Afaq Məsud dünyası - (səkkizinci yazı)

 

 

 

Afaq Məsud üçün təklik, tənhalıq bütöv bir dünya deməkdir. Və bədii təfəkkür sosiologizminin multimünasibətlərinin yeknəsəkliyindən fərqli olaraq, tənhalıq yazıçının təqdimində elə bir münbit (və zəngin) məkandır ki, kim olduğunu bütün miqyası ilə yalnız orada dərk etmək imkanına sahib ola bilərsən.

Təkliyə, tənhalığa can atan yazıçı qadın (ana) obrazı Afaq Məsud yaradıcılığında xüsusi ədəbi- fəlsəfi dəyər daşıyan hadisələrdəndir.

Müsahibələrindən birində deyir:

“...Qadının özünü yaradıcı fərd kimi realizə etməsi hədsiz çətin məsələdi. Axı qadının həyatı çoxşaxəlidi?!. O həm anadı, həm həyat yoldaşı,həm övladdı, həm idarə işçisi. Üstəlik, qadın kişilərdən fərqli olaraq, fədakardır. Tək bir ailə həyatı ilə yaradıcılıq arasında böyük uçurum var. Bu uçurumlar insanda hava burulğanına düşən təyyarə ləngərtilərini andıran ürəkbulanmalar yaradır. Demək olar, bütün həyatımı həmin bu ürəkbulanmalarla yaşamışam. Bu, hər adama, xüsusən hər qadına nəsib olan tale deyil. İndi bu yaşımda artıq o “ləngərtilər” ürəyimi bulandırmır. Daha onlara öyrəşmişəm”...

 

Və “Sərçələr” hekayəsində psixoloji araşdırma obyekti - yazıçı anadır...

 

“...Dəhlizin o biri başında əsəbilikdən əyilmiş üzü göründü.

 

Anasının üzü əsəbiləşəndə elə vahiməli olurdu, adamın az qalırdı bağrı yarıla.

 

Anası bu vahiməli üzüylə günaşırı yuxusuna da girirdi. Həmin o əcaib üzüylə - gözlərini ağarda- ağarda, dəmir addımlarla tufan kimi üstünə yeriyirdi. Onda anasının nəhəng kölgəsindən elə bil gecə düşürdü, hər yana qatı zülmət çökürdü”...

 

Uşaq arxası qapıya, üzü pəncərəyə oturub yazı makinasını taqqıldadaraq nə isə yazan əsəbi anasını heç cür anlaya bilmir...

 

“...Anasının otağının qapısı çırpıldı və çox keçmədi ki, makinanın əsəbi çıqqıltıları evi başına bürüdü.

 

İçini çəkib kətilə oturdu və fikirləşdi ki, anası bu qədər nə yazır axı?!.

 

Bir dəfə bunu öyrənməkdən ötrü oğurlanıb anasının otağına da girmişdi, üst- üstə qalaqlanan kağızları ələk- vələk eləyib yazdıqlarını oxumuşdu. Amma heç nə başa düşməmişdi.

 

Anası nə isə sərçələrdən yazırdı...

 

Fikirləşdi ki, bəlkə anası sərçələri sevirdi?!. Ya bəlkə, anası özü sərçəydi, ona görə onu sevmirdi?!. Ya bəlkə əksinə, onu, sərçə olmadığına görə sevmirdi?!. Yoxsa, anası sevirdi onu?!.

 

Anasını müşahidə edən uşaq hiss edir ki, o, isə başqa aləmdədir. Və bunun nə aləmi olduğunu heç cür kəsdirə bilmir... Ancaq xəyalına gəlir ki, anasının bu cür yadlaşması, yaxud yadlığı ya sərçələrlə bağlıdır, ya ölümlə... ya da hər ikisi ilə...

 

“...Bir dəfə atasıyla qızğın mübahisə vaxtı anasının gözləri irilə- irilə vəhşi bir səslə:

 

- Əl çək yaxamdan!.. İcazə ver ölüm!.. - dediyini öz qulaqlarıyla eşitmişdi.

 

Onda, yadına gəlir, üzünü balışının içinə basıb o ki var, ağlamışdı.

 

Fikirləşdi ki, anası bəlkə düz deyirdi?.. O otağa da ölmək üçün girirdi və bəlkə elə orda otura- otura ölürdü?!.

 

... Bəlkə anasını öldürən, rəngini gün- gündən saraldıb solduran, uşağına, ərinə nifrət elətdirən, həmin o gecə- gündüz, dəli həvəslə yazdığı o yazılarıydı?!.

 

Sərçələrdən yazdığı yazılar!..

