Qoytuləli körpüsü - “Bir sədanın
ardınca” povestindən parça
...Yadına
ötənlərdən bir əhvalat düşdü, bəlkə
də həqiqətə oxşayan xeyirxah bir yalan!
Burası da var idi ki, bu əhvalatı dilinə yalan
yaraşmayanın birisindən eşitmişdi; Qoytuləli
adında, ağzıdualı, əlləri həmişə
Allahın dərgahına açılan fağır birisi gecəyarısı
şirin yuxu yatdığı yerdə hövlnak oyanıb isti
yorğan-döşəyindən dik qalxır. Demə, nurani bir qoca
yuxusunda ona:
- Qoytuləli,
qismətin Ərdəbildədir, get ardınca, - söyləyərək
kişini xoş xəbərlə müjdələyir...
İndi Həbib
də bir ah çəkib: - Əşi, məyər bəxtim
o Qoytuləlinin bəxtidir ki, mən də yuxumdan şirin bir
qismətin sorağı ilə oyanam? Yox, məni yuxumdan edən
nəsə bir sədadı, haraydı...
Beləcə
fikirləşə-fikirləşə Həbib xəyallara
baş vurdu, dilinə yalan gəlməyən həmsöhbətinin
ona elə həyatın öz içindən gələn
dadlı-duzlu, xoş ovqatlı əhvalatı necə
şirin-şirin nəql eləməyini bir də yadına
saldı...
...Bizim qədimdən
qədim Dərələyəz elindəki, Köçbək
kəndində evdən-abadanlıqdan damı küləşlə
örtülü yastı-yapalaq bir koması, maldan-qaradan da bir
ala inəyi ilə boz ulağı, elə o heyvanların
güclə yerləşdiyi tövləsi, döşənəcəkdən
də bir həsiri, bir də o həsirin üstündə
yatıb durmağa arvadı Güleyşənin bir vaxt dədəsi
evindən cehiz gətirdiyi bir dəst yorğan-döşəyi
olan Qoytuləli adlı xoş niyyətli, oğul-uşaqdan da
baxtı hələ ki, onu qabaqda, irəlidə gözləyən
kasıb bir kişi yaşayırmış.
...Elə
o Qoytuləli bir gün komasının torpaq döşəməsini
elə boya-boy tutan o həsirin üstündə
salınmış Güleyşənin cehiz
yorğan-döşəyində şirin yuxudaykən
ağappaq uzun saqqalı sinəsini qurşağınacan
örtən nurani bir qoca ona yaxınlaşıb
qarşısında dayanır. Qoytuləliyə ehtiramla salam verib, hal-əhval tutur, sonra da:
- Qoytuləli,
yatmısansa oyan, oyaqsansa eşit, bil və agah ol! Ərdəbildə
səni qiymətli bir qismət gözləyir, yubanmadan yola
çıx, get o qismətini al, qayıt, - deyir və
sağollaşıb gəldiyi kimi də sakitcə
çıxıb gedir.
Yuxudan hövlnak oyanan Qoytuləli eşitdiyi xəbərin
həyəcanından üz-gözündən üzü
aşağı sellənib axan tərini Güleyşənin
cehiz yorğanın qırağı ilə silib qurulayır.
Kişinin
gecənin bir aləmində yuxudan belə qəfil oyanıb
qalxmasının həcinini duyan arvadı Güleyşə də
daha yata bilərdimi, o da yerindən qalxıb ərinə:
- Nə
olub, ay Qoytuləli, ay evi xaraba qalmışın oğlu, elə
indicə yatıb yuxuya getmədinmi? Nə oldu, yenə
qalxıb millənib sancıldın döşəyin
ortasına belə, - deyə gözlərini ovxalaya-ovxalaya
gileylənib ərini məzəmmət etməyə
başlayır.
