Bir dünyalıq ədəbiyyat söhbəti,
yaxud esselərdən ibarət roman
Müasir Azərbaycan elmi-ədəbi və ictimai
fikrinin görkəmli yazıçı və
dilçi-folklorçu-tənqidçi kimi qəbul etdiyi alim
Kamal Abdullanın “Düma ilə Coys arasında” adı ilə
təqdim etdiyi yeni kitabı bir çox cəhətdən
ciddi maraq doğurur.
İlk
növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycan
oxucusunun mütləq əksəriyyətinin kifayət qədər
tanıdığı, mütaliə etdiyi, daha çox filmlərinə
baxdığı Ata Düma ilə müqayisədə demək
olar ki, haqqında daha çox mütəxəssislərin məlumatı
olan Ceyms Coys arasında özünəməxsus yeni ədəbiyyat
düşüncəsi təqdim etmək
çağırışları Kamal Abdullanın ölkəmizdə
milli yaradıcılıq təfəkkürünün
dünya ədəbi prosesi müstəvisində inkişaf
etdirilməsi, dəyərləndirilməsi istiqamətində
atdığı mühüm addım kimi ciddi əhəmiyyət
kəsb edir. Hər şeydən əvvəl, Kamal
Abdullanın “özü üçün icad etdiyi” Düma ilə
Coys arasındakı ədəbiyyat yolunun müəyyən
edilməsi, əslində, müasir elmi və ədəbi
fikir üçün son dərəcə
yeni və zəruri olan nəzəri qənaətdir. Kamal
Abdullanın essevari şəkildə müəyyənləşdirib
bəyan etdiyi “bir ayağı bu dünyanın
torpağında” olub, asan şəkildə qavranılan sərgüzəştlərdən
ibarət olan Düma ədəbiyyatı və “plyajda oxuna
bilməyən”, “paralel dünyalarda da özünə yer eləyə
bilən” mürəkkəb Coys ədəbiyyat yolu
haqqındakı qənaətləri bir tərəfdən
qlobal mənada kənardan baxanda kifayət qədər çətin
görünən bədii yaradıcılıq
dünyasına aydınlıq gətirir, digər tərəfdən
isə ədəbiyyatda milli və ya fərdi özünəməxsusluğun
zəruriliyini diqqət mərkəzinə çəkir. Hər iki mənada dünya ədəbiyyatına və
ümumiyyətlə, ədəbi prosesə bu cür elmi və
ədəbi cəhətdən aydın, konkret və ümumiləşdirilmiş
baxışın meydana qoyulması xidmətdir. Və
bu, yüksək səviyyədə hazırlıq, geniş
dünyagörüş, aktiv mütaliə tələb edən
belə dərin elmi-nəzəri, ədəbi-ictimai əhəmiyyətə
malik ümumiləşdirici qənaətlərin müəllifinin
təmsil etdiyi xalqın ədəbiyyatının, ən
azı özünün yaratdığı ədəbiyyatın
harada olduğunu, hansı istiqamətdə inkişaf etdiyini,
orijinallığı dərindən
hiss etməsi, dəyərləndirib qiymətləndirməsi
baxımından da əhəmiyyətlidir. Həm də, fikrimizcə,
böyük ədəbiyyata təkcə bələd olmaqda
yox, eyni zamanda, sözün ən yaxşı və ciddi mənasında
daxili tələbatdan gələn iddiaçılardan biri
olmadan “Düma ilə Coys arasında”kı ədəbiyyat
yolçuluğunda özünün məsuliyyətli
cığırını
düşünüb-daşınmaq mümkün olmazdı.
