Baharın səksən anı
Deyirlər ki, ikini ikiyə
vuranda cavabda dörd alınırsa, bu, riyaziyyatdır. İki dəfə
iki beşə bərabər olarsa, bu, ədəbiyyatdır.
Əgər həmin vurma
əməlinin cavabı
daha böyük rəqəmə bərabər
olarsa, deməli, bu, həyatdır.
Həyatın yaranışı, insanın
varlığı, duyğuları,
fikir və düşüncələri tarix
boyu dərkedilməzdən
dərkedilənə doğru
müəyyən məsafə
qət edib. Bu məsafəni uzaqgörənliklə
anlamaq, başa düşmək üçünsə
elm yaranıb və bu elmə fəlsəfə
adını veriblər.
Bu adın mənası
ilə ilk tanışlığımı
belə xatırlayıram.
1988-ci ilin sentyabr
ayı idi. Azərbaycanın
ilk və ən qədim ali
məktəbinin - BDU-nun Filologiya
fakültəsinin II kursunda
oxuyurdum. Üçüncü
semestrdən bizə
fəlsəfə fənni
tədris olunacaqdı.
Adı belə qorxu və təşviş
yaradan bu elmin əsaslarının,
mahiyyətinin dərki
prosesi biz tələbələr
üçün
ağlasığmaz görünürdü.
Biz dili və ədəbiyyatı sevirdik,
tarixi xoşlayırdıq,
pedaqogikanı öyrənməli
idik, fəlsəfəni
isə... Qəti şəkildə əmin idik. Bu semestr əlaçı ola bilməyəcəyik.
Fəlsəfə və
onu tədris edən filosof buna imkan verməyəcək...
Bir neçə gün keçmişdi.
Düşüncələrimizdə yanılmış olduğumuzu etiraf edirdik. Fəlsəfə
asan deyildi, ancaq filosof öz fənnini gözəl bilir və bu elmi xüsusi məharətlə-səlis
nitq, gözəl pafoslu danışıq tərzi, elmi dəlillər, anlaşıqlı
ifadələrlə izah
edir, gözümüz
önündə hikmət
dənizinin sonsuzluğunu,
ənginlik və əsrarəngizliyini alimlərin
heç də hamısına xas olmayan bir tərzdə
aydınlaşdırır, şərh edir, başa salırdı.
İlk cümlələr xüsusi
əhəmiyyətə malik
idi: Fəlsəfə
sözü yunanca
"filosofiya" sözündən
olub, orta əsr şərq alimlərinin ərəb dilinə uyğun şəkildə tələffüzü
nəticəsində yaranıb.
"Filo" sevmək,
"sofiya" hikmət
mənalarını ifadə
edir, hikməti sevirəm mənasını
verir. İlkin fəlsəfi görüşlər
şərq dünyasına
məxsus olduğu halda, sistemli bir elm kimi fəlsəfə
ilk dəfə Yunanıstanda
öyrənilmişdir. Bu sözü termin kimi ilk dəfə Pifaqor işlətmiş, özünü "filosof"
adlandırmışdı: "Mən öz yerimi bilirəm. Bilirəm ki, hikmət yalnız Tanrı biliyidir və məndə ola bilməz.
Mən ancaq hikməti sevə bilərəm",-demişdir.
Fəlsəfəni elm kimi ilk dəfə
Platon fərqləndirmişdir.
Və beləliklə, Fərman İsmayılovun mühazirələri
biz tələbələrin dünya fəlsəfə
elmi ilə ilk tanışlığına vəsilə
oldu.
Bir neçə
gün əvvəl çox hörmətli müəllimimlə - professor Fərman
İsmayılovla görüşdüm. Fərman
müəllim ilk dəfə
28 il əvvəl
gördüyüm həmin
insan idi. Şux qaməti, səliqəli qiyafəti,
nəcib gülüşü,
məsum və qətiyyətli görkəmi,
aristokrat rəftarı,
fitri mədəniyyəti
və çox yüksək nəzakəti
ilə 80 yaşın
müdrikliyini və həmişəcavan, sağlam
ruhun vəhdətini özündə cəmləşdirən
əsl müəllim,
əsl ziyalı, əsl şəxsiyyət
idi mənim müəllimim. Uzaq keçmişdən yaxın gələcəyə
uzanan xatirələrin
təsiri ilə bu gözəl insandan məsləhət almalı idim. Haqqında məruzə edəcəyimi dedim. Mən nə etməli olduğumu artıq bilirdim. Amma Fərman müəllim
R.Rzadan iki misra söylədi və hər şey mənə aydın oldu. Bu, Fərman müəllimsayağı
xoş və mədəni xəbərdarlıq
idi. Bədii və obrazlı
təfəkkürümün ardına düşüb gedə bilməzdim, yalnız elmi və lakonik cümlələrlə, tərifdən
uzaq, konkret və yığcam danışmalı, pərəstiş
etdiyim müəllimim
haqqında mübaliğələrdən
qaçmalı idim.