 

Anasını sərçələrə qısqanan uşaq onlardan birini pəncərə ağzında tutub başını qopardır. Çünki sərçələr anasını ondan almışdılar...

 

“...Səhər makinanın çıqqıltısı kəsmişdi. Televizorun da səsi gəlmirdi. Elə bil evdə heç kim yox idi.

 

...Pəncərənin qabağı sakit idi, sərçələrin səsi gəlmirdi...

 

Çönüb pəncərəyə baxdı və başa düşdü anası hara getmişdi. Gözləri doldu...

 

Anası sərçələrlə getmişdi”...

 

“Tək” hekayəsində ruhən ana qızından, “Sərçələr”də isə, əksinə, qız anasından güclüdür. Çünki dünyanı yuxuya- gerçəkliyə ayırmadan bütövlükdə görən uşağın hər cür hərəkəti təmənnasız bir şəkildə, pozulmuş harmoniyanın bərpasına (bütövlüyə!) yönəlir. Və onun təsəvvüründə, məşhur təbirlə desək, qalan nə varsa, hamısı təfərrüatdır...

 

Afaq Məsud amerikan ədəbiyyatşünası Alison Mendavilin, heç də təsadüfən verilməmiş, “Qəza” hekayəsi haqqında nə deyə bilərsiniz?” sualını belə cavablandırır:

 

“Bu, həyat yoldaşının yol qəzasında həlak olduğunu zənn edib həyatını bir gecənin içində yenidən quran bir qadın haqqında hekayədir. Burda sözün əsl mənasında qəza baş verir. Lakin bu qəza, hekayənin qəhrəmanı olan bu qadının təsəvvüründə baş verən maşın qəzası deyil. Bu, ərini itirdiyini zənn edib dul qalmış qadının yaşadığı həyatla təsəvvüründə qurduğu həyatlar arasında baş verən toqquşma, ayrı sözlə desək, psixoloji qəzadır”.

 

Tənqidçi- ədəbiyyatşünas Vaqif Yusifli bu fikirdədir ki, “Qəza” hekayəsində ərinə nifrət edən bir qadının qəlbindəki bütün hisslər məchulluqlar örtüyündən çıxır. Həmin qadın daxili bir tənhalığın əsiridir, ruhən azad deyil və ərinin ona münasibətində bir istinad nöqtəsi tapa bilmədiyindən ÖLÜM haqqında fikirləşir. Ümumiyyətlə, Afaqın bir çox qəhrəmanlarını səciyyələndirməli olsaq, onlara belə ad verərik: “ölə bilməyənlər”. Bu ölə bilməyən insanlar fikrən ölümün zenitinə, intihara tapınmağa gəlib çıxsalar da, buna nail olmaq onlara qismət olmur. Çünki onlar üçün bəzi məqamlarda ölüm elə bu həyat kimidir”.

 

Hekayə qadının ər, ümumən ailə barədəki emosional qənaətlərinin təqdimindən başlanır:

 

“...Əri elə bil iflic idi. Yemək verirdin yeyirdi, vermirdin, acından ölürdü. Təmiz köynək, corab, ütülü şalvar verirdin, geyirdi, vermirdin, çirkin içində gəzirdi. Deməli, ərinin də anasıydı. Bütün evin anasıydı.

 

Ürəyi pis-pis bulandı. Fikirləşdi ki, daha ana olmaqdan bezib. Sonra da fikirləşdi ki, bəs nə olmaq istəyir?.. Heç özü də bilmir.

 

...Fikirləşdi ki, bax, həmişə belədi, indi nə qədər ki, yuxuya getməyib, əri gəlib çıxmaq bilməyəcək, amma elə ki, gözünə yuxu gedəcək, o dəqiqə qapını tıqqıldadacaq. O da dik atılıb cərəyan vurmuş kimi titrədəcək”...

 

Qadın qəhrəmanın ovqatı bir az da tündləşir... Düşünür ki, “bu qoca dünyaya payız, qış daha çox yaraşırdı. Çünki əvvəli də, axırı da soyuq tənhalıq idi... ölüsü dirisindən çox idi...

 

Bura gəlib çatanda, bütün ölüb- gedənləri xatırladı... Ata- anası, baba- nənələri, xalaları, dayıları, əmiləri bir anın içində evin hansı künclərindənsə saralmış fotolardan ona baxdılar...

 

Hamısı ölmüşdü. Qalan bircə o idi. Beş- on il tanıdığı adamların - ərinin və üç mənasız uşağın əlində əsir- yesir qalmışdı. Uşaqlarının üçü də ərinə oxşayırdı. Elə oxşayırdılar, elə bil əri doğmuşdu onları. Odu ki, ölmək istəyirdi. Bir də ona görə ölmək istəyirdi ki, yenə yaz gəlirdi... Adamlar yalandan gülür, quşlar yalandan oxuyur, ağaclar son gücünü toplayıb yenidən tumurcuqlayırdılar”...