Qoytuləli
də nəfəsini dərib:
- Arvad, bəlkə
də inanmayacaqsan, ancaq indicə qəribə bir yuxu
gördüm, - deyir, - bəs belə-belə... Və
sonra da o yuxuda görüb eşitdiyini biz də sizə nəql
etdiyimiz kimi açıb Güleyşəyə
danışır.
Güleyşə
də əlini-əlinə vurub şaqqanaq çəkir,
rişxəndlə:
- “Ac toyuq
yuxusunda darı görər” məsəlini atalarımız elə
boşuna belə deməyiblər ki, ay kişi!
Elə sənin kimi yanı üstə yatanlar
üçün deyiblər də, bəsdir döşəyi
“şumladın”, haydı, yıxıl yat, - deyə bu gecə
yarısı onu şirin yuxudan edən ərini xəyalpərvərlikdə
günahlandırıb o ki var danlayıb, sonra da kəlləsini
atıb rahatca yatır.
Aradan bir
müddət keçəndən sonra o nurani qoca yenə də
Qoytuləlinin yuxusuna girib:
- Ay kişi, ay Qoytuləli, ay haqqınyeməz, sənə
söz dedim axı! Qismətin Ərdəbildədir, get
ardınca, yubanma, - deyərək bu dəfə incik halda
çıxıb gedir.
Qoytuləli təkrar gördüyü eyni yuxunu yenə
də arvadına danışır. Onu da əlavə eləyir
ki, müdrik qoca sözünə qulaq asıb Ərdəbilə
getmədiyinə görə ondan əməllicə incik
düşüb, əvvəlki ilk gəlişindəkindən
fərqli olaraq, ayrılanda da elə küsənmiş kimi
çıxıb gedib.
Güleyşə bu dəfə cehiz
yorğanını elə o müdrik qoca sayağı incik
halda Qoytuləlinin üstündən acığla çəkib
alaraq, “öz yuxularınla bezikdirdin məni”, - deyib kişini
çıp-çılpaq, lüt ayaza qoyur...
Beləcə aradan günlər, həftələr
keçir və gördüyü yuxunu da, elə yuxuda
gördüyü o nurani qocanı da artıq unutmaqda olan Qoytuləli
yavaş-yavaş özünə gəlib gündəlik vərdişlərini
yenə də doğru-dürüst yerinə yetirib rahatca da
uyumağa başlamışdı. Ərdəbilə getmək
qisməti barədə o müjdə də daha başından
çıxmışdı. Gördüyü
yuxuları da arvadının danışdığı kimi
xoş arzuları, ürəyindən keçən şirin xəyalları
ilə bağlayıb toxdamışdı.
...Qoytuləli
o gün evə yorğun dönmüşdü. Givin bir başını ala inəyin, o biri
başını da boz ulağın boynuna taxıb
xışı qoşaraq dan yeri söküləndən şəfəq
qaralanadək min əziyyətlə neçə ilə
kölət edib koldan-kosdan, kökdən-kötükdən,
daşdan-çınqıldan qarış-qarış təmizlədiyi
daşlı talada, keranlıqda cüt sürmüşdü.
Əslində isə “cüt” sürüb
daşlağı qarışdırmışdı. “Filankəsin çörəyi daşdan
çıxır” məsəlini də vərin başında
heyvanları hər hovlayıb dönəndə gah asta-asta
pıçıldamış, gah da lap ucadan
hayqırmışdı. Axşam da elə
özü gündə olan heyvanları da qabağında
ombalarını çəkə-çəkə birtəhər
evə yetişib özünü həsirin üstünə
atıb kürəyini də komanın divarına dirəyib
qalmışdı.
Güleyşənin axşam üçün olan-olmazdan
tədarük elədiyi isti-soyuğu gətirənəcən
kişini elə oturub belini divara dayadığı yerdə
yuxu aparmışdı.
