Türkiyə qeydləri
I yazı
Zamanın yaddaşla oyunları qəribədi.
Bəzən tamam lazımsız, mənasız bir hadisə
yaddaşına elə həkk olur ki, deyərsən, Qobustan
qayasıdı beynin, iz düşdümü, pozulan deyil. Amma birdən
də sənin üçün önəmli olan nəyisə,
nə illah edirsən, yadına sala bilmirsən. Qısa bir vaxtda niyə silinib, nə zaman
çıxıb beynindən? Axı, o gün xoşbəxt
idin! Özlüyündə o anların yaxasına “unudulmaz”
yarlığı da yapışdırmışdın... Nədədi sirr? Nədən bəzən
unutmaq istədiyin, içini didib dağıdan səhnələri,
detalları, hadisələri yadından çıxara bilmirsən?
Nədən üzün güldüyü yerdə
keçmişin böyük partlayışlarının
kiçik bir qəlpəsi yaddaşını dimdikləyir,
gözünü yaşardır, ürəyini
parçalayır? İdarə edə bilmədiyin
və heç cür tərbiyəyə gəlməyən
yaddaşın, xatirələrin axıra kimi,
ömrünün sonuna qədər yarışır səninlə.
Sən unutmağa çalışırsan, o əl
çəkmir, sən nəyisə xatırlamaq istəyirsən,
o gizlədir. Təbiətin sənə bəxş
etdiyi yaxşı hafizənin, yaxud müxtəlif metodlarla,
vasitələrlə yaddaş məşqlərinin bir
faydası da yoxdu. Yaman etibarsızdı
insan beyni. Ona görə insan ən
müxtəlif yollarla anı tutmağa, həkk etməyə,
tarixdə saxlamağa çalışır. Gündəliklərin, fotoların, videoların
mahiyyətində, əslində, bu durur. Yaddaşında
saxlaya bilməyəcəyi məqamı, anı insan bu yolla
qorumaq istəyir. Həm də bütün
bunlar bir növ ipucu olur. Gündəliyindəki
balaca qeyd bütöv hadisəni, sadəcə anı
özündə həkk etmiş foto isə tam bir günü
yadına salır. Hələ XXI əsrin
bu sahədəki üstünlüklərindən
danışmıram. Mobil telefonlarda
yaddaş kitabçaları, orqanayzerlər Qobustan
qayalarından betər olub. Bir sözlə,
bu gün texnika insan rahatlığı üçün hər
şeyi fikirləşib. Amma...
Söz ən gözəl və əvəzolunmaz “səlnaməçi”dir.
Müasir texniki vasitələrin ötürə bilmədiyi
enerjini, ruhu, təəssüratı söz
çatdırır. Özü də yüzillərin, minillərin
bu tayına. Belə olmasa yüz-yüz illər
qabaq yazılmışlar əsrlərin bu üzündə,
tamam ayrı dünyada yaşayan insanları təsirləndirməz,
ruhunu yerindən oynatmaz, genetik kodlarını tərpətməz.
...Və
bunu yaza-yaza səfərnamələrin bir növ elə
gündəlik olduğunu düşünürəm. Klassik şairlərimizin nəzmlə, əruzda yazdığı
səfərnamələrin, səyyahların elmi, coğrafi,
tarixi səfər qeydlərinin, müasirlərimizin səfər
təəssüratlarının kökündə
yaddaşını qorumaq, saxlamaq, başqalarına
ötürmək, düşüncələrini çoxaltmaq
niyyəti var şübhəsiz. Amma bəzən
də təəssüratların elə zəngin, qeyri-adi
olur, o qədər dərininə işləyir ki, onları
kimsəylə bölüşmək ehtiyacı hiss etmirsən.