Kamal Abdullanı dünyaya çıxaran
“Yarımçıq əlyazma” romanının beynəlxalq aləmdə
ciddi və fərqli bir nəsr hadisəsi kimi
qarşılanması, ölkə ədəbi mühitində
yeni ədəbi cərəyanın, postmodernizmin təzahür
etməsi səviyyəsində əks-səda tapması onun
yaradıcısının “Düma və ya Coys yolu” ilə
deyil, məhz Düma ilə Coys arasındakı öz yolunu qətiləşdirib
daha inamla irəli getməsi üçün zəruridir. Bu özünəməxsusluğun
ən mühüm xüsusiyyətlərini Avropa postmodernist ədəbiyyatının
əsas yaradıcılarından olmuş görkəmli italyan
yazıçısı Umberto Eko Kamal Abdulla ilə ilk və
son görüşündə aşağıdakı şəkildə
nəzərə çarpdırmışdır: “Coys sizdən
də çətin yazır... Sizin roman cəlbedicidir
(italyanca avvintacente), amma onu plyajda oxumaq olmaz”. Deməli, müqayisənin necə olmasından asılı
olmayaraq Kamal Abdulla Dümadan çətin, Coysdan asan oxunan cəlbedici
ədəbiyyatın (bədii mətnin)
yaradıcılarındandır. Fikrimizcə,
onun Dümadan çətin oxunan əsərlərinin cəlbedici
olmasında isə yaradıcılığı
üçün səciyyəvi olan bədiiliklə elmiliyin
paralelliyi və üzvi sintezidir. Bizə
görə mətn yazıçı Kamal Abdullanın
niqabı, mahiyyət isə gerçəkliyidir.
“Düma ilə Coys arasında” ədəbi esselərdə
ifadə olunmuş aşağıdakı fikir, ümumiyyətlə,
ədəbiyyata, daha çox isə fərdi özünəməxsusluğa
malik olan, yaradıcılıq fərdiliyini nəinki qoruyub
saxlamaq, daha da inkişaf etdirib dərinləşdirmək
marağında (iddiasında) olan yazıçı
üçün, bu mənada hətta Kamal Abdullanın
özü üçün də
düşündürücü və qiymətli paroldur:
“Müəllif öz qəhrəmanına onun
yaşadığı yox, yaşaya biləcəyi həyatın
bir qırığını, bəzən də bir kəsiyini,
ya da bütövünü göstərir. Müqayisə
edilən hissələr, yəni, yaşanan həyatla
yaşana biləcək həyat arasındakı fərq mənəvi
baxımdan o qədər böyük alınır ki, burada
yerinə yetməmiş arzular, ümidlər və puç
olmuş xəyallar xam torpaqlar kimi şumlanır. Beləliklə, əsərin
öz-özlüyündə, bəzən də əsas
süjetdən aralı duran məxsusi arxeoloji dərinlik
yaranır. Buradan katarsisə də (!),
yenidən intibaha da (!), günah hissini yaşamağa da, əzabçəkmə
çalarlarının yeni təsvirlərinə də əvvəlcədən
tanış olmayan, elə onun üçün də
xüsusi maraq doğuran cığırlar, lağımlar
açılır”.
Kamal
Abdullanın “Düma ilə Coys arasında”kı böyük ədəbiyyat
haqqında düşünərkən gəldiyi bu qənaət
də yaradıcı şəxsiyyətin diqqətindən kənarda
qala bilməyəcək ana prinsiplərin ifadəsidir:
“...Əsər
qəhrəmanlarının xəyal və arzularının, həyata
keçirmək istədikləri niyyət və
düşüncələrin, əslində,
yaşanmamış həyatın ilğımıdır... Yaşanmamış, amma yaşaya biləcəyi həyatın
ilğımı onun üçün bir nəfəscikdir”.
Kamal
Abdulla həm dünya ədəbiyyatında, həm Azərbaycan
ədəbiyyatı tarixində, müasir ədəbi prosesdə,
tamamilə yeni və orijinal fikirlər, mülahizələr,
qənaətlər aşkar etməklə, dərin ümumiləşdirmələr
aparmaqla böyük ədəbiyyat karvanının hara
çəkib apardığını, harada təmkin və ya
əksinə, sürət götürmək lazım
olduğunu aydın surətdə görmək və göstərmək
imkanlarına malikdir. Esse janrının tələbinə
uyğun olaraq yığcam şəkildə ifadə edilən
bu tip qənaətlərdən hər biri miqyasına və səviyyəsinə
görə ayrıca tədqiqatın, geniş araşdırmaların
mövzusu ola bilər: “Prometeyi niyə
unuda bilmirik sualının cavabı onun odu sadəcə
götürüb insanlara gətirməsi deyil. Bu
yolda nələr çəkəcəyini bilən birinin hərəkətidir.