Kişi elə təzəcə yuxuya getmişdi ki, yenə
də o köhnə “dostu” yatdığı yerdə onu
haqlayıb yaxaladı. Bu səfər nurani qoca salamsız-kəlamsız Qoytuləlinin
çənəsinin altına girib heç əhvalına
uyğun gəlməyən bir tövrlə:
- Qoytuləli,
ay Qoytuləli, ay bivec, mən sənə qismətin Ərdəbildədir,
get al, götür gəl, demədimmi? İndi al gəldi, cəzanı
çəkəcəksən, - deyərək kişinin
yambuzlarını əlindəki şiv çubuğun
ağzına verib baş-gözünü də o ki var
yumruqlaya-yumruqlaya: - Hə, indi gedəcəksənmi? Söylə!
Yoxsa yenə gecələr bu həsirin üstə
payandaz olub Güleyşənin cehiz yorğanına
sığınacaq, gündüzlər də ala inəklə
boz ulağa cəbr çəkdirəcəksən? Haydı, cavab ver, gedəcəksənmi? - deyə şiv çubuğunu və
yumruğunu təkrar işə salırdı. Qoytuləli inləyir,
“gedəcəyəm, dədəm qurban, öldürmə,
vallah, gedəcəyəm”, - deyə yalvara-yalvara nurani
qocanı əmin, arxayın edib əlindən birtəhər
qurtarır.
Axır
ki, pirani qoca Qoytuləlidən vəd alıb ondan əl
çəkir, gedəcəyinə arxayınlaşandan sonrasa:
- Yolun açıq olsun, - deyə gəldiyi səmtə tərəf
dönərək çubuğunu da yanı ilə
sürüyə-sürüyə uzaqlaşıb
çıxıb gedir.
Qoytuləli bu dəfə Güleyşənin səsinə
qan-tər içində yuxudan oyanıb səntirləyərək
yerindən qalxır. Təlaşdan gözləri alacalanmış,
qarşısında dim-dik duran arvadı:
- Qoytuləli,
ay Qoytuləli, yenə nə oldu sənə, bu dəfə də
yuxuda nəydi ağlayıb-sıtqadığın,
yalvarıb “öldürmə, bəsdi, gedəcəyəm”
deyə fəryad-fəğan elədiyin? Atam-anam sənə
qurban, ay kişi, bəlkə
havalanmısan, evim yıxılıb, - deyə biçarə
Güleyşə aşağı əyilib ocaqdan iri bir
kömür parçası götürüb əlindəki
mis kasa dolu suyun içinə ataraq ərinə tərəf
uzadıb:
- Al
iç, al iç bu suyu, ürəyin
işıqlansın, yəqin yenə bivaxt çağı o
xaraba dərədən ötmüsən. Neçə
dəfə sənə axşama qalma deməmişdimmi?
Al iç, al iç bu suyu...
Qoytuləli kasanı Güleyşənin əlindən
alıb elə kömür qarışıq başına
çəkib, suyu birnəfəsə içir. Sonra da dərindən bir nəfəs
alıb yerindən qalxıb qapıya tərəf yeriyəndə
arvadı kişinin qabağına yeriyib:
- Qoytuləli,
hara, haraya gedirsən, ay evi yıxılmışın
oğlu, - deyib arada da dizlərinə
çırpa-çırpa: - Əcinnələr aparır
kişini, əcinnələr - deyə vay-şüvən
qoparır.
Qoytuləli ayaq saxlayıb durur. Özünə toxdaqlıq verib
indicə qalxdığı yerə tərəf dönüb
çömbələn oturur, arvadını da qənşərində
oturdub:
- Güleyşə,
o kişi, o pirani qoca yenə yuxuma
girmişdi, - deyir, - elə yenicə kiprik
çalmışdım ki, kişi qabağımda peyda oldu. Bu dəfə yaman qəzəblənmişdi.
