Xeyirxah və vətənpərvər
ziyalı
TANINMIŞ TƏHSİL MÜTƏXƏSSİSİ, RİYAZİYYAT ÜZRƏ FƏLSƏFƏ DOKTORU MƏRHUM ƏLÖVSƏT OSMANLININ ANADAN OLMASININ 60 İLİ TAMAM OLUR
Əlövsət Osmanlı 1956-cı il iyun ayının
9-da Borçalının zəngin
təbiətli və səfalı guşələrinin
birində - Bolnisi rayonunun dağlar qoynunda yerləşən Dəmirli kəndində riyaziyyatçı ailəsində
anadan olmuş, orta təhsilini də orada almışdı.
Əlövsətin istedadı hələ orta məktəb illərində parlamışdı. Onun həmin
dövrdə tərtib
etdiyi məsələlər
Almaniyanın riyaziyyat
jurnallarında, Moskvanın
"Matematika v şkole"
jurnalında dərc edilmiş, Gürcüstanda
bir neçə riyaziyyat olimpiadasının
qalibi olmuşdu.
Məktəbi əla qiymətlərlə
bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Universitetinin
(indiki BDU) Mexanika-riyaziyyat
fakültəsində davam
etdirmişdi.
Əmək fəaliyyətinə 1979-cu ildə Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi kimi başlamış, elə
burada da meyl edən arqumentli differensial tənliklər sahəsində
tədqiqat aparmış,
dissertasiya müdafiə
edərək (1986) riyaziyyat
üzrə fəlsəfə
doktoru elmi dərəcəsi almışdı.
Onun elmi işləri istər respublikanın, istərsə də keçmiş SSRİ-nin riyaziyyat mərkəzləri
tərəfindən yüksək
qiymətləndirilmişdi.
Əlövsət həmişə məşhur
bir fikri təkrar edərdi: "Dövlətin təməli
torpaq və ədalət, inkişafın
təməli isə təhsil və təşəbbüsdür". Onun təhsil sahəsinə gəlişi bəlkə də elə bu fikrin təsiri
altında baş vermişdi. Hələ
1987-ci ildə elmi-tədqiqat
institutunda işləyərkən
orta məktəblərdə
buraxılış və
ali məktəblərə
qəbul zamanı riyaziyyat imtahanlarına bir qayda olaraq
çətin və orta çətinlikli məsələ-misallar salındığından
şagird və abituriyentlərin əksəriyyətinin
həmin tapşırıqları
həll edə bilmədiyini və bu fəndən çəkindiyini nəzərə
alaraq məktəblilərə
və abituriyentlərə
metodik kömək məqsədilə imtahanlarda
təklif olunan tipik məsələləri
həlləri ilə birlikdə kitab halında çap etmək təşəbbüsü
ilə çıxış
etmişdi.
Beləliklə, 1989-cu ildə "Maarif" nəşriyyatında onun həmin dövr üçün çox dəyərli hesab olunan kitabı - "Riyaziyyatdan qəbul imtahanlarında təklif olunmuş məsələlər"in I hissəsi böyük tirajla çap edildi. 176 səhifəlik kitab cəmi bir neçə günün içərisində satılıb qurtardı. 1990-cı ildə isə kitabın 208 səhifəlik II hissəsi "Elm" nəşriyyatında çap olundu. Əlövsət qısa müddətdə respublikanın riyaziyyat müəllimlərinin ən çox məsləhət aldığı alim kimi tanındı. Artıq o, ali riyaziyyat sahəsindən tamamilə yeni mühitə - təhsil mühitinə, praktik aləmə daxil olmuşdu.
Ölkəmizin müstəqilliyinin ilk illərində yaradılan milli dərsliklərdə yol verilmiş, şagirdlərin riyazi biliklərinin formalaşmasına mane olan saysız-hesabsız elmi-pedaqoji səhvlərin aradan qaldırılması üçün ayrı-ayrı mətbuat orqanlarında dərc etdirdiyi silsilə analitik məqalələri onu həm də bir dərslik eksperti kimi tanıtdırmışdı. Belə araşdırmalarının əsasında hazırladığı "Kiçik riyaziyyatın böyük bəlaları" adlı kitabı bu sahədə mövcud vəziyyəti bütün çılpaqlığı ilə nümayiş etdirilməsi baxımından olduqca dəyərli bir qaynaq kimi qarşılanmışdı.