 

Və bu ziddiyyətli hisslər, fikirlər, dünyayla, həyatla, təbii gerçəkliklərlə bu qəribə qarşıdurma, mücadilə kontekstində “aydın bir ilğım” gəlir gözlərinin qarşısına:

 

“Divar saatı kəfgirini işə salıb bir dəfə dınqıldadı. Saat üçün yarısını göstərirdi...

 

Yox, əri bu vaxtacan səssiz- səmirsiz itə bilməzdi...

 

Ürəyi əsəbi- əsəbi döyündü.

 

Hə, qəza baş vermişdi... və bu qəza nə vaxtsa baş verməliydi. O gün gəlib çatmışdı və qəza baş vermişdi.

 

...Hə, qəza baş vermişdi... Bu qəza çoxdan baş verməliydi, amma indi baş tutmuşdu. Əslində, bunu o, çoxdannan, özü də dəfələrlə, dönə- dönə hiss eləmişdi... yuxularında da görmüşdü. Axı bu miskin, yeknəsəq həyatı nə qədər yaşamaq olardı?..

 

İş o yerə çatır ki, ərinin ölümündən sonra nə etməli olduğunu düşünür, yasa tədarük görür...

 

“...Pal- paltarının arasında ərinin bağda geydiyi zolaqlı pijama və bir neçə qış köynəyi dəydi gözünə. Fikirləşdi ki, bunların hamısını boğçaya yığıb kasıb- kusuba paylamalı olacaq. Sonra ürəyi çırpına- çırpına fikirləşdi ki, ümumiyyətlə, bütün bu köhnəliklərdən qurtulmaq, keçmiş illərin yadigarı olan bu əşya dağını yoxa çıxarmaq lazım olacaq”...

 

Hekayənin bu yerində adam düşünür ki, qadının bundan sonra yaşaması üçün yalnız bircə ümid və ya şans var ki, o da xəyalın gerçəkləşməsi, qəzanın, həqiqətən, baş verməsidir. Əks halda nə baş verəcəyi təsəvvürə gəlmir...

 

Ancaq əri, gec də olsa, gəlib çıxır...

 

“...Yataq otağına qayıdıb qapını çırpdı. Yerinə girib nəfəsi təngiyə- təngiyə fikirləşdi ki, indi əri mətbəxdə yuxusu gözündən tökülə- tökülə vaxt udur, onun yuxuya getməyini gözləyir... Gözləyir yuxuya getsin, ölü kimi lal-dinməz uzanıb qalsın ki, onu rahat buraxsın, iynəli suallarıyla zəhləsini tökməsin. Əri bu dəqiqə ölüylə də yatmağa razıydı, təki onun deyintisini eşitməsin.

 

Fikirləşdi ki, niyə bu vaxtacan ağlına gəlməyib ki, əri onun ölümünü istəyir?..

 

İnsan yalnız dərk edilən hisslərin, duyğuların, düşüncələrin deyil, dərk edilməyənlərin də əsiri imiş...

 

“...Əri vannanın kənarında oturub ona baxırdı... qəfildən hamamın qapısını çəkib arxadan bağladı.

 

Uşaqları dəhlizin o başından avazımış bənizlərilə ona baxırdılar:

 

- Ana, ata neyləyir orda?..

 

- Ata ölüb!!!

 

Bunu çığıran əri idi. Səsi gecənin

 

 sakit qaranlığında əks- səda verib elə bil küçəyə yayıldı. Uşaqlar səs- səsə verib ağlaşdılar...

 

Uşaqları birtəhər ovudub yerlərinə sala- sala fikirləşdi ki, hər yaz belə başlayır...

 

Andıra qalsın bu yaz fəslini!..”

 

Alison Mendavilə müsahibəsində yazıçı deyir:

 

“Qəza” hekayəsinin ilk sətirləri uzun illər çoxlarını çaşdırıb. Bu, bütün gecəni ərinin yolunu gözləyən qadının, küçədə çığıran pişiklərin səsini eşidərkən, təsəvvüründən ötürdüyü, bəlkə də, ağlasığmaz, təsəvvürəgəlməz bir hiss idi...