Əlində də şiv çubuq vardı... Sənə
Ərdəbilə get, qismətin ordadır, deməmişdimmi,
indi al gəldi! - deyə qeyzlənib məni
döyməyə başladı. “Gedəcəyəm” deyib
söz verməsəydim, bəlkə də məni
öldürəcəkdi... Kişi balaca toxtayıb
arvadının üzünə baxır: - Güleyşə,
- deyir, - o nurani sifətə elə bir zəhm qonmuşdu ki, bəlkə
də inanmayacaqsan, ancaq Əzrailin özünü andım. Kişi
hələ də tövşüyə-tövşüyə:
- Yox, daha qala bilmərəm, yola düşürəm
günü elə sabah, Ərdəbilə...
Yol
üçün evin olan-olmazından xurcunu dolduran Qoytuləli:
- Mən qayıdanacan südünü içib birtəhər
gününü keçirərsən, - deyə ala inəyi də
arvadına tapşırıb, özü boz ulağı yedəyinə
alıb, elə o günün səhəri, obaşdandan
“hardasan, ay Ərdəbil, gəldim” deyib yola
çıxır.
lll
...Qoytuləli
neçə-neçə diyardan ötüb uzun yol
keçib, gəlib yetişir başı “ağ
çalmalı” ulu Savalanın ətəklərinə.
“Qismətli” yolçu elə kainatın özü qədər
qədim və əzəmətli dağın yamaclarından
axıb gələn Acıçayı, Balıqçayı,
Qarasuçayı keçib neçə-neçə dərin
dərəni addayıb yaylalar, vadilər boyu binə olan kənd-kəsəyi
bir-bir arxada qoyub mənzil başına
yaxınlaşmaqdaydı. Ərdəbilə bir
mənzil yolu qalmışdı. Yorulmuşdu,
yeyəcəyi, olan-qalan ərzağı da hələ ötən
axşamdan tükənmişdi. Təkcə
suyun, bir də tərə-türənin ümidinəydi.
Yamaclardan çaylaq daşlarını öpə-öpə
süzülüb gələn, yerin dərin qatından
qaynayıb axan gur bulaqlardan ovuc-ovuc su içir, qursağı
korruq verəndə də əyilib yaz ağzı aləmi ətrinə
boyayan çələmirdən, pəldən, gazanadan, yemlikdən,
bulaqotundan üzüb nəfsini toxtadırdı.
...Axşam
düşürdü, yamacın dibində, rəməlikdə
qarşısı arana, düzənliyə açılan bir kənd
gördü. Olan-qalan gücünü
toplayıb ulağına “hoş” deyib hayladı. Məqsədi günün gözü
qaralmamış kəndə yetişib bir Allah bəndəsinə
üz tutmaq, bir doyumluq yemək, bir gecəlik də
sığınacaq tapıb daldalanmaq, sübh erkəndən də
yoluna davam etmək idi.
Kəndin qırağında el yolunun başında
geniş bir meydanda bir xeyli uşaq, yeniyetmə
toplaşmışdı. Oğlanlar dəstələrə
bölünüb çilingağac,
qayışgötürdü oynayır, başqa bir dəstə
isə sapandla uzağa daş atmaq məharətlərini
göstərirdilər.
Bir-birlərini
haylayıb oyunu başa vurmağa tələsməklərindən
uşaqlar da görünür, axşamın
düşdüyünü hiss edir, bir an əvvəl
başladıqları oyunlarını başa vurmaq istəyirdilər.
Qoytuləli uşaqların bərabərinə yetişəndə
ulağını əyləyib dayandırdı. Yad
yolçunun nəsə soruşub öyrənmək istədiyini
duyan yeniyetmələr də bir anlığa oyunlarını
dayandırıb kişiyə tərəf dönüb gözlədilər.
Qoytuləli
salam verib alandan sonra: - Ay uşaqlar, qabaqdan
görünən bu hansı kənddi, camaatı müsəlman
əhlidirmi? - xəbər aldı.
Uşaqlar
da bir ağızdan: - Bəli, biz hamımız müsəlman
əhliyik, bu kənd də bizim kəndimizdir, adı da
Dicvicindir, - dedilər.
