Bir fotonun taleyi, yaxud İsmayıl ağa Kəngərlinin ömür yolu haqqında qeydlər

 

 

Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası tarixən özünün elmi-ədəbi mühiti, yetişdirdiyi görkəmli şəxsiyyətləri, ictimai-siyasi xadimləri, unikum hərbçiləri və sənət adamları ilə məşhur olub və indi də belədir.

 

Bu gün ən diqqətəlayiq işlərdən biri Naxçıvanın yetişdirdiyi görkəmli şəxsiyyətlər barəsində araşdırmalar aparıb onlar haqqında dolğun və real məlumatlar verməkdir.

 

Sovet hakimiyyəti illərində belə araşdırmalar aparmaq müşkül idi. Ən böyük əngəl senzuranın olması idi. Yəni görkəmli tarixi şəxsiyyətlər, o cümlədən, hərbçilər haqqında ətraflı yazmağa icazə verilmirdi. Hətta çoxlarının adlarını belə çəkmək qadağan idi. Ona görə də tarixən çox zəngin olan hərb tariximizin bir çox səhifələri hələ də açılmamış qalır. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra dövlətimizin qayğısı və diqqəti sayəsində hərb tariximiz də dərindən və ətraflı tədqiq edilməkdədir. Hərb tariximizdə naxçıvanlı hərbçilərin böyük xidmətləri olmuşdur.

 

Belə hərbçilərdən biri də İsmayıl ağa Novruz ağa oğlu Kəngərlidir. O, Naxçıvan kəngərlilərinin vəkil-sultan qolunu zənginləşdirən məşhur hərbçi, süvari I Kərim Sultanın varislərindəndir. I Kərim Sultan Səfəvi imperiyasında, II Şah Abbasın hakimiyyəti dövründə böyük sərkərdə kimi ad çıxarmışdı. Sonralar onun varisləri Eyvazalı bəy, Şahnəzər bəy, Tərxan bəy, Qara bəy və Baba bəy öz dövrlərinin adlı-sanlı süvariləri olmuşlar. Arxiv sənədlərindən məlum olur ki, sərkərdə Baba bəyin oğlu Əliməmməd bəy Naxçıvan süvarilərinin hərbi rəisi vəzifəsini daşımışdır. Onun vəfatından sonra oğlu II Kərim Sultan hərbi rəis vəzifəsini çox ləyaqətlə davam etdirmişdir. O, həm də Naxçıvanın Kəngərli tayfasının vəkili idi.

 

XVIII əsrin ortalarında yaranan Naxçıvan xanlığının qoşunlarına hərbi rəisliyi II Kərim Sultanın oğlu Lütfəli Sultan etmiş və şərqdə döyüş bacarığı ilə şöhrət qazanmışdı. Hətta o, bir vaxtlar Naxçıvan xanlığında eşikağası vəzifəsini də icra edib. Maraq naminə deyək ki, II Kərim Sultanın digər oğlanları da  - Nəzər Sultan, Fətəli Sultan, Hacıvəli bəy, İsmayıl bəy, Məmmədhüseyn bəy, Kazım bəy, Xudaverdi bəy, Əliməmməd ağa, Mustafa Sultan-mahir hərbçilər olmuşlar. İstər farsdilli, istərsə də rusdilli arxiv sənədlərində də bunlar haqqında maraqlı faktlar, qeydlər vardır.

 

Naxçıvan xanlığı məcburən (çox təəssüf ki, bəzi alimlər araşdırma aparmadan yazırlar ki, Naxçıvan xanlığı döyüşsüz Rusiya təbəəliyini qəbul edib və sair. Bu, tamamilə yanlış fikirdir. Naxçıvanlıların apardıqları qızğın döyüşlərin arxiv sənədləri vardır) Rusiya imperiyasına birləşdirildikdən sonra, naxçıvanlı hərbçilər, xüsusilə Kəngərli süvariləri Rusiya ordusunda da hərbi qabiliyyətlərinə görə xüsusi mövqeyə malik olmuşlar.

 

1831-ci ildə çar hökumətinin göstərişi ilə Naxçıvan şəhərinin əhalisi siyahıya alınmış, yəni kameral təsvir yazılmışdır. Həmin ildə təkcə Naxçıvan şəhərinin kameral təsviri qalın bir cilddir. Bu kameral  siyahılarda Lütfəli Sultanın oğlu məşhur hərbçi Novruz ağa və ailəsi haqqında məlumatlar vardır. Kameral siyahıda onun 50 yaşının olması qeyd olunub. Bu qeydə görə deyə bilərik ki, Novruz ağa 1780-1781-ci illərdə Naxçıvan şəhərində anadan olub. Novruz ağanın Hüseyn Sultan, Mənsur ağa (bu XX əsrin əvvəllərində Ordubadda yaşayan Mənsur ağa deyil), Hüseynəli bəy, Cəfər ağa, Məmməd Sultan (görkəmli rəssam Bəhruz Kəngərlinin ulu babası) və Məmmədqulu bəy adlı qardaşları da tanınmış hərbçilər olmuşlar. Məqamındaca qeyd edək ki, Naxçıvanın istər xan, istərsə də bəy Kəngərli süvariləri Kəngərli tayfasının Bilici qoluna mənsubdur. Novruz ağa Naxçıvan xanlığı Rusiya imperiyası tərəfindən işğal edilməzdən əvvəl İran ordusunda hərbi xidmətdə olmuşdur.