 

...Lakin gəlin səmimi olaq. Hansı birimizin qəlbindən, ya beynindən nələr keçmir?.. Və niyə bunların kağıza köçürülməsi, yəni hansı mənadasa sənədləşməsi bizləri bu qədər qorxudur?.. Bu sətirlərdən şoka düşənlərin təəccübü o illər məni üzüb əldən salırdı. “Uşaqların atası, həyat yoldaşı barədə belə fikirləşməkmi olar?..”, yaxud “Axı belə bir şey mümkündürmü?..” Halbuki bu, sadəcə, qısqanclıqdan az qala ağlını itirmiş bir qadının təxəyyülü idi”...

 

Yazıçının yaradıcılığını araşdıran avstriyalı ədəbiyyatşünas Sena Doğan müsahibələrindən birində “nəyə görə məhz Afaq Məsudun nəsri üzərində dayandınız?” sualına belə cavab verir:

 

“İlk növbədə ona görə ki, bu yazıçının düşüncəsi bizə, yəni Avropa mühitinə yaxındır. Və mənə qəribə gələn odur ki, ədəbi tənqiddə bu yazıçının əsərlərini ciddi araşdıran elmi işlər yoxdur. Yazılanlar da çox səthi və ötəridir. Mənim elmi işim bütövlükdə bu yazıçının əsərlərinin tədqiqinə həsr edilib.

 

Məsudun üstün cəhətləri onun dərin psixologizmi, yaratdığı obrazlardan çox, oxucuya yaxınlığıdır. Onun bütün əsərlərində oxucu özünü həmmüəllif hesab edir. Məncə, Məsudun bütün əsərləri bir- birilə əlaqəlidir.

 

...Bir də bu yazıçının əsərlərində diqqətimi cəlb edən məqamlardan onun qadın obrazlarıdı. A.Məsudun qadınları tamamilə yeni tip qadınlardı. Bu öz mühitini yaşayan, içi partlayışlarla dolu özünəməxsus qadın obrazlarıdı. Bu cəhət digər nasir Sara Oğuzda da özünü biruzə verir. Lakin Məsudun qadınları daha faciəlidilər, onlar daha dar mühitdə yaşayırlar. “Sərçələr”, “Dovşanın ölümü”, “Tək”, “Uydurma”, “Şənbə gecəsi” və bu kimi hekayələr dediyim qadın mühitinin faciəsinin müxtəlif şəkilləridir”...

 

“Dovşanın ölümü”ndə qəribə bir vəziyyət (bir cüt dovşandan birinin nədənsə ölməsi) ailədə ovqatı pozur. Və heç kimin sözü, hərəkəti o birilərə xoş gəlmir. Dünya görmüş İsa kişinin gecikmiş məsləhəti (“Dovşanın erkəyiylə dişisini bir yerdə saxlamazlar. Biri ölür həmişə...Çox vaxt erkəyi”) də ərlə- arvad arasında müəmmalı bir disharmoniya yaradır...

 

Və bu ailə disharmoniyasının “müəllifi” yenə də haraya istiqamətləndiyi, yaxud hesablandığı bilinməyən, müəmmalı (və zəngin) qadın təxəyyülüdür... Ancaq hər qadının yox, yazıçı qadının, mütəfəkkir qadının təxəyyülüdür. O qadının ki, “Afaqı məsud edən nədir?” sualının cavabında reveranssız- filansız deyir:

 

“...Məsud edən mənim öz dünyamdır. O dünya ki, oraya ancaq mənim girişim var. Hər adam o dünyaya daxil ola bilmir. Oxucular da o dünyanın yalnız hansısa sərhədlərini tanıya bilirlər. O dünya həmişə məndədir. Sadəcə, məişət, iş problemləri imkan vermir ki, mən həmişə o dünyada yaşayım. Bu, bilirsiniz nəyə bənzəyir?! Təyyarə uçuşa qalxanda adamın ürəyi sıxılır, başı hərlənir. Əgər təyyarə birdən qalxsa, insan bəlkə də ölə bilər. Bu da belə bir keçiddir. Real həyatdan mənim daxili “dünya”ma keçiddir. Əvvəllər mən o “dünya”ya keçməyə çox çətinlik çəkirdimsə, indi artıq alışmışam. Çox tez bir zamanda o üzə keçirəm, tez bir zamanda geriyə qayıdıram. Mənim məsudluğum ancaq o “dünya”nın girişini asanlaşdırmaqdır. Ən rəsmi, ən xoşagəlməz, ən əlverişsiz şəraitlərdə də mən o “dünya”ma keçə bilirəm. Bunun üçün nə ayağa qalxır, nə də pəncərəni açmalı oluram. Elə oturduğum yerdəcə, heç kim zahirən sezə bilməsə də, mən ora keçirəm”...

 

 

Nizami Cəfərov

525-ci qəzet.- 2016.- 11 iyun.- S.20.