Həm də nədisə arxayın olursan
yaddaşına. Düşünürsən ki, on il keçəcək, bir ulduz axmasından, bir
göy qurşağının çıxmasından, ya da
damağında duyduğun tamdan, daddan hər şey
düşəcək yadına... Bir-bir canlanacaq
gözünün önündə. Fotolar
da lazım olmayacaq heç sənə, videolar da, telefonunu
açıb köhnə qeydini də axtarmayacaqsan. Bəs, söz? İllər
keçəndən sonra fikrində ağ-qara filmə
dönmüş xatirələrini sözə çevirə
biləcəksənmi? Bəlkə də,
biləcəksən. Amma bu, boyat
çörək kimi olacaq. Yenə bərəkətli,
yenə yeməli, yenə doyumlu, amma boyat! Ona
görə duyğularını, təəssüratlarını,
xatirələrini elə düşüncələrin soyumadan
yaz, ancaq bu yolla onları təzə-tər saxlaya bilərsən.
Yəqin ki, səfər qeydlərinin dəbdən
düşdüyü bir zamanda, gecənin bu aləmi oturub
Türkiyəni, bir həftəlik səfərimizi yada
salıb, fikirlərimi vərəqləyib yazmağıma səbəb
budu. Unutmaq, itirmək istəmirəm bu səfəri.
Yaddaşımda, arxivimdə hansısa şəkildə
saxlamaq istəyirəm. Və əslində,
özüm də yaxşı başa düşürəm
ki, bu istəyim nə uğurlu kitab təqdimatlarına görədi,
nə də yazıçı karyeramda növbəti hadisəyə
görə. Səbəb sadəcə Türkiyədi! Qədimliyi,
müasirliyi, dünəni, bugünü, dadı və
qoxuları ilə birgə TÜRKİYƏ! Nə
oxuduğum yazılarda, əsərlərdə, nə də
şəxsi müşahidələrimdə kimsənin bu
ölkəyə biganə qaldığını görmədim.
Təkcə mən yox, heç kim görməyib
yəqin. Dünyanın da diqqətini həmişə
cəlb etməsi, siyasətin, mədəniyyətin, tarixin həssas
yeri olması təsadüfi deyil. Qəribə
bir cazibəsi var bu ölkənin. İşvəli
Qadın kimi, hökmlü Kişi kimi, ürəyini
çırpındıran Sevgi kimi, beynindən
çıxmayan Musiqi kimi, dilindən düşməyən
Söz kimidi Türkiyə!
Mövlud bəy... Qaya dibi və Parfüm qoxusu!
Ankarada Esenboqa Hava limanından çıxar-çıxmaz yazıçı-tərcüməçi İmdat Avşarın dostu Mövlud bəy qarşılayır bizi. Beləliklə, Azərbaycandan üç “kuşak” (nəsil) təmsilçiləri - Anar müəllim, Rəşad Məcid və mən dostumuzun dostu Mövlud bəyin maşınında Türkiyənin qədim ilçəsinə -qəzasına, Kırşehirə yollanırıq. Azərbaycan ədəbiyyatının dostu İmdat bəyin təşkilatçılığı ilə I Kırşehir Kitab sərgisində kitablarımızın təqdimatı və oxucularla görüşümüz olacaq. Amma qarşıdakı günlərdə. Hələliksə Kırşehrə gedən yolları haqlayaraq, Ankaranı arxada qoyaraq ordan-burdan danışırıq. Mövlud bəy daha öncə Bakıda olduğu üçün Anar müəllimi, Rəşad Məcidi tanıyır artıq. Rəşad Məcidin ənənəvi əhali, məşğuliyyət, maraqlar, tarix ətrafında suallarına həvəslə cavab verir. “Qaya dibi” bağçasında səhər yeməyi yeyəcəyimizi deyir. Nədisə bu “qaya dibi” ifadəsi müxtəlif assosiasiyalar oyadır. Yəqin ki, hər kəsdə bir cür. Mən Buzovnada, Türkanda dəniz kənarındakı qayalıqları xatırlayıram. Uşaq vaxtı bapbalaca kölgəsində daldalanıb qumdan “qala”lar qurmağım yadıma düşür. Rəşad Məcid Anar müəllimin “Qarabağ şikəstəsi” essesini yada salıb Laçına aid xatirələrindən danışır və hiss edirəm ki, bu söhbətlərdə dərin bir nostalji, həm də ümid var. Elə bil bir azdan çatacağımız ünvan Ankaradan Kırşehrə gedən yolda kiçik bir çay bağçası deyil, Laçının, Şuşanın parçasıdı. Hər halda Rəşad müəllimin nostalji, nisgil dolu söhbətində bu ümid duyulur. Yamyaşıl, sərin, səfalı “Qaya dibi”nə çatanda isə onun ilk sualı bu olur: Bu nədi, bəs qaya hanı? Və nədənsə bu sual mənim düşüncəmə “Bəs Laçın hanı?” yozumu ilə həkk olur. Laçın...