Qoytuləli:
- Allah kəndinizi abad eləsin, ay bala, kəndiniz müsəlman
olduqları qədər də yəqin ki, qonaqpərvər
olar, inşallah, - deyib boz ulağını mahmızladı.
Qoytuləli yedəyində boz ulağı kəndin
ortasından keçən el yolu ilə
fağır-fağır addımlayır, arada sağa-sola
döyükə-döyükə baxıb keçib gedirdi. Görən də zənn
edərdi ki, sanki kişi yad adamın həcinini
alıb çəpər arxasından, doqqaz başından lap-lap
hürən itlərin qəfil hücumundan qorunmaq
üçün belə sərvaxt hərəkət eləyir.
Düzdür, yad yerdə, nabələd yolçu
üçün mionqoz - pusquya durub xaincəsinə hücum
edən bəd itlər sarıdan da
narahatçılığı vardı, ancaq ürəyindəki
bir Allah bəndəsinin onu görüb qonaq dəvət eləsə,
bu gecəni bu kənddə, Dicvicində gecələmək, səhər
erkəndən yenə yoluna düzəlmək idi.
İrəlidə,
geniş bir həyətin qabağında yarıyaş bir kişi belini capma qaya parçalarından
palçıqla hörülmüş möhrəyə
dayayaraq taxta kətilin üstündə oturmuşdu, yəqin
ki, mal-heyvanın çöldən dönməsini gözləyirdi.
Qoytuləli
yedəyində boz ulağı kişinin bərabərindən
keçəndə ucadan bir salam verdi.
Həyətin
ağzında oturan yarıyaş kişi də
elə oturduğu yerdən yoldan ötənin salamını
aldı. Özgə bir söz deməyib əlavə
bir şey soruşmadı.
Qoytuləli
ayaqlarını sürüyə-sürüyə bir az irəli getmişdi ki, qapı ağzında
oturan kişi birdən nə düşündüsə elə
arxadan: - Ay qardaş, kimsən, nəçisən, heç bu
yerlərin adamına oxşamırsan? - deyə
xəbər alır: - Bu şər qarışan vaxtı kəndi
arxada qoyub, xeyir ola, hara belə gedirsən?.
Qoytuləli
də elə təngənəfəs, ümidlə: - Bəs
belə-belə... - Qərib bir yolçuyam, Dərələyəzdən
gəlib Ərdəbilə gedirəm, - deyə niyyətini bəyan
eləyir.
Kişi:
- Ay
qardaş, adını çəkdiyin o Dərələyəz
nədir, haradır, bilmirəm, ancaq biləsən ki, burdan
Ərdəbilə hələ bir günlük yoldur, irəlidə
də başqa kənd-kəsək yoxdu. Çöldə
qalıb qurda-quşa yem olarsan, gəl, dön evə,
qonağım ol, sabah gün işığında
çıxıb yoluna gedərsən,- deyə
yolçunu sidq ürəkdən evinə dəvət elədi.
Elə həqiqətən
bəxti ayaq üstə imiş... Qoytuləlinin
ümidləri, deyəsən, axır ki, göyərirdi.
Kişinin kəndə girəndən bəri
gözlədiyi də elə belə bir təklif deyildimi?
Qoytuləli ta bayaq, eşşəyinə “çoş”
deyib düşməkdə olan axşamın qaranlıq xofuna,
bir də aclıqdan heydən düşən ayaqlarına
baxır, boz ulaq da ki, öz yerində; ayaq saxlayıb geri
dönür, kişinin evinin doqqazına, onun oturduğu yerə
tərəf yön alırdı. Elə uzaqdan kişiyə doğru gələ-gələ:
- Allah köməyin olsun, ay qardaş, Allah evini abad eləsin,
elə səhərdən bəri Allaha yalvarırdım ki, bir
səxavətli, qonaqpərvər Allah adamı
çıxaydı rastıma, heç olmasa mənə bir gecəlik
sığınacaq verəydi. Özüm də yorulmuşam,
həm də.... Ac olduğunu daha açıb demir.