Gələcəyindən (Zevsin qəzəblənməsindən,
Qaf dağına zəncirlənəcəyindən - K.A.) qorxmayan
birinin addımıdır”. Yaxud antik yunan fəlsəfəsinin
yaradıcılarından olan Sokratın ölüm cəzası
qabağı arvadı ilə olan dialoqunu bu böyük
dühanın uca müdrikliyinin dəqiq ifadəsi kimi oxucuya təqdim
etmək onu sanki yenidən kəşf etməyə imkan
yaradır: “Sokrata ölüm cəzası kəsilərkən
arvadı ah-nalə qoparır, acı fəryadı ilə
afinalı hakimlərin qəlbini yumşaltmağa
çalışır, elə hey “ərim
günahsızdır” - deyib ağlayıb sızlayır. Bunu
eşidən Sokrat həmişəki kimi təmkinini pozmadan
deyir:
-
Ağılsız qadın! Bəs sən istərdin
ki, ərin günahkar kimi ölümə məhkum edilsin?!”
Və
yaxud da “Düma ilə Coys arasında” kitabında ayrıca fəsildə
ifadə olunan “Don Kixotun ölümü” essesindəki
aşağıdakı fikirlər haqqında bir kitabxanalıq
qədər əsərlər yazılan bu dahiyanə
romanın bədii sonluğuna dair orijinal mülahizələrdir:
“Elə bil, Don Kixot deyil, Servantes ölürdü. Elə bil, Servantes öz sevimli qəhrəmanı
üçün deyil, özü üçün epitafiya
yazırdı. Və əslində, Don Kixot
ölmürdü, o, yenidən dirilirdi... Don
Kixot meşədən, mağaradan, alaçıqdan
çıxa bildi, özünə məkan kimi isə nəhayətsizliyi
seçdi”.
Elmdə
də, ədəbiyyatda da “Kitabi-Dədə Qorqud”
dastanlarını fərqli yöndən təqdim edən Kamal
Abdulla məsələyə “Düma ilə Coys arasında”
yenidən baxarkən indiyəqədərki fikirlərini,
ümumiləşmiş qənaətlərini daha da dərinləşdirib
inkişaf etdirən mühüm nəticələrə gəlib
çıxır. Ədəbi esselərin ən
müxtəlif mətnlərində Kamal Abdullanın “Kitabi-Dədə
Qorqud” dastanları və qəhrəmanları
haqqındakı mülahizələri Azərbaycan
qorqudşünaslığına daha yeni və qiymətli əlavələrdir.
“Düma ilə Coys arasında” böyük ədəbiyyatın
yerini müəyyən edərkən Kamal Abdullanın fərqli
epoxada yaşamış Azərbaycan ədəbiyyatının
qüdrətli yaradıcılarından olan Məhəmməd
Füzuliyə aid mülahizələri, ümumən,
füzulişünaslıqda təzə səhifələrdir. Bu yeniliyin mahiyyətini təsvir
etməkdənsə Kamal Abdullanın həmin mövzudakı
öz sözlərinin ana xətlərini olduğu kimi
köçürüb olduğu kimi təqdim etməyi daha məqsədəuyğun
hesab edirəm: “Hər şair özünün bir, ya iki
misrasının içində olar. Yerdə
qalan, necə dəyərlər, təfərrüatdır.
Füzuli “Şəbi-hicran, yanar canım...” kimi
hətta amansız odlu fəryadın, yaxud
pıçıltının içində deyil. O, qəm
şairi deyil! Kədər, sitəm, biçarəlik şairi
deyil... Bəs əsl Füzuli haradadır?...
Məcnun doğularkən şair onun adından ilahiyə
üz tutub belə söyləyir:
Olmuşdu
zəbani-hali guya,
Söylərdi
ki, ey cəfaçı dünya,
Bildim qəmini
sənin ki, çoxdur,
Qəm çəkməyə bir hərif yoxdur.
Gəldim
qəminin olam hərifi,
Gəl imtahan eylə mən zəifi.
...Həm
ver mənə qəm yemək kəmali,
Həm aləmi eylə qəmdən xali.
Füzuli özünün bütün
böyüklüyü ilə bu misraların içindədi. Budur,
Füzulinin əndəruni (gizlini - İ.H.). Bu misralarda qəm yoxdur, bir
çılğınlıq və bir nikbinlik var. Dəlisov
bir inam var ki, ona ilahidən təmənna etdiyi, istədiyi
qüvvə verilsə, o, bütün aləmi çəkib qəmdən
azad edəcəkdir”.
