik təsirin əsas güc, enerji mənbəyi səmimiyyətdir. Səmimiyyət istedadı yaradıcı fədakarlığa sövq edən, onu idarə edən qüvvədir. Xalq şairi Səməd Vurğun məşhur "Şairin hüquqları" məqaləsində yazır: "Şair hər yerdə və hər cür iqlimdə öz xüsusi poetik səsini qoruyub saxlamalıdır". Sovet yazıçılarının İkinci Ümumittifaq qurultayında "Sovet poeziyası haqqında" əlavə məruzəsində lirikadan bəhs edərək onu belə mənalandırır: "Lirika öz nəğməsini oxuduqdan sonra o saat uçub gedən gəldi-gedər quşlara bənzəməməlidir... Lirik şeir, mahnı insan qəlbini dilə gətirməli, onun qəlbində yuva salmalı və zümrüd quşu kimi onu isindirməli, zəhmətdə, mübarizədə, kədərli və nəşəli dəqiqələrdə o insana yoldaş olmalı, onda nəcib hisslər oyatmalı və beləliklə də insanı yüksəltməli, onu daha güclü, daha ağıllı və mənəvi cəhətdən zəngin etməlidir". Bütün bu keyfiyyətlərə, bu mənəvi-estetik gücə sənət, o cümlədən, lirik poeziya məhz səmimiyyət sayəsində nail olur.
Timuçin Əfəndiyev
525-ci qəzet.- 2016.- 9 iyun.- S.5.