Öz ömrünü
yazan adam
Hər bir jurnalist əslində, yazdığı yazılarda
öz həyatını
qələmə alır;
ömrünün ən
mübhəm anlarını,
enişlərini, yoxuşlarını,
uğurlarını, əskiklərini,
xoş anlarını,
hətta sükutlu dəqiqələrini belə. Sadəcə, bütün bunlar bir başqa adamın obrazında, fərqli bir fərdin yaşamında canlandırılır və
jurnalist təxəyyülü
ilə kamilləşir.
Yenicə
çapdan çıxmış
"Şəmsiyyənin kitabı"nda
toplanmış məqalələr,
oçerklər, reportajlar,
müsahibələr, publisistik
yazılar, esselər,
bir sözlə, bütün yazı nümunələrində müəllifin
özünü görürük,
onun xasiyyətinə daha yaxından bələd oluruq, hadisələrə baxışını,
həyata münasibətini
hiss edirik. Çünki hər bir yazar istinad etdiyi
obyektdə, üz tutduğu ünvanda ən əvvəl məhz özünü ifadə edir və xarakterlərə, fərdlərə bir növ öz ampluasından yanaşır.
Təbii
ki, qəhrəmanına
xas özəllikləri,
fərdilikləri saxlamaq
şərtilə.
Amma "hər
bir jurnalist yaradıcılığında öz həyatını yaşayır" fikrinə
gəldikdə, bu, o demək deyil ki, yazar bütün
müsahiblərinin həyatını
özününküləşdirir, əksinə, yazdığı
məqalələrlə özünü
təsdiqləyir, ömrünü
bütövləşdirir, "mən varam və mən buyam" həqiqətini təsdiqləyə bilir. Bu baxımdan jurnalistin yaradıcılığı nə
qədər zəngin
və rəngarəngdisə,
bu yol nə
qədər uzun və keşməkeşlidisə,
o da o qədər kamil və mükəmməldir.
Şəmsiyyə Kərimova orta məktəb illərindən yazmağa başlayıb və bu günə qədər yüzlərlə insana qələmiylə söz heykəli qurub, zəkasından nur paylayıb. Məhz onun təfəkkürünün, düşüncə və təxəyyülünün, həyata baxışının nəticəsi olan yüzlərlə mətbu nümunəsi həm üz tutduğu qəhrəmanına, həm də oxucusuna ülvi hisslər yaşadıb, onları öz aləmindən çıxararaq başqa bir dünyaya, yazıdakı o mübhəm və özəl yaşama aparıb. Bunu isə əlinə qələm alıb "mən jurnalistəm", - deyən hər kəs bacarmır. Yalnız peşəkarlar, jurnalist peşəsini tale qisməti, həyat amalı, ömür yolu bilənlər bu çətin və məsuliyyətli işin öhdəsindən gələ bilərlər.
Mətbuata "Çərkəz qızı Tellinin nağılı" məqaləsi ilə gələn və o dövrün jurnalistikasında yeni üslub, yeni forma sayılan hekayə söyləmək, nəql etmək kimi axıcı yazı manerası ilə jurnalistika sahəsində, ədəbi mühitdə səs salan və müsabiqə qalibi olan bu yazının müəllifidir Şəmsiyyə. Məktəb illərindən qələm tutan əli bu günədək yorulmur, söz, fikir məskəni olan beyni, ürəyi hələ də ləyaqətli, dəyərli insanlara haqq etdikləri tərifləri ünvanlamaqdadır.
Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin Gənclik Baş redaksiyasından başlanan yaradıcılıq yolu "Azərbaycan gəncləri", "İki sahil", "Naxçıvan" qəzetlərindən keçmiş və nəhayət, "Yeni Təfəkkür"də davam etməkdədir. Artıq 11 ildir ki, Qızıl Aypara Cəmiyyətinin "Yeni Təfəkkür" qəzetinin baş redaktoru kimi fəaliyyət göstərir. Hər həftə oxucularının görüşünə cəmiyyətin fəaliyyəti, buradakı yeniliklər, hadisələrlə birgə respublikamızın ictimai-siyasi həyatının xronikası, gündəmdə olan vacib məsələlərə aid xəbərlərlə, informasiyalarla gələn bu qəzetin artıq daimi oxucu ordusu var. Çünki bu qəzeti mütaliə edənlər özlərinin maraq dairələrini daha da genişləndirə bilir, nəsə öyrənirlər.
Çox vaxt
müəllifin səmimiyyəti, hadisələrə
baxışı yazılarında da hiss olunur. Şəmsiyyədə
olduğu kimi. Peşəsini sevmədən, müsahibinə rəğbət
bəsləmədən, onun iç dünyasını açmadan,
xarakterinə az-çox bələd olmadan necə səmimi və təsirli
yazı yazmaq olar?