Ümumiyyətlə, ədəbi esselərdə Məhəmməd
Füzuli haqqındakı fikirlər Kamal Abdullanın
yaradıcılığının yeni səhifələridir. Bədii mətnlə, yəni,
Füzuli sənəti ilə yanaşı da dərindən bələd
olan Kamal Abdullanın
böyük bəşəri əzabkeşliyinə
görə Məhəmməd Füzulini “poeziyanın İsa
peyğəmbəri” adlandırması
füzulişünaslıq elminin məhz yeni tarixi epoxadakı
qənaəti kimi meydana çıxa bilən təyinatdır.
Füzulinin zamana sığmaması haqqındakı fikirləri də
Kamal Abdullanın mülahizələrinin
orijinallığını nümayiş etdirir. Əlbəttə,
digər yanaşmalarında olduğu kimi, Füzuliyə
münasibətində də Kamal Abdulla nə qədər elmi
yöndən diqqəti cəlb etsə də, heç də
az olmayan dərəcədə yazıçı fəhmi ilə
də məsələnin mahiyyətinin açılmasına
xidmət edir. Böyük alman filosofu Hötenin Şekspirin
Hamleti haqqındakı fikirləri ilə Füzuli və zaman
məsələsinin müqayisəsindəki obrazlı
düşüncələrində elmlə birlikdə bədii
dərkin də özünəməxsus payı vardır:
“Höte deyirdi ki, Hamlet zəmanəsinə sığmır. Çünki o, billur vazaya əkilən palıd
ağacı kimidir. Billur vaz isə zəmanədi.
Hötenin metamarfozasına görə, vaxt gələcək,
palıd ağacı böyüyüb vazanı
dağıdıb parçalayacaq. Deməli,
diqqəti palıd ağacına yox, zəmanəyə vermək
lazımdır.
Füzulinin zəmanəsi belə bir billur vaz ola bilərmi?”
Suala verilən cavabda sənətkar, zaman və
müasirlik məsələləri dəqiqliklə öz əksini
tapmışdır. Esselərə səpələnmiş
Füzuli notları sanki “Yarımçıq əlyazma”
romanındakı Şah İsmayıl Xətai
dövrünün unudulmuş fəsilləridir. Ədəbi
esselərdəki Füzuli motivləri “Yarımçıq əlyazma”nı tamamlayan əhvalatlardır. Bununla Kamal Abdulla Səfəvi hakimiyyəti
dövrünün siyasi həyatı ilə yanaşı, mənəvi
aləmini də canlandırır və epoxanın
bütöv mənzərəsinin möhtəşəm rəsmini
çəkir. Beləliklə, həm də
müəllifin bundan əvvəl Füzuli sənəti ilə
bağlı “Ada sahibi” adlı esse-tədqiqatı ilə
başlanan araşdırmalar daha da dərinləşir.
Ümumiyyətlə, Kamal Abdulla Azərbaycan elmində və
ədəbiyyatında intellektual mətnin əsas
yaradıcılarından biri kimi qəbul olunur. Məsələyə
bədii yaradıcılıq tərəfdən baxsaq istedad,
elmi cəhətdən yanaşsaq isə idrak Kamal Abdulla
intellektuallığının ana xətləri kimi canlanar.
Kamal Abdullada elmilik və bədiilik o qədər
vəhdətdədir ki, burada paralellik nəzərə
çarpmır. O, təmkinli bir lokomotiv kimi paralel dəmiryol
xətlərinin üzərində ədəbi-ictimai və
elmi fikri irəliyə apara bilir. Kamal
Abdullanın simasında, Xalq şairi Məmməd Arazın
bir şeirində deyildiyi kimi, artıq qoşa dəmir yolu bir
ömür yoluna çevrilmişdir.
Kamal Abdullanın esselərində ədəbiyyat nəzəriyyəsi
məsələləri haqqındakı fikirlərdə də
elmilik və bədilik vahid cəbhədən
çıxış edir. Hətta dərindən
diqqət yetirsək, Kamal Abdullanın ədəbiyyat nəzəriyyəsinə
aid tərifsayağı mülahizələri obrazlı elmi
tezislərdən yoğrulmuşdur. Elmi
meyarların dəqiqliyi və obrazlı ifadə tərzi bir
yerdə yazıçılıq olmadan mümkün deyildir.
