İslahat(çı) - (çoxseriyalı hekayə)

 

 

Bugünlərdə yazıçı Qərib Mehdinin 80 yaşı tamam olur. Ədəbi aləmə keçən əsrin 60-cı illərindən gələn yazıçının əsərləri dünyanın 18 dilinə tərcümə olunub.

Ədəbi janrın bütün sahələrində yazıb-yaradan Qərib Mehdinin çoxçalarlı yaradıcılığı daim diqqət mərkəzində olub, mükafatlandırılıb. Yazıçı müxtəlif illərdə Əməkdar jurnalist, Həsən bəy Zərdabi və Məmməd Araz mükafatlarına, BMT-nin “Şərəf və vicdan” ordeninə, Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının Bilimsel Genel Kurul üzvlərinin qərarı ilə “Fəxri doktor” adına və “Altın Yıldız” medalına layiq görülüb. 42 kitab müəllifi olan yazıçı Qərib Mehdi bu gün də yazıb-yaradır, yeni əsərləri oxucuları tərəfindən rəğbətlə qarşılanır.

Yazıçını 80 illik yubileyi münasibətilə təbrik edir, onun “İslahat(çı)” hekayəsini oxucuların diqqətinə çatdırırıq.

Bina gözəl, əzəmətli bina idi. Enli pəncərələrindən işıq sel kimi içəri axırdı. Lazım olan avadanlıqlar da yerbəyerində idi. İşləmək üçün işçilərin çiçəyi çırtlayırdı. Xadimələr otaqların, dəhlizlərin, pillələrin təmizliyinə xüsusi diqqət yetirirdilər. İşçilərin, xüsusilə şöbə müdirlərinin yaraşıqlı geyimlərinə söz ola bilməzdi. Qadınlar kişilərin papaqlarını, şalvarlarını, qalstuklarını əllərindən alandan sonra cinslər arasında fərq minimuma endirilmişdi. Tapşırıq verilmişdi: hamı boğazına qalstuk bağlamalıdır. Göstərişin nə məqsəd güddüyü bilinmirdi. Bunu bəzəyə yozanlar da vardı, boğazı sıxıb həddində saxlamağa da.

Di gəl, iş yerimirdi ki, yerimirdi. Müəssisə günü-gündən geriləyirdi. Bu uğursuzluğun səbəbi hər yandan eşidilirdi. Tənqidçilər hərtərəfli təhlildən sonra günahı rəhbərlikdə görürdülər. Deyirdilər ki, hər şeyin həlli islahatçı kadrların düzgün seçimindən keçir. Kadr öz yerində olsa, islahat aparmaq asan olar.

Direktor deyilənləri eşitmirdi. Ya möhkəm arxası vardı, ya da qulaqlarına pambıq tıxamışdı. Bəlkə də, nəyəsə cəhd etmək istəyirdi. Ancaq qatı mühafizəkar olması qapını islahat deyilən vacib prosesin üzünə bağlayırdı. O, bu düzəlməzliyini heç gizlətmirdi də. Ancaq bir məsələ vardı ki, onu gizlədirdi. And versələr, zor işlətsələr də, o sirri nə atasına, nə də babasına deyəcəkdi. Sirri bircə özü bilirdi. Mühafizəkar direktorun qərarı beləydi: canını verəcək, sirrini veməyəcək.

Mühafizəkar direktor belə sayırdı. Gün gəldi, vaxt yetişdi, bir başqası da başqa cür saydı. Qəfildən yoxlama komissiyası başının üstünü aldı. Kişinin neçə illik fəaliyyətini dərindən-dərin yoxladılar. Geriliyin səbəbi tapıldı. Sən demə, mühafizəkar rəhbərin əlavə bir əmması da varmış. Sən demə, kişinin hər iki əli əməlli-başlı əyriymiş.

Yoxlama müəssisədə on milyon manat mənimsəmə aşkarladı. İslahatdan qaçan rəhbərin yolu məhkəmədən keçməli oldu. Oradan da zindana. Məqsəd kişinin əyri əllərini zindanın üstünə qoyub, döyəcləyib düzəltmək idi.

 

lll

 

Köhnə direktor getməliydi, getdi də. Çünki həm əliəyri, həm də mühafizəkar idi. Batmaqda olan müəssisəyə təzə direktor gəlməliydi; gəldi də. Çünki onu əlitəmiz, islahatçı hesab etmişdilər. Ümid etmək yaxşı şeydir. Ümid doğrulanda, ağac kimi göyərəndə adama ləzzət eləyir. Görək...