Nə isə, yaxşısı budu, Türkiyədən, Kırşehirdən, İmdat Avşarın papatiyalarından, yəni çobanyastığı buketindən danışım. Bir azdan İmdat Avşar hansısa rəsmi görüşdən gəlir, çatdırır özünü “Qaya dibi”nə. Əlində də miniatür bir buket. Sən demə, türklərdə papatya buketi salamlama simvolu imiş. Bunu sonra, Ankarada öyrənəcəyəm. Amma indi bu təbii çəmən çiçəklərini iyləyəndə bir anlıq düşünürəm ki, burda sanki hər şeyin öz qoxusu var. Hətta havanın da, suyun, çayın, balın, şəkərin də... Bütün bu qoxular hamısı qarışanda uşaqlıqda çox sevdiyimiz karameli xatırladır. Sanki şəhər böyük bir karamel fabrikidi. Və bu şipşirin qoxular qayğısız uşaqlığı, uzaqda qalmış balaca arzuları yada salır.
...Bircə Mövlud bəyin parfümə
allergiyası olmayaydı da! Bir gün sonra bildik ki, parfüm
qoxusundan rahatsız olur. Doğrusu ayrı, istənilən
allergiyanı “bağışlamaq” olardı, amma parfüm?!
Axı necə ola bilər ki, səhərini
muskus, paçuli, ambra, ilanq qoxularıyla açmayasan, ətirşahı
ciyərlərinə çəkib xoşbəxt olmayasan?! Amma
bir yandan da... Nə isə, Patrik Züskindin çörəyini
əlindən almamaq üçün bu mövzunu burda
qapadıram!
Hasan Dədə...
Hacı Bektaşi Vəli... Yapon bağçaları!
İmdat
Avşar əslən Kırşehirli olsa da, burda az yaşayıb. Amma şəhərə,
buranın tarixinə, gəzməli-görməli yerlərinə
yaxşı bələddi. Kırşehirdə
İmdat Avşar kimi intellektual bələdçiylə birgə
gəzmək, tarixi abidələri ziyarət etmək ayrı
bir zövqdü. Kırşehirin
Kırıkkale bölgəsindəki Hasan Dədə türbəsinə
girən kimi indiyə kimi gördüyüm müxtəlif bu
tipli abidələr yadıma düşür. Türk dünyasının çeşidli yerlərində
insan tərəfindən yaradılmış bu türbələrin
hamısının mahiyyəti, əfsanəsi, tarixçəsi
eynidir. İnsanların nəyəsə,
kiməsə inanmaq istəyinin, möcüzələr uydurmaq
və o möcüzələrdən yapışıb
yaşamaq arzularının təzahürüdü. Əfsanəyə görə Hasan Dədə sadə
bir çoban imiş. Camaat uzaqdan bir
böyük daşı dəyirmana gətirmək istəyir,
amma daş ağır olduğundan yerindən tərpədə
bilmir. Hasan Dədə “daşı mən apararam” - deyir,
amma heç kəs bunu ciddiyə almır, hamı evinə
dağılışır. Hasan Dədə halını
pozmadan daşa yaxınlaşıb “Gəl daşım, gəl!”
- deyib yola düşür, daş
arxasıyca yuvarlana-yuvarlana düz dəyirmana kimi gedir. Səhər açılanda camaat daşın dəyirmanda
olduğunu görür və Hasan Dədə sirri
açıldığına görə
arxalığını burda qoyub qeybə çəkilir.