Ədəbiyyat nəzəriyyəsinə aid olan qafiyə,
misra, roman, povest kimi anlayışların təriflərində
Kamal Abdullanın yazıçı tərəfini fərqli cəhət
kimi qiymətləndirmək lazımdır. Elmi
baxışları ifadə etməkdə tədqiqatçı
qənaətinin olması sadə bir gerçəklik,
obrazlı ifadə üsulu isə fərqli bir
bütövlükdür. “Düma ilə Coys
arasında”kı kitabından bir daha görünür ki:
akademik Kamal Abdulla yazıçı Kamal Abdulla ilə birlikdə
fərqli və güclüdür. Bədii
yaradıcılığında o, ədəbiyyat
ağırlıqlı tədqiqatçıdır. “Yarımçıq əlyazma”da olduğu kimi,
“Düma ilə Coys arasında”kı ədəbi esselərində
də Kamal Abdullanın harada elm adamı, harada
yazıçı olduğunu ayırmaq çətindir.
“Birun - əndərun oyunları” essesində həyat
materialının təqdimatı ədəbiyyat hadisəsi,
mahiyyətin qiymətləndirilməsi isə elmi
baxışların ifadəsidir. Hətta
fəlsəfi mahiyyətə malik olan birun (aşkarlıq) və
əndərun (mübhəmlik) Kamal Abdullanın təqdimatında
bədii obraz səviyyəsinə qaldırılmışdır.
Bu mənada, essedə Birun və Əndərun
ictimai məzmunlu bədii obrazlar kimi cəlbedici
görünürlər. İctimai-fəlsəfi
anlayışları bədii obraz səviyyəsinə
qaldırmağı bacarmaq müdrikliyin göstəricisidir.
Bu mənada və bütün digər mənalarda
Kamal Abdulla ömrünün və ədəbi-elmi və
ictimai fəaliyyətinin müdriklik çağını
yaşayır.
Müasir
ədəbi prosesin çağırışlarından və
qayğılarından, gərginliklərindən bəhs edəndə
də nə qədər çətin olsa da Kamal Abdulla
mühitin səthində qalmır, fövqində dayanmağa
çalışaraq mahiyyəti açmaqla bərabər, həm
də çıxış yolu göstərmək
funksiyalarını da həyata keçirməyə ciddi surətdə
səy göstərir. Ədəbi mühitin bir neçə problemi, xüsusən
“literaturşina” baxışlı, kənd ədəbiyyatı
və şəhər ədəbiyyatına münasibət məsələsi
indiyədək Kamal Abdullanın esselərində olduğu səviyyədə
elmi-ədəbi fikirdə açıq və geniş həllini,
əksini tapmamışdır. Bu, Azərbaycan ədəbiyyatı
və elmi mühitinin “kulisindən” alınıb gizlindən, əndərundan
çıxarılaraq elmi fikrin təmiz havasına gətirilmiş
mətləblərdir. Bu mənada Kamal Abdulla Azərbaycan
ədəbiyyatşünaslıq elmində “literaturşina” hərəkatının
ilk tədqiqatçısı kimi çıxış edir və
ədəbi prosesə mane olan, sədd çəkən, buxov
olan həmin baxışları aydın məntiqlə şərh
edib ümumiləşdirir. Bu məqamda Kamal
Abdullanın elm adamı və ya yazıçı kimi
narahatlığı elmi-ədəbi mühitin
qayğıları ilə üst-üstə düşür.
Kamal Abdulla “literaturşina”ya münasibətində
müəyyən bir ideologiyanın bu axına arxa duraraq
mühitdə böyük ədəbiyyatı yox, süni
qarşıdurmaları körükləndirildiyini
yaxşı görür və həmin dalğaya qarşı
barışmaz mövqeyini elmi şəkildə ifadə edir. Kamal müəllimin
“literaturşina”ya baxışı Azərbaycan ədəbiyyatşünaslıq
mühitində bu axına hələ ki birinci geniş və
sistemli elmi münasibətdir ki, bu, “Düma ilə Coys
arasında” kitabında təzahür edir. Kamal Abdulla
“literaturşina”nın mahiyyətini
açır və ona münasibətini
aşağıdakı kimi mənalandırır:
“Literaturşina” deyərkən ilk növbədə “ədəbiyyatdangəlmə”
nəzərdə tutulur. ...Bu kimi süni anlayışlar Sovet dövründə
litinstitut adlı ədəbi təhsil ocağı vardı, orada istehsal
edilirdi. ...”Literaturşina”nı həyatdangəlmə
hal ilə qarşılaşdırırdılar. Yəni, bir
yazıçı həyatın içindən gəlir ədəbiyyata,
başqa yazıçı isə həyatdan gəlmir, ədəbiyyatdan
gəlir... Kimlərinsə yarlıq
vurduqları yazıçılar guya kitab oxuya-oxuya
yazıçı olublar. Onlar həyatı
bilmirlər.