Xeyli iri olan, xeyli insan çalışan müəssisə on şöbəni əhatə edirdi. Hər şöbənin də öz işi, öz məhsulu, öz yönü vardı. Və bu on şöbənin başında on müdir dayanırdı. Ümumi rəhbər olan direktordan sonra müəssisənin ön cərgələrə çıxmasına müdirlər də məsuliyyət daşıyırdılar. Gedənin mühafizəkarlığı çağdaşlığa can atan müdirlərin əl-qolunu bağlayırdı. Gələnin islahatçı imici onların buxovlanmış əllərini açmalıydı. Müdirlər direktorun ilk addımlarının nəticəsini həyəcanla gözləyirdilər. Görək nələr olacaqdı...

İslahatın alınması kadr işindən, onların düzgün seçimindən asılıdır. Bunu hamı bilir, o cümlədən də yenilikçi direktor. Ona müşahidə aparandan sonra tədbir görməyə o qədər də vaxt lazım olmadı. Elə kadr islahatının ilk şapalaqları həyəcan içində olan müdirlərə dəydi. Niyə belə oldu? Görəsən, hədəf düzmü seçilmişdi? İslahatla bağlı yerdəyişmələr, vəzifədən kənarlaşdırmalar bir ildən sonra yoxlama komissiyasına verilən hesabatlarda üzə çıxdı. Yeni direktorun tətbiq etdiyi islahatlar batmaqda olan gəmini - müəssisəni xilas edə bilmişdimi? Bunların hamısı islahatçı rəhbərin yoxlama komissiyasının sədrinə etdiyi hesabatlarda bütün incəliyilə öz əksini tapmışdı.

 

Birinci seriya

 

Birinci şöbənin müdiri qoltuq ağaclarını qoltuğuna aldı. Onların köməyi ilə tək ayağı üstə durub qonağı salamladı. İlk olaraq yoxlama komissiyasının sədrinin diqqətini qoltuq ağacları, iri gövdənin ağırlığına dözən tək ayaq və şəkilləri divar boyu burulmuş məşhur idmançıların şəkilləri çəkdi. Marağın güclü olması islahatçı rəhbərə ləzzət elədi və onsuz da dinc durmayan dilinə əlavə şərait yaratdı:

 

- Hörmətli sədr, bu şöbə işçilərin sağlamlığı keşiyində dayanır. Səhhətin gümrah olmasında sağlamlığın rolunu, Allaha şükür ki, məndən də yaxşı bilirsiniz. Əvvəllər bu sahə yarıtmaz vəziyyətdə idi. Bura qaçağan bir müdir başçılıq edirdi. O müdir yalnız işdən qaçmaqla başqalarından fərqlənirdi. İşçiləri də axşama kimi şahmat, dama və domino oynayırdılar. Öz iş üsullarına necə uymuşdularsa, direktorun da xəbərdarlığını veclərinə almadılar. İki iş üslubu - mühafizəkarlıqla islahatçılıq kəllə-kəlləyə gəldi. Əlbəttə, bu mübarizədə mühafizəkarlıq basıldı. İslahatçılıq dərhal öz işini gördü. Bunlara necə təpindimsə, qaçağan müdir zəhmimdən necə götürüldüsə, bir də geri dönmədi. Sıravilər də onun kimi: şahmatçı Şanxay da, dominoçu Dominikon da, damaçı Danimarka da bənd aldı. Sonra islahata arxalanan yenilikçi direktor kimi bu sözəbaxan, axşama kimi iş başında olan tayqıç bəndənizi qaçağanın yerində oturtdum. Bununla da birinci şöbənin işi qaydasına düşdü.

 

Yoxlama komissiyasının sədri bəzi adamlar kimi pulundan çox, sözünə qənaət edənlərdən idi. O, sakitcə islahatçı müdirin izahatına qulaq asandan sonra fikrini bir kəlmə ilə bildirdi:

 

- Məlum... 

 

İkinci seriya

 

Qonaq ikinci şöbədə də gözlənilməzliklə qarşılaşdı. Təəccübünü sakit xasiyyətinə tabe edə bildi. Onları lap uzun - dama dirək müdir qarşıladı. Basketbol meydançası ölmürdümü belə hündürboylu adam üçün. Bu adam orada daha çox xeyir verə bilərdi. Hətta hündürboyun hesabına komanda qələbə qazanıb çempionluq pilləsinə qalxardı. Bu şərəfə bayrağımız ucalar, himnimiz səslənərdi! Kim bilir, bəlkə hündürboy burada daha faydalı işlə məşğuldur?