Əziz
filosof, poeziyanı, şeiriyyəti məndən
az bilmirsiniz.
Yaxşını demək, yaxşılığı,
xeyirxahlığı təbliğ
etmək lazımdır.
Məsələyə Füzuliyanə yanaşsaq,
ifratdan və təfritdən qaçacağam.
Əli Kərimin təbirincə, pisə yaxşı, yaxşıya
pis də deməyəcəyəm. Yalnız öz
gördüyümü, hiss etdiyi və şahidi olduğumu danışacağam. Elə
ona görə də professor Fərman İsmayılovun elmi tərcümeyi-halı ilə
oxucularımı tanış
etmək istəyirəm:
Fərman İsmayılov 1936-cı ildə
Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur. Orta təhsilini Baş Göynük kəndindəki
Gülarə Göylüqızı
adına məktəbdə almışdır.
1956-cı ildə M.F.Axundov
adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun İngilis dili fakültəsinə qəbul
olmuş, 1962-ci ildə
oranı fərqlənmə
diplomu ilə bitirmişdir. Tələbə
ikən nümunəvi
davranışına və
təhsildə qazandığı
uğurlara görə
həm Lenin, həm də Stalin təqaüdçüsü
olmuşdur.Ali məktəbi
bitirdikdən sonra Elmi Şuranın qərarı ilə "İngilis dilinin qrammatikası" kafedrasında
müəllim saxlanılmış,
1962-1966- cı illərdə
həmin kafedrada müəllim, baş müəllim işləmişdir.
1965-ci ildə EA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasına
qəbul olunmuşdur.
Təhsilini Tbilisi və Moskva
şəhərlərində davam etdirmişdir. Gürcüstan Elmlər Akademiyası
fəlsəfə institutunun
şöbə müdiri
məşhur filosof A.F.Beqiaşvilinin rəhbərliyi
altında müasir qərb fəlsəfəsi
üzrə ixtisaslaşmışdır.
Moskvada təhsil alarkən filosof Narskinin tələbəsi olmuşdur.
İsmayılov 1970-ci ildə
Azərbaycan Elmlər
Akademiyasının Fəlsəfə
və Hüquq İnstitutunun Elmi Şurasında müasir Qərb fəlsəfəsi
üzrə "Fəlsəfə
və ali
dil "(Linqvistik analiz fəlsəfəsinin
metodoloji prinsiplərinin
tənqidi)" mövzusunda
namizədlik dissertasiyası
müdafiə etmişdir.
Həmin dissertasiya Azərbaycanda XX əsr Qərb fəlsəfəsi
tarixinə həsr edilmiş ilk elmi əsərdir.
Fəlsəfənin müasir dünya
elminə bəxş etdiyi yeniliklər, mülahizələr gənc
alimə bu tədqiqatı davamlı olaraq araşdırmaq üçün stimul verirdi. Digər tərəfdən ingilis və rus dillərini
mükəmməl bilməsi
dünya fəlsəfə
elmini araşdırmaq,
tədqiq və təhlil etmək üçün onun
qarşısında yeni
səhifələr açırdı.
1972-ci ildə isə artıq "İdrak nəzəriyyəsi
və linqvistik analiz" mövzusunda doktorluq dissertasiyası
Tbilisi Dövlət Universitetinin
Elmi Şurasında təsdiq edilmişdir.
Ancaq müəllim hər gün yeni-yeni qənaətləri və
düşüncələri ilə bu mövzunu
daha mükəmməl,
anlaşıqlı və
elmi şəkildə
yenidən işləyir,
tədqiq edirdi.
1970-75-ci illərdə Fərman İsmayılov Axundov adına APDİ-nin partiya komitəsinə
sədrlik etmiş, eyni zamanda fəlsəfə
kafedrasının dosenti
kimi fəaliyyət göstərmişdir. Fərman İsmayılov
iki dəfə Nəsimi rayon sovetinin deputatı seçilmişdir.
1974-1976-cı illərdə
baş elmi işçi kimi Moskvaya ezam edilmişdir.
1977-ci ildən İsmayılov elmi və pedaqoji fəaliyyətini BDU-da davam etdirməyə başlamışdır. 1977-1991-ci illərdə BDU-nun fəlsəfə kafedrasının dosenti vəzifəsində çalışmış, minlərlə tələbəyə fəlsəfə elminin əsaslarını öyrətmişdir.
1991-ci ildə BDU-nun Şəki filialına direktor təyin edilmişdir. Həyatının on ilini doğma şəhərinin elmi yüksəlişinə həsr etmiş, 90-cı illərin çox çətin tarixi şəraitində, müstəqilliyini yenidən qazanan gənc respublikanın təşkil olunmasına öz gərgin əməyi, çalışqanlığı, məqsədyönlülüyü və vicdanı ilə xidmət etməyə səfərbər olmuş, əyalətdə ali məktəb filialının açılması və fəaliyyəti üçün əlindən gələn hər şeyi etmişdir. BDU-nun Şəki filialı yarandığı gündən F.İsmayılov onun direktoru və eyni zamanda humanitar elmlər kafedrasının müdiri olmuşdur.