Ev yiyəsi
elə ona çatar-çatmaz qonağının
qabağına yeriyib əl uzadaraq: - Adım Səlimağadır,
- deyir. Qoytuləli də kişinin əllərini iki əlli bərk-bərk
sıxıb özünü nişan verir.
- Buyur,
buyur, - deyə ev yiyəsi irəlidə,
Qoytuləli də boz ulağı yedəyində, kişinin
arxasınca doqqazdan həyətə keçirlər. Qoytuləli
elə doqqazdan azca aralı, pəyənin qabağında, boz
ulağın noxtasını payaya keçirib arxayınlıq
üçün etibarlı bir kürmək-bədə-bəddə
əlbəəl açılan düyün də vurub, Səlimağanın
nişan verdiyi saman dolu şiv çubuqdan
hörülmüş vez səbəti də
sürüyüb heyvanın qabağına qoyur.
-Ye, ay
Allahın heyvanı, ye, sən də neçə
gündür ac-susuz bu yollardasan, - deyir.
Evin
kandarından içəri keçəndə, Səlimağa
qonağına bir də “xoş gəldin” edərək
kişini geniş otağın lap baş tərəfinə
keçirib: - Otur, qardaş, sən bir hovur nəfəsini dər,
mən də mal-heyvanı yerbəyer edib əlbəəl
dönürəm, - deyərək otaqdan çıxır.
Qoytuləli palazın üstünə cərgə ilə
düzülmüş döşəkçələrdən
birinə yanını verib heç əməllicə rahatlanmamış,
indicə keçib gəldiyi həyətdən elə bir
vay-şüvən qopdu ki, qiyamət deyilən onun yanında
heç nəydi. Qoytuləli yerindən dik atılıb
qaçaraq özünü qapıya yetirdi, orada da qərar
tutmayıb hövlnak həyətə atıldı. Bir az əvvəl ədəb-ərkanla, onu sidq
ürəklə evinə qonaq dəvət eləyən ev yiyəsini,
Səlimağanı elə həyətin ortasında al qan
içində yerə sərili gördü. Təpəsindən
əl ağacı ilə kişini vurub yerə necə sərmişdilərsə,
o uzandığı yerdən bir daha heç ayağa qalxana
oxşamırdı. Səlimağanın başından
qızıl qanı elə oxlovlayıb axırdı ki,
durdurmağa heç bizim o Gülxar arvadın da hünəri
yetməzdi...
Hücum
eləyən tərəf: - Vurun köpəy
uşağını, vurun! Başı papaqlıların
heç birinə aman verməyin! - deyə
bağırır, irəli çıxanı, əlini tərpədəni
şapatdayıb aşırırdılar yerə.
Birdən-birə gördüyü bu mərəkədən
canına vəlvələ düşən Qoytuləli
özünü pəyənin ağzında, doqqaza yaxın
yerdə bağladığı ulağına yetirdi. Əlini heyvanın
noxtasını bağladığı payaya atıb
açmaq, sonra da oradan sürüşüb aradan
çıxmağa çalışsa da, buna imkan olmadı,
çubuqdan hörülmüş iki nəfərin güclə
qaldıracağı, ulağın qabağına qoyduğu
saman səbətinin yanından əyilib keçmək istəyəndə,
birisi o anda belinin əyri yerindən necə ilişdirdirdisə,
elə boz ulağın köhnə çulu kimi Qoytuləli də
düşüb yerində qaldı. Uzandığı yerdən:
- Mən qərib bir yolçuyam, qonağam, heç bu ev sahibini əməllicə tanımıram da,
yoldan ötənəm. Hətta uydurub “su içməyə
dönmüşəm” - deyib yalvar-yaxar etsə də, ona qulaq
asan kim idi...