 

Qonaqdakı cüzi dəyişiklik islahatçı

 

müdirin gözündən qaçmadı. Bəlağətli səsilə hesabatını davam etdirdi:

 

- Bu şöbədə işləyən müdirin boyundan, özündən başqa hamı xəcalət çəkirdi. Şəxsi həyatına qarışmağa haqqım yox idi. Ancaq bura ictimai və  inzibati fəaliyyət sahəsidir. Vəzifə kreslosunda oturanda az qala görünməz olurdu. O, gün ərzində neçə-neçə adamı qəbul edirdi. Qulağı da bir az ağırlaşmışdı. Adamlar sözünü çatdırmaq, dərdini demək üçün onun qarşısında ikiqat olmağa məcburuydular. Bu iş üsulu qəbula gələnlərin səhhətində əməlli-başlı problem yaratmışdı. Belə ki, əyilməkdən çoxlarının onurğa sütunu əyri qalmışdı. Mühafizəkarlıq qüsuru qeyb etməyə imkan vermirdi. Mən təzə rəhbər kimi bu anormal hala dərhal reaksiya verdim. İslahatın vacib tələblərini nəzərə alıb gödək müdiri uzun müdirlə əvəzlədim. Allaha şükür ki, onun başına baxmaq istəyənin başından papağı düşür. İndi müraciətçilər aşağı əyilmir, yuxarı boylanırlar. Bunun nəticəsində əyilmiş onurğalar düzəlib əvvəlki şəklini alıb.

 

Sədr deyilənlərə bircə kəlmə ilə münasibətini bildirdi:

 

- Məlum...

 

Üçüncü seriya

 

İslahatçı

 

direktor hər iclasda Anton Çexovun bir kəlamını xatırlatmamış ötüşməzdi: “İnsanda hər şey gözəl olmalıdır”. Yenilikçi rəhbər işə başladığı gündən bu məsələni diqqət mərkəzində saxlayırdı. Və bu qayda harada pozulurdusa, dərhal orada vəziyyətdən çıxış tədbiri görülürdü. Necə ki, üçüncü şöbədə illərdən bəri gözü kölgələndirən bir ürəkbulandıran məsələyə yeni, məqsədyönlü “dizayn” verildi. İslahatçı direktor komissiya sədrini bu barədə də məlumatlandıracaqdı.

 

Qonaq üçüncü şöbənin qapısını açdı. Bura haradır? Gördüklərinə inanmadı. Deyəsən, o, gözəllik salonuna düşmüşdü. Hər tərəf müxtəlif tel düzümlü kişi şəkilləri ilə bəzənmişdi. Əlbəttə, hamısı da cansız şəkil. Yalnız canlı şəkil olan üçüncü şöbənin müdiri Davud Daraxbatmaz onun hüzurunda dimdik dayanmışdı. Alnından “acıq” eləyən səliqəli sicim teli geriyə qatlanıb peysərinə tökülmüşdü. Direktor çaşıb qalmış işçisini çətinlikdən qurtardı:

 

- Cənab sədr, çox rəhbər var ki, idarə etdiyi müəssisənin gözəlliyinə, ekoloji mühitinə xüsusi diqqət yetirir, hər yanı gül-çiçəklə bəzəyir. Ancaq mən bir islahatçı direktor kimi həmkarlarımdan irəli getməklə fərqlənməliydim. Bu planı da tərəddüd etmədən həyata keçirdim. İdarədə bir nəfər də olsun keçələ, daza səlahiyyətli vəzifə vermədim. Mənə görə, insanın başının içi zay ola bilər, çölü yox. Keçəllər gözəllik aurasının səviyyəsini aşağı salır. Həm də bu zümrədən olan işçilər etibarsız olurlar. Onlar çöp altında dəyirman tikməyin ustalarıdır. Nankordurlar. Necə deyərlər, unu iqtidarın dəyirmanında üyüdür, çörəyi müxalifətin təndirində yapırlar. İkiüzlüdən bundan artıq nə gözləmək olar? Vaxtilə bu kresloda daz bir müdir otururdu. İndi bu vəzifəni gördüyünüz telli-toqqalı bu adama etibar etmişəm. Siz bircə bunun sıx telinə, gözəl görkəminə diqqət yetirin. Sifətinə ac adam baxsa, qarnı doyar. Hərdən cuşə gəlib şeir qoşmağı da var. Təxəllüsünü də mən seçmişəm: Davud Daraxbatmaz.