Mahiyyətcə eyni olan, kökündə tək
bir ideya duran yüzlərlə, minlərlə bu cür əfsanə
var. Kimsə ironik təbəssümlə
qarşılayır, kimsə sakitcə dinləyib keçir,
kimsə inanır. Hətta guya o
daşın balaca bir parçasına əlini də
sürtür ki, işləri yaxşı getsin. XXI əsrin insanı bu cür möcüzələri
yalnız fantastik Hollivud filmlərində əyləncə
kimi həzm edə bilər. Ancaq bir az
dərin düşünəndə görürsən ki, fərqli
xalqlara aid bu tipli əfsanələrin insana
aşıladığı sadəcə inamdı. Yəni sidq ürəklə, bütün
varlığınla inanırsansa, istəyirsənsə, hər
şey mümkündü. Daş da,
quş da, yer də, göy də, günəş də, səma
da - hamısı sənə arzularına doğru getdiyin yolda
yardımçı olacaq. Amma məgər
bütün həyat və onun qəribəlikləri, maneələr,
çətinliklər o inamı sındırmağa,
sarsıtmağa xidmət etmirmi? Bu
mübarizədən qalib çıxsan, gördüyün
işə, tutduğun yola inamını itirməsən,
qazandın. Hasan Dədə kimi adına
türbələr ucaltmasalar da, hansısa şəkildə
qalacaqsan tarixin yaddaşında.
Hacı
Bektaşi Vəli isə şeirləri, fəlsəfi fikirləri,
müdrik kəlamları, sufi
düşüncələri ilə qalıb tarixdə. XIV əsrdə
Sultan Qazi Murad zamanında ucaldılan türbəyə girəndə
qəribə bir azadlıq hiss edir insan. Onu deyim
ki, burda yağışla günəşin, dolunun mübarizəsi
dəqiqələrlə ölçülür. Bir dəqiqənin içində elə
şıdırğı yağır ki, gizlənməyə
yer tapmırsan, amma birdən də yağış kəsir və
günün altında istidən bişirsən. Hacı Bektaşi Vəli türbəsində də,
Ramiz Rövşən demiş, “yağış yudu, gün
qurutdu” bizi. Tutqun hava
düşündürdü, kədərləndirdi, günəş
fikirlərimizi işığa çıxardı. Burdakı aşxanalara, o zamankı kollektiv həyatın,
azadlıq ideyalarının təzahürlərinə
baxdıqca düşünürdüm ki, axı,
dünyanın çox-çox sonralar açdığı
fikirlərin, sivilizasiyanın yüz illərlə gəldiyi qənaətlərin
çoxunu qoyun dərisindən kürkə bükülmüş,
tərki-dünya Şərq, sufilik, hürufilik deyib. Kommunistlərin bərabərlik,
aşağıdakıların üstünlüyü
ideyalarından tutmuş, çağdaş demokratiyanın
azadlıq, rahatlıq düşüncələrinə kimi
hamısı var orda. Təsadüfi deyil
ki, Birləşmiş Millətlər Təşkilatı
İnsan haqları Konvensiyasındakı bəzi müddəalar
Hacı Bektaşinin insan, Tanrı, həyat haqqında kəlamlarına
uyğun gəlir. Hələ XIII əsrdə
“Qadınları oxudun”, “Heç bir milləti və insanı
ayıblamayın”, “Düşməninizin də insan
olduğunu unutmayın” sözlərini deyib Bektaşi və
bütün bu deyimlər müasir gender məsələlərinə,
tolerantlıq, sülhsevərlik düşüncələrinə
nə qədər uyğundur?! Ona görə də Şərq
həmişə aktualdı... Tarixi, ənənələri,
fəlsəfəsi, ilk baxışdan adidən adi qaydaları
ilə dərindi, fərqlidi,
düşündürücüdü. Yerin
dibinə doğru getdikcə qat-qat gizlənmiş tarixi ilə
maraqlıdı.
