Könüllərdə, yaddaşlarda
yaşamaq haqqı - Vətəni qibləgah
edən şəhidlər
Zaqatalada beşmərtəbəli evin
sonuncu mərtəbəsində
yaşayır şəhid
Sərxan Bayramovun ailəsi. Əslində valideynləri Oqtay
da, Həlimət də gəncdirlər.
Hər ikisinin 50 yaşları ancaq olar. Ancaq tale çiyinlərinə
elə bir yük qoyub ki...
Şəhidimizin anası Həlimət
Bayramovanın söhbətindən
öyrəndik ki, oğlu ilə son görüşləri bu il martın
20-də olub. Mart ayının
22-də Sərxan üçün
qız qapısına
elçi gediblər, aprelin 10-da da nişan aparacaqdılar...
Ancaq aprel ayının 10-da oğlunun üçrəngli
Azərbaycan bayrağına
bükülmüş tabutunu
gətirdilər evinə.
- Mən onun toyuna
hazırlaşırdım. Xonçalar tutacaqdım...
Bu evin hər küncündə, hər
qapısında, aynasında
Sərxanın xatirəsi,
əksi var. Son zamanlar
söhbət edəndə
mənə deyirdi ki, ana, sən
möhkəm ol! Bəlkə də özü bilirmiş ki, ömrü yarıda qırılacaq...
Söhbəti arandan, dağdan gətirib, mətləbə
yetirirəm, Oktay Bayramovdan oğlu Sərxanı soruşuram. Cavabı
belə olur:
- Özüm çilingərəm.
Sərxana da öyrətmişdim
sənətimi. Əsgərliyə getdi. Bir gün dedi ki,
Xüsusi Təyinatlı
Bölməyə yazılmaq
istəyir. Böyük qardaşı Harun
da hərbçidir.
O Ali Hərbi Akademiyanı bitirib.
8-ci sinfi bitirəndən
sonra Sərxanın sənədlərini Naxçıvanskı
adına hərbi litseyə verdik. Qəbul olunmadı. Necə ağlayırdı, necə
tökürdü gözünün
yaşını. Bu sənəti sevirdi. Uşaqlıq şəkillərinin içərisində də
hərbi formada bir şəkli var. Bütün ümidlərimizi,
arzularımızı yarımçıq
qoydu Sərxan. Aprelin 1-dən
2-nə keçən gecə
erməni qəsbkarları
torpaqlarımızda qəfil
döyüşlərə başlayanda, bizim əsgərlərimiz şücaət
göstərib, döyüşlərin
ilk günündə kəşfiyyatçı
oğlum Sərxan da onların sıralarında olmaqla, Tərtər istiqamətində
Talış yüksəkliyinin
alınmasında iştirak
edib. Sonra da şəhid
olub. Yəqin ki, qalibiyyətdən xəbər tutub, onun qanı bahasına torpaqlarımızın
kiçik bir hissəsinin azad olunduğunu bilib...
Həlimət Bayramova Sərxan haqqında daha xoş xatirələr yazılsın deyə, müəllimləri və
dostları ilə əlaqə saxlamağımızı
xahiş etdi. Biz 5-ci mərtəbədən həyətə
enəndə məhəllədə
qonşuları gördük.
Əminə, Nəsihət və
Vüqarı. Sərxan
Bayramov haqqında yazmaq istədiyimizi biləndə Əminə
bacı dedi:
- Sərxan ölmək üçün yox, yaşamaq üçün
doğulmuşdu. Onu məhəlləmizdə sevməyən
adam yox
idi. Çox yaxşı uşaq
idi. Haraya baxırıqsa yeri
görünür. Axırıncı
dəfə görəndə
ona dedim ki, bala, qayıt
gəl, ata-anan təkdir evdə. Dedi ki, xala,
bəs, mən getməsəm, kim
gedəcək?! Şəhid olsam,
ağlamayın. Hələ də
anasına deməmişik
bu sözü. Üzünə baxa bilmirik Həlimətin. Ancaq neyləyək,
Vətən yolunda şəhid olub, onun qanı ilə torpağımız
azad edilib.