 

Hövsələ ilə islahatçı rəhbərə qulaq asan yoxlama komissiyasının sədri astadan dilləndi:

 

- Məlum...

 

Dördüncü seriya

 

Qapını açanda iki nəfərdən biri, daha doğrusunu deyək yoxlama komissiyasının sədri təəccübləndi. Onları qarşılayan son dərəcə arıq, bir dəri, bir sümükdən ibarət olan şöbə müdiri hürküdülmüş kəpənək kimi oturduğu kreslosundan tavana doğru sıçradı. Kişi bir neçə saniyə havalıq oldu, yəni başı tavana, ayağı döşəməyə dəymədi. Kreslosu necə də təptəzə idi. Sanki bu müdir keçən bir ildə bu kresloda oturub şaxını əzməmiş, bakirəliyini pozmamışdı, sadəcə, ayaq üstə hərlənmişdi. Qonağın təəccübünü hiss edən yenilikçi direktor söz sazını döşünə basası oldu:

 

- Təsərrüfatçı rəhbər pul verilib alınan əşya və avadanlığın qayğısına qalmalı, istismar müddətinin başa çatmasını təmin etməlidir. Kresloya diqqət yetirdiniz də... Elə bil bu gün alınıb. Onun sahibi olan bu arıx kişi kreslosunu özündən bərk qoruyur. Əsl işçi belə olmalıdır. Bu yenilik bir islahatçı direktor kimi mənim uzaqgörənliyimin nəticəsidir. Əvvəlki müdiri görsəydiniz, heyrətə gələrdiniz. Düzdür, yaxşı başı vardı. Ancaq neyləyəsən ki, 120 kiloluq nəhəng bədən bu yaxşı başı vecsiz bir şeyə çevirirdi. Müdirin kreslosu igidin atı kimi bir şeydir. Koroğlu Qıratın - yeriyən kreslosunun hesabına Koroğlu olmuşdu. İndiki zamanda rəhbərlər də gərək fırlanan kreslolarının qədrini bilsinlər. Yola saldığım şöbə müdirinin altında mənəm-mənəm deyən bir dənə də kreslo tab gətirmədi. Dəyişiklikdən sonra bir yük maşını onun qırdığı kresloların qalığını daşımalı oldu.

 

Yoxlama komissiyasının sədri:

 

- Məlum...

 

Beşinci seriya

 

Direktor beşinci şöbənin qapısını şəstlə açdı. Danışdıran olsa, qəhrəmanının qələbəsinə əmin olardı. Şöbə müdiri islaq çuval kimi müəssisənin belinə yüklənməmişdi. İslahatçı rəhbərə görə, vaxtında görülən yerdəyişmə tədbirilə idarənin sağalmaz yarasına əncam çəkmişdi. Beləliklə, uşaqsız-sonsuz müdir iş yerinə əlavə yük gətirmək mərəzinə son qoymuşdu. Əlbəttə, bu barədə rəhbərin dili uzun idi:

 

- Əvvəlki şöbə müdiri nəsil artırmaq mütəxəssisi idi. Düz, on bir uşaq atası idi. Onun otağı iş yerindən çox, uşaq bağçasına oxşayırdı. On bir uşaq - on bir problem deməkdir. Hərəsinin ad günü ayrıca qeyd edilməliydi. Özü də zalım uşaqların hamısı qış aylarında dünyaya göz açmışdılar. Müəssisə onlara işləyirdi. Uşaqpulu burdan gəldi, sosial yardım ordan getdi. Həmkarlar təşkilatı xətti ilə bunlara nə qədər pulsuz hədiyyə, bayram payı, yolka bileti vermək olardı? Gördüm, çoxbilmiş çoxuşaqlı kişi kollektivin dizini yerə qoyacaq. Cana doyub islahatçı başımı işə saldım. Onu birtəhər vəzifəsindən kürüyüb, yerində tanış olduğunuz bu sonsuz kişini oturtdum. İki nəfərlik ailədilər - bir ər, bir arvad. Allaha şükür ki, əllərinə, ayaqlarına dolaşanlar yoxdur. Onu tapmaqla idarəni başağrısından xilas etdim. Mütəxəssisliyindən çox, əlavə keyfiyyətləri gözümə görünür. İclaslarda mənalı çıxışları, toylarda parlaq sağlıqları ilə kollektivin üzünü ağ eləyir.