Yapon bağçaları adlanan tarixi-kulturoloji muzeyi gəzdikcə
təbiətin, torpağın möcüzəsinə heyrətlənməyə
bilmirsən. 1986-cı ildə imzalanmış razılaşmaya
görə Yaponiya Orta Şərq Mədəniyyət Mərkəzinin
sədri Şahzadə Takahito Mikasanın rəhbərliyi ilə
burda, Kırşehrin Kaman əyalətində yerləşən
tarixi bölgədə arxeoloji qazıntılar
aparılır. Dərinə getdikcə tarixin dörd
böyük dövrünə aid eksponatlar, nümunələr
çıxır yerin altından: Birinci qatdan - Osmanlı
dövrü abidələri, ikincidən dəmir,
üçüncüdən orta və yeni bürünc,
dördüncüdən isə qədim bürünc
dövrü eksponatları aşkar olunub. Və
doğrusu, bu fərqli dövrlərə aid eksponatlara
baxdıqca onları ayıran yüz, min illəri hiss etmirsən.
Hətta bəzək əşyalarının, məişət
alətlərinin dizaynında müasir dövrün də
ab-havasını duyursan. Görünür, insan beyni,
istedadı heç vaxt qədim, orta, yeni dövrlərə
“bölünməyib”, ona görə...
Kapadokiya...
Pəri bacaları... Kilsələr!
Təbiətin yaratdığı möcüzələrdən
biridir Kapadokiya. Sözün bitdiyi, yerlə göyün
qovuşduğu, Allahla insanın əlbir olduğu yerdir.
İlahi həqiqətin var olduğunu,
zamanın acizliyini, bütün məntiqlərin və
bütün elmlərin nisbi olduğunu göstərən məkandır.
Deməli,
milyon illər öncə Ərciyəz, Hasandağı,
Güllüdağda vulkanların püskürməsi ilə
lava və yumşaq süxurlar yer üzünə
çıxıb, buranın iqlimi küləkli, yağmurlu
olduğu üçün təbii aşınma yolu ilə belə
möcüzələr yaranıb, heç bir heykəltaraşın,
heç bir dahi memarın ağlına gələ bilməyəcək
şəkildə möcüzəvi, ilahi abidələr
“yonulub” burda. Kapadokiyada muzey, ya xüsusi
ayrılmış tarixi ərazi yoxdu. Buranın
hər qarışı muzeydi, hər daşı
eksponatdı. Ən qədim dövrlərdən
burada Hititlər yaşayıb. Eramızın
başlanğıcında isə Roma imperiyasından
qaçan ilk xristianlar burda gizləniblər. Pəri bacaları adlanan gümbəzlərin dərinliklərində,
qayalarda açdıqları oyuqlarda. İndi bu oyuqlara
baxanda orda yaşamağın mümkünlüyünü
ağlına sığışdıra bilmir adam.
Amma görünür, yenə də inam öz
sözünü deyir, insan öz əqidəsindən dönməmək,
inandığı yola xidmət etmək üçün hər
şeyə hazırdı. Və yenə də
o inam varsa, təbiət, ilahi qüvvə ona
yardımçı olacaq. Hətta gizləndiyi
məkanı onun dininə, əqidəsinə uyğun kilsə
formasına da salacaq.
Burda sadəcə, gəzmək, kənardan baxmaq
azdı. Yeganə təəssüratın heyrət olacaq və
o heyrət ayrı düşüncələrə imkan da verməyəcək.
Ona görə bu böyük möcüzəni
anlamağa, soyuq məntiqlə, düşüncəylə dərk
etməyə zaman lazımdı. Bunu yazıram, amma həm
də düşünürəm ki, təbiətin bu cür
heyrətamiz gözəlliyini soyuq başla dərk etməyə
ehtiyac da yoxdu bəlkə, elə heyrətdən nəfəsin
kəsilsə, balaca uşaq kimi “Uy daaa”, “Ay yaaa”, “Oho”, “Vay vay
vay” deyə-deyə, başına qədim filosoflar kimi
daşdan mantiya taxıb dünyanın ədalətini simvolizə
edən qayalara baxmağın bəsdi...
Xoş bir yorğunluq... Nazım Hikmət... Anar!