Qalibiyyət şəhidimiz Sərxan
Bayramov Zaqatalada şəhid Nizami Hüseynov adına
rusdilli orta məktəbi bitirib. Nizami Hüseynov 1994-cü ildə
Qarabağ uğrunda döyüşlərdə həlak
olub. Bu gün
həmin məktəbdə
Sərxanı da şəhid kimi anırlar. Məktəbin müəllimləri Larisa Əsgərova və Sərxanın sinif rəhbəri olmuş Nərgiz Ədilovadan soruşduq vətən oğlunu. Larisa Əsgərova
dedi:
- Bizim rayonun 192 şəhidi var.
2-5 aprel döyüşlərində
isə məktəbimizin
sevimli şagirdi Sərxan Bayramovu da itirdik. Söz xatirinə
demirəm, elə şagirdlər var ki, onlar müəllimlərin
və məktəbin yadında həmişə
qalır. Sərxan bir
başqa şagird idi. Onu hamı sevirdi.
Onun yoxluğunu qəbul etmək çox çətindir. İndi o bizim
məktəbin, rayonun,
Azərbaycanın fəxridir.
40 gün məktəbin
foyesində onun şəklini saxladıq.
Məktəblilər Zaqatalanın dağlarından,
düzlərindən topladıqları
tər-təzə çiçəkləri
hər gün gətirib, onun şəklinin önünə
qoyaraq ehtiram göstərdilər. İndi də
şəkli qəhrəmanlar
sırasında asılıb.
Nərgiz
Ədilovanın dedikləri:
- Mən Sərxangilin
sinif rəhbəri, həm də riyaziyyat müəlliməsiyəm. Elə suyuşirin,
istiqanlı, həyatsevər
uşaq az-az olar. Məktəbi bitirsə də,
bu ünvanı unutmamışdı. Nə zaman
Zaqatalaya gəlirdisə,
mütləq bizə baş çəkirdi.
Sərxanın qara xəbəri
hamını sarsıtdı.
Aprelin 11-də səhər
düzülüşündə qocaman müəllimimiz Ənvər Məhyəddinov
ağlaya-ağlaya uşaqlara
Sərxan Bayramovun şəhid olması xəbərini verdi.
Uşaqların üzünə baxa
bilmirdik. O gündən
sonra məktəblilərimizin
də ruhu dəyişib elə bil, hamısının başında qəhrəmanlıq
havası var.
Namiq Abbasov, dostu: "Qardaşım kimi idi Sərxan. Sinfə ilk ayaq basan gündən onunla dost olduq. Hətta, sinif yoldaşımız İnaranın
xatirə dəftərindəki
"Ən yaxın dostun kimdir?" sualının cavabında
da ikimiz bir-birimizin adını yazmışdıq. Məktəbdən sonra əsgərlik ayırdı bizi. Əsgəri
xidmətimizi başa vurandan sonra yenidən doğma Zaqatalaya qayıtdıq.
Sərxanla yaşıd olsaq
da, o mənə həmişə böyük
kimi yol göstərər, məsləhətlər
verərdi. İndi Sərxan
yoxdur. Bakı da, Zaqatala da
mənə yaddır,
hara çıxıramsa,
Sərxanı görürəm...
Onun yerini heç vaxt, heç kim
doldura bilməyəcək".
İnara
Hüseynova, sinif yoldaşı:
- Mən indi uzaqlardayam
- Hollandiyada yaşayıram.
Tale hərəmizi bir tərəfə atıb. Sonuncu dəfə 2013-ci ildə görmüşdüm
Sərxanı. Təsadüfən Zaqatalada üz-üzə gəldik. Çox sevindik. 5 dəqiqə vaxtımız
oldu danışmağa.
Onun həlak olması xəbərini eşidəndə
imtahanda idim. Sonra əmisi oğlu Muradla danışdım, qara xəbəri təsdiqlədi. Artıq 3-cü aydır ki, Sərxan yoxdur sıramızda. Ancaq inana
bilmirik yoxluğuna.
Sərxan daima bizim qəlbimizdə yaşayacaq...
Aprel ayında qoşunların təmas xəttində Ermənistan silahlı birləşmələrinin təxribatlarının
qarşısını alarkən
şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin müddətdən
artıq hərbi qulluqçusu, gizir Sərxan Oqtay oğlu Bayramov ölümündən sonra
"Hərbi xidmətdə
fərqlənməyə görə"
3-cü dərəcəli medalla
təltif edlib.
Aida Eyvazlı
525-ci qəzet.- 2016.- 14 iyun.- S.8.