Qoluzorlunun ikinci zərbəsi şiv çubuqdan, yəni
ki, vezdən hörülmüş saman səbətini tutur. Əgər o
zərbə Qoytuləlini tutsaydı, şəksiz ki, o
dünyalıq olacaqdı. Daha iri səbət
kişinin üstünə aşıb onu elə
“qucaqlamışdı” ki, zireh-filan onun yanında heç nəydi.
Qoluzorlu öz növbəti zərbələrini endirir, səbətin
quru çubuqları şaqqa-şaraqq şaqqıldayır və
şaqqıldayan o səbət də zərbələri
“udub”, qalxan olub kişini “ələ” vermir.
Qoytuləliyə yenə Allahın rəhmi gəlmişdi. “Bəxtsiz”
qonaq Qoytuləli beləcə, “qonaqpərvər dostunun”
düşməninin düşməninə çevrilib
ölüm-dirim halındaykən onu təpikləyənin
rastına yəqin ki, hələ ayaq üstə dura bilən
başqa bir başıpapaqlı çıxır.
Qolugirri cavan da Qoytuləlini “altına alan”
səbətdən əl çəkib indi də başqa
birisinin kürəyini yerə gətirərək sinəsi
üstə at səyritməyə başlayır...
Bundan da yaxşı fürsət?!
Qoytuləli
də: - Ya Əli, səndən Mədəd, - deyib dizinə
güc vuraraq, olan-qalan var qüvvəsini toplayıb birtəhər
ayağa qalxır, boz ulağın “yiyəsini
öldürüb” dabanına tüpürərək eləcə
səbətin altında yürüməyə başlayır.
“Asta qaçan namərddir” - deyə
gözünü yumub qaç ki, qaçasan. O anda
kişinin qənşərinə nə çıxsaydı, yəqin
ki, ayaqlayıb keçəcəkdi, yarğana, quyuya
düşsə belə, vezdən hörülmüş saman
səbəti də onu qoruyacaqdı.
Arxasınca:
- Tutun, qoymayın, əbləhin birini saman səbəti, deyəsən,
aradan çıxartdı, haxlayın, - deyə
qışqırıb hayqırsalar da, Qoytuləli artıq
dava yerindən xeyli uzaqlaşmış, kəndin dolanbac, ara məhəllələrinə
girib, qaratikan çəpərlərinin arasında lap elə
bizim o Sətulla kimi gözdən uzaq, xəlvət bir yerdə
daldalanır.
Xatanın sovuşduğunu, daha ondan yan keçdiyi sarıdan arxayın olub səbətin içindən çıxanda da kişinin yadına noxtası mıxda bağlı qoyub qaçdığı boz ulağı düşür.
İndi, neyləsin, necə eləsin, dil açıb dərdini kimə desin? Təkrar geri qayıtmaqmı olar? Canını güclə qaçıb qurtarmışdı, geri qayıda bilməzdi. Ulaq ona bu uzaq səfərdə nə qədər doğma və əziz olsa da, canı daha şirin, daha əziz idi.
Boz ulağı canının bahası “qurban” verib “əmin” yerdə daldalanan Qoytuləli indi axşamı da yamanlayır, rastına çıxan o bəduğur Səlimağaydı - kimdi, elə onu da, orda, lap üstündə yanını yenicə yerə verib bircə an da olsa rahatlandığı o döşəkçəni də ürəyində söyüb lənətləyirdi.
Özünü didib tökə-tökə: - Boyunu yerə soxum, ay Qoytuləli, qismətin Ərdəbildəymiş, yaman yetişdin qismətinə. Bir yuxuya aldanıb diyar-diyar didərgin, sərgərdan olub yola çıxdın, olan-olmazını da yelə verib dizinin giri, ağır şələnin ortağı olmuş o boz ulağı da bada verib qeyb elədin. Öləsi kişisən, vallah öləsi... - deyə vaysına-vaysına özü-özünü deyib oxşayır, həm də qınayıb yamanlayırdı. Canını qurtaran səbətə görə isə Allahına dua, bu səbəti hörən kişiyə də alqış edirdi.