 

Onun hərbi xidməti haqda şahzadə Abbas Mirzə Qacarın 1818-ci ildə imzaladığı fərmanda məlumat vardır. Bu sənəddə onun təqaüd alması qeyd edilib. Novruz ağa 1843-cü ildən etibarən Kəngərli tayfasının rəisi olmuşdur. Çar Rusiyasında olan xidmətlərinə görə Novruz ağaya verilən imtiyazlar Naxçıvan xanlarına verilənlərlə eynidir.

 

1831-ci ildə yazılan kameral siyahıdan məlum olur ki, İsmayıl ağa 1820-ci ildə Naxçıvanda doğulub. Həmin sənəddə onun qardaş və bacılarının da adları yazılıb: Məmməd ağa (10 yaşında), Qarabəy (8 yaşında), İskəndər bəy (7 yaşında), Mahmud ağa (4 yaşında), Əbülfət ağa (1 yaşında), Behbud bəy (1 yaşında), Xanımcan xanım (12 yaşında), İmmi xanım (12 yaşında), Töhfə xanım (8 yaşında), Bəyimcanbəyim (2 yaşında), Güllübəyim (1 yaşında).

 

Novruz ağanın iki həyat yoldaşının adı qeyd edilib. Səkinə xanım və Xeyrənsə xanım. İsmayıl ağanın anası Səkinə xanım I Ehsan xanın qardaşı Fərəc ağanın qızıdır.

 

Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivində tapılan sənədlərdə Novruz ağanın daha 5 oğlunun da varlığı ortaya çıxdı: Cahangir ağa, Möhsün Sultan, Kərim ağa, Xandəmir ağa və Xanmirzə ağa. İsmayıl ağanın hələlikdə şəxsi xidmət kitabçası tapılmadığından onun harada təhsil alması haqqında ətraflı heç nə deyə bilmirik. Amma 1843-cü ildə yazılan arxiv sənədindən məlum olur ki, İsmayıl ağa Polşanın Varşava şəhərindəki Zaqafqaziya müsəlman süvari polkuna naiblik edib. Digər arxiv mənbələri də bunu təsdiqləyir. 1843-cü ildə Novruz ağanın qraf İ.Paskeviçə yazdığı məktubda deyilir ki, qardaşı Hüseyn Sultan çox döyüşlərin iştirakçısı olmuşdur. O qeyd edir ki, öz oğlu İsmayıl ağanı qraf İ.Paskeviçin yanına göndərir. Xahiş edir ki, qraf İ.Paskeviç gənclərə təmənnasız yardım etsin. Digər bir sənəd isə general-mayor I Ehsan xana aid olan sənəddir. I Ehsan xan yazır: “Onun atası Novruz ağa tayfanın vəkilidir, oğlu isə süvari döyüşçülərin vəkili təyin edilsin”. Qraf İ.Paskeviç də I Ehsan xanın yazdıqlarını nəzərə alaraq İsmayıl ağanı Varşavada süvari döyüşçülərin polkuna vəkil təyin edib.

 

İsmayıl ağa 1865-1867-ci illərdə İrəvan bəy komissiyasının Naxçıvan qəzası üzrə üzvü olub.

 

Kameral təsvirlərdə İsmayıl ağanın Şahbaz ağa (1860), Sultan ağa, Cümşüd paşa, Səlim bəy, Yusif paşa, Yaqub paşa, Cavid ağa, Əlimədət ağa, Fatma xanım, Cavahir xanım, Əzizə xanım və Bilqeyis xanım adlı övladları qeyd edilmişdir.

 

İsmayıl ağa ömrünün çox illərini Naxçıvanda yaşayıb. Onun malikanəsi XIX əsrin ən gözəl memarlıq tikililərindən biridir. İndiyədək Naxçıvanda qalmaqdadır. Hətta 1935-ci ildə hərbi şərqşünas, kəşfiyyatçı K.N.Smirnov Naxçıvanda uzunmüddətli ezamiyyətdə olarkən o evdə yaşayıb və məşhur “Kəngərli arxivi”ni (350-dən çox sənədi) Tiflisə aparıb. K.N.Smirnovun yazdıqlarından məlum olur ki, o, bu arxivi İsmayıl ağanın oğlu Şahbaz ağadan almışdır. Araşdırmalar göstərir ki, 1935-ci ildə həmin malikanədə Cümşüd paşanın oğlu Əliqulu Sultanov əmisi Şahbaz ağa ilə birlikdə yaşayırmış. Əliqulu Sultanov Naxçıvanın maarifpərvər ziyalılarından olub. O, ixtisasca iqtisadçı olsa da, hələ çar Rusiyası hakimiyyəti illərində Naxçıvanda teatr tamaşalarının səhnəyə qoyulmasında maddi və mənəvi köməklik etmişdir. Yeri gəlmişkən, indi o malikanəyə “Şahbaz ağanın evi” deyirlər. Əliqulu Sultanov XIX əsrin əvvəllərində Gürcüstanda yaşayıb və Siqnaxi dəmiryolunun çəkilişində iştirak edib. Sonralar, yəni 1920-ci ildən sonra Naxçıvan şəhərində yaşayıb. Kəngərli arxivini aparan K.N.Smirnovla dostluq edib və məktublaşıb. Hətta onun kitabxanasında Smirnovun ona göndərdiyi avtoqraflı kitablar var.