 

Sədr başını yırğaladı:

 

- Məlum...

 

Altıncı seriya

 

Qapının bu üzünə doğru gəlirdilər. Qapının o üzündən atılan addımların ahəstə səsi eşidildi. “Əli” sözü eşidilməmiş, tələffüzündən bal süzülən “Bəli” sözü eşidildi. Deyəsən, təmkinli sədr gözlənilməzliyə təəccüblənmişdi. İslahatçı direktor gülümsünərək şöbə müdirini qonağına təqdim etdi:

 

- Bu sıravi, elmi dərəcəsi olmayan, əvəzində kifayət qədər qanacağı olan kişinin adı Əlidir. Bu müdriklik kreslosunda oturan adamın kəşfləri, elm dəryası olması məni maraqlandırmır. Məni maraqlandıran nəsnə işçinin rəhbəri ilə münasib ünsiyyət qurması, dil tapmasıdır. Etalon sayılacaq bu qarşılıqlı münasibəti elə sizin yanınızda da təcrübədən keçirdə bilərəm. Bu adamın çağırışa cavab verməsindən olmaz. Astadan “Əli” deyəcəkcən, astadan “Bəli” eşidəcəksən. Ağzından orta registirli “Əli” buraxsan, qulağına orta registirli “Bəli” əks-sədası gələcək. Deyim kursunu qaldırıb yüksək tonda “Əli!” çağırışı səsləndirsən, qarşı tərəfdən tonu yüksək, tamı bal dadan “Bəli!” eşidəcəksən. Belə işçiyə can qurban eləsən, yenə azdır.

 

Bundan əvvəlki elmi titulu professor olan müdirin adı Xeyrəddin idi. Tərəvəzlə məşğul olmaq aşiqiydi. Xidməti işini buraxıb həyətində tərəvəz yetişdirirdi. Xüsusilə xiyar. Pozulmaz ənənəsi vardı: ad günü olanlara boyu ilə öyündüyü yarım metrlik xiyar bağışlayardı. Deyirdi: “Çırpışdırma deyil, öz məhsulumdur, halalınız olsun”. İşçilər də zarafata salıb, peşəsilə əlaqələndirərək onun adına şifahi düzəliş etmişdilər. Ona “Xeyrəddin müəllim” əvəzinə “Xiyarəddin müəllim” deyə müraciət edirdilər. Boyuna boz ip ölçdüyüm professor təhqiramiz müraciətə qiyam etmək əvəzinə, bundan fəxarət hissi duyurdu.

 

Bu hal professorun şəxsi işi olduğu üçün məni az maraqlandırırdı. Mənə onun rəhbərlə etik rəftarı lazım idi. Nə vaxt üzümü ona sarı tutub “Xeyrəddin...” dedim, sözümün dalını gətirməmiş “Xeyr!” eşitdim. Saydan çıxan belə “xeyr”lər, belə “yox”lar bizi qoşalaşan tərəzi dimdiyinə çevirdi. Axırda dözməyib rəhbərinə hər kəlməbaşı “xeyr” deyəni çıxılmaz “xeyr quyusuna” tulladım. Rəhbərinə “bəli” deyən sıravi, “xeyr” deyən alimdən sərfəlidir.

 

Vəziyyətdən halı olan yoxlama komissiyasının müdiri sevimli nidasını səsləndirdi:

 

- Məlum...

 

Yeddinci seriya

 

İslahatçı direktor, aləmə car çəkməsə də, bu bölgünü qəbul edirdi ki, bir müəssisədə tamah dişi iti olan bir nəfər ola bilər. Onun da kimliyini açmağa ehtiyac yoxdur. Yaxşı, bu da olsun iki nəfər, uzaq başı üç nəfər. Daha hər yetirən tamah dişini işə salsa, o müəssisədə müəssisəlik qalmaz. Dırnaqla qazanılan, dişdə gedəcəksə, vay halımıza...