Yalnız mənən zəngin insan yorğunluğun da xoş olan növünü tanıyır. Axı, bu qədər tarixi abidəni, insanın və təbiətin “əl işləri”ni görüb, dərin təəssüratlar alandan sonra necə yorulmayasan və bu yorğunluqdan necə şikayət edəsən?! Ona görə mənəviyyatını, içini, düşüncələrini dolduran yorğunluq xoşdu, məncə. Təki ruhun yorulmasın! Elə bu xoş yorğunluq içərisində yenə səriştəli bələdçimiz, yazar dostumuz, hər addımda səbrlə istədiyimizi edən, xoş siması, mehriban üzü ilə qulluğumuzda duran, zəhmətimizi çəkən İmdat Avşarın seçdiyi, göl kənarında yerləşən bir restoranda axşam yeməyi yeyirik. Sərin, yağmurlu hava soyuğu canımıza doldurub. Bataniyəyə - adyala bükülüb oturmuşuq. Amma bir azdan ovqatımız, zarafatlarımız, Hilal xanımın, Mövlud bəyin, İmdat Avşarın isti, qonaqpərvər münasibəti yorğunluğu da, soyuğu da unutdurur. Saatın fərqinə varmadan danışıb-gülürük; gah ədəbiyyatdan, gah bildiyimiz məzəli əhvalatlardan, gah da sabahkı tədbirlərdən.
Otelə dönəndə isə maraqlı bir məqamı müşahidə edirəm. Mövlud bəyin maşınında geri dönürük, gənc bir universitet əməkdaşı da bizimlədir. Qabaqda əyləşib və özü dediyi kimi, türk dünyasının Dev yazarını, yaşayan əfsanəsini, yəni Anarı görməkdən, tanımaqdan məmnundu. Son illərdə yazdıqları barədə suallar verir. Söhbət Nazım Hikmətin üzərinə gələndə... yenə mübahisə, yenə polemika yaranır. Və mən Anar müəllimin hansı enerji, hansı şövqlə Nazımı anlatmasına heyrət edirəm. Adam Nazımın böyük sənətini danmadan, “sadəcə “mən rusam” deməklə səhv edib” - deyir. Bu söz bəs edir ki, Anar müəllim Nazımın heç vaxt belə şey demədiyini, türkçülük, türk dili üçün gördüyü işləri, Sovetlərdəki türkdilli xalqlara, əsasən də azərbaycanlılara necə böyük güc verdiyini izah eləməyə başlasın. Bu qısa polemikanı müşahidə edib düşünürəm, qarşıda, qaranlıqda əyləşmiş, üzünü də yaxşı görmədiyin, tanımadığın, bəlkə bundan sonra heç görməyəcəyin adama nələrisə izah eləməyə, həm də belə zəngin, yaxşı mənada yorğun gündən sonra buna enerji sərf etməyə nə ehtiyac? Və bu yerdə Anar müəllimin bir xasiyyətinin - çoxlarının, elə mənim özümün də etiraz etdiyi bir cəhətinin - yalan-böhtan yazanlara cavab vermək prinsipinin mahiyyətini başa düşürəm. Məqsəd kimlərisə yerində oturtmaqdan daha çox həqiqəti anlatmaq, izah etməkdi. Və bu maarifçi ideyası onun təkcə özünə aid deyil. Dünyanın hər yerində, hər kəsə, inandığı, böyük hesab elədiyi həqiqəti günün istənilən vaxtında anlatmağa hazırdı Anar. Və bu həqiqətin gec-tez öz yerini tutacağına inanır. Hə, məsələ də elə inamdadı!
Fen
litseyindən Kitab fuarına... Ataol Bəhramoğlu... Ədəbi
nəsillərarası əlaqələr!