 

Arxiv sənədlərindən məlum olur ki, İsmayıl ağa Rusiya ordusunda tanınmış hərbçi olub. Bir çox sənədlərdə onun podpolkovnik və ömrünün sonlarına yaxın polkovnik rütbəsində olduğu haqda məlumatlar var. İsmayıl ağanın şəxsi işinin, yəni formulyar xidmət kitabçasının axtarışı davam etməkdədir. 1891-ci ilə aid məhkəmə sənədlərinə əsasən onun vəfat etməsinin tarixinin təxminən 1887, yaxud 1888-ci ilə aid olduğunu müəyyənləşdirdik.

 

Burada fotoşəkillə bağlı bir məsələyə toxunmağı çox vacib bilirik.  Çünki  bu fotoşəkillə bağlı bizə çoxlu müraciətlər vardır. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin Fondunda İsmayıl ağanın fotoşəkli saxlanılır. Şəklin arxasında onun İsmayıl ağaya  mənsub olduğu Şahbaz ağanın oğlu Şükür ağa tərəfindən yazılıb. Bu haqda ətraflı yazılar çap etdirsək də indi nəşr edilən kitabların bir çoxunda bu fotonun general İsmayıl xan Naxçıvanskiyə aid olduğunu yazırlar. Bu, tamamilə yanlış məlumatdır. Çünki tarix ehtimal faktlarla yazılmır və fotoşəkli də gümanla kiməsə aid etmək olmaz.  Şükür ağa babasının fotoşəklinin çəkilmə tarixini 1826-cı il yazsa da, bu mümkün deyil. Ona görə ki, həmin il İsmayıl ağanın 6 yaşı vardı. Fotoşəklə diqqətlə baxanda görürük ki, hərbçinin onun geydiyi çuxanın birbaşa üstünə tikilib. Rusiya ordusunda bu hal kazak süvari dəstlərinə məxsusdur. Qeyd edək ki, Kəngərli süvari dəstəsinin də Rusiya ordusunda hərbi geyimində qayda onlara uyğun idi. Bir də, polisdə işləyənlərin hərbi çinləri birbaşa çuxaya  tikilirdi. Fotoşəkildən görünür ki, İsmayıl ağa Rusiya ordusunda, yaxud polisdə praporşik olarkən bu fotonu çəkdirib. Onun xidmət kitabçasını tapandan sonra bu məsələyə tamamilə aydınlıq gətirmək mümkündür.

 

Şükür ağa fotoşəklin arxasını rusca yazmışdır. Biz onun yazdığı  avtoqraflı fotoşəkli olduğu kimi çap edirik. Maraq üçün deyək ki, İsmayıl ağa general İsmayıl xanın qaynıdır. Onun bacısı Xanımcan xanım İsmayıl xanın həyat yoldaşı olmuşdur.

 

Araşdırmalar göstərir ki,  Lütfəli Sultan Kəngərlinin varisləri, yəni Novruz ağanın oğlanları hərb tarixinin zənginləşməsi üçün böyük işlər görmüş  və Naxçıvanı ləyaqətlə təmsil etmişlər.

 

Bilici Kəngərlilərdən olan naxçıvanlı yazıçı, jurnalist və vəkil Eynalı bəy Sultanovun (Kəngərli) 1902-ci ildə Tiflisdə nəşr edilən “Novoye obozreniye” (“Yeni icmal”) qəzetində (¹ 6078, 6079) “Novruz ağa” adlı hekayəsi çap olunub. Sənətkarlıq baxımından çox maraqlı hekayədə Novruz ağa və onun varislərindən söhbət açılır.

 

Yazıçı Eynəli bəy Sultanov hekayəyə  epiqraf kimi rus şairi M.Y.Lermontovun məşhur “Borodino” şeirindən  bir misrasını seçib: Da, bılı lyudi v naşe vremya (“Bəli, bizim zəmanədə kişilər var idi”).

 

Yüzilliklər gəlib keçəcək, gələcək nəsillər də naxçıvanlı hərbçiləri,  o cümlədən, Novruz ağanı, İsmayıl ağanı və onların varislərini ehtiramla yad edəcəklər. Çünki onlar da ulu babaları kimi  Naxçıvan naminə döyüşüb ad-san qazanmışlar.

 

Musa RƏHİMOĞLU (QULİYEV)

AMEA Naxçıvan Bölməsinin aparıcı elmi işçisi,Tarix üzrə fəlsəfə doktoru

525-ci qəzet.- 2016.- 11 iyun.- S.23.