...İndi mən də belə bir sual edirəm. Kitabsız,
kitaba söykənmədən ədəbiyyata gəlmək və
ədəbiyyatın içində olmaq
mümkünmüdür? Ağıllı
adamlar, əlbəttə ki, deyəcək mümkün deyil.
Haradan baxırsan ədəbiyyatın yolu kitab yoludur... Hər
oxucunun özünün “giriş-çıxış
zolağı” var.
...Mən imkan daxilində bu iki xətti birləşdirməyə
çalışdım”.
Kamal Abdullanın müasir ədəbi prosesdə
ədəbi tənqidin rolu və tənqidçi nəsilləri
haqqındakı mülahizələri böyük bir epoxanın
mənzərəsini əks etdirir. Tənqidçilərin təsnifatında
yalnız danışan “sokratiklər”, daha çox yazan və
həm danışıb həm də yazan tənqidçi nəsilləri
bölgüsü konkret bəlli adlarla ifadə olunduğu
üçün düşündürücü
görünür. Romanların janrdaxili bölgüsünə
baxışda da Kamal Abdulla orijinallıq göstərir:
“Romanlarla bağlı təsəvvürlərimizi bir az da
genişləndirək. Siz “qaşqabaqlı roman” təsəvvür
edə bilirsinizmi? Bəs mülayim roman necə? Hardasa “Kədərli
roman” deyə bilərik. “Nikbin roman” da leksikonumuza daxil olub. ...Məncə “Don Kixot” təəccüblü
romandır. “Hərb və sülh” yorğun
romandır. “Qətl günü”
qaşqabaqlı romandır. “Dəli
Kür” qəzəbli romandır. “Saçlı”nı
mən təmkinli roman kimi təsəvvür edirəm”. Doğrudur, bu təsnifat roman janrının elmi təsnifatı
deyildir, lakin romanı janr kimi yenidən öyrənmək
üçün bələdçi sayıla bilər. Eyni sözləri “Düma ilə Coys arasında”
kitabında ricətdən və onun formalarından istifadədə
də görmək mümkündür. Kamal
Abdullanın esselərində ənənəvi lirik ricətlərlə
yanaşı labirinli ricət, düşündürücü
ricət, adi ricət, fonetik ricət, hətta ricətin sonu
kimi bədii haşiyələrdən yerli-yerində istifadə
olunur. Bu ricətlərdə yalnız ədəbiyyat
materialı deyil, həm də elmi mətləblər öz əksini
tapır. Beləliklə, əsasən, bədii
yaradıcılıq üçün səciyyəvi olan ricət
müəyyən mənada elmi mətn üçün də
uyğunlaşdırılır. Bütün bunlar
“Düma ilə Coys arasında” esselərinin sənətkarlıq
xüsusiyyətləri, üslub zənginliyi kimi meydana çıxır,
geniş mənada isə bədii yaradıcılıq
dünyası haqqında elmi söhbət açmağa imkan
yaradır.