1996-cı ilin iyununda Azərbaycan Respublikası Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun nəzdindəki İxtisaslaşdırılmış Elmi Şura Fərman İsmayılova dissertasiya müdafiə etmədən fəlsəfə elmləri doktoru alimlik dərəcəsi verilməsi haqqında yekdilliklə qərar qəbul etmişdir. Bu, Azərbaycan elmi tarixində baş verən ikinci böyük hadisə idi. Keçən əsrin 30-ci illərində yalnız filosof Heydər Hüseynova göstərilən bu etimad təxminən 60 il sonra filosof Fərman İsmayılova müyəssər olmuşdur. Bu qərar da Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilmişdir.
1997-ci ilin mayında BDU-nun böyük Elmi Şurasında, habelə filialın nəzdində fəaliyyət göstərən namizədlik müdafiəsi üzrə İxtisaslaşdırılmış Elmi Şuranın üzvü, fılialın Elmi Şurasının sədri olmuşdur. 1997-ci ildən BDU-nun professorudur. Fərman İsmayılov Azərbaycanda Qərb fəlsəfəsi üzrə ilk mütəxəssis, müasir Qərb fəlsəfəsi üzrə ilk elmlər doktorudur. Professor 1999-cu ildə İstanbul Universitetində üç aylıq yaradıcılıq məzuniyyətində olmuş, Mərmərə və Beykənd Universitetlərində mühazirələrlə çıxış etmiş, professor-müəllim və tələbə heyətinin rəğbət və hörmətini qazanmışdır.
Fərman İsmayılov Qərb fəlsəfəsinin D.Murdan B.Rasselə, C.Rayldan Vittqenşteynə, Dekatdan Bekona, Yumdan Kreykehora, müasir Qərb fəlsəfi fikrinin fəlsəfədən ədəbiyyata, riyaziyyatdan incəsənətə, linqvistikadan təbiətşünaslığa qədər bütün sahələrini əhatə edən dərki mürəkkəb "izm"lərin-neopozitivizmi, nihilizmi, praqmatizmi, empriokritisizmi, personalizmi, eksistensializmi Azərbaycan ziyalısına, aliminə, tələbəsinə, vətəndaşına izah edir, təhlil edir, elmi araşdırmalar aparır.
Ölkəmizdə yüksəkixtisaslı kadrların hazırlanmasında onun əməyi böyükdür. AMEA-nın fəlsəfə tarixi şöbəsinin və eləcə də humanitar elmlər üzrə fəlsəfə kafedrasının magistr, aspirant, doktorant və dissertantlarına, o cümlədən, xarici ölkə vətəndaşlarına elmi rəbərlik edir və etməkdədir.
Fərman müəllim yalnız görkəmli filosof, pofessor deyil, o həm də dilçi və linqvistdir, natiqdir. Qərb filosoflarının elmi tədqiqatlarını onların öz dillərində ingilis və rus dillərində orijinaldan oxuyaraq tədqiq edir. O, dilçi-filosof, ədəbiyyatçı-alim, müəllim-natiq, rəhbər və işçidir. Auditoriyada akademik natiqliyin bütün prinsiplərinə əməl edən bu insan, yüksək zəka sahibi, ustad-müəllim, pedaqoq-alimdir. Düzgün, dəqiq və gözəl nitqə malikdir, auditoriyanın səviyyəsini nəzərə almaq, nitqini bu ampluada qurmaq işində peşəkardır. Nitqin intonasiyası və ritmi, jest və mimikaların ölçülü şəkildə istifadəsi, mövzunun mahiyyəti və mətləbin izahında təfərrüatdan, yersiz uzunçuluqdan istifadə onun nitqinə yaddır. Mükəmməlliyi ilə sadə, səmimiliyi ilə bənzərsizdir. İndiki yaşında belə ruhən çox-çox gəncdir. İstənilən məsələdə insana təmkin, anlayış və nəzakət göstərə bilir. Ömər Xəyyamdan Höteyə qədər Şərq-Qərb fəlsəfi poeziyasını mükəmməl bilir. Qərblə Şərqin arasında fəlsəfi körpü salaraq ordan qərbli qiyafəsində müdrik şərqlisayağı addımlayır.
Yolunuz açıq olsun, gözəl müəllim və əziz insan. Sizə sağlam ömür, yeni yaradıcılıq uğurları arzu edirik.
İlahə SÜLEYMANOVA
Azərbaycan Dövlət Pedaqoji
Universiteti Şəki filialının baş müəllimi
525-ci qəzet.- 2016.- 9 iyun.- S.4.