 

Yeddinci şöbənin də özünəməxsus bəzək atributları vardı. Divarlar cürbəcür protez dişlərin şəkilləri ilə əhatələnmişdi. Gerçəyi isə şöbə müdirinin ağzında şaqqıldayırdı. Yenilikçi rəhbər bu sirr dağarcığının ağzını qonaq üçün həvəslə açdı:

 

- Nə qədər çalışırdımsa, müəssisənin işində dönüş yarada bilmirdim. Ötənlərə nisbətən vəziyyət xeyli ağırlaşmışdı. Gecə-gündüz kəllə çatladıb səbəb axtarırdım. Belə bir gərginlikdə Allah mənimlə oldu. İşarət aldım ki, geriliyin səbəbi dişlə bağlıdır. Vaxtında tədbir görməsən, əjdaha bütün müəssisəni dişindən keçirəcəkdir. Yeddinci şöbənin müdirinin tamah dişini çəkməsən, özünü çarmıxa çəkəcəklər. Bu ayıltma xəbərindən bərk sevindim. Necə deyərlər, arifə bir işarə də bəsdir. Dərhal tədbir gördüm. Tamah dişinə bənd olmadım. Bir dişlə köklü tədbir görmək mümkün deyildi. Riskə gedib müdirin özünü tamah dişi kimi oturduğu kreslonun “ağzından” çəkib hansısa zibilliyə tulladım. Qalırdı yerinə dişi tamah tanımayan kadr tapmaq. Belə bir kadr hansı üstün cəhəti ilə təhlükəsizliyə təminat verə bilərdi? Əlbəttə, protez - qondarma dişləri ilə. Arzulanan kadr öz ayaqları ilə gəlib çıxdı. O, anadangəlmə dişlərini çəkdirib yerinə protez dişlər qoymalıydı. Şərtimi dedim, razılaşdı. Adını soruşdum, “Kərəm” dedi. Bu sözü eşitcək məni gülmək tutdu. Deyin, niyə?

 

Yadıma adaşı Kərəm - keşiş qızı Əslinin Yanıq Kərəm kimi tanınan sevgilisi düşdü. Zalım oğlu heç olmasa başını bircə dəfə erməni haxçısının dizinin üstünə qoymaq istəyirmiş. Dişinin ağrıdığını bəhanə gətirir, Əsliyə təklif edir ki, onun başını dizinin üstünə qoyub “ağrıyan” dişini çəksin. Sən demə, elə Əsliyə də bu lazım imiş. Aşiqinin başıboş başını balınc-dizinin üstünə qoyur. Əsli bir ucdan diş Kərəm də o biri ucdan ləzzət çəkir. Beləliklə, 32 dişin hamısı çəkilib qurtarır. Əvəzində Əsli sevgilisinə qondarma diş təklif edir. O gündən Yanıq Kərəmə  “Protez Kərəm” deyirlər. Kollektivimiz yarızarafat-yarıgerçək yeni kadrımıza “Protez Kərəm” deməyə başladılar. Qoy olsun. Məsələ ayamada deyil, məsələ əyintini düzəltməkdədir.

 

Yoxlama komissiyasının sədri gülmək istədi, ancaq vaxtında özünü yığışdırdı:

 

- Məlum...

 

Səkkizinci seriya

 

Göydə Allahını tanımayan, yerdə peyğəmbərini, atasını və rəhbərini də tanımaz. Çox adam belə düşünür. O çoxluğun içində islahatçı direktor da var. Bu fikrin əksi də dilə gəlir: “Allahsız yerdə otur, böyüksüz yerdə oturma”. Əslində hədəf birdir. Şəkilləri müxtəlif olsa da, hər iki deyimdə ali istinad nöqtəsinə tapınma məsləhət görülür.

 

Bir də var ki, dinsiz olasan, heç bir peyğəmbəri qəbul etməyəsən, asilik edib külli-kainatın yaradıcısı Allahın üstünə yeriyəsən. Belələrinə elmi dildə ateist, yəni, Allahsız deyirlər. Vaxtı ilə bu qəbildən olan mürtədlərin özlərini qılınclamışdılar. İndi isə kölgəsinə köndələn təpik vururlar. İslahatçı direktora görə, düz eləyirlər. Necə ki, Allahsızlara qarşı durub, o da o yolu getdi.