...Qoytuləli ertəsi gün səhər açılar-açılmaz daldalandığı yerdən dəbərib kənddən uzaqlaşanda rastına çıxan adamlardan soruşub öyrənir ki, sən demə, qonaq düşdüyü o evin mal-heyvan qabağına çıxıb elə kəndə girəndə onun da görüb bildiyi o meydançada çilingağac oynayan cavan-əzəni tay-tuşlarından biri ilə tutaşıb. Harayçılar araya girib aralayıblar, ancaq hirsi hələm-hələm soyumayan Səlimağanın oğlu da yerdən bir daş götürüb qoyub sapanda, fırladıb tolazlayıb düz tutaşdığı oğlan tərəfə. Sapanddan çıxan o daş da tərslikdən gedib dəyib o oğlanın gicgahına. Gədə də elə o andaca yıxılıb, düşdüyü yerindəcə keçinib.
Qəziyyədən xəbər tutan ölən uşağın ata-qardaşları, əli ağac tutan əqrabalarından kim varsa: “Qisas, qana-qan”, - deyib elə isti-isti hücum çəkiblər. Qoytuləlinin qonaq düşdüyü Səlimağanın evi üstə. Demə, beləcə ev sahibləri ilə birlikdə Qoytuləli də keçib qisasçı tərəfin girinə. Hadisəni görənlər görməyənlərə danışıb deyirlər ki, bu qonşuqırdıda neçə meyit ortalıqda qalıbmış...
Bunları eşidən Qoytuləli də təsəlli tapıb özü-özünə: “Boz ulaq cəhənnəm olsun, özüm ki sağ-salamatam, birdən Allah lütf edib o səbəti üstümə aşırmasaydı, sürüşüb aradan çıxa bilməsəydim, onda halım necə olacaqdı? Bəlkə elə indi mən özüm də meyiti ortada qalanlardan biri idim”, - deyə öz-özünə təskinlik verir, toxtayır.
Daha Qoytuləli haradan biləcəkdi ki, sonralar qan düşmənçiliyi üzündən Savalanın ətəklərindəki öz səfalı Dicvicinlərindən pərən-pərən düşüb “cəlayi-vətən” olan o iki tayfa hələ də gəzhagəzdədilər. Bir yerdə ocaq qalayıb kül tökə bilmirlər ki, bilmirlər...
lll
...Həbibin başında elə bil dəyirman daşı fırlanırdı. Fikri çalxalanır, xəyalı bu gecənin zülmət qaranlığı kimi sanki dərin bir quyuya düşürdü.
İndi gəl, ayırd elə, bu qədər
səsin-sədanın içində kimin
hayqırtısıydı onu yuxusundan oyadan? Baqqalın
səsi deyildi, baqqal heç qışqırmaz da,
çünki alıcının köləsidir; Qoytuləli də
o qədər həlim adamdır ki, öz səsini özü
ancaq eşidə, Güleyşəninki də Allahı, bir də
Qoytuləlini çağırıb dua-sənə eləməkdi...
Səlimağanı da Dicvicinnilər bir
ağaca elə sərib yerə yatırtdılar ki, daha
heç vay-dədə-vayı qışqırmağa da nə
heyi, nə də macalı olmazdı. Dicvicinli “qana-qan” deyə
bağıran, dam-daşı lərzəyə gətirib
yerindən oynadan germic kimi əsib kükrəyən o
qisasçılar! Həə,
heç o germicin səsindən yatmaq olur ki, oyanasan da... Ancaq onlar da “öldürün” - deyə
qışqırırdılar. O qışqırıq
da ki, Həbibin yuxuda eşitdiyi haraya heç bənzəmirdi...
(Ardı var)
Novruz Nəcəfoğlu
525-ci qəzet.- 2016.- 11 iyun.- S.18-19