“Düma ilə Coys arasında” hər bölmənin fəsil adlandırılması təsadüfi olmayıb, əvvəla, hər bölmənin tutumlu elmi-ədəbi yükə malik olduğunu, ikincisi isə fəsillər arasındakı daxili bağlılığı, əlaqəni ifadə edir. Ümumiyyətlə, təqdim olunan ədəbi esselər silsiləsi bir-birini tamamlayan fəsillərin qarşılıqlı əlaqəsi əsasında formalaşmış bütöv bir tamın təzahüründən ibarətdir. Kamal Abdullanın böyük ədəbiyyatda və ədəbi düşüncənin işığında cəmiyyətin inkişafı prosesində “Düma ilə Coys arasında” müşahidə etdiyi, yaxud da görmək istədiyi nə varsa, hamısı bütün ana xətləri və təfərrüatları ilə birlikdə esselərdə əhatə olunmuşdur. Hətta demək olar ki, hər biri həm də müstəqil əsər kimi səslənən esselərin əksəriyyətində eyni süjetin davamını və inkişafını, ən müxtəlif təzahürlərini görmək mümkündür. “Kitabi-Dədə Qorqud” dastanlarına müxtəlif esselərdə təkrar-təkrar qayıdış hər dəfə mətnlə əlaqədar yeni bir məsələnin şərhinə xidmət edir. Məhəmməd Füzuliyə istinad edilən misralar, notlar nəinki Kamal Abdullanın ideyalarını, hətta postmodernist fikirlərini də hərəkətə gətirməkdə fəal iştirak edir. Bütünlükdə “Düma ilə Coys arasında” kitabı esselərdən ibarət yeni tipli roman kimi böyük bir epoxanın ədəbi-ictimai fikrinin geniş mənzərəsini canlandırır.
Böyük italyan yazıçısı Umberto Ekonu isə “Düma ilə Coys arasında” kitabının əsas qəhrəmanlarından biri hesab etmək olar. Bu, demək olar ki, əksər fəsillərdə haqqında ən çox söz açılan, xatırlanan, istinad edilən ədəbi obraz səviyyəsinə qaldırılmış şəxsiyyətdir. Kamal Abdullanın dünya şöhrətli yazıçı Umberto Eko ilə ilk və son görüşünün təfərrüatları və ustad adlandırdığı görkəmli ədəbiyyat xadimi ilə Azərbaycan yazıçısının ədəbiyyat söhbətləri “Düma ilə Coys arasında”kı esselərin əsas mahiyyətini ifadə edir. Əslində, müasir Avropa postmodernizminin atası Umberto Ekonun yaradıcılığı “Düma ilə Coys arasında”kı fərqli ədəbiyyatın ən bariz nümunəsidir. Hətta Kamal Abdullanı Umberto Ekoya bənzədənlər də Azərbaycan yazıçısının yaradıcılığında postmodernizmi əsas kimi qəbul edərək belə bir qənaətə gəlmişlər. Lakin fikrimizcə, postmodernizm bu yazıçılar arasındakı ümumi faktordur. Kamal Abdullanın da esselərinin birində etiraf etdiyi kimi, postmodernizmin müxtəlif istiqamətləri, təzahürləri vardır. Bütövlükdə Azərbaycan postmodernizmi Qərbin eyni adlı ədəbi cərəyanının tam bənzəri deyildir. Azərbaycan postmodernizmi bu ədəbi cərəyanın ümumi cəhətləri ilə yanaşı, milli xüsusiyyətləri ilə təzahür edir. Bununla belə, esselərdən hiss etdim ki, Kamal Abdulla postmodernizmin ölkəmizdə əsas simalarından biri, birincisi olması faktına bir qədər ehtiyatlı yanaşır. Bəlkə də hər hansı bir yazıçının, o cümlədən də Kamal Abdullanın da özü haqqında nəyi isə elan etməsi etik cəhətdən yaxşı səslənməz. Kamal Abdullanın postmodernizm sahəsindəki fəaliyyətinə məsafəli yanaşması da yalnız sırf etika məsələsidir. Əslində isə Kamal Abdulla Azərbaycan ədəbiyyatında postmodernizm ədəbi cərəyanının əsas yaradıcısıdır. Bu axını Azərbaycan ədəbi fikrinə gətirməklə ölkə ədəbiyyatında postmodernizmi ədəbi cərəyan səviyyəsinə qaldırmaqda aktiv iştirak etmək, aparıcı mövqe tutmaq nə qədər yaxın anlayışlar olsa da, eyni mənanı ifadə etmir. Hər hansı bir ədəbi axının, bu xüsusda postmodernizmin Azərbaycanda