 

Onları səkkizinci şöbənin müdiri - saqqallı bir şəxs qarşıladı. Qonaq ilk andaca çaşdı. Ona elə gəldi ki, dini bir hücrəyə daxil oldu. Hər tərəf din xadimlərinin şəkilləri ilə bəzədilmişdi. Bura kiçik məscid idi, yoxsa dünyəvi idarənin bir otağı? Ağzı dualı, əlitəsbehli (bircə başının əmmaməsi çatmırdı) müdir dartınıb nəsə demək istədi. İslahatçı direktor onu qabaqladı (yəni, mən olan yerdə sən kimsən). Sağ əlini alnından üzüaşağı buraxıb bəlağətli bir “Salavat” çevirdi:

 

- Hörmətli sədr, mənim rəhbərlik etdiyim müəssisədə vicdan azadlığına, dini etiqada geniş yol açılıb. İşçilərimin hamısı Allahlarını tanıyan, Peyğəmbərlərinə hörmət edən, dini rituallara rəğbət bəsləyən inanclı adamlardır. Əlbəttə, başda şöbə müdirimiz Məşədi İsmayıl olmaqla. Yola saldığım əvvəlki müdir ateistliyi, Allaha daş atmağı ilə fəxr edirdi. Axırda atdığı daş mürtədin öz başını yardı. İndi ilahiyyatçı Məşədi İsmayıla kollektiv böyük sayğı göstərir. Onun tutduğu orucun, qıldığı namazın intervallarına heç kim mane ola bilməz. Əgər hər hansı bir iclasımız, konfransımız uzanarsa, ilahiyyatçı şöbə müdirimiz heç kimdən icazə almadan elə hadisə yerindəcə ceynamazını açıb, möhürünü sahmana salır, ibadətlə məşğul olur. Yığıncaq əhli farağat vəziyyəti alıb cani-dildən ritualın bitməsini gözləyir. Yalnız bundan sonra fasilə vermiş iclasımızı davam etdiririk. Bu hal Allaha da, onun yaratdığı bəndəsinə də xoşdur.

 

Növbə yoxlama komissiyasının sədrinə çatdı. O da öz sözünü zikr elədi:

 

- Məlum...

 

Doqquzuncu seriya

 

Vaxtilə doqquzuncu şöbədə də zırpı, zırpı olduğu qədər də qaba, kobud kişi cinsindən olan bir nəfər müdirlik edirdi. Bu barədə islahatçı direktorun özü danışmaq istəyirdi. Danışmazdan əvvəl qısa tanışlıq mərasimi oldu. Qonaq müvazinətini pozmadı. Yenilikçi direktor isə nümunə nümayiş etdirdi. Qarşılarında qadın dayanmışdı. O, müdirə xanıma təzim etdi. Sonra onun irəli uzanmış sağ, və zərif əlini öpdü. Daha sonra şöbə rəhbərini qonağa təqdim etdi:

 

- Şərqlilər, o cümlədən, biz müsəlmanlar qadınlar haqqında qəribə təsəvvürə malikik. Nə qədər deyilsə də, bu paradoks münasibət başımızdan çıxmır. Qadına gözəllik simvolu kimi baxırıq, yolunda can qurban eləyirik, başımızın tacına çeviririk, di gəl, irəli çəkilmək, vəzifə vermək, idarəçiliyi paylaşmaq məsələsi ortaya gələndə andımızı unudur, geri çəkilirik. Bu da cəmiyyətdə qadınların ictimai-siyasi yükünü heçə endirir. Deyirəm, nə yaxşı ki, mənim kimi çağdaş baxışlı islahatçı rəhbərlər var. Olmasaydı, həyatımız tamam zülmətə dönərdi. Nigar xanımın doqquzuncu şöbədə müdir olmasının nəyi pisdir? Elə bil bu otaqda min kilovatlıq bir elektrik lampası yanır. Onun şöləsi başqa otaqlara yayılır. Onun rəhbərlik etdiyi işçilərin dünya malında gözü olmaz. Tanrı Nigar xanıma elə bir gözəllik, elə bir bədən uyarlığı verib ki, onu görənlər gözlərindən əsir düşürlər. Sən Allah, bir tamaşa elə: gözəl badamı, bu da onun əndamı. Dilindən də bir zümzümə düşmür: “Gəl al qadamı, qadamı!..”. Bu cür qadın cazibəsinin hesabına müəssisədə məhsulun keyfiyyəti, işin ahəngi yüksəlir. Bizə də bu lazımdır. Nigar xanımın varlığı tamaha qarşı mübarizənin qarantıdır.