Əlövsət müəllim şagirdlərin riyaziyyatdan zəifliyinin səbəbini haqlı olaraq ibtidai riyaziyyatın yaxşı öyrədilməməsində görür və bu qəbuledilməz vəziyyətin aradan qaldırılması üçün görülməli işləri müəyyənləşdirməyə çalışırdı. Ayrı-ayrı ölkələrin təhsil proqramlarını, ibtidai sinif dərsliklərini, metodik vəsaitlərini, ibtidai sinif müəllimlərinin riyazi savadını dərindən araşdırdı. Bu araşdırmalar ibtidai təhsil pilləsi üçün yeni milli dərsliklərin yaradılması zərurətinə gətirib çıxarmışdı. Ona görə də həmmüəllifi olduğu ibtidai siniflər üçün riyaziyyat dərslikləri on ildən artıq bir dövrdə respublikamızın təhsil Azərbaycan, rus və gürcü dillərində aparılan məktəblərində əsas dərsliklər kimi istifadə olunmuşdu.
O, respublikamızda həyata keçirilən təhsil islahatında da yaxından iştirak edirdi. İbtidai təhsil pilləsi üçün riyaziyyat kurikulumunun hazırlanması və dərslik siyasətinin hüquqi bazasının formalaşdırılması məqsədilə yaradılmış qrupların ən fəal üzvlərindən olmuşdu. Təhsil məsələləri ilə bağlı müzakirə və mübahisələrdə həmişə orijinal fikirlərlə çıxış edər, həmsöhbətlərini mövqeyinin doğruluğuna asanlıqla inandıra bilirdi. Buna onun universal biliyi, haqqında danışdığı məsələlərə dərindən bələdliyi imkan yaradırdı.
Əlövsət Osmanlı çox işıqlı, qayğıkeş, xeyirxah və vətənpərvər insan idi. Ölkəmizdəki azsaylı gürcü məktəbləri üçün dərsliklərin Gürcüstandan gətirilməsi və bu dərsliklərdə dövlətimizlə bağlı, demək olar ki, heç bir məlumatın, hətta dövlət atributlarının olmaması onu o qədər təsirləndirmişdi ki, o, həmin məktəblər üçün öz vəsaiti hesabına gürcü dilində ibtidai sinif dərslikləri tərtib edib (bu kitablar Gürcüstan Təhsil Nazirliyində də bəyənilmişdi) çap etdirmişdi.
O, valideyn himayəsindən məhrum olmuş bəzi tələbələrin təhsil haqlarının ödənməsinə kömək edir, BDU-nun tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin tələbələrinə təhsildə müvəffəqiyyətlərinə görə xüsusi təqaüd verir, ehtiyacı olan elm, təhsil və mədəniyyət işçilərinə maddi və mənəvi dayaq göstərirdi. Gürcüstanın və Dağıstanın təhsil Azərbaycan dilində olan məktəblərinə təmənnasız olaraq dərslik və dərs vəsaitləri, kompyuterlər və sair avadanlıqlar göndərirdi.
Bizə belə gəlir ki, Əlövsətin yaşam tərzini, həyat amalını onun qızı - riyaziyyat üzrə fəlsəfə doktoru Cəlalə Osmanlının öz atası haqqında xatirələrindən götürdüyümüz bu fikirlər daha yaxşı nümayiş etdirir: "Onun üçün həyatda ən öndə gələn məqsəd ibtidai sinif dərsliklərindəki qüsurların ortadan qalxması və normal gənclər yetişdirə biləcək dərsliklərimizin olması idi. Günlərlə səhər yuxudan oyanıb onun otağının işığının yandığını görürdüm. Fikri-zikri ancaq gördüyü işin mükəmməl və qüsursuz olması idi. Bunun üçün də gecəsini-gündüzünə qatırdı. Dərslik müəllifi olduğu illərdən həyatının son gününə kimi o əlindən gələn hər şeyi və hətta deyərdim ondan da artığını etdi. O, millətinin sağlam təhsil alması üçün öz sağlamlığını qurban verdi".
Və 2013-cü il sentyabrın 7-də gözlərini əbədi yumdu...
İndi Əlövsət Osmanlının təhsilimizin gələcək inkişafı ilə bağlı öz aktuallığını hələ də itirməyən orijinal fikirləri və formalaşdırdığı təkliflər onun kitablarında, parlaq xatirəsi isə çoxsaylı dostlarının, tələbələrinin və həmkarlarının qəlbində yaşayır...
Məmməd
BAYRAMOĞLU
fizika-riyaziyyat elmləri doktoru,
professor
Hidayət
HÜSEYNOV
fizika-riyaziyyat elmləri doktoru,
professor
525-ci qəzet.- 2016.- 9 iyun.- S.4.