Ədəbi görüşlərimiz Fen litseyindən
başlanır. Tələbələrlə
görüş qəribə nostalji yaradır. Bu semestr dərslərim olmadığından
darıxıram auditoriya üçün, tələbələrimi
düşünürəm. İmdat
Avşar Azərbaycan ədəbiyyatı, türkcəyə
çevirdiyi ədəbi əsərlər haqqında
maraqlı bir çıxış edir. Anar
müəllim Türkiyəyə aid xatirələrini
bölüşür, türk ədəbiyyatının zənginliyindən
danışır. Rəşad Məcid
artıq iki gündü ki, Kırşehir səfərimizdə
aldığımız təəssüratların zənginliyini
deyir, unudulmaz məqamları şərh edir. Gənclərə Qarabağ problemimizdən də
danışırıq. Üzlərdə,
gözlərdəki sakit, amma həm də anlayış dolu
ifadələr adamı sevindirir. Ruhən nə
qədər yaxın, bağlı, eyni olduğumuza bir daha
inandırır. İmdat Avşarın təklifi
ilə Musa Yaqubun “Öyrətmə özünə, öyrətmə
məni” şeirini oxuyuram və auditoriyanın şeirin cazibəsinə
necə düşdüyünü, dilimizin melodiyasına
heyranlığını hiss edirəm. Belə
yerdə qürur, fərəh hissi insanın içini
doldurur. Elə bu hisslər,
düşüncələrlə gənclərin
suallarını cavablandırıb, onlar üçün
türkcə kitablarımızı imzalayıb, xatirə
fotolar çəkdirib ayrılırıq litseydən.
Kitab Fuarının açılış mərasimindən
sonra isə oxucularla “Ədəbi nəsillər arasında əlaqələr”
mövzusunda görüşümüz nəzərdə
tutulub. Amma bundan əvvəl türk şairi Ataol Bəhramoğlunun
“Şeir həyatın harasındadır” adlı məruzəsini
dinləyirik, oxucularla müzakirəsində iştirak edirik.
Ataol bəy musiqi, gitara müşaiyəti ilə
Türkiyənin müxtəlif bölgələrini gəzir
bu tipli şair-oxucu görüşlərində iştirak
edir. Son dərəcə maraqlı, təmkinli,
fərqli münasibəti, çıxışı, həm də
şeirlərinin sehri oxucunu təsirləndirməyə bilməz.
Axı Türkiyənin bu təzadlı durumunda bircə elə
“Türkiyə, üzgün yurdum, gözəl yurdum” -
misrasına kim biganə qala bilər?!
Yazar-oxucu görüşləri bizim “Ədəbi nəsillərarası əlaqələr” panelimiz və İmdat Avşarın “Ədəbiyyatda çöl mövzusu” adlı çıxışı ilə davam etdi. Oxucuların böyük marağını, kitaba, ədəbiyyata, yazıçıya sayğısını görmək insanı çox ruhlandırır. Maraqla dinləyən, arabir suallar verən gənclərin bizimlə görüşdən nə qazandıqlarını bilmirəm, amma mən çox şey qazandım. Anar müəllimin öz nəslinə, Rəşad Məcidin 90-cı illər ədəbiyyatına aid fikirlərindən bir daha öyrəndim. İmdat Avşarın Kırşehirin abdalları-qəribə adamları haqqında rəvayətlərinə güldüm, amma qəlbimin dərinliyində o üst qatında yumor duran hadisələrin altda gizlənmiş kədərli tərəfinə hüzünləndim. Həm də onu söylədim ki, Azərbaycanda yaşlı və orta nəsil yazıçılar gənc nəsillə hər növ ədəbi əlaqələrə, birgə layihələrə, söhbətlərə açıqdırlar, gənclərin inkişafı üçün hər cür şərait var. Sadəcə kimsə bundan faydalanır, kimsə... Ehh, nə isə!
Kırşehirlə vida... Gələn görüşədək!
Yolumuz geriyə, Ankarayadı. Bu neçə gündə bizi mistikası, istisi, soyuğu, mehriban insanları, unudulmaz anları, yolboyu sıralanmış iydə ağacları ilə qoynuna alan bu balaca şəhərdən ayrılmaq nə qədər kədərlidisə, o qədər fərəhlidi. Bu gedişin geriyə qayıtması da olacaq hökman... Bir də axı bizə xatirələr qaldı; yaddaşın istənilən oyunlarına, müəmmalı işlərinə baxmayaraq heç zaman xatirimizdən çıxmayacaq, səfər qeydlərimizdə, şeirlərdə, yaxud nəsr əsərlərində hansısa şəkildə görünəcək saysız-hesabsız anımlar...
PƏRVİN
525-ci qəzet.- 2016.- 11 iyun.- S.16-17.