 

İslahatçı direktor ağlına nə gəldisə, gözəlçənin təmtəraqlı təqdimatının əyləcini basdı. Söz arxının o biri tərəfinə keçdi, üzünü qonağa sarı çevirdi:

 

- Mehmanxanada qalırsınız. Oranın istilik sisteminə etibarım yoxdur. Birdən soyuqlamış olarsınız?

 

Qonaq:

 

- Necə ki?..

 

“Ev” sahibi dodaqlarını qonağın qulağına yaxınlaşdırıb astadan pıçıldadı:

 

- Əndamı yanmışın qəşəng masaj eləməyi, banka salmağı var. Mən yoxlamışam, sizə də məsləhət bildim.

 

Yoxlama komissiyasının sədri təklifə cavab vermək əvəzinə əvvəlki sözünü təkrarladı:

 

- Məlum...

 

Onuncu seriya

 

Yerliçiliyin, tayfaçılığın bəlalarını, fəsadlarını kim bilmir ki?! Əlbəttə, çox adam bilir. Ancaq o çoxluqdan az adam sinə gərir bu ziyanlı adətə qarşı. Yenilikçi direktor deyir ki, “o azlığın real həyatda nümunə göstərəni mənəm”.

 

Onuncu şöbə də qeyri-adiliyilə seçildi. Bu otağı qabaqcıl dünya ölkələrinin istehsal etdikləri təyyarələrinin şəkilləri bəzəyirdi. Müdir də elə pilota - göy adamına oxşayırdı. İslahatçı direktor heyrətləndirici fəaliyyətinin başqa bir cəhətini açıqladı:

 

- Əvvəlki müdir buqələmun idi. Müəssisədə kim rəhbər olsa, ustalıqla onun rənginə düşürdü. Ondan zorla canımı qurtardım. Canında güclü yerliçilik xəstəliyi vardı. Özü də saxta yerliçilərdən idi. Hansı direktor haralı olurdusa, şöbə müdiri də həmin torpağın etiketini daşıyırdı. İnsan olan kəs neçə yerdə doğular, neçə bölgə ilə bağlanar? İş burasında idi ki, dediklərini rəhbərinə inandıra bilirdi. Bircə mənim kimi anti-yerliçiliyə girişə bilmədi. Açıqca üzünə dedim ki, ya dərini boğazından, ya səni işdən çıxardacağam. Birini seç, mən rəhbərlik etdiyim idarədə ağır mərəz olan yerliçiliyin, tayfabazlığın kök atmasına imkan vermərəm. Çox çalışdı ki, mənim doğulduğum məkanda doğulduğunu gündəmə gətirsin, alınmadı. Lələ axtaranın şələsini dalına yüklədim, getdi. İndi fəaliyyətdə olan bu müdirə kim nə deyə bilər? Kim məni yerliçilikdə suçlaya bilər? Heç kim. Çünki bu adam yerdə yox, göydə - təyyarədə doğulub. İstəsəniz, metirkasına baxa bilərsiniz.

 

Həmişə təbəssümünə təpinən sədr bu dəfə bacarmadı, gülə-gülə dedi:

 

- Məlum...

 

lll

 

Haradasan, ay gerçəklik? Harayı eşidən gerçəklik yerini tutdu.

 

Yoxlama köklü aparıldı. Məlum oldu ki, bu müəssisədə işləyənlərin maaşları az, tamahları çoxdur. Məlum oldu ki, işçilərin girəcəkləri (yeni ağızları), dəyirmanları (yəni mədələri), çıxacaqları (yəni anus dəlikləri) işləkdir. Yoxlama komissiyası islahatçı direktorun rəhbərlik etdiyi müəssisədə yüz milyon manat yeyinti aşkarladı. Sənədlər cinayətə qarşı mübarizə aparan hüquqşünaslara təhvil verildi. Günahkar bilinən islahatçı direktor müttəhimlər kürsüsündə oturduldu. Uzun mühakimədən sonra baş hakim islahatçı direktora cinayət əməllərinə görə cəza müddəti oxudu. Və həbs düşərgəsinə yollanmamışdan əvvəl təqsirkara fikirlərini açıqlamaq üçün son söz verdi.

 

İslahatçı rəhbərin çaşqınlıq içində söylədiyi son sözü qısa oldu:

 

- İslahatçını islah evinə?! Budurmu ədalət məhkəməsi?! A millət, bilin və agah olun, mən islahatın qurbanı oldum!..

 

Fevral, 2014

Qərib MEHDİ

525-ci qəzet.- 2016.- 11 iyun.- S.21-22