Şəmsiyyə qələmə aldığı məqalələrinə
peşəkarcasına yanaşır. Boğazdan
yuxarı, qəlbindən keçməyən sözləri yazmaqdan uzaqdır. Çünki
söz onun peşəsinin
canıdır, qanıdır. Sözə ehtiyatla, məhəbbətlə, yerində, həm
də məqamında müraciət edir.
İstedadlı yazıçı və gözəl publisist, nasir və jurnalist Əmir Mustafayev jurnalist ömrünü
"söz kürəsində bişən
adam" kimi bədii
təxəyyülünün süzgəcindən keçirmişdi. Çox
gözəl və yerində deyilmiş
fikirdir. Həm də bu
cür adlandırmada böyük
həqiqət var. Jurnalistin
söz kürəsində bişib
cızdağı çıxmazsa ondan
peşəkar söz sahibi
gözləmək olmaz. Sözlə
işləyən, sözdən özünə paltar biçən, sözün
içində itib-batan, sözlə sevinib sözlə kədərlənən
SÖZ SAHİBLƏRİ. Şəmsiyyə belə bir zərif, maraqlı, gərəkli, vacib, cəsarətli və həm də, belə
demək düzgünsə, dəbdə olan
bir peşənin sahibidir.
Dəbdə olan demişkən, son illər
jurnalistika sahəsinə
axın xeyli artıb. Ali jurnalist təhsili olmayan, yazıb-pozmağı bacarmayan,
jurnalistikanın sirlərindən
bixəbər, jurnalist
etikasından uzaq bir yığın "jurnalist ordusu" yaranıb. Amma hazırlıqlı, yaxşını və pisi ayırmağı bacaran, bayağı yazı ilə səviyyəlini seçən
oxucu təbii ki, bu gün
də var və onlar peşəkarların
yazı üslubunun, dəst-xəttinin acıdırlar.
Qəzet
və jurnal səhifələrində, efir
və ekranlarda,
internet portallarında qələminə
hörmət bəslədiyi
yazarları, imzalarına
rəğbətlə yanaşdıqları
söz sahiblərini izləyirlər, onların
yardıcılığı ilə mənəvi qidalanırlar. Ş.Kərimova məhz bu cür
"üzdəniraq" yazarlara
örnək göstəriləsi,
nümunə olacaq söz, qələm əhlidir. Mətbuat sahəsində qələm
çaldığı 40 ildən
yuxarı bir müddətdə heç
bir yazısıyla peşəsinə xəyanət
etməyib, məsləkinə
xilaf çıxmayıb.
O, 40 ildir sevdiyi peşəsinin
ardınca gedir. 40 ildir jurnalistikanı
həyatının bir
parçası edə
bilib. Özünü
jurnalistikada tamamlayıb,
burada təsadüfi, keçici bir adam olmadığını
sübut edə bilib. Çünki bu peşəyə
sevərək gəlib.
Ona görə də, bu sahədə müvəffəqiyyət qazanıb,
sözünü deyə
bilib, özünü
təsdiqləyib, varlığını
sübuta yetirib.
Bütün bunlarla yanaşı o, həmişə çalışdığı kollektivin nüfuzunu qoruyub, xələl gəlməsinə imkan verməyib. Rəhbərlik etdiyi qəzetin kollektivinə ailəsi kimi baxır, işçilərinin arzu və istəkləri, problemləri ilə maraqlanır, onların dərd-sərini özününkü bilir. O, dostlarına qarşı da çox diqqətli və sayğılıdır. Dostları çoxdur - bunların arasında həmkarlarından tutmuş müxtəlif peşə sahiblərinədək çox insan var. Onlarla vaxt keçirməkdən, səyahətlərdə olmaqdan, dincəlməkdən, fikir mübadiləsi etməkdən, xeyriyyə tədbirlərinə qoşulmaqdan, gözü yolda olanları sevindirməkdən, kimsəsizlərə simsar olmaqdan zövq alır.
Şəmsiyyə Kərimova sənətinin və ömrünün kamillik çağını yaşayır. Bu kamil və bitkin ömrün çalarları o qədər rəngarəng və fərqlidir ki, onu oxucusunun və həm də tanıdıqlarının - doğmalarından tutmuş qohum-əqrabasına, dost-tanışlarınadək hamısını özündə, həyatında ehtiva etməyə yetər. Çünki jurnalistikamızı ayaqda saxlayan, onu hörmətli və urvatlı edən möhkəm özüldə Şəmsiyyənin də öz çəkisi, öz payı var.
Uzun illik yaradıcılığının məhsulu olan "Şəmsiyyənin kitabı" və yeni yaşın - yubileyin mübarək əziz həmkarım!
Əntiqə QONAQ
Əməkdar jurnalist
525-ci qəzet.- 2016.- 9 iyun.- S.4.