ədəbi cərəyana çevrilməsi, ədəbi cərəyan səviyyəsinə qalxması üçün ilk növbədə bu istiqamətdə ardıcıl olaraq fəaliyyət göstərən, inkişafda olan bir yazıçının olması mühüm şərtlərdən biridir. Kamal Abdulla artıq 20 ildən çoxdur ki, ölkəmizdə postmodernist ədəbiyyatın yaradılması yollarında dayanıqlı şəkildə yaradıcılıq yolunu uğurla davam etdirir. Sağdan-soldan müxtəlif münasibətlərlə üzləşməsinə baxmayaraq, bu sahədəki yolundan dönməyən, ədəbi prosesin əks-sədasına daha sanballı əsərlərlə reaksiya verən Kamal Abdullanın yaradıcılığı Azərbaycanda postmodernizmin oturuşmuş bir sisteminin formalaşması ilə nəticələnmişdir. Bundan başqa, müstəqillik dövrünün konkret tarixi şəraitində Kamal Abdulla ilə sənət cəbhəsi baxımından həmrəy olan, özü üçün bu yolu seçib müəyyənləşdirən, ayrı-ayrı janrlar üzrə davam etdirən yaradıcı qüvvələrin meydana çıxması Azərbaycan ədəbiyyatında postmodernizm ədəbi cərəyanının de-fakto yaranması ilə nəticələnmişdir. Postmodernizmə münasibətin fərqli olmasından asılı olmayaraq, bu - artıq faktdır. Bu işdə, yəni postmodernizmin ədəbi cərəyan kimi formalaşmasında Kamal Abdullanın “baniyi-kar” olması da inkaredilməz həqiqətdir. Bununla belə, Azərbaycan postmodernizmi Avropa postmodernizm cərəyanının eynisi olmadığı kimi, fərqli yaradıcılıq xüsusiyyətlərinə malik olan “ədəbiyyat monarxı” Umberto Eko ilə Kamal Abdullanın əsərləri də yalnız üslub, yanaşma tərzi etibarilə oxşar, bənzər yazıçılar ola bilərlər. Umberto Ekonun yaradıcılığında müasir dövrün postmodernist dərki və təqdimi üstünlük təşkil edirsə, Kamal Abdullanın əsərlərindəki mifologiya və tarixi baxışın aparıcılığı həmin fərqli xüsusiyyətləri aydın şəkildə əks etdirir. Fikrimizcə, Umberto Eko kimi böyük bir yazıçı da Kamal Abdullanın yaradıcılığına, sadəcə, onun postmodernist yazıçı olmasına görə deyil, fərdi özünəməxsusluğa malik fərqli yazıçı olduğu üçün xüsusi diqqət yetirmiş və yüksək qiymət vermişdir.
Şübhəsiz ki, “Düma ilə Coys arasında”kı esselərdə təqdim olunan süjetlər və söhbətlər daha sistemli tədqiqatların və dəyərləndirmələrin mövzusuna çevriləcəkdir. Kamal Abdulla da Umberto Eko ilə iki saat davam edən görüşü bütün fəlsəfəsi ilə “bir dünya söhbət” səviyyəsində təqdim edir. Bu bir dünyalıq söhbətin mənası və dəyəri “Düma ilə Coys arasında” kitabının “Darıxan adamlar” fəslində təsirli bir hadisənin təsviri ilə aşağıdakı kimi ifadə olunur: “Umberto Ekonun İtaliya üçün, italyan mədəniyyəti üçün, sadə insanlar üçün kim olduğunu təsəvvür etmək qürurvericidir. Sandro Teti otelə qayıdarkən taksidə sürücüyə bir az əvvəl Umberto Ekonun evində onun qonağı olduğumuzu söylədi... Otelə çatıb maşından düşəndə sürücü bizdən pul almaq istəmədi. Axırda güclə maşının pulunu verdik. Mən diqqətlə baxıb gördüm ki, sürücü Umberto Ekonun qonağı üçün bunu ürəkdən edir”.
Bütövlükdə, Kamal Abdullanın “Düma ilə Coys arasında” ədəbi esselər kitabı düşündürücü, əhəmiyyətli və müasirlik ruhu ilə yadda qalan bir dünyalıq ədəbiyyat söhbəti üçün zəngin material verir, sistemli bir roman təəssüratı yaradır, böyük ədəbiyyat adoğru geniş yol açır. Kitab təkcə ədəbiyyatçılar üçün yox, ümumiyyətlə, mədəniyyətşünaslıq üçün maraqlı və faydalı olacaqdır - deyə düşünürəm.
30 may
2016-cı il
İsa Həbibbəyli
525-ci qəzet.- 2016.- 11 iyun.- S.10-11